Cuğa körpüsü
Cuğa körpüsü- Azərbaycanın XII-XIII əsrlərə aid memarlıq abidəsi.
Cuğa Körpüsü | |
---|---|
ing. Jugha bridge | |
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Tikilmə tarixi | XII-XIII əsrlər |
Uzunluğu | 18 m |
Material | Əhəng məhlulu və qırmızımtıl çaydaşı |
Vəziyyəti | fəaliyyət göstərmir |
İstinad nöm. | 406 |
Kateqoriya | körpü |
Əhəmiyyəti | yerli əhəmiyyətli |
|
Bu körpü Arazın üstündə karvan yolu istiqamətinə uyğun salınmış və onun yanlndakı Çuğa şəhəri bu səbəbdən iri ticarət qovşağına çevrilmişdir.[1] Müasir Culfa şəhəri yaxınlığında dar bir dərədə qədim Cuğa şəhərinin xarabaları qalmışdır.Araz çayı üzərində Cuğa körpüsünün salınması ilə şəhərin beynəlxalq ticarət yolu üzərində böyük mərkəz kimi əhəmiyyəti artmışdır.Körpünün xarabaları dövrümüzədək gəlib catmışdır.Hazırda Cuğa körpüsünün yalnız 5 dayağı qalmışdır.Birinci istisna olmaqla,bütün dayaqlar pis vəziyyətdədir.Bunlar üzlüyü tökülmüş çaydaşı hörgüsü qalıqlarıdır.Salamat qalmış sahil dayağının suya baxan səthində 4 sıra dairəvi boşluqları olan körpü tağının dabanı görünür.
Cuğa şəhəri
Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir.[2]
Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbiristanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI-XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir.[3]
Tarixi
Körpü gözəlliyinə görə tikildiyi çağdan məşhurlaşmışdır. Həmdullah Qəzvini "Nüzhət əl-qulub" əsərində Mərənd tümənindəki ticarət şəhəri Gərgər haqqında qısa bilği verib yazmışdır:
Onun yanında Araz çayı üstündə Ziyaülmülk Naxçıvani gözəl körpü tikdirmişdir. Bu xeyriyyəçilik sahəsində ən parlaq tikililərdən biridir.[1] |
Gərgər indi Cənubi Azərbaycanda Culfanın yanında,Mərənd-Culfa yolu üstündə şəhərdir. Ziyaülmülkün tikdirdiyi körpü indi ancaq dayaqları qalan Cuğa körpüsüdür.
Tikilmə texnikası
Qırmızı qumdaşından əhəng məhlulu ilə tikilən körpünün sahil dayağı doğrudan da körpünün inşaat texnikasının yüksəkliyindən xəbər verir. Teymurun tarixçisi Şərafətdinin bu təsvirini araşdırıcılar Cuğa körpüsünə aid edirlər:
yonulmuş daşdan tikilmiş,sarsılmaz möhkəmliyi olan ,yastı və düz körpü dünya körpülərinin ən gözəlidir,daşlarının gözəlliyi,möhkəmliyi və özümlü,düzümü bütün memarları təəccübləndirir:iki tağbəndi çox ucadır və enlidir: su azalanda ölçülərkən biri 60 gəz (18m),o biri 50 gəz (15 m) idi; kiçik tağbəndin aşağı qurtaracağında karvansara,körpünün iki ucunda isə qayalarda tayı olmayan gözəllikdə qapılar tikilmişdi.[1] |
Nazik və hündür arakəsmələrlə 3 hissəyə bölünmüş geniş qapı yeri qalmışdır.Çayın içindəki ikinci dayaqda da üçhissəli bölgünün izləri müşahidə olunur.Sahil dayağının dağa uzanan divar qalıqları orta əsr tarixçisi Şərəfəddin Əli Yəzdinin təsvir etdiyi karvansaranın xarabalarıdır.Karvansara körpü dayağına doğru uzanan yolun üstündədir.Körpünün tikintisi üçün əsas inşaat materialı kimi əhəng məhlulundan və qırmızımtıl çaydaşından istifadə edilmişdir.[4]
Cuğa körpüsünün sahil dayağı içərisində bir sıra yerləşgələr indi də qalır. Körpünün sahil dayağına bitişik tikinti qalıqlarını isə araşdırıcılar karvansara hesab edirlər.
Karvansaralar
Culfa yaxınlığında arazın üstündə tikilməsi XIV əsrin başlanğıcına aid edilən başqa bir körpünün yanında,çayın hər iki sahilində üz-üzə dayanan iki karvansara qeydə alınmışdır. Karvansaralar ayrılıqda tikilsələrdə onların körpü ilə kompleks təşkil etdikləri və karvan yolunun iri dayaq məntəqələrindən birini yaratdıqları şübhəsizdir.[1]
Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir. Cuğa karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmişdir. 1978-ci ildə tədqiqatlar nəticəsində binanın planı tam üzə çıxarılmışdır. Bakı-Culfa dəmir yolu xətti çəkilərkən (1939-1940) karvansaranın təqribən yarısı dağılmışdır.[5]
Tədqiqatlar nəticəsində Cuğa karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m olan Cuğa karvansarasının eni tipi Araz çayının sağ sahilində - Cənubi Azərbaycan ərazisində demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların Arazın hər iki sahilində üzbəüz yerləşməsi hələ Araz çayı üzərində Cuğa körpüsünün inşasından əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların inşa dövrünü XIII əsrin əvvəllərinə aid etməyə imkan verir.
Karvansara çay daşından inşa edilmiş və gəc məhlulu ilə suvarılmışdır. Cuğa karvansarasının salamat qalmış hissəsində çoxlu yaşayış otaqları vardır. Otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şimal tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur. Bu zalın təyinatı haqqında tədqiqatçıların qəti fikri yoxdur.[6] Lakin belə plan quruluşuna malik köhnə məscidlər də vardır.
İstinadlar
- Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq. 1991. səh. 136-137.
- Ə. V. Salamzadə, K. M. Məmmədzadə - Arazboyu abidələr, Bakı, 1979
- Ə. V. Salamzadə, K. M. Məmmədzadə - Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, Bakı, 1985
- Naxçıvan ensiklopediyası.Bakı.2002.səh:594
- Ə. V. Salamzadə, K. M. Məmmədzadə - Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, Bakı, 1985, səh 26
- Ə. V. Salamzadə, K. M. Məmmədzadə - Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, Bakı, 1985, səh 61