Dövlət Toxum Fondu
Dövlət Toxum Fondu (rus. Государственный Семенной Фонд) ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə yaradılıb
Dövlət Toxum Fondu | |
---|---|
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu | |
Fəaliyyəti | Kənd təsərrüfat |
Yaranma tarixi | 2 mart 2015-ci il |
Sədr | Sərxan Sərxanov |
dtf.gov.az |
Tarix
“Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamına əsasən yüksək məhsuldar toxumların istehsal və tədarükünün həyata keçirilməsi məqsədilə Dövlət Toxum Fondu yaradılmışdır.[1]
Missiya və Hədəflər
- Toxumun qiymət artımının qarşısının alınması
- Daxili bazarda toxumun çatışmazlığın aradan qaldırılması
- Ölkə üçün prioritet sayılan bitki toxumlarının tədarükünün təşkili
- Toxumçuluq təsərrüfatları ilə birgə fəaliyyətin təşkili
- Ölkəmizdə keyfiyyətli toxumların istifadəsinin təşviqi
- Toxum satışı və toxumçuluq sahəsində xidmətlərin təşkili
- «ToxumArt» satış şəbəkəsinin formalaşdırlması
- Toxumçuluq sahəsində xarici əməkdaşlıq əlaqələrinin genişləndirlməsi[2]
Tədarük edilən toxumun istifadəsi
Fonda tədarük edilən toxumdan kənd təsərrüfatı məhsulları istehsalçılarını kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumları ilə təmin etmək, təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacı ödəmək və daxili bazarda toxum çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadə olunur.
Təbii fəlakətin (sel, yanğın, quraqlıq və s.) nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fondda saxlanılan toxumdan istifadəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir.
Fondda saxlanılan toxumun satış məqsədi ilə istifadəsi alıcı tərəfindən onun dəyəri əvvəlcədən ödənildikdən sonra həyata keçirilir[3]
Qablaşdırılmış toxumun qeydiyyata alınması
1. Saxlanılması nəzərdə tutulan toxum partiyasının üzərinə etiket yapışdırılır.
2. Toxumun üzərindəki etiketdə aşağıdakı məlumatlar qeyd edilir:
2.1. bitki;
2.2. sort (populyasiya, xətt, hibrid, valideyn forma);
2.3. kateqoriya (reproduksiyalı toxum nəsli üçün);
2.4. məhsul ili;
2.5. partiyanın nömrəsi (nəzarət vahidi);
2.6. fraksiyanın nömrəsi (kalibra olunmuş toxumlar üçün);
2.7. qablaşdırılmış vahidin kütləsi, netto;
2.8. toxumda olan qarışıqların faizlə miqdarı (“qarışıq toxum” partiyaları üçün);
2.9. toxumun mənşəyi;
2.10. dərmanlayıcının və zər (pərdə) əmələgətirən maddənin adı;
2.11. toxum sənədlərinin nömrəsi (daxilə qoyulmuş etiketdə göstərməmək olar);
2.12. qəbul olunmuş standartın işarə olunması;
2.13. toxumun qablaşdırılması tarixi.
3. Göstərilən məlumatlar müntəzəm olaraq qabın üzərində (kisədə, konteynerdə və s.), silinməyən boya və ya digər vasitələrlə yazılmalıdır. Bu etiket toxumun daxilinə qoyulmur. Qablaşdırılmış toxumun daxilinə qoyulan etiketdə ancaq bitkinin adı, sort və toxum partiyasının nömrəsi göstərilir.
4. Orijinal toxumlarda bənövşəyi, elit toxumlarda ağ, hibrid və 1-ci reproduksiyalı toxumlarda mavi, 2-ci reproduksiyalı və ondan sonrakı nəsillərdə qırmızı, qarışıq toxumlarda isə yaşıl rəngdə etiketlərdən (yarlıklardan) istifadə olunur.
5. Dərmanlanmış və qablaşdırılmış hər bir toxumun üzərinə “Dərmanlanmışdır! Zəhərlidir!” xəbərdaredici qeyd yazılır. Belə toxumlar təcrid olunmuş binalarda müvafiq sanitar qaydalara əməl edilməklə saxlanılır.[3]
İstinadlar
- "Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- "Missiyamız və hədəflərimiz". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- ""Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.