Cotto kampanilası
Cotto kampanilası (it. Campanile di Giotto, /ˌkæmpəˈniːli, -leɪ/, həmçinin amer. /ˌkɑːm-/) — İtaliyanın Florensiya şəhərinin tarixi mərkəzində yerləşən Pyaçça-del-Duomonun əsas tikilisi olan Florensiya kafedralı kompleksinə daxil olan, lakin kafedral binasından aralıda dayanan kampaniladır.
Cotto kampanilası | |
---|---|
it. Campanile di Giotto | |
43°46′22″ şm. e. 11°15′20″ ş. u. | |
Ölkə | İtaliya |
Şəhər | Florensiya |
Yerləşir | Toskana |
Aidiyyatı | Santa-Mariya-del-Fiore |
Layihə müəllifi |
Arnolfo Di Kambio Cotto |
Memar | Andrea Pisano, Françesko Talenti |
Tikilmə tarixi | 1298—1359 |
Üslubu | İtaliya qotik memarlığı və intibah memarlığı |
Hündürlüyü | 84,7 m |
Eni | 14,45 m |
Vəziyyəti | stabil |
Rəsmi sayt |
duomo.firenze.it/it/scop… duomo.firenze.it/en/disc… |
Rəsmi adı: Historic Centre of Florence | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 1982 |
İstinad nöm. | 174 |
Dövlət | İtaliya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Santa-Mariya-del-Fiore kafedralı və Müqəddəs İohann vəftizxanasının yanında yerləşən kampanila Cottonun dizaynı, zəngin heykəl və polixrom mərmər dekorları ilə Florensiya qotik memarlığının ən yaxşı nümunələrindən biridir.
Kiçik ərazini əhatə edən tikili, hər tərəfi 14.45 metrə bərabər olan kvadrat formasına malikdir. 84.7 metr hündürlüyə malik kampanila hər tərəfdən çoxkünclü dayaqlara malikdir.[1] Qüllə beş mərtəbəyə bölünüb.
Tarixi
1302-ci ildə Florensiya kafedralının inşasında cavabdeh olan memar Arnolfo di Kambionun ölümündən otuz il sonra – 1334-cü ildə məşhur rəssam Cotto di Bondoneyə onun işini davam etdirmək həvalə olunur.[1] Həmin ildə rəssamın artıq 67 yaşı var idi. Cotto bütün enerjisini kafedralın zəng qülləsinin dizaynı və inşasına yənləndirir. XIII əsrin əvvəllərindən memar-dizaynerlərə olan münasibətin digər işçilərə olan münasibətdən fərqlənməyə başlamasından sonra, Cotto həm də memar kimi məşhurlaşmağa başlamışdı. Kampanillanın ilk təməl daşı 19 iyul 1334-cü ildə qoyulmuşdur.[2] Cottonun kampanilla dizaynı kafedral fasadının Arnolfo di Kambio tərəfindən işlənmiş polixrom fasadı ilə ahəng təşkil edərək, bir növ rəsm əsərini xatırladır. Sərt xəttli saat qülləsi yerinə, Cotto öz dizaynında işıq kölgə effektləri və bəzi prespektiv formalarını istifadə etmişdir. Qotik binalar üçün xarakterik olan filiqran yerinə, Cotto tikilinin fasadını həndəsi naxışlar şəklində düzülmüş rəngarəng mərmərlərlə bəzəmişdir.
1337-ci ildə Cotto vəfat edərkən, kampanilanın yalnız aşağı mərtəbəsinin inşası tamamlanmış, fasadı isə ağ Karrara, yaşıl Prato və qırmızı Siena mərmərləri ilə üzlənmişdi. Aşağı mərtəbənin divarları üç tərəfdən hər birində yeddi ədəd olmaqla altıguşəli barleyefli panellər yerləşdirilmişdir. 1348-ci ildə giriş qapısı genişləndirilərkən iki panel boş olan şimal divarına köçürülmüşdür. 1437-ci ildə isə Luka della Robbia tərəfindən hazırlanmış daha beş panel həmin divara əlavə olunmuşdur. Bibliya simvolikası baxımından yeddi rəqəmi xüsusi anlama malikdir: o, insanın kamilliyini simvolizə edir.
Panellərin müəlliflərinin kim olduğunu demək çətindir. Beləki, onların bəzilərinin Cottonun özü, bəzilərinin isə Andrea Pisano (və ya onun emalatxanasında) tərəfindən hazırlanması güman edilir.
Bu işi sayəsində Cotto, Brunelleski (Santa-Mariya-del-Fiore kafedralının günbəzi) və Alberti (“De re aedificatoria” traktatı, 1450) ilə birlikdə İtaliya intibah memarlığının banilərindən biri hesab edilir.
1343-cü ildə Cottonun yerinə kampanilanın inşası üzərində, o zaman Müqəddəs İohann vəftizxanasının cənub qapısı üzərindəki işi ilə məşhurlaşmış Andrea Pisano çalışmağa başlamışdır.[1] O, qüllənin inşasını Cottonun planına dəqiq əməl etməklə davam etdirmişdir. O, aşağı mərtəbəyə romb formalı ikinci üz panelləri (1341-1347) əlavə etmişdir. Bundan sonra, o, daha iki səviyyə inşa etmiş və onların hər tərəfindən daha dörd niş yerləşdirmişdir. Lakin, ikinci səviyyəli nişlər boşdur. Faciəvi Qara ölümə görə, 1348-ci ildə inşaat işləri dayandırılmışdır.
Pisanonu əvəz etmiş Françesko Talenti tikilinin böyük pəncərəli üç yuxarı mərtəbəsini inşa etmiş və 1359-cu ildə Cotto kampanilasının inşası tamamlanmışdır.[1] Talenti Cottonun ilkin layihəsində nəzərdə tutulmuş oxun inşasından imtina etmiş və buna görə də, ilkin layihədə nəzərdə tutulmuş 122 metr hündürlük 84.7 metrə qədər azalmışdır. Qüllənin zirvəsindən Florensiya və onu əhatə edən təpələrə möhtəşəm mənzərə açılır. Yuxarı meydançaya 414 pillə aparır.
Dekor elementləri
Hazırda kampanilanı bəzəyən bütün sənət əsərləri orijinalların kopyalarıdır. 1965-1967-ci illərdə demontaj edilmiş orijinal sənət əsərləri isə hazırda Florensiya kafedralı nəzdində fəaliyyət göstərən Duomo muzeyində saxlanılır.
Altıbucaqlı panellər
Altıbucaqlı panellərdə qərb tərəfdən başlayaraq Bibliyanın Yaradılış kitabından ilhamlanılmış insanlığın tarixi ilə bağlı səhnələr həkk edilmişdir:
- Kişi və qadının yaradılması; Adəmin yaradılması, Həvvanın yaradılması, Sələflərimizin çətinlikləri
- “Mexaniki sənət” və “Yaradıcı sənət”lərin başlanğıcı (Bibliyaya əsasən): Cabal (heyvandarlıq), Cubal (musiqi, arfa və orqan), Tubalkeyn (ilk dəmirçi), Nuh (ilk fermer). Bu seriya zəng qülləsinin cənub və şərq divarlarında davam etdirilmişdir.
İki səhnə istisna olmaqla, bütün yaradıcılıq panelləri Andrea Pisano tərəfindən işlənmişdir; Cubal panelinin müəllifi Nino Pisano, Tubalkeyn panelinin müəllifi isə Andrea Pisanonun köməkçisidir.
Cənub divarındakı yeddi altıbucaqlı paneldə Gionit (astronomiya), İnşaatçılıq sənəti, Tibb, Ovçuluq, Yunçuluq, Foroney (qanunvericilik), Dedal (uçuş). Həmin panellərin də əsasən Andrea Pisano tərəfindən işlənməsi düşünülsə də, Gionit və İnşaatçılıq sənəti panellərinin onun emalatxanasında, Tibb və Foroneya panellərinin isə Nino Pizano tərəfindən hazırlanması ehtimal edilir.
Giriş qapısına görə şərq divarında cəmi beş panel vardır. Onlarda humanitar elmlər təsvir edilmişdir: naviqasiya, sosial ədalət, kənd təsərrüfatı, festivallar sənəti və Evklid (memarlıq). İlk üç panel Andrea Pisano, digər iki panel isə Nino Pisano tərəfindən hazırlanmışdır. Lunetdəki “Madonna və Körpə”, həmçinin frontonun üstünü bəzəyən “İki peyğəmbər və tövbəçi” qabartmaları isə Andrea Pisano tərəfindən hazırlanmışdır.
Şimal divarındakı altıbucaqlı panellərdə Heykəltəraşlıq, Fidi (hər iki panel 1347-1348-ci illərdə burda yerləşdirilmişdir), Rəssamlıq, Harmoniya, Qrammatika, Məntiq və Dialektika (Platon və Aristotelin təmsilində), Musiqi və Poeziya (Orfeyin təmsilində), Həndəsə və Arifmetika (Evklid və Pifaqorun təmsilində) təsvir edilmişdir. Həmin panellərdən birincisi Andrea Pisano, ikincisi Nino Pisano, qalanları isə Luka della Robbia tərəfindən hazırlanmışdır. Sonuncu beş panel kampanila və kafedral arasındakı yüksək keçidin sökülməsindən sonra əlavə edilmişdir.
Romb formalı panellər
Daha yuxarıdakı panellər tamamilə fərqli stildə hazırlanmışdır: mərmər fiqurlar mavi mayolika fonunda ciddi şəkildə fərqlənir. Bu alleqorik təsvirlərin hamısı Andrea Pisano və onun məktəbinə aid edilir:
- Qərb tərəf: Saturn, Yupiter, Mars, Günəş, Venera, Merkuri, Ay (Venera və Merkuri Nino Pisanoya aid edilir)
- Cənub tərəf: Üç dini və dörd kardinal fəziləti – İnam, Xeyriyyəçilik, Ümid, Ehtiyyatlılıq, Ədalət, Səbrlilik və Mətanət (İnam paneli Cino Mikeli da Kastelloya aid edilir).
- Şərq tərəf: Yeddi müstəqil sənət – Astronomiya, Musiqi, Həndəsə, Qrammatika, Ritorika, Məntiq və Arifmetika (Həndəsə və Ritorika Andrea Pisanoya aid edilir; Astronomiya istisna olmaqla digər panellər Cino Mikeli da Kastelloya aid edilir).
- Şimal tərəf: Yeddi müqəddəs ayin (realist üslubda və alleqoriyadan uzaq təsvir edilib) – Vəftiz, Etiraf, Evlilik, Müqəddəs Orden, KonfirmasiyaYevxaristiya və Ali məsh. Evlilik paneli xaric bütün panellərin Maso di Banko tərəfindən işlənməsi, Evlilik panelinin müəllifinin isə Cino Mikeli da Kastello olması düşünülür.
Nişlərdəki heykəllər
Kampanilanın növbəti mərhələsində hər tərəfdə dörd niş və bişlər daxilində də dörd heykəl yerləşdirilmişdir. Heykəllər hamısı müxtəlif dövrlərdə hazırlanmışdır:
Qərb divarındakı dörd qotik heykəl 1343-cü ildən etibarən Andrea Pisano tərəfindən hazırlanmışdır. Kifayət qədər relyefli olan və arxa hissəsi tamamlanmamış bu heykəllərdə Tributin Sibili, David, Solomon və Eritreya Sibili təsvir olunub.
Cənub divarındakı daha klassik görünüşə malik dörd peyğəmbər heykəli 1334-1341-ci illər arasında hazırlanmışdır. Musa heykəli və dördüncü heykəl Maso di Bankoya aid edilir.
Şərq divarındakı dörd peyğəmbər və patriarx heykəli 1408-1421-ci illərdə hazırlanıb: Saqqalsız peyğəmbər heykəlinin müəllifi Donatello (ehtimal ki, dostu Filippo Brunelleskini təsvir edib), Saqqalı peyğəmbər heykəlinin müəllifi ehtimal ki, Nanni di Bartolo, İbrahim və İshaq heykəlinin müəllifi Donatello və Nanni di Bartolo, “Il Pensatore” (Fikirləşən) adlı heykəlin müəllifi isə Donatellodur.
Şimal divarındakı dörd heykəl 1420-1435-ci illərdə abidəyə əlavə edilmişdir; həmin heykəllərdə Peyğəmbər (Nanni di Bartolo tərəfindən hazırlandığı düşünülsə də, Donatello tərəfindən imzalanıb), Havvakum (Donatellonun şah əsəri hesab edilir, Mediçilərin düşməni Covanni Çieriçini arıqlamış və əziyyət çəkmiş peyğəmbər kimi təsvir edilib), İyeremiya (Donatello tərəfindən hazırlanıb, Mediçilərin digər düşməni Françesko Soderinini təsvir edib) və Abadiya (Nanni di Bartolo tərəfindən işlənib) təsvir edilib.
Üç yuxarı mərtəbə
Qüllənin üç ən üst mərtəbəsi 1348-1359-cu illərdə Françesko Talenti tərəfindən inşa edilmişdir. Hər üst mərtəbə ölçülərinə görə aşağıdakı mərtəbədən daha böyükdür və buna görə də onların ölçüsü prespektiv effektinə əks təsir göstərir. Buna görə də aşağıdan baxıldığı zaman hər üç mərtəbə bir-birinə uyğun görünür. Siena zəng qülləsində olduğu kimi vertikal yerləşdirilmiş pəncərələr divarlarda böyük açıqlıq yaradır. Qüllə yerinə, Talenti böyük terrasa inşa etmişdir.
Orta əsr sxolastik fəlsəfəsi ilə təfsir etdikdə, kampanilanın relyef, heykəl və digər dekor elementləri bütöv bir vahid təşkil edir.
İstinadlar
- Zucconi, Guido. Florence: An Architectural Guide (2001 Reprint). San Giovanni Lupatoto (Vr): Arsenale Editrice. 1995. ISBN 978-88-7743-147-9.
- Giotto di Bondone. Encyclopædia Britannica. 2007.
Ədəbiyyat
- Jepson, Tim. The National Geographic Traveler Florence & Tuscany. Washington, D.C.: National Geographic Society. 2001. ISBN 978-90-215-9720-1.
- Wirtz, Rolf C. Kunst & Architektur, Florenz (alman). Tandem Verlag GmbH. 2005. ISBN 978-3-8331-1576-9.
- Montrésor, Carlo. The Opera del Duomo Museum in Florence. Florence, Italy: Mandragora. 2000. ISBN 978-88-85957-59-6.
- von Schlosser, Julius. Quellenbuch zur Kunstgeschichte des abendländischen Mittelalters. Ausgewählte Texte des vierten bis fünfzehnten Jahrhunderts, gesammelt von Julius von Schlosser (alman). Wien, C. Graeser. 1896. ISBN 978-88-7166-096-7. (Describes the relations between Florentine art and medieval scholastic doctrines.)
- Giorgio Verdiani, Firenze delle Torri: Architetture verticali e loro intorno, Firenze, Alinea 2005 ISBN 88-8125-647-9