Cürci Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان Jurjī Zaydān; 14 dekabr 1861[1][2][…], Beyrut[3] – 21 iyul 1914[4][5][…], Qahirə[4]) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər.
Cürci Zeydan | |
---|---|
ərəb. جرجي زيدان | |
Doğum tarixi | |
Doğum yeri | Beyrut, Beyrut vilayəti, Osmanlı İmperiyası |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Qahirə, Misir Xədivliyi, Osmanlı İmperiyası |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, jurnalist, müəllim, roman yazıçısı |
Cürci Zeydan Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir.[6] Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.[7] İki il çəkməçilik etdikdən sonra o, bu sənəti atıb atasının sahibi olduğu kiçik yeməkxanaya qayıdır və burada işləyir. Bütün bu müddət ərzində o öz savadını artırmaqda davam edir, klassik ərəb poeziyası, onun Mütənəbbi, İbn əl-Farıd kimi nümayəndələrinin yaradıcılığı ilə tanış olur.[8] Nasif əl-Yazıçının "Məcməul-Bəhreyn" ("İki dənizin qovşağı") əsərinə böyük maraq göstərir, atasının qəhvəxanasına gələn İbrahim əl-Yazıçı, Abdulla Bustani, İbrahim əl-Kufrani kimi yazıçıların söhbətlərinə böyük həvəslə qulaq asır, ingilis dilini öyrənməyə başlayır.
Təhsili
O, 1881-ci ildə Beyrutdakı Suriya Protestant Kollecinin tibb fakültəsinə daxil olur, birinci ili müvəffəqiyyətlə təhsilini başa vurub mükafat alırsa, ikinci ili tələbə iğtişaşlarında iştirak etdiyi üçün onu institutdan qovurlar. Gənc Cürci 1883-cü ildə "Kasr al-Ayn" tibb məktəbində təhsilini davam etdirmək üçün Qahirəyə gedirsə də, tezliklə bu fikrindən əl çəkib, "əz-Zaman" qəzetində redaktorluq edir. O, 1884-cü ildə ingilis ekspedisiyasının tərkibində tərcüməçi kimi Sudana gedir. 1885-ci ildə yenidən Beyruta qayıdıb burada qədim yəhudi, assuriya və fars dillərini öyrənməklə məşğul olur. Burada onun dil fəlsəfəsi ilə bağlı "Ərəb dilinin leksikası və dil fəlsəfəsi" adlı ilk elmi əsəri nəşr olunur. O, 1886-cı ildə Londona gedib Britaniya muzeyindəki ərəb əlyazmaları ilə tanış olur. Həmin ilin axırında Misirə qayıdıb 1888-ci ilədək "əl-Muktataf" jurnalının redaktoru vəzifəsində çalışır. Bundan sonra o, pedaqoji fəaliyyətinə başlayır və məktəbdə ərəb dilini tədris edir. Eyni zamanda bir çox elmi-publisistik məqalələrlə qəzet səhifələrində çıxış edir. 1892-ci ildə C. Zeydan Qahirədə elmi, tarixi və ədəbi "əl-Hilal" jurnalını çıxarmağa başlayır. Cürci Zeydanın vəfatından sonra jurnalın redaktoru onun oğlu Emil Zeydan olmuşdur. "əl-Hilal" indi də ərəb şərqinin ən populyar mətbu orqanlarından biri kimi fəaliyyət göstərir.
Əsərləri
Cürci Zeydanın elmi fəaliyyətində diqqəti cəlb edən digər əhəmiyyətli əsər[9] "Tərixu ədəbil-luğatil-arabiyyəti" (1911–1914) əsəridir. 1912-ci ildə Zeydan İngiltərə, Fransa, İsveçrə kimi Avropa ölkələrinə səyahət edir. Qayıtdıqdan sonra o, öz təəssüratlarını qələmə alır. Əsər 1923-cü ildə Cürci Zeydan oğlanları tərəfindən "Rahlətu Cürci Zeydan ilə Urubbə" (Cürci Zeydanın Avropaya səyahəti) adı ilə nəşr olunur. Avropa həyat tərzinə, ədəbiyyat və mədəniyyətə münasibətdə Zeydan həmişə düzgün yol tutmuş, həm klassik, həm də Avropa mədəniyyətinin ən yaxşı ənənələrindən, müsbət cəhətlərindən istifadə etməyin tərəfdarı olmuşdur.
Fəaliyyəti
Cürci Zeydanın ədəbi fəaliyyətində əsas yeri onun romanları tutur. İstər elmi, istərsə də ədəbi-bədii yaradıcılığı Zeydana böyük şöhrət qazandırır. O, 1885-ci ildə Beyrut Şərq Elmi Cəmiyyətinin üzvü, İtaliya Kral Cəmiyyətinin həqiqi üzvü, Fransa Asiya Cəmiyyətinin üzvü seçilir. (O, 1909-cu ildə kral ilə görüşmüşdür). Cürci Zeydan 21 avqust 1914-cü ildə vəfat etmişdir. Onun ölümünə Əhməd Şövqi, Mutran Xəlil Mutran, Hafiz İbrahim, Vəliyəddin Yekun və başqaları mərsiyələr yazmışdır. Cürci Zeydan ərəb ədəbiyyatında tarixi roman janrının banisi və ən məhsuldar müəllifi kimi tanınır. Lakin ərəb ədəbiyyatı tarixini izləsək, biz bu yeni janrın boş yerdə yox, müəyyən ədəbi ənənə, müəyyən irs üzərində dayandığını görərik. Məsələn, ərəblərin islama qədərki tarixini əks etdirən "Əyyəmul-Arab" rəvayətləri, ərəb poeziyasındakı tarixi faktların, hadisələrin əksi, eləcə də şifahi ədəbiyyatın "Siratu Əntərə", "Siratu Seyf ibn Zu Yazan" və s. kimi roman-eposları və yaxud peyğəmbərin həyatından bəhs edən sirə və məğazi əsərləri və s. tarixi roman janrının qaynaqları sayıla bilər. Lakin bütün bunlarla yanaşı Qərbə çevrilməsi bu yeni janrın ərəb dilində orijinal nümunələrinin yaranmasına müəyyən təsir göstərmişdir.
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Djurdji Saidan // Brockhauz Ensiklopediyası (alm.).
- Deutsche Nationalbibliothek Record #118636103 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- http://zaidanfoundation.org/ZF_Website_AboutJurjiZaidan.html.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- "Arxivlənmiş surət". 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
- https://archive.org/search.php?query=%28%28subject%3A%22Zaydan%2C%20Jurji%22%20OR%20subject%3A%22Jurji%20Zaydan%22%20OR%20creator%3A%22Zaydan%2C%20Jurji%22%20OR%20creator%3A%22Jurji%20Zaydan%22%20OR%20creator%3A%22Zaydan%2C%20J%2E%22%20OR%20title%3A%22Jurji%20Zaydan%22%20OR%20description%3A%22Zaydan%2C%20Jurji%22%20OR%20description%3A%22Jurji%20Zaydan%22%29%20OR%20%28%221861-1914%22%20AND%20Zaydan%29%29%20AND%20%28-mediatype:software%29
- "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
- "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.