Dəmirçi Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman.
Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir.[1] Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır.
"Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
İstinadlar
- Khaleghi-Motlagh, Djalal. DERAFŠ-E KĀVĪĀN. Encyclopedia Iranica. 1st Edition. 2007