Dördyol məhəlləsi

Dördyol məhəlləsiGəncənin mühüm sənətkarlıq məhəllələrindən biri. Dördyol məhəlləsi Şah Abbas meydanından dəmiryol stansiyasına aparan Vağzal şossesi ilə Nizami Gəncəvi prospektinin qovşağında yerləşdiyinə görə məhəlləyə belə ad verilmişdir. Dördyol məhəlləsi də Şahsevənlər məhəlləsi ilə həmyaşıd olub, Gəncənin nisbətən cavan məhəllələrindən idi. Məhəllə XVII əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi mövcud olub. [1]

Haqqında

Gəncənin Dördyol məhəlləsi XVII əsrdə cənubdan Şah Abbas meydanı, şimaldan Bağlar, qərbdən Sofulu, şərqdən Şamlı və İmamlı məhəllələri ilə dövrələnmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yeni məhəllə və basalaqların salınması nəticəsində məhəllə ərazicə böyümüş, əhalisinin sayı artmağa başlamışdır. 1916-cı ildə məhəllədə 537 ailə yaşadığı qeydə alınmışdır. Məhəllədə Bıçaqçılar basalağı yaranmış, Dəmirçilər məhəlləsi isə ayrı bir yaşayış məhəlləsi kimi yer tutmuşdur. Çox da qədim tarixə malik olmayan məhəllə sakinləri bəzzazlıq, baqqallıq, sərraclıq, zərgərlik, şərbaflıq və digər sənətlərlə məşğul olurdular. Artıq məhəllə şərqdən Molla Cəlilli, qərbdən Sofulu, cənubdan Əttarlar, Şah Abbas meydanı, şimaldan Nainsaf oğlu Məmmədəlinin, Cuvar oğlunun taxıl və üzüm bağları ilə əhatə olunmuşdur.

1883-cü ildə Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra dəmir yolu vağzalına gedən yol məhəllədən keçdiyi üçün məhəllə şimala doğru böyüməyə başladı. Şəhərin mərkəzini dəmir yol vağzalı ilə birləşdirən, atla işləyən Konka, 1932-ci ildən isə 4-5 vaqonlu Kukuşqa məhəllədən keçirdi. Bundan sonra yeni nəqliyyat növü Tramvay yolu çəkildi. Bu nəqliyyat növü 1950-ci ilə kimi məhəllədən keçib şəhərin müəyyən küçələrindən işləyirdi. 1950-ci ildə artıq məhəllə şəhərin əsas küçəsi hesab olunurdu.

Məhəllədən keçən Şatır arxı və Hacı Qədimli kəhrizi məhəllə sakinlərinin suya olan təlabatını tam ödəyirdi. Axar suların məhəllələr arasında paylanmasına cuvarlar nəzarət edirdilər. İctimai mülkiyyət olan arxların suyuna nəzarət edən cuvarlara rəhbərliyi isə mirablar edirdi. Mirablar seçki yolu ilə seçilirdi. Məhəllədə Dördyol karvansarası, Hacı Xeyransa hamamı, Hacı Saitlilər məscidi var idi. Sovet dövründə Hacı Saitlilər hamamı sökülüb yerində isə Universam tikilib, Dördyol karvansarası isə 21 nömrəli məktəb, sonra isə ictimai təminat idarəsi kimi fəaliyyət göstərib.

Məhəllədə Seyidlər, Talıblılar, Hacı Qədimlilər nəslinin nümayəndələləri, habelə tanınmış sakinlərindən Məşədi Məmməd Axundzadə, Cabbar bəy Şeyxzamanlı, Məşədi İsmayıl, Məşədi Mehdilər, Nainsaf oğlu Məmməd Əli, Ağa Allahverdilərdən Kərbəlayi Əhmədin, Məşədi ağa, Məşədi Rza, Həsən Fəttah oğlu və digərləri yaşamışlar.[2]

Məşhur şəxsləri

Həmçinin bax

İstinadlar

  1. N.Quliyeva, E.Həsənov. "Gəncənin sənətkarlıq məhəllələri XIX əsrin sonu - XX əsrin əvvəllərində" (PDF). static.bsu.az. 2013. 12 dekabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 dekabr 2019.
  2. Hamlet Allahverdiyev. "Gəncənin "Dörd Yol" məhəlləsi". ganca.org. 29 yanvar 2012. 2020-09-27 tarixində arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.