Con Maksvell Kutzee
Con Maksvell Kutzee (ing. John Maxwell Coetzee; 9 fevral 1940[1][2][…], Keyptaun, Cənubi Afrika Birliyi[3]) — CAR əsilli yazıçı, tənqidçi, dilçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2003), iki dəfə Buker mükafatı almış ilk yazıçı (1983, 1999).
Con Maksvell Kutzee | |
---|---|
ing. John Maxwell Coetzee | |
Doğum tarixi | 9 fevral 1940[1][2][…] (84 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | dilçi, tərcüməçi, roman yazıçısı, esseist, librettoçu, ssenarist, universitet müəllimi[d], şair, yazıçı, nasir, tənqidçi |
Əsərlərinin dili | ingilis dili |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Con Maksvell Kutzee əslən Cənubi Afrikadan olan yazıçı, tərcüməçi və pedaqoqdur. Son illər Avstraliyada yaşayır. Həm ata, həm də ana tərəfdən XVII əsrdə Danimarkadan Afrikanın cənubuna köç edən mühacirlərin nəslindəndir. Ana babalarından birinin polyak olduğu haqqında məlumatlar mövcuddur. Orta təhsilini Keyptaundakı katolik məktəbində, ali təhsilini isə Keyptaun universitetində almış, universiteti 1960-cı ildə ingilis dili və ədəbiyyatı, 1961-ci ildə isə riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirmişdi.
Keçən əsrin 60-cı illərinin əvvəllərində bir müddət Böyük Britaniyada yaşayan Kutzee burada kompüter proqramçısı kimi çalışmışdı. Eyni zamanda təhsilini də davam etdirmiş və bu dəfə Keyptaun universitetindən incəsənət magistri dərəcəsi almışdı. Müəllif həyatının həmin dövrünü "Uşaqlıq" (1997) və "Gənclik" (2002) avtobioqrafik romanlarında işıqlandırmışdı. ABŞ-də pedaqoji sahədə işlədiyi illərdə Con Kutzee Texas universitetində Samuel Bekketin poetik dilinin kompüter təhlilinə həsr olunmuş dissertasiya müdafiə etmişdi.
Yazıçı 1971-ci ildə ABŞ-də oturum izni almış və Nyu-Yorkdakı Buffalo universitetində ingilis ədəbiyyatı professoru vəzifəsində çalışmışdı. Lakin Vyetnam müharibəsi ilə bağlı sərt antiamerikan mövqeyinə görə onun "yaşıl kartına" xitam verilmişdi. Təxminən iyirmi il Keyptaunda yaşadıqdan sonra Con Kutzee 2003-cü ildə yenidən ABŞ-yə, Çikaqo universitetinə dönmüşdü. 2006-cı ildə o, Avstraliya vətəndaşlığını qəbul etmişdi. Yazıçının bu addımı son illərdə ağdərili əhalinin Cənubi Afrikanı kütləvi köçü ilə əlaqəlidir. Hazırda Con Kutzee Avstraliyanın Adeleida universitetində çalışır. Orijinal bədii yaradıcılığı ilə bir sırada Danimarka və yerli Afrikaans dillərindən tərcümələri ilə də tanınır.
Yazıçı əsərlərindəki hadisələri mücərrəd mühitdə, konkret zaman və məkan fövqündə təsvir etməyə çalışsa da, onun romanlarında Cənubi Afrikanın konturları aydın görünür. Doğrudur, həmvətəni, Nobel laureatı Nadine Qordimerdən fərqli olaraq Kutzee heç vaxt aparteidə və irqi ayrıseçkiliyə qarşı açıq və barışmaz mübarizəsi ilə fərqlənməmişdi. Lakin bu zahiri passivlik fonunda yazıçı "Vəhşiləri gözlərkən" (1980), "Mixael K.-nın həyatı və dövrü" (1983) romanlarında insan şəxsiyyətini və mənliyini alçaldanlara, dini, irqi və milli təzyiqə əl atanlara ittihamlarını kifayət qədər güclü ifadə etmişdir.
Cənubi Afrika yazıçısının 1984-cü ildə çap olunan "Peterburqlu ustad" romanı ilk növbədə bədii formasının orijinallığı ilə diqqəti çəkir. Kutzee ustadı saydığı Dostoyevskinin "Cinlər" romanının süjeti ilə rus yazıçısının bioqrafiyasını birləşdirmişdir. Əsərin eksperiment xarakterli mürəkkəb fabulası ilk növbədə müəllifə yaradıcılıq problemlərinə daha dərindən nüfuz etmək imkanı vermişdir. Kutzee həyat faktlarını böyük ustalıqla sənətə çevirmək üçün rus yazıçısının qəlbini şeytana satması prosesini inandırıcılıqla göstərə bilmişdi.
İrqi ayrı-seçkilik siyasəti ilə vidalaşan Cənubi Afrikanın müasir həyatı Kutzeenin "Şərəfsizlik" romanında bədii əksini tapmışdır. Yazıçı bu əsərində müstəmləkə rejimi şəraitindəki ölkələrdə xalqın maaarifləndirilməsi, milli mənəvi dəyərlərin yaşadılması baxımından ziyalının, müəllimin, universitet professorunun üzərinə nə qədər böyük və ciddi vəzifələr düşdüyünü açıqlamağa çalışmışdı. Kutzee "ziyalı və cəmiyyət" mövzusu ilə bağlı polemik düşüncələrini "Elizabet Kastello" (2003) romanında da davam etdirmişdi. Con Maksvell Kutzee 2003-cü ildə "özgə, yad insanların üzləşdikləri saysız-hesabsız çətinlikləri heyrətamiz müxtəlifliklərlə əks etdirdiyinə görə" ilin Nobel mükafatı laureatı olmuşdu. Onun rəqibləri amerikan yazıçısı Filip Rot, İsveç yazıçısı Toman Transtryomer və əsərlərini Adonis təxəllüsü ilə çap etdirən Suriya şairi Əli Əhmən Səid idi. Nobel laureatının adı elan olunmamışdan bir müddət əvvəl ABŞ-nin İraqa hücumunun ərəb-müsəlman dünyasında xristianlara qarşı doğurduğu qəzəb hissini soyutmaq üçün mükafatın mütləq suriyalı şairə veriləcəyi proqnozlaşdırılırdı. Lakin İsveç Akademiyası növbəti dəfə seçiminin gözlənilməzliyini nümayiş etdirdi.
2005-ci ildə Cənubi Afrika prezidenti Con Kutzeeni "ədəbiyyat sahəsində müstəsna xidmətlərinə və Cənubi Afrikanı dünya miqyasında tanıtdığına görə" birinci dərəcəli (qızıl) Mapunqubve ordeni ilə təltif etmişdi.
Kutzee son dərəcə qapalı adamdır. O, əsl rahib həyatı keçirir: tənhalığı sevir, içki içmir, siqaret çəkmir, ət yemir, səs-küylü məclislərə qatılmır. Yazıçını hətta uzun illər tanıyan həmkarları da onun heç vaxt zarafat etmədiyini, çox nadir hallarda gülümsədiyini xatırlayırlar. Danışmağa gəldikdə isə, Kutzee heç vaxt şifahi müsahibə vermir, sözü ondan, necə deyərlər, kəlbətinlə çəkmək lazım gəlir. Kitablarını nadir hallarda avtoqrafla bağışlayır. Ona görə də imzaladığı nüsxələr auksionlarda baha qiymətə satılır. Yazıçı 1960-cı ildə ailə həyatı qursa da, 1980-cı ildə arvadından boşanmışdı. Bu nikahdan oğlu və qızı doğulmuşdu. Lakin oğlu 23 yaşında bədbəxt hadisə nəticəsində həlak olmuşdu. Kutzee həyatının bu faciəli anını "Peterburqlu ustad" romanında əks etdirmişdi. "Mixael K.-nın həyatı və dövrü" (1983), habelə "Şərəfsizlik" (1999) romanlarına görə iki dəfə Buker mükafatına layiq görülsə də (ədəbi aləmdə bu ümumiyyətlə, nadir hadisədir) təqdimat mərasimlərindən heç birində iştirak etməmişdi. Doğrudur, o, Nobel mükafatı almaq üçün Stokholma gəlmişdi. Və maraqlıdır ki, Nobel mühazirəsini başdan-başa tənhalıq məsələlərinə, habelə Pobinzon Kruzo sindromuna həsr etmişdi.
İstinadlar
- J.M. Coetzee // Encyclopædia Britannica (ing.).
- J. M. Coetzee // Internet Speculative Fiction Database (ing.). 1995.
- Deutsche Nationalbibliothek Record #118895117 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- http://web.archive.org/web/20170324033301/http://jeugdliteratuur.org/auteurs/john-coetzee.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.