Ceyms Rey
Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi Amerika polkovniki V.Haskelin müavini olmuşdur.
Ceyms Rey | |
---|---|
Doğum yeri | ABŞ |
1919-cu ilin oktyabrında Haskel Parisə çağırıldıqda, onu əvəz edən Ceyms Rey Naxçıvanda və Şərur-Dərələyəzdə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə danışıqlar aparmış, oktyabrın 24-də V.Haskelin Naxçıvanda neytral zona yaratmaq barədə bəyanatını Müsəlman Milli Şurası qarşısında elan etmişdir. Bəyanata əsasən, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund Dellinin qubernator təyin edilməsi haqqında iki bənddən ibarət sərəncam imzalamış, lakin Milli Şuranın və Naxçıvan əhalisinin təkidilə qərarını dəyişdirərək, polkovnik Dellinin Naxçıvanda general-qubernator deyil, Amerika ali komissarının nümayəndəsi kimi qalmasına razılıq vermişdir. Ceyms Rey Naxçıvana səfərində neytral zona üçün nəzərdə tutulan bu ərazini Azərbaycandan ayırmağın mümkün olmadığını anlamışdır. 1919-cu il noyabrın 23-də Azərbaycanla Ermənistan arasında bağlanmış sazişi ABŞ tərəfindən təminatçı kimi Ceyms Rey də imzalamışdır. Sazişin 3-cü bəndinə görə, tərəflər hər hansı bir məsələni dinc yolla həll edə bilmədikdə neytral şəxslərdən ibarət münsiflər məhkəməsinin qərarını özləri üçün məcburi hesab etməli idilər. Sazişdə belə neytral şəxsin Ceyms olduğu göstərilirdi. Ceyms Rey, həmçinin Harbord missiyasının Azərbaycan üzrə müvəkkili olmuşdur. Paris sülh konfransındakı Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materiallar təqdim etmişdilər.
Mənbə
- Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
- "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" . İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004, səhifə 302.