Cil (Göyçə)
Jil — Sevan mahalında Çəmbərək rayonunda (Çəmbərək rayonundan Sevan mahalına aid olan cəmi 5 kənddən biri)
Cil | |
---|---|
40°27′16″ şm. e. 45°27′13″ ş. u. | |
Ölkə | Ermənistan |
Rayon | Çəmbərək |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.040 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
cilliler.com | |
Tarixi
Krasnoselo rayonunu Vardenis rayonundan ayıran birinci kənd. Tarixi mənbələrə görə XII əsrdə bina edilmişdir.
Jil – İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 28 km cənub-şərqdə, Sevan gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2]. F.Kırzıoğlu Cilkəndi formasında qeyd qeyd edir[3]. İndiki Çəmbərək rayonu yaradılana qədər (31.XII.1937) Vardenis rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir[4].
"Cil" toponimi Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən cil sözü[5] əsasında əmələ gəlmişdir. Bu söz Qazax dialektində "otun bir növü"[6], Naxçıvan dialektində "ağacın kökü"[7] mənasında işlənir. Ümumiyyətlə, cil otu bataqlıqlarda bitir və onun kökündə aşı maddəsi olur[8]. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Göyçə mahalı
"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdir.
Çəmbərək rayonu
Qərbi Azərbaycanın Göyçə mahalı və Qaraqoyunlu mahalı ərazisində rayon. Mərkəzi Krasnoselsk şəhəridir. 1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir.
Rayon ərazisində malakanlar da yaşayırdılar. Onlar bu ərazilərə XVIII əsrin əvvəllərinə Çar Rusiyası tərəfindən köçürülmüşlər. 1918-1919-cu illərədə bu ərazilər də ermənilərin hücumlarına məruz qalmışdır. 1920-ci iln sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın tərkibində mövcud olan Çəmbərək rayonunun ərazisində o vaxtlar cəmi iki erməni kəndi vardı: Çəmbərək və Qoturbulaq. Bu ermənilər də İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülmüşdür. SSRİ dövründə isə erməniləri bu yerlərə köçürməklə daha üç erməni kəndi yaradıldı: Yeni Başkənd,Martuni və Orconokidze.
Çəmbərəkin Azərbaycandan qoparılması Ermənistanda SSR-in qurulması ilə bağlıdır. Belə ki,XI rus ordusu Qərbi Azərbaycanda Ermənistan SSR qurduqdan sonra 1920-ci ildə Göyçə və Qaraqoyunlu Azərbaycandan alınaraq Ermənistan SSR-ə verildi.Bu 6000 kv km-lik bir ərazi idi.1938-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Köhnə Başkənd kəndi də yenicə rayon statusu almış Çəmbərək rayonuna tabe edildi.
Çəmbərək rayonunun bir hissəsini də Qaraqoyunlu ərazisi təşkil edir. Əsas hissəsi Çəmbərək rayonunun tərkibinə daxil olan Qaraqoyunlu dərəsi Dilican dərəsi ilə Soyuqbulaq yaylasının arasında yerləşir. Çar Rusiyası dövründə buralar da Gəncə quberniyasının Qazax qəzasına daxil olub.
Çəmbərək rayonu Murğuz və Şahdağ silsilələri ilə əhatə olunub. Adatəpə (h.2427m), Çaldaş (h.2743m), Qoşadağ (h.2901m) zirvələri də rayonun ərazisində yerləşir.
1988-ci ilə qədər azərbaycanlıların yaşamada davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Cil, Ardanış, Şorca, Toxluca, Gölkənd, Çaykənd, Əmirxeyir, Bəriabad, Yanıqpəyə, Ağbulaq, Cıvıxlı, Qaraqaya, Qırmızıkənd və s.
Coğrafiyası və İqtisadiyyatı
Rayon mərkəzindən cənub-şərqdə, Sevan gölünün sahilində, rayondan 35 kilometr aralıda yerləşir. Sovxozla birlikdə camaatda 13000 baş xırda buynuzlu heyvan, 2500 baş qaramal olub. Uzun müddət rayonun gəlirlə işləyən bir nömrəli təsərrüfatı olub. Tütünçülük, taxılçılıq, heyvandarlıq, və arıcılıq əsas gəlirli sahələrdən idi. Orta məktəb binası, tibb məntəqəsi və digər ictimai obyektlər fəaliyyət göstərirdi. 1970-80-ci illərdə ali məktəblərə daxil olan məzunların sayına görə Jil kənd orta məktəbi respublikda fəaliyyət göstərən orta məktəblər siyahısında ilk yerlərdə olub.
Əhalisi
Kənddə 1831-ci ildə 265 nəfər, 1873–cü ildə 287 nəfər, 1886-cı ildə 587 nəfər, 1897-ci ildə 442 nəfər, 1904–cü ildə 975 nəfər, 1914–cü ildə 1035 nəfər, 1916-cı ildə 893 nəfər, 1919–cu ildə 888 nəfər yalnız azərbaycanlı yaşamışdır[9].1922-ci ildə burada 697 nəfər, 1926-cı ildə 824 nəfər, 1931-ci ildə 1041 nəfər[10], 1970-ci ildə 1595 nəfər, 1979–cu ildə 1490 nəfər, 1987-ci ildə 1500 nəfər[11] azərbaycanlı yaşamışdır.1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Tarixən 1988-ci ilə qədər azərbaycanlılardan ibarət kənd olmuşdur. 30 kvadrat kilometr sahəsi olan bu kənddə 1500 nəfər əhali yaşamışdır. Hal-hazırda kənddə ermənilər yaşayır.
Tanınmış şəxsləri
- Əli Allahverdiyev — iqtisad elmləri doktoru, professor
- Şahvələd Çobanoğlu — jurnalist, redaktor, yazıçı
- Əvəz Ələkbərov — iqtisad elmləri doktoru, professor, dövlət və ictimai xadim
- Yunis İbrahimov — aşıq
- Nəriman İmranov — dövlət və ictimai xadim
- Şahin İmranov — olimpiya medalçısı
- Zəki İslam — şair
- Ayvaz Xələfli — coğrafiya elmləri doktoru, professor
- Abuzər Xələfov — tarix elmləri doktoru, professor
- Xələf Xələfov — dövlət və ictimai xadim, diplomat
- Abbas Mazanov — dövlət və ictimai xadim, şair, yazıçı
- İlqar Mazanov — general-mayor
- Qədir Nəsibov — general-mayor
- Müseyib Nəsibov — aşıq
- Fərrux Rüstəmov — pedaqoji elmlər doktoru, professor
- Misrəddin Sadıqov — fizika-riyaziyyat elmləri doktoru, professor
- Sayalı Sadıqova — filologiya elmləri doktoru, professor
- Zübeyit Tağıyev — fizika-riyaziyyat elmləri doktoru, professor
- İdris Zamanlı — şair
Ədəbiyyat
- Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
- Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
- Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX в., Ленинград, 1949
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
- Kemal Beydilli, 1828-1829. Osmanlı – Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986
- Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
- Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
- Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
- Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
- Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
- Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993
- Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
- Грибоyедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
- Kalvalı Həsənov, "And Yerimiz", Bakı-2001
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.8
- F.Kırzıoğlu. Rəvan türkləri, "Vətən həsrəti" qəz., 18. VI. 1993
- Ermənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983, s.514
- 12, s.480, 484
- Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri, B., 1967, s.250
- 8, s.458
- 12, s.480
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27, 112-113
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.91-92
Xarici keçidlər
- Göyçə mahalının Cil kəndi
- Göyçə mahalı
- Göyçə mahalı Cil kəndi-2010 (2-ci hissə).wmv
- Azərbaycan Respublikasının qısa tarixi, coğrafi mövqeyi, sərhədləri
- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- İndiki Ermənistan qədim türk yurdu idi