Dəmgil
Dəmgil — bitkilərdə, əsasən də meyvə və giləmeyvələrdə rast gəlinən xəstəlik. Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənmin səthində girdə, tutqun boz rəngli ləkələr əmələ gəlir.[1]
Meyvələrin erkən müddətlərdə zədələnməsi daha qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin forması dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir.
Dəmgil meyvənin xarici görünüşünü korlayır, tənəffüsü sürətləndirdiyindən şəkərin və C vitamininin miqdarı azalır. Standarta görə meyvələrin azacıq dəmgil xəstəliyinə tutulmasına yol verilir.
İstinadlar
- Əhmədov Ə-C. İ., Əliyev N. T. Meyvə və tərəvəzin əmtəəşünaslığı. Ali məktəb tələbələri üçün dərslik. Bakı, ADIU-nin nəşriyyatı, 2009. 437 səh.