Culfa maili düzənliyi
Culfa maili düzənliyi — Arazboyu düzənlikdə Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edən düzənlik[1].
Haqqında
Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır[1]. Zəif parçalanmış Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir, çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını xatırladır[2].
Bitki örtüyü
Culfa düzünün əsas bitkisi yovşan, gəvən və şorangədir. Bundan başqa müxtəlif otlar, taxılkimilər, cənub-qərb hissədə çayır-çəmənlikləri, tikanlar və s. yayılmışdır. Son illərədək ancaq otlaq kimi istifadə edilən Culfa düzünə Arazdan su çıxarılmış və əkin sahələri genişləndirilmişdir[2].
İstinadlar
- Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan: 2008, səh.13.
- Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm: 1999.