Cud Lou
Devid Cud Lou Heyvort (ing. David Jude Heyworth Law — Cud Lou; 29.12.1972) — Britaniya film və teatr aktyoru. Ən məşhur uğurları "İstedadlı cənab Ripley" filmində (Ən Yaxşı ikinci dərəcəli kişi rolu üçün 1999-cu ildə, BAFTA mükafatı), "Soyuq Dağ" filmindəki baş roluna görə ("Oskar" və "Qızıl Qlobus"a namizəd, 2003-cü il) , "Yaxınlıq" filminə görə (2004), və "Şerlok Holms" filmində ikinci dərəcəli kişi aktyoru roluna görə (2009) "Saturn" mükafatına namizəd olmuşdur.
Həyatı
Cud Lou 1972-ci il dekabrın 29-u Lewisham, cənubi Londonda anadan olmuşdur. O, ailənin ikinci uşağıdır. Anası Margaret Anne və atası Peter Robert Law məktəbdə müəllim işləmişlər. Nataşa adlı bir bacısı var.
Jude adı ona "The Beatles" qrupunun "Hey, Jude" mahnısındakı qəhrəmanın şərəfinə verilib. Cud 14 yaşına qədər Londondakı adi məktəblərin birində oxuyub. Ancaq yeniyetmə dövründə yaşıdları onu ələ saldığına görə valideynləri onu Dalviçdəki özəl məktəbə keçiriblər. Ancaq Cud məktəbdə oxumaq yox, aktyor olmaq istəyirdi. Valideynləri də oğullarının bu seçimindən qətiyyən narazı deyildilər. Əksinə, onlar teatrı sevirdilər və Cudun lap balacalıqdan səhnəyə can atmasını alqışlayır, onu ruhlandırırdılar. Gələcək aktyor ilk rolunu altı yaşında uşaq tamaşasında oynamış, 12 yaşında isə artıq Milli Musiqili Gənclər Teatrının üzvü olmuşdu.
Aktrisa Seydi Frost ilə Şoppinq adlı filmdə tanış olan Cud 1997-ci il sentyabrın ikisində onunla ailə həyatı qurmuş, 2003-cü ildə isə ayrılmışlar. Bu evlilikdən onun üç uşağı var.
Aktyor həyatı
1986-cı ilə Lou yeniyetmələr üçün hazırlanan "Cib xərcliyi" telekomediyasında sketçlərin birində debütünü eləyir. 17 yaşında isə "Qlosterli dərzi" telefilmində mehtər rolunu oynayır. Elə həmin il də Dalviçdəki məktəbi atıb, Mançesterə yollanır. Onu, "Ailə" adlı serialda islaholunmaz yeniyetmə Neytan Tompson roluna dəvət eləmişdilər. Növbəti iki ildə isə gənc Cud artıq "Piqmalion" tamaşası ilə qastrollara gedirdi.
1992-ci ildə Lou ilk dəfə kinoya dəvət alır, Britaniya Kinematoqrafiya İnstitutunun bir layihəsi çərçivəsində "The Crane" adlı qısametrajlı filmə çəkilir. Bundan sonra çəkildiyi filmlər uğursuz olduğuna görə Lou özünü bütünlüklə teatra həsr eləmək qərarına gəlir. 1994-cü ildə "Pis valideynlər" tamaşasında səhnəyə çılpaq çıxır və Lourens Oluvye mükafatını qazanır. Bir ildən sonra oynadığı "Qeyri-təvazökarlıq" tamaşası ilə Brodveyə yollanan Cud burda Ketlin Ternerlə tərəf müqabili olur. Tamaşa ABŞda böyük uğur qazanır, Lou "İen Charotsiton" və "Tony" mükafatlarına nominant olur, Hollivuda dəvət alır. Beləcə, onun enişli-yoxuşlu Hollivud macərası başlayır. Aktyor bir-birinin ardınca "Səni sevirəm, səni sevmirəm" melodramında, "Meyl" dramında, Oskar Vayldın bioqrafik romanı əsasında ekranlaşdırılan "Vayld", filmində çəkilir, İtan Houk və Uma Turmanla "Qattaka" trillerində tərəf müqabili olur, lakin bu filmlərin heç biri ona uğur gətirmir.
1997-ci ildə "Şoppinq" filmində tanış olduğu aktrisa Seydi Frostla evlənən Lou, elə həmin ilə həyat yoldaşı və bir neçə həmkarı ilə birlikdə "Natural Nylon" adlı kino şirkəti yaradır. 2004-cü ilə qədər fəaliyyət göstərən şirkət, əsasən, filmlərin prodüserliyi ilə məşğul olur.
Nəhayət, uğur
1999-cu ildə ekranlara "İstedadlı mister Ripli" filmi çıxır. Aktyor burda tüfeyli həyat sürən varlı gəncin obrazını yaratmışdı. 40 milyon büdcə ilə çəkilən film prokatda istehsalçılarına iki dəfə artıq gəlir, aktyorlara isə dünya şöhrəti gətirir. Tənqidçilər Cudun oyununa heyran qalmışdılar. Bu roluna görə o, "ikinci planda ən yaxşı aktyor" nominasiyasında "Oskar" və "Qızıl qlobus" mükafatlarına namizəd olur. Növbəti illərdə Law bir-birinin ardınca altı filmdə işləyir. Filmlərin bəziləri uğurlu, bəziləri uğursuz alınsa da, Cud Lou Hollivudda sevilən aktyorlardan birinə çevrilir.
Cud Lou əsl ingilis centlmeni kimi hər zaman təmkinini qoruyur, şöhrət ardınca qaçmır, rolları böyük-kiçikliyinə, qonorarına görə seçmir. Təklif olunan layihədə onun üçün ən vacibi rejissordu: "Mən sinopsisləri oxumuram, mənim üçün xüsusi ssenari yazmalarını da istəmirəm. Hərçənd ssenaridən tam xəbərsiz olmaq da mümkün deyil. Düzünü desəm, mənim üçün ən vacibi rejissorla görüşməkdi. Əgər filmin rejissorunu tanımasam, kimin çəkdiyini dəqiq bilməsəm, ssenarini heç oxumuram. Məsələn, Stiven Soderberqin "Yan təsir" filmində belə olmuşdu. Mən dərhal çəkilməyə razılaşdım, xüsusən də, onun kinoda son işi olduğunu biləndən sonra. Ümumiyyətlə, o filmdə məni narahat eləyən bircə nüans vardı – Hiçkoksayağı triller olması. Mən hara, həkim, özü də psixoterapevt hara? Siz allah, düzünü deyin, doktor Cud Lounun yanına kim gələr, kim ona güvənər?"
Şəxsi həyatı
Cud Lou paparassilərin sevimli hədəflərindən biridir. Hətta bir neçə il əvvəl Scotland-Yard Britaniyanın məşhur tabloidlərindən birinin Lounun telefonlarını dinlədiyini müəyyənləşdirmiş, aktyor da həmin jurnala böyük təzminat davası açmış, məhkəmədə qalib gələrək jurnalı müflis etdirmişdi. Buna rəğmən, paparassilər ondan əl çəkmirlər. Məhz, onların sayəsində Lou sevgililərini əlcək kimi dəyişən kişi statusu qazanıb. Az qala, salam verdiyi hər qadın Lounun növbəti sevgilisi kimi təqdim olunur.
Ancaq hər şey göründüyü, daha doğrusu, göstərildiyi kimi deyil. Lounun 44 illik həyatında öz dediyinə görə vur-tut dörd-beş qadınla münasibəti olub. Münasibətin ciddilik dərəcəsini nəzərə alsaq, bu rəqəmi ikiyə də endirmək mümkündü.
Cud Lou ilk (və yeganə) həyat yoldaşı, aktrisa Seydi Frost ilk çəkildiyi filmin çəkiliş meydançasında tanış olmuşdu. Tamaşaçılar Seydini Brem Stokerin "Drakula" əsərinin eyni adlı filmindəki Lyusi Vestern rolu ilə tanıyırlar. Lou ilə Frost tanış olanda aktrisa evli və uşaqlı idi. Ancaq Cudla biri-birilərinə elə vurulmuşdular ki, Seydi boşanıb ona ərə getməyə razılıq verir. Cütlüyün toyu Temzada üzən bərədə baş tutur. Aktyor, sevgilisinin şətəfinə əlinə "Seksi Sadie" döyməsi vurdurur. Seydi və Cudun Rafferti adlı oğlu, Ayris adlı qızı doğulur. Lou özünü tamamilə məişət qayğılarına və uşaqlarının tərbiyəsinə həsr eləyir. Münasibətlərindəki romantikanı qorumaq məqsədilə cütlük, məzuniyyətlərini ekzotik adalarda keçirir, tez-tez romantik görüşlər təşkil edirlər. Ancaq onların münasibəti tezliklə korlanmağa, romantika yox olmağa başlayır. Seydinin xasiyyətini dəyişən üçüncü hamiləliyi, Lounun ona daha az diqqət ayırması aralarındakı anlaşılmazlığı, soyuqluğu gücləndirir. Cud artıq sevgilsini tanımırdı – mehriban Seydinin yerinə indi o, hər gün əsəbi, hər şeydən inciyən bir qadınla ünsiyyətdə olurdu. Elə həmin vaxt aktyora "Soyuq dağ" filmində rol təklif olunur və o, çəkilişlər üçün Rumıniyaya gedir. Tezliklə onların ikinci oğlu dünyaya gəlir, ancaq körpə onların nikahını xilas edə bilmir. Seydi ağır depressiya keçirir, həmin vaxt Lounun, "Soyuq dağ" filmində tərəf müqabili olduğu Nikol Kidmanla sevgi münasibətləri haqqında çıxan xəbərlər isə onun vəziyyətini daha da ağırlaşdırır.
Balaca qızları Ayrisin nəzarətsiz qalıb ekstazi həbləri içərək zəhərlənməsi isə bu münasibətə son nöqtəni qoyur. Boşanma zamanı Cud Lou arvadına 18 milyon dollar və London kənarındakı evi verir.
Aktyorun ikinci böyük məhəbbəti amerikalı aktrisa Sienna Miller olur. Seydi kimi onunla da münasibətləri çəkiliş meydançasında – ("Alfi") başlamışdı. Sienna və Lou cütlüyü Hollivudun ən nümunəvi aşiqlərindən sayılır, hər kəs onların evlənəcəyi günü gözləyirdi, amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır… Sienna sevgilisinin, uşaqlarının dayəsi ilə yatdığını öyrənir və cütlük ayrılır. Aktyor əvvəlcə bu kiçik macərasını inkar eləsə də, sonradan keçmiş arvadı, uşaqları da daxil olmaqla hər kəsdən üzr istəyir.
Ancaq bir müddət sonra başqa bir qadından- model və aktrisadan qızı olduğu xəbəri yayılır. Üstəlik Lou dördüncü dəfə ata olduğu barədə xəbəri qadından yox, jurnallardan öyrənir. Aktrisa uşağı birinci atasına deyil, fotoqraflara göstərir, daha doğrusu, körpənin fotosunu onlara satır.
Bütün bu qalmaqallar səngiyəndən sonra – 2009-cu ildə Sienna Miller və Cud Lou yenidən görüşməyə başlasalar da, bu dəfə münasibətləri qısaömürlü olur və onlar tezliklə ayrılırlar.
Mənbə
- Soyuq cazibəli ingilis — Jude Law
- Биография актёра на Tiscali.co.uk (ing.)
- Jude Law at the British Film Institute’s Screenonline
- Filmography Jude Law Arxivləşdirilib 2011-08-04 at the Wayback Machine at the British Film Institute (BFI). Accessed 25 may 2008.