Dördbucaqlı qala
Dördbucaqlı qala — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan qala.[1]
Dördbucaqlı qala | |
---|---|
40°19′ şm. e. 49°52′ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Kiçik Qala küçəsi, 13 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | bərpa olunub, "İncəsənət qalası" kimi fəaliyyət göstərir. |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 75 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən ikiqat nəhəng qala divarları ilə əhatə olunmuşdu. Qala divarları tez-tez düşmən hücumları zamanı dağıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra qala divarlarında 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı qala tipli bürc ("donjon" və yaxud "cəbəxana") qalmışdır.[2]
Əbdürrəşid Bakuvi şəhərin qala divarları haqqında maraqlı məlumat verərək yazır:[2]
Şəhərin həddən аrtıq möhkəmləndirilmiş əsas iki qаlаsı vаrdır: “Оnlаrdаn böyüyü dənizə yахındır. Dаlğаlаr оnun divаrını yuyur. О, həmin qаlаdır ki, tаtаrlаr оnu tutа bilmədilər. Оnun üst hissəsi girintili-çıхıntılı hörülmüşdür. İkinci qаlа birincidən hündürdədir. |
Burada şübhəsiz, Bakuvinin qeyd etdiyi birinci qala Qız qalasıdır. İkinci qalanın isə Dördbucaqlı qala bürcünun olduğu ehtimal edilir. Dördbucaqlı qala bürcü öz təbii-coğrafi mövqeyinə və şəhərin relyefinə görə Qız qalasından daha hündürdə yerləşir. Ə. Bakuviyə görə də Qız qalası şəhəri cənubdan, Dördbucaqlı qala isə şimaldan qoruyurdu.[2]
Orta əsr müəlliflərinin də yazdıqlarına görə, Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində 1 ədəd dördkünc qala tipli bürc (donjon və ya cəbbəxana) mövcud olmuşdur.[3] Bakını tərənnüm edən qədim fotoşəkillərdə, reproduksiyalarda, qrafik rəsmlərdə bu dördkünc qala tipli bürc aydın təsvir olunmuşdur. Xalq arasında bu qalaya cəbbəxana (cəbbəxanayəni silah anbarı) deyirdilər.[4]
Qala bürcün inşasının tarixi haqqında iki ehtimal var. Bəzi alimlər onun Bakının qala divarları ilə eyni tarixdə — XII əsrdə tikildiyini söyləyirlər. Digər tədqiqatçılar isə qalanın XIV əsrin sonu XV əsrin əvvəllərində – Şirvanşahlar dövlətinin çiçəklənmə dövründə inşa edildiyini iddia edirlər. Görkəmli tədqiqatçı Sara Aşurbəyli memar A. Q. Rəhimovanın 1971-ci ildə çap etdirdiyi "Bəzi memarlıq abidələrinin inşa tarixi barədə" adlı məqaləsinə əsaslanaraq qala-bürcün XV əsrdə tikildiyini yazır. Bu ehtimal daha həqiqətə uyğundur. Çünki, Şirvanşahların saray şairi Bədr Şirvaninin mədhlərində göstərilir ki, dördbucaqlı qalanın da daxil olduğu bir neçə memarlıq abidəsini Şirvanşah I Xəlilullahın qardaşı, Bakı hakimi Qəzənfər şah şəhərin şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək üçün 1428–1429-cu illərdə inşa etdirmişdir.[2]
Memarlıq xüsusiyyətləri
Tipik Abşeron qalaları kimi çox güman ki, bu qala-bürcü də ətrafdan əhatə edən hasar olmuşdur. Bunu memar Şeblıkinin 1941-ci ildə çəkdiyi "Bakı XII əsrdə" adlı qrafik rəsmində də aydın görmək olar. Dördbucaqlı qalanın təsvirinə alman səyyahı E. Kempferin 1683-cü ildə çəkdiyi Bakının qrafik rəsmində, 1796-cı ildə hidroqraf mühəndis-polkovnik Kovalerov Xristian Truzson tərəfindən tərtib edilən xəritədə və 1858–1866-cı ildə hidroqraf kapitanleytinant A. F. Ulskiy tərəfindən işlənmiş Bakının xəritəsində rast gəlinir.[2]
Qala-bürc klassik Abşeron müdafiə sisteminin nümunələrindən biridir. Abidə üçü qapalı və biri açıq olan dörd yarusdan ibarətdir. Qalanın hündürlüyü 16 metr, divarlarının qalınlığı isə 2 metrdir. Qala-bürcün şimal qala divarlarının daxili hissəsində, Qoşa qala qapılarınadək uzanan yeraltı yolun üstündə inşa edilməsi döyüşçülərin rahat hərəkəti üçün nəzərdə tutulmuşdur. Qala-bürcün bu cür yerləşməsi döyüşçülərə silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib çıxa bilmək imkanı verirdi.[2] Qaladan Şirvanşahlar sarayı və ya Qız qalasına uzanan yeraltı yolun olması ehtimalı vardır.
Abidədə 2014-cü ildə İçərişəhər DTMQİ tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılmış və sonra İncəsənət Qalası (ing. Art Tower) adı ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi olaraq fəaliyyət göstərməyə başlamışdır.[mənbə göstərin]
İstinadlar
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə, 2022-08-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 8 avqust 2022
- Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. İçəri şəhər tarixdə - tarix İçəri şəhərdə (PDF). Bakı. 2016. səh. 133-138. 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-07.
- "Dördbucaqlı qala" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
- Ramid İbrahimov, "Azərbaycanı dünyaya tanıdan tarix…", Bizim yol, 22 fevral 2014, səh. 12, 2014-09-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07