Ceyms Fenimor Kuper

Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur.

Ceyms Fenimor Kuper
ing. James Fenimore Cooper
Doğum tarixi
Doğum yeri Berlinqton, Nyu-Cersi, ABŞ
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Kuperstaun, Nyu-York ştatı, ABŞ
Vəfat səbəbi qaraciyər sirrozu
Vətəndaşlığı Amerikalı
Milliyyəti Amerikan
Təhsili Tam orta
Fəaliyyəti Yazıçı
Fəaliyyət illəri 1820-1851
Əsərlərinin dili İngilis
İstiqamət Romantizm
Janr Tarixi
İlk əsəri "Ehtiyat" (Precaution, 1820)
Tanınmış əsəri
İmza
Vikimənbənin loqosu Ceyms Fenimor Kuper Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kuperədək Amerika...

...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar.

Amerika romantizmini yaradan səbəblərdən biri bu idi. Doğrudan da, Vaşinqton İrvinq və Fenimor Kuper kimi ilk romantiklərin əsərlərində kapitalist qayda-qanunlarının insafsızlığı və qəddarlığı, iri sənaye sahiblərinin, maliyyəçilərin, plantasiyaçıların xalqı soymağa can atmalarından narazı qalanların əfval-ruhiyyəsi əks olunurdu. Kuperin maarifçilik ideyaları ilə silahlanan romanlarının qəhrəmanları, təsadüfi deyil ki, "mədəni mərkəzlər"-dən uzaqlaşıb romantik aləmlərdə - Amerikanın Qərb sərhədlərində, Avropadan gələnlərin yerləşdiyi ərazilərlə hindi qəbilələrinə məxsus torpaqlarda məskən salır, gəlmələrlə yerliləri barışdırmağa, vahid Amerika yaratmağa çalışırdılar...

Həyatı

Ceyms Fenimor Kuper 1789-cu il sentyabrın 15-də Amerikanın Nyu-Cersi ştatının Berlinqton şəhərində, varlı ailədə anadan olmuşdur. Onun atası Uilyam Kuper iri torpaq sahibkarı olsa da, uzun müddət məhkəmədə hakim vəzifəsində çalışmış, ədəbiyyata, sənətə yüksək qiymət vermişdir. Ona görə də yaşadığı şəhər (Kuperstaun) sonralar onun adını daşımışdır. O, yazıçı və şairləri tez-tez evinə dəvət edirmiş. Qonaqların ədəbiyyata dair söhbətləri hələ uşaqlıqdan Ceymsin qəlbində yazıçılığa maraq oyadır.

Ceyms ilk təhsilini "Akdemiya" adlanan kütləvi kənd məktəbində almışdır. Təhsilini davam etdirmək üçün valideynləri onu Nyu-York ştatının mərkəzi olan Olbani şəhərinə göndərirlər. Burada o, latın dilini öyrənir, antik Roma şairi Vergilinin şerlərini əzbərləyir və çoxlu mütaliə edirdi. Ceyms Amerika və İngilis yazıçılarının romanlarını oxuyur, dram əsərləri və şerlərlə maraqlanır. O, hətta iqtisadiyyata, fəlsəfəyə, kənd təsərüffatına və din tarixinə aid elmi əsərləri də öyrənir. 1803-cü ildə Ceyms Yel kollecinə daxil olmuşdur. Başqa tələbə yoldaşlarından yaşca xeyli kiçik olmasına baxmayaraq, o öz biliyinə görə onlardan xeyli üstün idi. O, burada darıxır, tez-tez kollecin daxili qaydalarını pozur və şıltaqlıq edirdi. Elə buna görə də onu məktəbsən çıxarırlar. Atası bir müddət oğluna evdə təhsil verir, ancaq o, oxumağa elə də meyl göstərmirdi. Oğlunun özünü bu sayaq aparması atasını narahat edir və onu adi dənizçi kimi Avropaya gedən bir ticarət gəmisinə verir. Bu gəmidə bir il xidmət edən Ceymsin "ağlı başına gəlir", nizam-intizamlı olur və ağır dənizçilik sənətində səriştə qazanır. Sonra o, bit müddət hərbi gəmilərdə xidmət edir. Ona bir müddət sahildə qalıb gözətçi gəmisi üçün matros toplamaq tapşırılır. Elə bu vaxt - 1810-cu ildə Ceyms on səkkiz yaşlı gözəl Süzan Delansi ilə tanış olur və onlar 1811-ci ildə evlənirlər.

Atasından kifayət qədər miras qaldığından C.F.Kuper dənizçilik peşəsindən imtina edir və bundan sonrakı dövrdə kənddə yaşayaraq təsərüffatla məşğul olmaq qərarına gəlir. İlk vaxtlar onlar Süzana miras qalmış və Nyu-York yaxınlığında yerləşən Mamorenek adlı bir kənddə yaşayırlar, sonra isə tezliklə Kuperstauna köçmək haqqında fikirləşirlər. Kuper Osteqo gölünün qərb sahilində bir torpaq sahəsi alır, bir müddət burada özünə daşdan böyük bir ev tikir və kənd təsərüffatı işləri ilə məşğul olur.

Ona məxsus olan torpaqların bir hissəsini icarəyə verən Ceyms əlindəki pullarını ticarətə qoyur və eyni zamanda siyasətlə də məşğul olmaq qərarına gəlir. O, öz istedadına, qabiliyyətinə çox güvənirdi və düşünürdü ki, tezliklə ölkənin siyasi həyatından əhəmiyyətli yerlərdən birini tuta biləcəkdir. Lakin bir təsadüf onun bütün planlarını pozur və həyatını tamamilə başqa məcraya çevirir. O vaxtın dəbdə olan Avropa romanlarından birini oxuyan Kuper öyünərək deyir ki, bundan da yaxşı əsər yaza bilərəm. Süzan və onun əmisi qızı onu ələ salır və cırnadırlar. Tərsliyə düşən Kuper roman yazmaq və boş-boş danışmadığını sübut etmək qərarına gəlir və beləliklə, onun və eləcə də bütün Amerikanın həyatında əlamətdar bir hadisə baş verir. O, yazıçılıq fəaliyyətinə başlayır və dünya ədəbiyyatının korifeylərindən biri kimi məşhur olur...

Yaradıcılığı

"Yeni Dünya"da ingilis müstəmləkəçiliyinin dönüş mərhələsi sayılan milli istiqlaliyyət uğrunda müharibə (1776-1783) qitədə böyük bir dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranması ilə nəticələnmişdir. Bu hadisədən altı il sonra dünyaya gəlməsinə baxmayaraq, Kuperin yaradıcılığında müharibə ən aparıcı mövzuya çevrilmişdi ki, bu da səbəbsiz deyildi. Kuperlər ailəsi müharibə illərinin xatirəsini uzun illər unuda bilməmişdilər. Tez-tez qohumları, tanışları (onların əksəriyyəti müharibədə iştirak etmişdi) malikanənin qonaq otağına toplaşıb, qanlı günlərdə Amerika torpaqlarına vurulan ağır yaralardan danışardılar. Uşaqlığında hadisələri beləcə, şahidlərin öz dilindən eşidən Fenimor böyüyəndən sonra müharibə illərinin tarixçisinə çevrildi.

Milli Amerika ədəbiyyatının ilk qiymətli nümunələrini yaradan Kuper məhsuldar yazıçılardan olmuşdur. Tədqiqatçılar onun yaradıcılığını üç dövrə bölürlər: Birinci dövrdə (1821-1826) "Casus", "Losman", "Pionerlər", "Sonuncu Mogikan"; İkinci dövrdə (1826-1833) "İgid", "Heydenmauer", "Cəllad"; Üçüncü dövrdə (1833-1850) "Evə", "Evdə", "Mogikanlar", "Ləpirçi", "Vəhşi heyvan ovçusu" əsərləri yaranmışdır.

C.F.Kuper əvvəlcə kiçik tarixçələr, sonralar isə Qərbi Avropa yazıçılarının təsiri altında ilk romanlarını yazmağa başlayır. İlk romanı olan "Ehtiyat" heç bir uğur qazanmamasına baxmayaraq, bu gənc yazıçı həvəsdən düşmür və yeni əsər "Casus" romanı üzərində işləyir. Müəllifin fikrincə, bu əsl Amerika romanı olmalı idi. Doğrudan da o dövrə qədər Yeni Dünyada yaranan bədii əsərlər daha çox Avropa ədəbiyyatlarının, xüsusilə, ingilis ədəbiyyatının təsiri altında yazıldığından, onlarda milli xüsusiyyətlər çox az idi. Digər tərəfdən də hələ Amerika xalqı heç də düz-əməlli formalaşmamışdı. Bunu çox yaxşı dərk edən Kuper məhz milli Amerika ədəbiyyatını yaratmağa çalışır.

"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləyir. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü.

"Pionerlər" romanı çap olunandan bir il sonra dəniz mövzusuna həsr etdiyi ilk romanını - "Losman" əsərini yazır. Valter Skotun "Pirat" (Dəniz qulduru) romanı çapdan çıxandan sonra C.F.Kuper bu məşhur ingilis tarixi roman ustası ilə yarışa girmək qərarına gəlir və dəniz mövzusunda bu əsərini yazır.

Boston uğrunda müharibə mövzusu da o dövrdə çox populyar idi və Kuper bu mövzuda ingilis zadəganlarının həyatından bəhs edən "Layonel Lankoli" romanını yazmışdır.

Kuper 1826-1833-cü illərdə Avropaya səyahətə çıxmış, Fransanı, İtalyanı və Almaniyanı gəzmiş, 1830-cu il "İyul İnqilabı"-nın şahidi olmuş, vətənə qayıdandan sonra "Amerikanın Avropa qeydləri" adlı publisistik əsərini qələmə almışdır. Avropa səyahəti yazıçının dünyagörüşünü dəyişmiş və onu Amerika hadisələrinə düzgün qiymət verməyə sövq etmişdir.

Kuper uşaqlıqdan haqsızlıqlara qarşı barışmaz olmuşdur. Gözləri önündə hindilərə məxsus torpaq sahələri hərraca qoyulanda, siyasi avanturistlər cəzasız qalanda, müstəmləkəçilər yerli əhali ilə qəddarcasına rəftar edəndə o kədərlənmiş, qəlbində yaşadığı quruluşa nifrət oyanmışdır. Avropa səyahətindən sonra "Mədəni Amerikada" törənən haqsızlıqlara daha kəskin etirazını bildirmiş və 1835-ci ildə "Mogikanlar" adlı alleqorik satirasını yazmışdır. Yazıçı bu original romanında Amerika həyatının xarakterik cizgilərini mahir rəssam fırçası ilə çəkməyə nail olmuşdur. Yazıçının digər romanlarında da sosial həyatın eybəcərlikləri açılıb göstərilirdi. Bu əsərləri oxuyan Amerika "Vətənpərvərləri" özlərini təhqir olunmuş hesab etmiş və cəmiyyətə guya böhtan atdığına görə Kuperi məhkəməyə vermişdilər. Amerikalılar bundan sonra uzun müddət Kuperlə barışa bilməmişlər. Məşhur tarixi romanları çap olunandan, şöhrəti bütün dünyaya yayılandan sonra belə o, müasirlərinin haqsız hücumlarına məruz qalmışdır. Belə ki, Atlantik okeanının o biri sahilində, Avropada Kuperin adını Valter Skotla, Balzakla, hətta Şekspirlə yanaşı çəkirdilər, vətənində isə ona töhmətlər yağdırırdılar. Görkəmli Amerika yazıçısı German Mervilin sözləri ilə deyilərsə, "müasirləri sadəürəkli adamın, böyük insanın yaradıcılığını düzgün qiymətləndirə bilməmişdilər".

Tarixi mövzular bütün yaradıcılığı boyu Kuperi özünə cəlb etmişdir. Doğrudur, onun tarixə müraciəti heç də uğurlu olmamışdır. Avropa səyahəti zamanı böyük Şotland yazıçısı Valter Skotun yolu ilə gedərək mövzusunu orta əsr Avropa həyatından aldığı "İgid", "Heydenmauer", "Cəllad" trilogiyasını yazmışdır. Bu əsərlər yazıçının əvvəlki romanlarından zəif alınmışdır.

Dəri Corab

Kuperin bədii yaradıcılığında əsas yeri Dəri Corab daqqında romanlar silsiləsi təşkil edir. Kuper sanki ona görə dünyaya gəlmişdi ki, hindi mövzusunu böyük ədəbiyyata gətirsin. O, hindiların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hindilərin şifahi xalq ədəbiyyatının təsiri məhz Dəri Corab haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır.

Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il işləmişdir.

Dəri Corab haqqında romanlar silsiləsinə beş əsər ("Pionerlər", "Sonuncu Mogikan", "Ləpirçi", "Preriya", "Vəhşi heyvan ovçusu") daxildir. Bunlar dünya ədəbiyyatı xəzinəsində "Pentalogiya" adı ilə tanınır.

Pentalogiyanın birinci romanı "Pionerlər"-də hadisələr unudulmuş Templtaun şəhərində cərəyan edir. Bu şəhər Avropanın müxtəlif ölkələrindən köçən ailələri qoynuna almışdı. Burada "Vəhşi Amerika" ilə "Mədəni Avropa" qarşı-qarşıya dayanmışdır. Vəhşi sayılan hindilər idi, mədəni sayılan isə avropalılar. Ağdərili müstəmləkəçilər məhz bu prinsip əsasında hindi qəbilələrinə basqınlar edir, onların kökünü kəsməyə can atırdılar.

Kuper "Pentalogiya"-ya daxil olan romanlarındakı hadisələri də məhz bu konflikt üzərində qurmuşdur.

Amerikanın dramatik və faciəli dövrünü əks etdirən Kuper bəzən qəhrəmanlarını ideallaşdıraraq qeyd edir ki, "Unkas mogikanların sonuncu nümayəndəsidirsə, Bampo da axrıncı Pionerdir". Yazıçı Dəri Corabın və onun sadiq dostlarının macəralarını romantik boyalarla təsvir etdiyi halda, Amerikanın müstəmləkəyə çevrilməsini real cizgilərlə göstərir.

Natti Bampo obrazı

Kuper "Pentalogiya"-ya daxil olan romanlarındakı hadisələri də məhz bu konflikt üzərində qurmuşdur. Xeyirxah Natti Bampo və onun köhnə dostu hindi Çinqaçkukla gecə-gündüz qazanc əldə etməyə çalışan tamahkar insanlar arasında toqquşma baş verir. Məşhur rus yazıçısı Maksim Qorki Natti Bampo obrazının faciəli taleyi və ictimai mənası barədə yazırdı ki, "özünün saf və düzgün fikirləri, cəsarətli işləri ilə hər yerdə oxucuların rəğbətini qazanmışdır. Yeni Dünyanın meşə və səhralarının tədqiqatçısı olan bu adam həmin səhra və meşəliklərdə insanlar üçün yollar salmışdı. Sonradan onlar Bamponu bir cani kimi mühakimə edirlər. Çünki Bampo onların mənfəətini güdən qanunları pozmuşdu... O, bütün həyatı boyu vəhşi adamlar arasında mədəniyyət yaymaq üçün böyük coğrafi miqyasda fədakarcasına çalışmışdı. Axırda isə özünün ilk dəfə cığır açıb yaydığı həmin mədəniyyətin törətdiyi şəraitdə yaşamaq haqqında sahib ola bilməmişdir".

Nataniel Bampo cəsarət, mərdlik, dosta sədaqət, nəciblik və namusluluq kimi gözəl insani keyfiyyətləri özündə təcəssüm edir. O, "göyərçin ürəyinə və şir sinəsinə" (V.Belinski) malik insan idi. Natti Bampo "işgüzar gəlmələrin" Amerikanın füsunkar təbiəti və əsil sakinləri üzərində zor işlətmələrinə göz yuma bilmirdi. Cavanlığında o, özü də haqsızlığın acısını dadmış, böhtanlara məruz qalmışdır. Ona görə də şəhərdən və insanlardan üz döndərib geniş çöllərə pənah aparmışdı.

Natti Bampo incidilənlərin, var-yoxdan çıxarılanların müdafiəçisi və xilaskarıdır. O, geniş düzənlərin yazılmamış təmiz qanunlarının qoruyucusu və bəroaçısıdır. Yaxın dostları və tərəfdarları Çinqaçkuk — Böyük İlan, onun igid oğlu, mogikan nəslinin axrıncı nümayəndəsi Unkas da sədaqətli və səmimi olub məqsəd uğrunda mübarizədə ardıcıldılar.

Kuper hətta öz qəhrəmanını "tərkidünya filosof" adlandırır. Lakin Natti Bampo o adamlardan qaçır ki, onlar qəddarlıqdan, tamahkarlıqdan və xəyanətkarlıqdan yaxa qurtara bilmirlər. Dostlarından isə Bampo heç vaxt uzaq gəzmir, əksinə onların yolunda canından keçməyə hazırdır. O, ömrünün sonunadək Con Mogikandan, Unkasdan ayrılmır. "Preriya" romanından da göründüyü kimi, Natti Bampo hindilərin və ağdərili həmfikirlərinin əhatəsində olur. Doğrudur, o vaxtilə ailə həyatı qurmadığından özündən sonra adını daşıyacaq heç kimi olmur. Dostları isə xatirəsini uzun müddət yaşadırlar. Adına nəğmələr qoşurlar.

Pionerlər

Müəllif bu romanı yazarkən heç özü də bilmirdi ki, bu əsərin mövzusu gələcəkdə onun yazacağı və beş romandan ibarət olacaq "Dəri Corab" pentalogiyasının əsasını təşkil edəcəkdir. 1823-cü ildə Amerikanın və İngiltərənin kitab bazarına daxil olan "Pionerlər" romanı o dəqiqə satılıb qurtarır.

Bu romanda da avtobioqrafik ünsürlər çoxluq təşkil edir. Tənqidçilərin dediyinə görə, əsərin qəhrəmanlarından biri hakim Marmadiyuk Templ çox güman ki, Uilyamın (Kuperin atasının) prototipidir. Hər halda, romadna təsvir olunan əsas qəhrəmanların əksəriyyətini - hakim və onun qızını, Edvardsı, şerif Riçardı və nökər Bencameni yazıçı hələ uşaq yaşlarından çox yaxşı tanıyırdı.

Romanda hadisələr unudulmuş Templtaun şəhərində cərəyan edir.

Sonuncu Mogikan

Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları — Çinqaçkuk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülkü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Kora həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünki artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gələn macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır. Bu romanda eyni zamanda müxtəlif hindu qəbilələrinin də öz aralarında apardıqları ölüm-dirim mübarizəsi böyük sənətkarlıqla təsvir edilmişdir.

Romanları

Excursion in Italy, 1838

Casus

C.F.Kuper "Casus" romanı ilə dünyaya əsl Amerikanı tanıtdı. Amerika romantik ədəbiyyatının ilk nümunələri yarandıqca bu ədəbiyyatın milli özünəməxsusluqları da yaranmağa başladı. N.Hotorn, V.İrvinq, E.A.Po, H.Lonqfello və G.Melvillə birgə dünya ədəbiyyatı tarixində xüsusi yeri və çəkisi olan Amerika romantizm ədəbiyyatını yaradan Kuperin bədii yaradıcılığı demək olar ki, bu əsərlə başlanır.

Amerika getdikcə inkişaf edir, bir dövlət kimi formalaşır, onun iqtisadiyyatı güclənir, ticarət əlaqələri genişlənir, hərbi qüvvələri və donanması yaranır. Bütün bu proseslər "Casus" romanının yaranması üçün bir zəmin olmuşdur...

Yazıçının bəzi tədqiqatçıları bu əsərin müəyyən qədər avtobioqrafik səciyyə daşıdğını da iddia edirdilər. Daha doğrusu, onların fikrincə əsərin bəzi qəhrəmanları onun arvadı Süzanın yaxın qohumlarının prototipləri olmuşdur. Həqiqətən də əsərin bir sıra qəhrəmanlarının prototiplərini Ceyms hələ gənclik illərindən etibarən yaxşı tanıyırdı. Onların bəziləri müstəqillik uğrunda müharibənin iştirakçıları olmuşdur. Belə qəhrəmanlardan biri də vaxtilə bu müharibələrdə iştirak etmiş, sonra istefaya çıxaraq Kuperin malikanəsinin yaxınlığında yerləşən Vetçesderdə öz fermasında yaşayan Con Cey olmuşdur. Kuper tez-tez bu müharibə qəhrəmanına baş çəkər, onun bu müharibə və Amerikanın o dövrkü siyasi həyatı haqqında söhbətlərinə diqqətlə qulaq asardı...

Losman

Valter Skotun "Pirat" (Dəniz qulduru) romanı çapdan çıxandan sonra C.F.Kuper bu məşhur ingilis tarixi roman ustası ilə yarışa girmək qərarına gəlir və dəniz mövzusunda bu əsərini yazır. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir.

"Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qrifitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir.

Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.

Con Cey

Con Cey yalnız müharibə qəhrəmanı deyildi, o, həm də Nyu-York ştatının konstitusiyasının ilk tərtibçilərindən biri olmuşdur. Bundan başqa, C.Cey ABŞ-nin İspaniyada ilk səfiri vəzifəsində işləmiş, C.Adams və B.Franklinlə birgə 1783-cü il Versal sülh müqaviləsini hazırlamışdır. C.Cey uzun müddət ABŞ-nin xarici işlər üzrə dövlət katibi, Ali məhkəmənin ilk sədri və Nyu-York ştatının qubernatoru vəzifələrində çalışmışdır

Xarici keçidlər

  • Ceyms Fenimor Kuper. Sonuncu mogikan /Tərc.: Ə. Zeynalov; Red.: C.Nağıyev (ön sözün müəllifi), S.Mustafayev.- B.: Öndər, 2005.- 376 s.
  • Ceyms Fenimor Kuper. Ləpirçi /Tərc. Ə. Zeynalov.- Bakı: Şərq-Qərb, 2006.- 384 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.