Culfa Dəmiryol Stansiyası

Culfa Dəmir Yolu StansiyasıAzərbaycan Respublikası, Culfa şəhərində yerləşən vağzal tipli beynəlxalq əhəmiyyətli dəmir yolu stansiyasıdır.

Culfa Dəmir Yolu Stansiyası
azərb. Culfa Dəmir Yolu Vağzalı
İrəvan-Naxçıvan-Culfa Dəmiryolu (de)
Ələt-Culfa Dəmiryolu
Təbriz-Culfa Dəmiryolu (de)
Ölkə  Azərbaycan
RayonCulfa
ŞəhərCulfa
Tikilmə ili1905
İstismar ili1908[1]
Elektrikləşdirilməsi1988
SahibiADY QSC
OperatoruADY QSC
VəziyyətiQismən fəaliyyət göstərir
Kodu:55 00 04[2]
Ekspress 3: 57 00 20 5[2]
Culfa Dəmiryol Stansiyası (Azərbaycan)
[[commons:Category:Vikianbarın loqosu Julfa Rayon Vikianbarda|Culfa Dəmir Yolu Stansiyası Vikianbarda]]

Tarix və əhəmiyyəti

Culfanın Cənubi Qafqazda mühüm geostrateji ərazidə yerləşməsi bu bölgədə dəmir yolu əsasında nəqliyyat dəhlizinin yaradılmasında xüsusi rol oynayıb. Xüsusilə keçmiş Çar Rusiyasının İranla iqtisadi əlaqələrində Culfanın əhəmiyyəti danılmaz fakt olaraq hər kəsin yaddaşında qalmışdır. Ümumilikdə Culfa Dəmir Yolu Stansiyası keçmişdən bu günümüzədək tranzit qovşaq kimi regionda şöhrət qazanmışdır.

Qeyd edilməlidir ki, 1902-ci ildə Aleksandropol-Uluxanlı-İrəvan dəmiryol xəttinin tikintisindən sonra Uluxanlıdan Culfaya ilk dəfə dəmir yolu xətti çəkilməyə başlanır. Uzunluğu 189 verst olan və Zaqafqaziya dəmiryollarının tərkibində mühüm hesab edilən bu xəttin çəkilişi 1908-ci il yanvarın 20-də yekunlaşdırılır. Culfa şəhərində yerləşən sinifsiz sahə tipli bu dəmir yolu stansiyası isə 1900-1905-ci illər ərzində inşa edilib, 1908-ci ildən istifadəyə verilir. Həmin ildən Uluxanlı-Culfa xətləri üzrə fəaliyyət göstərən bu stansiya o dövrdə Rusiyanın İranla əlaqələrində mühüm qovşaq kimi maraq dairəsində olur. Buna görə də 1907-ci ildə Araz çayı üzərində yeni körpü tikilir və dəmiryol xətti də bu körpüdən keçməklə İran dəmir yolları ilə birləşir. Birinci Dünya müharibəsi dövründə, daha doğrusu, 1915-ci ildə Culfa-Təbriz dəmir yolu fəaliyyətə başlayır.[3] Bu məqsədlə Rusiyanın Kolomenskiy zavodunda 1913-cü ildə istehsal olunmuş cəmi 4 ədəd parovozdan biri Culfaya göndərilir. Azərbaycanda dəmir yollarının tarixi ilə bağlı elektron resurslarda araşdırma apararkən məlum olur ki, Culfa-Təbriz dəmir yolunun açılışı o dövrdə xüsusi təntənəli mərasimlə qeyd olunub. Çünki bu, kiçik məsələ deyildi, Rusiyanı Qafqazla birləşdirən dəmir yolları, nəhayət Culfa stansiyasından keçməklə İran ərazisinə daxil olurdu. Bu dəmir yolu istər ticari, istərsə də hərbi məqsədli yüklərin daşınmasında Rusiya üçün müstəsna əhəmiyyət kəsb edirdi. I və II Dünya müharibələri dövründə Rusiyanın (sonralar isə SSRİ-nin) geosiyasi maraqlarının müdafiə olunması baxımından bu nəqliyyat dəhlizinin istismarı əvəz­olunmaz rol oynayıb. Buna görədir ki, Culfadan Təbrizə istiqamət götürəcək ilk qatarın yola salınmasından əvvəl stansiya binasının həyətindəki meydanda çar Rusiyasının hərbi qulluqçularının iştirakı ilə mərasim təşkil olunur. General N.Yanuşkeviç raportu qəbul etdikdən sonra mərasimdə sıra ilə düzülmüş hərbçilərlə salamlaşır. Sonra süvarilər təntənəli addımlarla generalın önündən keçirlər. Nəhayət, çar ordusunun general və digər rütbəli hərbçiləri qatara minərək İran ərazisinə yola düşürlər və Araz çayı üzərindəki körpünü keçdikdən sonra İran tərəfinin səlahiyyətli nümayəndələri ilə görüşüb birlikdə qatarla hərəkət edirlər. Təbriz şəhərində isə qatarı böyük insan kütləsi qarşılayır. Burada xüsusilə qeyd edilməlidir ki, Culfa-Təbriz dəmir yolu xəttinin çəkilməsi, əslində, bundan da xeyli əvvələ planlaşdırılmışdı. Belə ki, 1872-ci ildə Tiflis-Poti dəmir yolu xətti çəkilib istifadəyə verildikdən sonra çar hökuməti Cənubi Qafqazın bütün bölgələrini, eyni zamanda İranTürkiyəni faktiki olaraq bölgənin inzibati mərkəzinə çevrilmiş Tiflis şəhəri ilə birləşdirmək məsələsi üzərində işləməyə başlamışdı.[4] Qafqaz canişinliyinin nəzdində yaradılmış xüsusi komissiyanın 1873-cü ildə keçirilmiş iclasında əvvəlcə Tiflis ilə Culfa arasında, sonra isə Culfa ilə Təbriz şəhəri arasında dəmir yolu xəttinin çəkilməsi haqqında qərar qəbul edilir. Lakin Tiflisi Bakı şəhəri və onun vasitəsilə Rusiyanın mərkəzi quberniyaları ilə birləşdirmək zərurəti Tiflis-Culfa dəmir yolu xəttinin, eləcə də Culfa-Təbriz dəmir yolunun çəkilişini ləngidir. Buna baxmayaraq, Bakı-Tiflis dəmir yolu xəttinin 1899-cu ildə başa çatdırılması Naxçıvan diyarının da dəmir yolu şəbəkəsi ilə əhatə olunması hazırlıqlarına rəvac verir. Bu işin birinci mərhələsi kimi 1899-1902-ci illərdə, yuxarıda da qeyd olunduğu kimi, Aleksandropol-Uluxanlı dəmir yolu xəttinin tikintisi həyata keçirilir. Bu xəttin tamamlanması Uluxanlı-Culfa dəmir yolunun tikintisinə başlamağa imkan verir. O da qeyd edilməlidir ki, Uluxanlı-Culfa dəmir yolunun tikintisi olduqca ağır şəraitdə həyata keçirilmişdi: bir tərəfdən bölgənin sərt iqlimi, digər tərəfdən isə quldurların hücumları tikinti işlərinin gedişinə mənfi təsir göstərmişdir. Lakin bütün bunlara baxmayaraq, 1908-ci ildə uzunluğu 189 verst olan bu xətti istifadəyə vermək mümkün olur. Culfa dəmiryol stansiyasının və adıçəkilən dəmir yolu xəttinin istifadəyə verilməsi Rusiya ilə İran arasında gedən tranzit ticarətdə Culfanın rolunu xeyli gücləndirir. Məsələn, təkcə 1908-ci ildən 1913-cü ilə qədər keçən qısa müddət ərzində Naxçıvan diyarı vasitəsilə aparılan Rusiya-İran ticarəti bir neçə dəfə artaraq 5 milyon 699 min 947 puda çatdırılır. Əgər 1908-ci ildə bu dəmir yolu vasitəsilə cəmisi 82 min pud pambıq ixrac edilmişdirsə, 1913-cü ildə onun həcmi, təxminən, 4 dəfə artaraq 318 min puda çatır. Qeyd edilməlidir ki, Culfa dəmiryol stansiyası fəaliyyətə başladığı dövrdən etibarən əhəmiyyətli qovşaq kimi özünü təsdiq etmişdir. Cənubi Qafqazın içərilərinə və Rusiyaya ixrac edilmək üçün nəzərdə tutulan İran mallarının böyük əksəriyyəti məhz Culfadakı gömrük-keçid məntəqəsindən keçirilirdi. Bu məntəqə vasitəsilə Naxçıvan ərazisinə daxil olan həmin mallar Culfa dəmiryol stansiyasında yük vaqonlarına yüklənərək Tiflis, YelizavetpolBakı quberniyalarına, daha sonra isə Rusiyaya göndərilirdi. İrəvan quberniyasının 1914-cü ilə aid icmalında qeyd olunur ki, həmin il İrandan gətirilən malların 84,7 faizi Culfa gömrük-keçid məntəqəsinin payına düşmüşdü.[5]

Beləliklə, Culfa dəmiryol stansiyası 1908-ci ildən Uluxanlı-Culfa, 1915-ci ildən Təbriz-Culfa, 1941-ci ildən isə Mincivan-Culfa xətləri üzrə fəaliyyət göstərmişdir. 1988-ci ildə dəmir yolunun Naxçıvan-Culfa xətti elektrikləşdirilmişdir.[6]

Ermənistanın hərbi təcavüzü və işğalçı siyasəti nəticəsində 1991-ci ildən stansiya fəaliyyətini məcburi olaraq qismən dayandırmış, Azərbaycanın əsas hissəsi, o cümlədən Bakı şəhəri ilə əlaqəsi kəsilmişdir.

Qeyd edilməlidir ki, Stansiya həmçinin Naxçıvan MR-in ilk, ən böyük və mərkəzi dəmiryol stansiyası olmaqla, həm Naxçıvan MR-in, həm də bütövlükdə Azərbaycanın nəqliyyat sahəsində mühüm rola malikdir.

Xətt

İstinadlar

  1. Железнодорожные станции СССР. Справочник. — М.: Транспорт, 1981
  2. "Единая сетевая разметка". 2019-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-18.
  3. Əliyev Q.Ə., Azərbaycan nəqliyyatı və iqtisadiyyatı (XIX əsrin sonu - XX əsrin ilk onillikləri), B., 2001.
  4. Самойлов А., Алят – Джульфинская железная дорого. ―Закавказский транспорт‖, 1924, №10.
  5. "Arxivlənmiş surət". 2019-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  6. "В 1988 г. был электрифицирован  (rus.)". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-18.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.