Düyü üsyanları (1918)

Düyü üsyanları (米騒動, kome sodo)Yaponiyada düyünün bahalaşması səbəbilə 1918-ci ilin iyul-sentyabr aylarında baş vermiş iğtişaşlar. İğtişaşlar o qədər genişmiqyaslı idi ki, Terauçi Masatake kabinetinin istefasına səbəb olmuşdur.

Düyü üsyanları
Yer
Tarix 1918
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düyü üsyanlarında 1–2 milyon nəfər iştirak etmiş və bir neçə prefektura istisna olmaqla, bütün prefekturaları əhatə etmişdir.

Gedişat

Arxaplan

Düyü üsyanları Yaponiyada bir çox məhsulun, xüsusilə düyünün qiymətində baş verən artım səbəbilə baş vermişdir.[1] 1917-ci ilin əvvəlindən 1918-ci ilin iyununa qədər Osaka bazarında düyünün qiyməti 2 dəfə artmışdı.[1] 1918-ci ilin avqust ayının ilk 10 günündə düyünün 50% bahalaşacağı proqnozlaşdırılmışdı.[1]

Düyünün qiymətində bu gözlənilməz artım iqtisadi çətinliklərə səbəb olmuş, əhalidə düyü tacirlərinə və hökumətə qarşı nifrət yaratmışdır.[1] Çünki düyü tacirləri yerli ehtiyacları nəzərə almaq əvəzinə bazar imkanları güdürdülər, hökumət isə bu vəziyyətə müdaxilə etmirdi.[1]

Üsyanlar

Uozu şəhərində düyü üsyanlarının başladığı yer.

Şikayətçilərin ilk qruplaşması Toyama prefekturasında yerləşən balıqçı qəsəbəsi Uozuda baş tutmuşdur.[1] 23 iyul 1918-ci ildə balıqçıların həyat yoldaşları Osakaya düyü ehtiyatının göndərilməsinə etiraz etmək üçün toplanmışdırlar.[1] Bir neçə gün sonra etiraz aksiyaları ətraf qəsəbələrə yayılmışdır.[1] Etiraz aksiyaları əvvəlcə dinc xarakterli başlamışdır: etirazçılar yerli rəsmilərə və düyü tacirlərinə petisiya göndərmişdirlər.[1] Lakin tezliklə minlərlə etirazçı düyü anbarlarını soymağa başlamışdır.[1] Avqust ayının ilk həftəsinin sonunda etirazçılar Toyama sahillərində iğtişaşlara davam etmişdilər və böyük şəhərlərin qəzetləri bu iğtişaşlar haqqında yazılar dərc etmişdir.[1]

8 avqustdan etibarən Okayama şəhərindən başlayaraq Naqoya, Osaka, Kioto, Kobe, Hiroşima, Tokio, eləcə də, digər regional şəhərlərdə üsyanlar, iğtişaşlar, silahlı toqquşmalar başlamış və Yaponiyanı böyük sosial böhran bürümüşdür.[1] Naqoyada 50 min nəfərdən ibarət etirazçı qrup 6 gecə boyunca şəhərin mərkəzi parkında toplaşaraq düyü tacirlərinin hərisliyi və Terauçi hökumətinin onlarla sövləşməsi haqqında nitqlər demiş, daha sonra düyü anbarlarının olduğu bölgəyə irəliləyərək polis məntəqələrini məhv etmiş, tikililərə od vurmuş, varlıların evlərini məhv etmiş, düyü dükkanlarını soymuş və polislərlə döyüşmüşdürlər.[1]

12 avqustda Kobedə yerləşən Mitsubuşi gəmiqayırma zavodunun etiraz edən işçiləri bir çox zavodu və ofisi məhv etmişdir.[1] 10 min nəfərlik başqa qrup isə bir ticarət şirkətinin ofislərinə hücum edərək od vurmuşdur.[1]

Nəticələr

Sentyabr ayının ortalarına doğru düyü üsyanları dayanmağa başlamışdır.[2] Bu müddət ərzində Yaponiyada 636 fərqli iğtişaş baş vermiş və onların ancaq 20%-i dinc iğtişaş olaraq qeydə alınmışdır.[2] Bundan əlavə, 50 mindən çox işçini əhatə edən 150 tətil keçirilmişdir.[2] Hesablamalara görə düyü üsyanlarında 111 şəhər, 278 şəhərcik və 247 qəsəbədən 1–2 milyon insan iştirak etmişdir.[2] Aomori, İvateAkita prefekturaları istisna olmaqla, Yaponiyanın hər prefekturasında iğtişaş qeydə alınmışdır.[2]

İğtişaşları boğmaq öhdəliyi yerli polislərin üzərinə düşsə də, iğtişaşlar çox genişmiqyaslı olduğu üçün hökumət strateji qurğuları qorumaq üçün 92 min nəfərlik qoşunu 120 müxtəlif yerə göndərmişdir.[2] Təxminən 25 min nəfər həbs edilmiş, 8250 nəfər vandalizm, oğruluq, basqın, üsyan və qəsdən od vurma kimi ittihamlarla məhkəmə sövq edilmişdir.[2] 6 min nəfərdən çox şəxsə kiçik cərimədən ölüm cəzasına kimi müxtəlif cəzalar tətbiq edilmişdir.[2]

Düyü üsyanları Birinci dünya müharibəsi zamanı intensivləşən iqtisadi dəyişiklikləri əks etdirirdi.[2] İştirakçıların çoxu marjinal və ya həddən artıq yoxsul insanlar deyil, təhsilli, işləyən insanlar idi.[2] Düyü üsyanlarını hökuməti sarsıtmış və müxalifəti ilhamlandırmışdır.[2] Nəticədə, baş nazir Terauçi Masatake və onun kabineti istefa etmiş, əvəzinə Hara Takaşi baş nazir seçilmişdir.[2]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan. VI cild. Tokio: Kodansha. 1983. səh. 310-311. ISBN 0-87011-626-6. İstifadə tarixi: 15 aprel 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.