Dördbucaqlı Kiran türbəsi

Dördbucaqlı Kiran türbəsiKiran şəhəri ərazisində yerləşən arxeoloji abidə. Türbə Kiranın dördüncü məhəlləsi yerləşən təpənin enişində, Səkkizbucaqlı Kiran türbəsindən şimal-qərbdə yerləşir. Türbə qismən yonulmuş yerli daşla üzlənmiş kürsü üzərində ucaldılmış kubu xatırladır.

Dördbucaqlı Kiran türbəsi
Ölkə  Azərbaycan
Şəhər Ordubad
Yerləşir Kiran yaşayış yeri
Tikilmə tarixi XII əsrin sonu-XIII əsrin əvvəlləri
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.52
Kateqoriyaarxeoloji abidə
ƏhəmiyyətiDünya əhəmiyyətli

B.İbrahimov qeyd edir ki, abidənin memarlıq xüsusiyyətləri və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrinə əsasən, Dördbucaqlı Kiran türbəsinin XII əsrin sonları-XIII əsrin əvvəllərində inşa edildiyini ehtimal etmək olar.[1]

Memarlıq xüsusiyyətləri

Yerüstü hissə

Dördbucaqlı Kiran türbəsinin divarları xaricdən yerli daşdan, daxildən isə kvadrat formalı (20x20x5 sm) bişmiş kərpiclərdən inşa edilmişdir. Türbənin oxvari tağ formasında həll edilmiş giriş qapısı şərq divarındakı portalda yerləşdirilmişdir. Qapı, şahmat sırası ilə düzlmüş üç kərpic hörgüsündən yaradılmış ¾ sütunlarla əhatələnmişdir. [2]

Portalın üz tərəfində relyefli hörgü ilə qeyd edilmiş qoşa dekorativ panno keçir. Divar səthindən bir qədər dərinə batırılmış pannolar yuxarıdan sadə stalaktitlə vurulmuş oxvari tağla tamamlanır. Hər iki portal pannosu həndəsi naxışlardan yaradılmış eyni motivə malikdir.[2] Həmin ornament müəyyən fiqurların güzgü əksi ilə yaradılmışdır.[2] Xüsusilə simmetrik formada yerləşdirilmiş beşbucaqlı və romblar fərqlənirlər.[2] Analoji ornamentlər Marağadakı Göy Günbəz türbəsi[3] (1196-1197), Termezdəki Hökmdar sarayı[4] (XII əsr) və Buxaradakı Bayan Qulu xan türbəsində[4] (XIV əsr) də təkrarlanır.

B. İbrahimov qeyd edir ki, türbənin saxlanılmış hissələrinə əsasən, böyük portalın içində daha kiçik olan ikinci portalın yerləşdirildiyini ehtimal etmək olar.[5] Karnizdə iki tipli relyefli kufi yazısı yerləşdirilmişdi. Yazılardan biri bişirilmiş dekorativ kərpiclərdən, ikincisi isə tökmə əhəng detallarından yığılmışdır.[5]

Türbənin daxili hissəsi, bir-birinin üstündə yerləşdirilmiş və kvadrat formalı oyuq vasitəsiylə əlaqələndirilmiş iki otaqdan ibarətdir. Yuxarıda yerləşən hissə ziyarətgah, yarımyeraltı olan aşağı hissə isə sərdabədir.[5] Dördbucaqlı Kiran türbəsini həmdövr olduğu digər türbələrdən fərqləndirən əsas xüsusiyyət, onun yuxarı hissəsinin ziyarətgah xarakteri daşımasıdır. Buna görə də, türbənin yuxarı hissəsinin interyeri zəngin bəzədilmişdir.[1] İnteryerin qərb yarısı stalaktitlərlə tamamlanmışdır. 1980-ci ildə həyata keçirilmiş arxeoloji qazıntılar zamanı interyerlərin bəzədilməsində istifadə edilmiş üzəri yazılı əhəng altıbucaqlılar hazırlanmışdır.[1]

Sərdabəsi

Yeraltı sərdabənin girişi türbə binasından 2 metr aralıda inşa edilmişdir. Girişin konstruksiyası memarlıq xüsusiyyətləri baxımından diqqət cəlb edir. [5]

Sərdabənin girişi qarşısında keçid-dəhliz hər iki tərəfdən 10 sm genişləndirilmişdir.[5] Dəhlizin bu hissəsi böyük daş plitələrindən inşa edilmiş nazik (10-15 sm) tavana malik olsa da, digər yerlərdə çatmatağla örtülmüşdür.[5]

Dördbucaqlı Kiran türbəsinin girişi portalın qarşısında yerləşən otağın daş üzləməsi arxasında qalır. [5] Lakin, düşəmənin üzləmə daşları elə düzülmüşdür ki, onların istiqaməti ilə girişi tapmaq mümkündür.[5] Yeraltı sərdabənin girişinin oxşar şəkildə həll edilməsinə Qarabağlar, Marağa və Urmiya ərazisindəki türbələrdə, o cümlədən, Xarabagilan ərazisindəki türbələrdə də rast gəlinir.[5]

Çox da hündür olmayan (1.86 metr) yarımyeraltı sərdabə kamerasının ortasında nazik düz daşlardan (10-15 sm qalınlıqda) inşa edilmiş böyük dayaq sütunu durur.[5] Həmin daşlardan inşa edilmiş tağ-nervürlər sütunu nazik tavan örtüyü və sərdabənin divarları ilə birləşdirir.[5] Sərdabənin düz tavanı Naxçıvandakı Yusif Küseyir oğlu türbəsinin sərdabəsinin tavanını xatırladır.[5] Sərdabənin qərb divarında yerləşdirilmiş dördbucaqlı taxçanın mərkəzində şam üçün nəzərdə tutulmuş yer vardır.[5]

Sərdabənin döşəməsi yaxşı yonulmuş böyük daş lövhələrlə döşənmişdir. Ümumilikdə, türbənin sadə həll edilmiş interyerində heç bir dekor elementi yoxdur.[1] Sərdabənin dayaq sütunu ilə əlaqləndirilmiş tağlı konstruksiyasına Marağadakı Qırmızı türbədə (1148) və Naxçıvandakı Mömünə Xatun türbəsində (1186-1187) də rast gəlinir.[1] Dördbucaqlı Kiran türbəsinin sərdabəsinin tavanı hər iki türbənin sərdabə hissəsində istifadə edilmiş konstruksiyanın növbəti inkişaf mərhələsini təmsil edir.[1] Həmin konstruksiyanın quruluşu və yayılma analizi L. S. Bretanitskiy tərəfindən ətraflı tədqiq edilmişdir.[6]

İstinadlar

  1. Ибрагимов, 2000. səh. 47
  2. Ибрагимов, 2000. səh. 45
  3. История архитектуры Азербайджана. Баку: Азернешр. 1973. 94–95.
  4. Ремпель, Л.И. Архитектурный орнамент Узбекистана. 1961. Ташкент. 224.
  5. Ибрагимов, 2000. səh. 46
  6. Бретаницкий, Л.С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. М. 1966. 300–302.

Ədəbiyyat

  • Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.