Con Kits
Con Kits (31 oktyabr 1795[1][2][…], , London, Birləşmiş Krallıq və ya London[3] – 23 fevral 1821[1][2][…], Roma[4]) — romantizmin nümayəndəsi, ingilis şair. Şeirləri 25 yaşında vərəmdən vəfat etməzdən 4 il öncə çap olunmağa başlayan və romantik şairlərin ikinci nəslinin ən simalarından biri hesab olunan Kitsin adı Corc Bayron və Persi Biş Şelli kimi şairlərlə yanaşı çəkilir.[5]
Con Kits | |
---|---|
John Keats | |
| |
Doğum tarixi | 31 oktyabr 1795[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 1821[1][2][…] (25 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | romantizm |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşadığı müddət ərzində şeirləri əksər tənqidçilər tərəfindən müsbət qarşılanmasa da, ölümündən sonra şöhrəti artmış[6] və 19-cu əsrin sonuna qədər ən sevilən ingilis şairlərindən birinə çevrilmişdir. O, eyni zamanda, bir çox şair və yazıçıya güclü təsir göstərmişdir. Xorxe Luis Borxes ilk dəfə Con Kitsin yaradıcığı ilə tanışlığın həyatı boyu yaşadığı ən möhtəşəm təcrübə olduğunu qeyd etmişdi.[7]
Kitsin şeirləri, xüsusilə də odaları "hissiyyatla ağır yüklənmiş" üslubu ilə xarakterizə olunur. Bu, romantik şairlərin yaradıcılığına xas idi; belə ki, onlar təbii təsvirləri bədii şəkildə vurğulayaraq duyğuları ön plana çıxarmağı qarşılarına məqsəd qoyurdular. Bu gün onun şeirləri və məktubları ingilis ədəbiyyatının ən məşhur və ən çox araşdırılan ədəbi nümunələrindən sayılır. Şairin ən çox bəyənilən şeirlərinə Bülbülə oda, Yuxu və poeziya və məşhur soneti Çapmenin Homerinə ilk baxış haqda daxildir.
Bioqrafiyası
Erkən həyatı
Con Kits 31 oktyabr 1795-ci ildə Murgeytdə (London), Tomas Kits və həyat yoldaşı Frensis Cenniqsin ailəsində anadan olub. Onun dəqiq doğum yerinin hara olması ilə bağlı çox az sübut mövcuddur. Kitsin və ailəsinin onun ad gününü 29 oktyabr qeyd etməsinə baxmayaraq, baptizm qeydləri bu tarixin 31 oktyabr olduğunu göstərir.[8][9] O, ailədə sağ qalan dörd uşaqdan ən böyüyü idi; onun kiçik bacı-qardaşı Corc (1797–1841), Tomas (1799–1818) və ispan yazıçı Valentin Llanos Qutierrez ilə evlənmiş Frensis Meri "Fanni" (1803–1889) idi.[10] Ailənin digər oğul övladı körpə olarkən vəfat etmişdi. Əvvəlcə, atası sonralar idarə edəcəyi və getdikcə böyüyən ailənin illərlə məskunlaşacağı "Swan and Hoop" mehmanxanasına bitişik olan tövlədə mehtərlik edirdi.[11] Kits bu mehmanxanada doğulduğuna inanırdı, amma bunun doğruluğunu sübut edəcək heç bir dəlil yoxdur.[9] İndi həmin ərazidə günümüzdəki Morqeyt stansiyasından bir neçə yard uzaqlıqda yerləşən "The Globe" pivəxanası yerləşir.[12] Con Bişopsqeyt Müqəddəs Botolf kilsəsində xaç suyuna çəkilmiş və uşaq olarkən yerli deym məktəbinə göndərilmişdir.[8][13]
Valideynləri öz oğullarını İton kollecinə və ya Herrou məktəbinə göndərmək istəyirdilər, amma sonda təhsil haqqını ödəyə bilməyəcəklərinə qərar verdilər.[14][15][16] 1803-cü ilin yayında Con yatılı olaraq qalmaq üçün Enfilddə yerləşən və nənə-babasının evinə yaxın olan Con Klark məktəbinə göndərildi. Liberal düşüncəli bu kiçik məktəbin kurriklumu daha böyük və daha prestijli məktəblərinkindən daha müasir və proqressiv idi.[17] Klarkda mövcud olan ailə mühitində Kitsin klassikaya və tarixə marağı daha da artdı və bu maraq onun qısa ömrü boyunca davam etdi. Məktəb direktorunun oğlu Çarlz Kauden Klark onun önəmli məsləhətçisi və yaxın dostuna çevrildi; Çarlz Kitsi Torkvato Tasso, Edmund Spenser və Corc Çepmanın tərcümələri daxil olmaqla, intibah ədəbiyyatı ilə tanış etdi. Kitsin dostu Eduard Holms onun təmbəlliyə və davaya meyilli olduğunu, "hər şeyi ekstrim yaşadığını" bildirmiş və onun xarakterini dəyişkən olaraq xarakterizə etmişdir. Buna baxmayaraq, o, 13 yaşında bütün enerjisini kitab və dərslərini oxumağa sərf etməyə başladı və 1809-cu il yayın ortalarında özünün ilk akademik mükafatını qazandı.[17] Atası oxuduqları məktəbdə Kitsə və qardaşı Corca baş çəkdikdən sonra evə qayıdarkən atdan yıxılaraq onurğasını sındırdı və 1804-cü ilin aprelində, Kitsin 8 yaşı olarkən dünyasını dəyişdi.[18] Tomas Kits heç nə vəsiyyət etmədən vəfat etdi. Frensis iki ay sonra yenidən evlədi, amma tezliklə yeni həyat yoldaşını tərk etdi və uşaqların dördü də Edmonton kəndinə nənələri Alisa Cenniqs ilə birgə yaşamağa getdilər.[19] 1810-cu ildə, Kitsin 14 yaşı olarkən anası vərəmdən vəfat etdi və uşaqlar nənələrinin himayəsində qaldı. O, uşaqların qayğısına qalması üçün Riçard Ebbi və Con Sandeli onların qəyyumu təyin etdi. Həmin payız Kits Klark qonşuları, eyni zamanda, Cenninqslərin ailə həkimi olan cərrah və əczaçı Tomas Hammondun yanında şagirdlik etmək üçün məktəbi tərk etdi. O, 1813-cü ilə qədər Kilsə küçəsi 7 ünvanındakı cərrahiyənin üstündəki çardaqda kirayə qaldı.[9] Sonralar da Kitsin yaxın dostu olaraq qalan Kauden Klark bu periodu Kitsin həyatının "ən rahat dövrü" adlandırmışdı.[20]
Erkən karyerası
1814-cü ildən Kitsə vəsiyyət edilmiş iki miras o 21 yaşa çatana kimi əmanətli əllərdə saxlandı. 800 funt babası Con Cenninqsdən qalmışdı. Eyni zamanda, Kitsin anası uşaqlar arasında bərabər şəkildə bölünmək üzrə onlara 8000 funt qoyub getmişdi.[21][9] Belə görünür ki, Kitsə 800 funt haqqında heç nə deyilməmişdi, çünki o, bu miras üçün heç vaxt müraciət etmədi. Tarixi baxımdan götürdükdə, günah onun hüquqi qəyyumu Ebbinin üzərinə düşür, amma o, özü də bundan xəbərsiz olmuş ola bilər.[22] Kitsin anasının və nənəsinin vəkili olan Uilyam Ualton isə bundan dəqiq xəbərdar idi və Kitsə bu haqda məlumat vermək kimi bir vəzifə borcu vardı. Belə çıxır ki, o, vəzifəsini yetirə yetirməyib. Bu pul şairin həyatında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilərdi. Pul məsələsi həyatı boyunca həmişə Kitsin ən böyük qayğılarından olmuş və ona çətinliklər yaratmışdı, çünki o, heç kimdən borc almadan həyatda qalmaq üçün mübarizə aparır və dünyada öz yolunu sərbəst şəkildə özü yaratmağa çalışırdı.[9]
Hammondun yanında şagirdliyini tamamladıqdan sonra indi London Kral Kollecinin bir hissəsi olan Guy’s Hospitalda tibb tələbəsi kimi qeydiyyatdan keçdi və 1815-ci ilin oktyabrında təhsilinə başladı. Dərslərinin başladığından sonrakı bir ay ərzində ona xəstəxanada işləməyə və əməliyyatlarda cərrahlara kömək etməyə icazə verildi; o günümüzdə praktikant cərrahın etdiyi işləri görürdü. Bu önəmli vəzifəyə yüksəlməsi onun tibb sahəsində xüsusi istedadı olduğunu gözlər önünə sərməklə bərabər, eyni zamanda, onun çiyinlərinə böyük bir məsuliyyət və çoxlu iş qoymuşdu.[9] Kitsin Hammondun yanında və Guy’s Hospitalda uzunmüddətli və bahalı tibbi təcrübə keçməsi ailəsində onun karyerasını tibb sahəsi üzrə davam etdirəcəyi və beləcə, bütün həyatı boyunca maddi çətinliyi olmayacağı düşüncəsi yaratmışdı; o vaxtlar Kits həkim olmağı həqiqətən də istəyirdi.[9][17] O, sonralar məşhur ixtiraçı və mürəkkəb maqnatı olan Henri Stivens də daxil olmaqla, digər tibb tələbələri ilə birlikdə xəstəxanaya yaxın yerdə, Sautuarkda, Müqəddəs Tomas küçəsi 28 ünvanında ev kirayəyə götürdü.[23]
Buna baxmayaraq, Kitsin bu təcrübəsi onun yazıya ayırdığı vaxtı həddən artıq qısaldırdı və o, artıq karyerasını tibb sahəsində qurmaq barədə tərəddüdlü idi. O hiss etdi ki, çətin bir seçimlə üz-üzə qalıb.[17][24] Spenserin təqlidi onun günümüzə qədər gəlib çıxmış ilk şeiri idi və onu 1814-cü ildə, yəni 19 yaşı olarkən yazmışdı. Li Hant və Corc Bayron kimi şairlərdən güclü şəkildə təsirlənən və ailəsinin maddi çətinlikləri içində itib-batan Kits depressiyadan əziyyət çəkirdi. Qardaşı Corc onun haqda belə yazırdı: "Con qorxurdu ki, bəlkə də heç vaxt şair olmamalıdır və əgər şair olmasa, özünü məhv edəcəkdi."[25] 1816-cı ildə o, özünün əczaçı lisenziyasını aldı və bu, ona əczaçı, terapevt və cərrah kimi işləməyə icazə verirdi, amma il sona çatmamış o, qəyyumuna cərrah yox, şair olmağa qərar verdiyini bildirdi.[9]
O, Guy’s Hospitaldakı işinə və təcrübəsinə davam etsə də, daha çox vaxtını ədəbiyyatı öyrənməyə, şeir formalarını, xüsusilə də, soneti sınaqdan keçirməyə sərf edirdi.[9] 1816-cı ilin mayında Li Hant onun Tənhalıq adlı sonetini özünün dövrün ən öndəgedən liberal jurnalı olan The Examiner-də nəşr etməyə razı oldu.[26] Bu, Kitsin poeziyanın çap olunan ilk nümunəsi idi; Çarlz Kauden Klark bu hadisənin dostunun həyatındakı ən yaddaqalan günlərdən biri olduğunu bildirir[27] və şair olmaq arzusunun heç də boşa olmadığının ilk sübutu sayır. Qardaşlarıma onun 1816-cı ildə yazdığı şeirlərə daxil idi.[28] Həmin ilin yayında yazmaq üçün Kits Klark ilə birlikdə dənizkənarı şəhər olan Marqitə getdi. O, Kalidor-u yazmağa məhz orada başladı, həmçinin, məktub yazma ənənəsinin əsasını qoydu. Londona qayıdanda Sautuarkda, Din Küçəsi 8 ünvanında qalacaq yer kirayələdi və Kral Cərrahlar Kollecinin üzvü olmaq üçün fikrini təhsili və dərsləri üzərində cəmlədi.[29]
1816-cı ilin oktyabrında Klark Kitsi Bayronun və Şellinin yaxın dostu olan Hayt Li ilə tanış etdi. Beş ay sonra Kitsin şeirlərinin ilk cildi nəşr olundu; bura daxil olan Barmaq uclarım üstdə durdum, Yuxu və poeziya kimi şeirlərin hər ikisi Linin güclü təsiri altında yazılmışdı.[26] Reynolds Çempion jurnalında kitab haqda yaxşı rəy bildirsə də, kitab çox az marağa səbəb olduğundan tənqidi baxımdan uğursuz sayılır. Kitsin naşirləri Çarlz və Ceyms Olye kitaba görə utanc hissi keçirdilər. Kits dərhal naşirlərini Flit küçəsində işləyən Teylor və Hessiyə dəyişdi.[30] Olyelərdən fərqli olaraq, Kitsin yeni naşirləri onun əsərini çap etdirməkdə həvəsli idilər. Şeirlərin nəşrinin birinci ayında onlar artıq Kitsin yeni cildini nəşr etdirməyi planlaşdırırlar və Kitsə əvvəlcədən ödəniş etmişdilər. Hessi Kitsin daimi dostuna çevrildi və şirkətin bir otağını gənc yazıçıların görüşməsi üçün ayırmışdı. Onların kitablarını nəşr etdirdiyi şəxslərə Samuel Teylor Koldric, Uilyam Heylitt, Con Kler, Tomas Cefforson Hoqq, Tomas Karleyl və Çarlz Lem aid idi.[31]
Teylor və Hessi vasitəsilə, Kits onların İton kollecində təhsil almış vəkili, onlara həm ədəbi, həm də hüquqi məsələlərdə məsləhət verən və Kitsin Şeirlər kitabından dərindən təsirlənmiş Riçard Vudhaus ilə tanış oldu. O, Kitsin "dəyişkən, titrək və asanca inamını itirən" biri olduğunu qeyd etsə də, Vudhaus onu İngiltərənin ən böyük şairlərindən birinə çevirəcək dühasından əmin idi və onu dəstəkləyirdi. Onlar tanış olduqdan qısa müddət sonra yaxın dost oldular və Vudhaus Kitsin şeirləri haqda mümkün qədər çox məlumat toplamağa başladı. Bu məlumatlar Kitsin yaradıcılığı haqda geriyə qalan ən əsas mənbələrdən biri sayılır.[9] Sonrakı illərdə Vudhaus Kitsi Romaya son səfərinə yola salmaq üçün onu Qreyvzendə qədər müşayiət edən azsaylı adamdan biri idi.[32]
Şeirlər kitabına bildirilən pis rəylərə baxmayaraq, Kitsin daha gözəl əsərlər ərsəyə gətirəcəyini öncədən görən Hant Üç gənc şair (Şelli, Kits və Reynolds) essesini yazdı və Çapmenin Homerinə ilkin baxış haqda sonetini çap etdi.[33] O, Kitsi The Times qəzetinin redaktoru Tomas Barns, yazıçı Çarlz Lem, dirijor Vinsent Novello və sonralar Kitsin yaxın dostu olacaq Con Hamilton Reynolds daxil olmaqla, əhatəsində olan bir çox önəmli şəxslə tanış etdi.[34] O, həmçinin dövrün güclü ədəbi simalarından olan Uilyam Hezlitt ilə mütəmadi olaraq görüşürdü. Bu görüşlər Kitsin həyatında mühüm rol oynayıb onun ictimaiyyət arasında tanınmasına səbəb oldu; Hant şairlərin bu birliyinə "yeni poeziya məktəbi" adını vermişdi.[35] O vaxtlar Kits dostu Beyliyə məktubunda belə yazmışdı: "Qəlbin məhəbbətinin müqəddəsliyindən və təxəyyülün gerçəkliyindən başqa heç nədən əmin deyiləm. Təxəyyülün gözəllik sandığı şey güman ki, gerçəkdir."[5][36] Bu hissə sonralar Yunan urnasına oda şeirinin son misralarına çevrildi: "Gözəllik həqiqət, həqiqət gözəllikdir – dünyada tək bildiyin və tək ehtiyacın olan şey budur." Ədəbi mühitdəki dostlarının güclü təsiri altında olan Kits 1816-cı il dekabrın əvvəllərində Ebbiyə poeziyaya görə tibb sahəsindəki fəaliyyətinə son qoymağa qərar verdiyini bildirdi; bu, Ebbinin qəzəbinə səbəb oldu. Kits tibbi təlimlərinə böyük miqdarda pul xərcləmiş, maddi çətinliyinə və çoxlu borcu olmasına baxmayaraq, rəssam dostu Benjamin Heydon kimi bir çox dostuna borc vermişdi. Sonralar o, qardaşı Corca da 700 funt borc verəcəkdi. Kits başqalarına bu qədər borc verərək artıq öz borclarının faizini ödəyə bilmirdi.[9][37]
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Hough G. G. John Keats // Encyclopædia Britannica (ing.).
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- Китс Джон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- O'Neill and Mahoney (1988), p. 418.
- Amy Wilcockson, "The Romantic Reputation of John Keats". History Today, February 2021, pp. 13–16.
- Jorge Luis Borges (2000). This Craft of Verse. Harvard University Press, pp. 98–101.
- Motion (1997), p. 10.
- Kelvin Everest, "Keats, John (1795–1821)" Arxivləşdirilib 2020-05-31 at the Wayback Machine, Oxford Dictionary of National Biography, Oxford University Press, 2004 Online (subscription only)
- "Literary gossip". The Week : A Canadian Journal of Politics, Literature, Science and Arts. 1 (4): 61. 27 December 1883. İstifadə tarixi: 23 April 2013.
- Gittings (1968), 11
- "Two become one at The Globe". Evening Standard. 12 August 2008. 27 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2012.
- Gittings (1968), p. 24.
- Bate (2009), p. 5.
- Harrow. Motion (1998), p. 22.
- Milnes (1848)
- Gittings (1987), pp. 1–3.
- John Keats, Colvin, S, (1917)
- Monckton Milnes (1848), p. xiii.
- Motion (1999), p. 46.
- "See the British National Archives for conversion rates". Nationalarchives.gov.uk. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-01.
- Motion, Andrew. Keats. University of Chicago Press. 1999. səh. 43. ISBN 978-0-226-54240-9. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
- Motion (1998), p. 74.
- Motion (1998), p. 98.
- Motion (1997), p. 94.
- Hirsch, Edward (2001)
- Colvin (2006), p. 35.
- Keats, John. "Sonnett VIII. To My Brothers". Poemist.com. 1816. 22 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2015.
- Motion (1998), pp. 104–105.
- Motion proposes that the Olliers suggested Keats leave their publishing lists. See Motion (1997) p. 156.
- Motion (1997), p. 156.
- Motion (1997), p. 157.
- Gittings (1968), p. 155.
- Motion (1997), pp. 116–120.
- Motion (1997) p. 130.
- Keats' letter to Benjamin Bailey, 22 November 1817
- Bate (1964) p. 632.