Cek Sərçə
Kapitan Cek Sərçə (ing. Captain Jack Sparrow) ― "Karib dənizinin quldurları" film seriyasının əsas personajlarından biri. Personaj ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılmış, Conni Depp tərəfindən canlandırılmışdır. Cek Sərçənin şəxsiyyətinin formalaşdırılması zamanı The Rolling Stones musiqi qrupunun gitaristi Kit Riçardsdan və "Looney Tunes" personajı Pepe le Püdən istifadə olunmuşdur. Personajın göründüyü ilk film 2003-cü il istehsalı "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" filmi olmuşdur. Cek bütün növbəti filmlərdə də görünmüşdür: "Ölünün sandığı" (2006), "Dünyanın sonunda" (2007), "Qərib sahillərdə" (2011) və "Ölülər nağıl danışmır" (2017).
Cek Sərçə | |
---|---|
Karib dənizinin quldurları personajı | |
Canlandıran | Conni Depp |
Peyda olmaları |
Film seriyası Kitablar Video oyunlar Attraksion |
Məlumat | |
Cinsi | kişi |
Peşə |
quldur kapitanı Karib dənizinin quldur lordu Ramranner adasının "qubernatoru" Keçmişdə: Ost-İnd Ticarət Şirkəti |
Ailə | Edvard Tiq (ata) |
Filmlərdə Sərçə Yeddi dənizin quldur lordundan – Qardaşlıq yığıncağının 9 üzvündən biridir. O, fiziki güc əvəzinə ağlından istifadə etməklə və müzakirələr aparmaqla özünü çətin vəziyyətlərdən çıxara bilir, bacardıqca təhlükəli situasiyalardan yayınır və ancaq lazım olduqda döyüşə girişir. Cek Sərçə əvvəlcə tamaşaçılara ona üsyan edən Hektor Barbossa tərəfindən oğurlanmış Qara mirvari gəmisinin axtarışında olan quldur kimi təqdim olunur. Daha sonra qan borcu olduğu əfsanəvi Deyvi Consdan qaçmağa və Ost-İnd Ticarət Şirkəti ilə mübarizə aparmağa çalışır.
"Karib dənizinin quldurları" seriyası eyniadlı tema parkı attraksionundan ilhamlanaraq yaradılmışdır. Bu attraksion 2006-cı ildə yenilənmişdir və Cek Sərçə əlavə olunmuşdur. Disney's Hollywood Studios parkında onun şərəfinə adlandırılmış Kapitan Cek Sərçənin əfsanəsi adlı attraksion fəaliyyət göstərir. Bundan əlavə, personaj bir neçə spin-off romanının (məsələn, "Karib dənizinin quldurları: Cek Sərçə" uşaq kitab seriyası) baş qəhrəmanıdır.
Filmlər
Qara mirvarinin lənəti
Kapitan Cek Sərçənin göründüyü ilk film 2003-cü il istehsalı "Qara mirvarinin lənəti" filmidir. Cek Sərçə bir gəmi ələ keçirmək məqsədilə Yamaykadakı Port-Royal şəhərinə gəlir. Qubernator Uezerbi Suonnun (Conatan Prays) qızı Elizabet Suonnu (Keyra Naytli) xilas etsə də, quldurluğa görə həbs olunur. Həmin gecə lənətli quldur gəmisi Qara mirvari Port-Royala hücum edir və Elizabet qaçırılır. Qara mirvarinin kapitani Hektor Barbossa (Ceffri Raş) o və heyətinin başını alan qədim Astek lənətini aradan qaldırmaq üçün sonuncu qızılın axtarışındadır. Uill Törner (Orlando Blum) adlı dəmirçi Elizabeti xilas etmək üçün Sərçəni həbsxanadan çıxarır. HMS Interceptor gəmisini qaçırırlar və Haitidə yerləşən Tortuqa adasına yollanıb heyət yığırlar. Daha sonra Elizabetin olduğu Muerta adasına yollanırlar. Yolda Uill öyrənir ki, Sərçə Qara mirvarinin kapitanı olub, lakin 10 il öncə Barbossa gəmidə üsyan qaldıraraq gəmisini ələ keçirib, özünü isə kimsəsiz adada ölümə tərk edib. Sərçə Törnerə deyir ki, onun da atası quldur olub və "Butstrap" adı ilə tanınıb.[1]
Xilasetmə işləri planlaşdırıldığı kimi getmir və Barbossa Cek ilə Elizabeti 10 il öncə Ceki atdığı adaya atır. Elizabet rom çəlləklərini yandıraraq Krallıq donanmasına siqnal verir və xilas olurlar. Sərçə komandir Ceyms Norrinqtonla (Cek Devenport) şərt kəsərək onu Qara mirvariyə aparmağa razılıq verir. Norrinqton əvvəlcə Uilli xilas etmək təklifini qəbul etmir, lakin Elizabet bunun əvəzində onunla evlənəcəyini deyəndə bunu qəbul etməli olur. Muerta adasında quldurlara qarşı həlledici döyüşdən öncə Sərçə Astek xəzinəsindən bir qızıl sikkə oğurlayır və özünü ölümsüz edir. Döyüş zamanı Uill lənəti sındırır, Cek on ildir üzərində gəzdirdiyi tapança ilə Barbossanı öldürür. Donanmaya xidmət etsə də, Sərçə edama məhkum edilir.[1]
Sərçənin Port-Royaldakı edamı zamanı Uill onu xilas edir, lakin onlar çox tez yaxalanırlar. Elizabet araya girir və Uillə olan sevgisini etiraf edir. Sərçə bu imkandan istifadə edərək hündürlükdən dənizə tullanır. Qara mirvari və onun yeni heyəti düz vaxtında onu almağa gəlir və Cek Sərçə yenə gəmisinin kapitanı olur. Sərçənin zəkasından təsirlənən Norrinqton adamlarına onu təqib etməməyi əmr edir.[1]
Ölünün sandığı
Birinci filmdəki hadisələrdən 1 il sonra Sərçə içində Kapitan Deyvi Consun (Bill Nayi) ürəyi olan Ölünün sandığının axtarışına çıxır. Deyvi Cons batmış Qara mirvarini sudan çıxardığı və Cek Sərçəni 13 il müddətinə kapitan etdiyi üçün Sərçənin ona qan borcu var. Bu borcu ödəmək üçün Sərçə Uçan Hollandiyalının göyərtəsində 100 il müddətində xidmət etməlidir, əks halda Deyvi Consun şkafında Kraken tərəfindən öldürüləcəkdir. Əgər o, Ölünün sandığını tapa bilsə ruhunu azad edəcək, Deyvi Consa və dənizlərə nəzarət edə biləcək.[2]
Sərçə öz problemini həll etməyə çalışarkən Ost-İnd Ticarət Şirkətinin lordu Katler Bekketin (Tom Hollander) Sərçə ilə başqa planları var. Bekket də sandığı istəyir və Uill Törneri Sərçəni və onun sehrli kompasını axtarmağa məcbur edir. Törner Sərçə və onun heyətini Peleqosto adasında tapır: adada yaşayan adamyeyənlər Sərçəni yemək niyyətindədirlər. Onlar adadan qaçırlar və Tia Dalmaya (Naomi Harris) (daha sonra Kalipso adlı ilahə və Deyvi Consun keçmiş sevgilisi olduğu məlum olan sehrbaz qadın) gedirlər. Dalma Uillin gələcəyində kədər görür və Sərçəyə bir torpaq bankası verir. Deyvi Cons ancaq on ildən bir torpağa ayaq basa bilir, buna görə torpaq Sərçə üçün ən təhlükəsiz yerdir.[2]
Sərçə Deyvi Consla yeni sövdəyə nail olur: onun ruhu əvəzinə 100 yeni ruh gətirəcəyinə söz verir. Cons razılaşır, amma Törneri gəmisində girov kimi saxlayır. Sərçə Tortuqada yeni heyət yığır, bu zaman Elizabet Suonn və içkiyə qurşanan Ceyms Norrinqtonla rastlaşır. Sərçə Elizabeti inandırır ki, əlindəki sehrli kompasla sandığı tapa biləcək və Törneri xilas edəcək. Onlar Krukes adasına yollanırlar və sandığın açarını oğurlayıb Consun gəmisindən qaçan Uilli tapırlar. Törner Consun ürəyini bıçaqlayıb atasını Consun xidmətçiliyindən qurtarmaq istəyir, amma Norrinqton ürəyi Bekketə çatdırmaqla karyerasını qaytarmaq niyyətindədir. Sərçə Deyvi Consu Krakeni çağırmamağa razı salmağa çalışır.[2]
Consun adamları ilə döyüş zamanı Norrinqton ürəyi oğurlayır və Cons Krakeni çağırır. Krakenin hədəfində olan şəxsin Sərçə olduğunu dərk edən Elizabet onu Qara mirvarinin göyərtəsində tələyə salır: gəminin heyəti uzaqlaşarkən Sərçəni öpür və onun əlini dirəyə qandallayır. Kraken Sərçəni yeyir, gəmini və Sərçənin ruhunu Deyvi Consun şkafına çəkib aparır. Sağ qalmış heyət Tia Dalmanın evində yığışırlar. Tia Dalma Sərçəni xilas etməyin mümkün olduğunu bildirir: bunun eynisini Barbossanı həyata qaytarmaq üçün etmişdi.[2]
Dünyanın sonunda
İkinci filmdəki hadisələrdən iki ay sonra Deyvi Consun ürəyini ələ keçirən və bütün dənizlərə nəzarət edən Katler Bekket bütün quldurları məhv etməyə başlayır. Bekketlə döyüşmək üçün Qardaşlıq yığıncağının 9 quldur lordu Şiprek körfəzində toplaşırlar. Çatışmayan tək şəxs əvvəlki filmin sonunda öldürülən və Deyvi Consun şkafına göndərilən Cek Sərçədir. Sərçə bu yığıncaqda mütləq iştirak etməlidir, çünki pirat lordunun simvolu olan öz "səkkizlik parçası"nı hər hansı bir varisə verməyib. Əgər 9 belə "səkkizlik parçası" bir araya gətirilməzsə, Bekketi məğlub etmək üçün dəniz ilahəsi Kalipsonu azad edə bilməyəcəklər. Elizabet Suonn, Uill Törner və Hektor Barbossa quldur lordu Syao Fendən (Çou Yun-fat) oğurladıqları naviqasiya xəritəsi ilə Deyvi Consun şkafına yollanırlar. Gəmi heyəti Sərçəni tapır, Sərçə naviqasiya xəritəsindəki tapmacanı həll edərək gəmi heyəti ilə birlikdə Deyvi Consun şkafından xilas olur.[3]
Qardaşlıq yığıncağında Elizabet ölmüş Kapitan Syao Feni quldur lordu kimi əvəz edir və Cek Sərçənin özünə səs verməkdən imtina etməsi nəticəsində Quldur kralı seçilir. Cek Sərçə atası Kapitan Tiqlə (Kit Riçards) qarşılaşır. Bekket və Cons ilə aparılan müzakirə zamanı Sərçə onlar tərəfindən tutulmuş Törner ilə dəyişdirilir. Filmin uzadılmış versiyasında Sərçə Bekket ilə müzakirə apararkən məlum olur ki, o, bir dəfə Qara mirvarini Bekketin komandirliyi altında üzdürüb, lakin qulları daşımaqdan imtina etdiyindən gəmini tərk edib. Kalipsonun yaratdığı su burulğanı zamanı Qara mirvari Uçan Hollandiyalı ilə döyüşməyə başlayır. Döyüş zamanı Sərçə ölümsüz olmaq üçün Consun ürəyini oğurlayır. Cons Törneri ölümcül yaralayanda Cek fikrini dəyişir, Törnerin ürəyi bıçaqlamasına şərait yaradır. Nəticədə, Deyvi Cons ölür və Törner Uçan Hollandiyalının kapitanı olur. Qara mirvari və Uçan Hollandiyalı birlikdə Bekketin gəmisini məhv edir. Filmin sonunda Barbossa Sərçəni Tortuqada tərk edərək və Syao Fenin xəritəsini özü ilə götürərək yenə Qara mirvarinin kapitanı olur. Lakin Sərçə xəritənin naviqasiya hissəsini kəsib özü ilə apara bilir və Gənclik bulağının axtarışına çıxır.
Qərib sahillərdə
Gənclik bulağını tapa bilməyən Sərçə onun adından istifadə edib heyət yığan şəxsi tapmaq üçün Londona gəlir. Təqlidçini axtararkən Qibbsi edamdan xilas edir, lakin Britaniya ordusu tərəfindən yaxalanır. Mühafizəçilər onu kral II Georqa təqdim edirlər. Sərçə burada Barbossanın artıq Britaniya donanmasına xidmət etdiyini öyrənib təəccüblənir. Sərçə onlara Gənclik bulağını tapmaqda kömək etməyi rədd edir və qaçır. Tezliklə yolu təqlidçisi ilə kəsişir: bu, onun keçmiş sevgilisi Ancelikadır (Penelopa Kruz). Ancelika onu atası Qarasaqqal (İen Makşeyn) tərəfindən idarə olunan Kraliça Annanın qisası gəmisinin göyərtəsində işləməyə məcbur edir. Qarasaqqal ona Gənclik bulağına gedən yolu göstərməyi əmr edir.[3]
Sərçə gəmidə Qarasaqqala qarşı üsyan qaldırmaq istəyir, lakin istəyi baş tutmur, Ancelikanı pis atasından xilas edir. Təhlükəli su pəriləri ilə qarşılaşdıqdan sonra İspaniya donanması, Barbossa və Sərçə Gənclik bulağının yerini tapırlar. Ancelika ağır yaralananda Sərçə hiylə işlədərək Qarasaqqalın qızının həyatı qarşılığında canını fəda etməsinə səbəb olur, buna görə də Ancelika atasının ölümündə Sərçəni günahlandırır. Sərçə və Ancelika bir-birilərinə qarşı hislər bəslədiklərinin fərqindədirlər, lakin Sərçə Ancelikanın ondan atasının qisasını ala biləcəyindən ehtiyat edib onu kimsəsiz adada tərk edir. Eyni zamanda Qibbs normal ölçüsünə qaytarmaq ümidi ilə Qarasaqqalın kiçildilmiş gəmilər kolleksiyasından kiçildilmiş Qara mirvarini götürür. Yenə ölümsüz olmaq imkanını əldən verən Sərçə Gənclik bulağını tapan şəxs kimi özünə təskinlik verir.[4]
Ölülər nağıl danışmır
Gənclik bulağının axtarışından artıq 5 il keçib. Cek özü üçün kiçik bir heyət yığıb, lakin Qara mirvari hələ də butulkadadır, yeni gəmisi Ölmüş qağayı heç sahili tərk etməyib, son planları isə uğursuz olub. Bunun əvəzində rəqibi Barbossa yeddi dənizin ən varlı və güclü qulduru olub.[5]
Sərçə və heyəti San-Martendəki yeni bir bankı qarət etməyə cəhd edirlər. Qarət uğurlu olur, lakin kassanı aparan zaman bütün qızıllar yolda düşür və heyət Sərçəni tərk edir. Ümidini itirən Cek sehrli kompasını bir butulka içki ilə dəyişir. Lakin kompası buraxması ona qarşı böyük kin bəsləyən bir düşməninin oyanmasına səbəb olur: mərhəmətsiz və ölümsüz quldur ovçusu Kapitan Salazar. Çox uzun müddət öncə Cek hiylə yolu ilə Salazarı məğlub etmiş və onu heyəti ilə birlikdə Şeytan üçbucağına sürükləmişdir. Nəticədə, Salazar və heyəti ölümsüz yaşamağa məhkum olunmuşdur. Salazar qeyd edir ki, Cek gəminin göyərtəsində "kiçik quş" kimi hərəkət edirdi, "Sərçə" ləqəbi buradan gəlir. Salazarı məğlub etdikdən sonra Cek sehrli kompasını və digər xarakteristik əşyalarını əldə etmişdir.
Həbsxanaya atılan Sərçə Uill və Elizabet Törnerin oğlu Henri Törner tərəfindən ziyarət edilir. Henri Törner atasını Uçan Hollandiyalının lənətindən xilas etmək üçün Poseydonun əsasının axtarışındadır və Sərçədən kömək istəyir. Sərçə əvvəlcə tərəddüd edir, lakin Uill və Elizabet ilə keçmiş macəralarını yada salaraq razılıq verir. Növbəti gün Sərçəni gilyotin ilə edam etmək üçün meydana gətirirlər, lakin Henri və heyəti tərəfindən xilas edilir. Qadın astronom Karina da onlara qoşulur və üçü əsanın axtarışına çıxır. Barbossa Salazarı məğlub etmək üçün butulkasından Qara mirvarini çıxarır. Cek ilə Barbossanın söhbətindən məlum olur ki, Karina əslində Barbossanın qızıdır, Barbossa qızına daha yaxşı həyat vermək üçün onu balaca ikən yetimxanada tərk edib. Sərçə bu sirdən istifadə edərək Barbossaya qarşı şantaj etmək və kompası ilə 216 çəllək rom əldə etmək istəyir, amma uğursuzluğa düçar olur.
Sərçə, Henri və Karina əsanın yerini tapırlar. Salazar Sərçəni az qala öldürəcəkkən, onlar əsanı məhv edə bilirlər. Əsanın məhvi ilə Salazar və heyəti yenə ölümlü olur. Sərçə, Henri və Karina qaçırlar, lakin Barbossa həyatını fəda edərək Salazarı öldürür. Aralarındakı fərqlərə baxmayaraq Cek Barbossanın ölümünə yas tutur. Uill, Elizabet və Henri bir-birilərinə qovuşurlar, Cek Sərçə isə yenə kompasına və gəmisinə sahib olur.
Konsepsiya və yaradılış
Personajlar
"Qara mirvarinin lənəti" filminin ssenarisini yazarkən Ted Elliot və Terri Rossio Kapitan Cek Sərçəni Baqz Banni və Qrauço Marks üslubunda olan yan personaj olaraq düşünmüşdülər.[6] Prodüserlər onu gənc Bert Lankaster olaraq görürdülər.[7] Rejissor Qor Verbinski deyir: "İlk film idi və Cek filmə daha sonra daxil edilmişdi. Onun filmin digər personajları kimi filmin hekayəsində əhəmiyyətli rolu yox idi. O, öz yolu ilə gedir və digərlərinə təsir göstərirdi".[8] Sərçə əxlaqlı və etik qulduru, Kapitan Barbossa isə onun əksi olaraq əxlaqsız qulduru təmsil edirdi.[6] Onun əsl məqsədləri tamaçılara hələ də məlum deyildi və Sərçənin mənfi və ya müsbət personaj olması izləyicilərin yanaşmasından asılı idi.[9] Sərçə Uill Törner ilə söhbətlərindən birində ona quldurların da yaxşı adam ola biləcəyini (Uillin atası kimi) deyir.[6]
"Qara mirvarinin lənəti" filminin uğurundan sonra istehsalçılar ikinci filmin istehsalında çətinliklər yaşadılar. Verbinski deyir: "Sən sadəcə Cek Sərçə filmi istəmirsən. Bu, sarımsaqlı süd kokteyli içmək kimi bir şeydir. O, ədviyyatdır və çoxlu vicdanlı insana ehtiyacınız var…".[8] "Ölünün sandığı" trilogiyanın süjet xəttini hərəkətləndirmək üçün yazılsa da,[10] Sərçə Deyvi Cons tərəfindən təqib edildiyindən onun psixoloji vəziyyəti getdikcə gərginləşirdi və yazıçılar onun həm dənizdə, həm quruda təhlükədə olduğunu göstərmək üçün kannibalizm səhnəsini hazırladılar. Sərçənin Elizabet Suonna qarşı olan marağı onu çətinliyə salır və Sərçə bu film boyunca özünə buna görə özünə haqq qazandırmağa çalışır.[11]
"Dünyanın sonunda" filmində Sərçə Deyvi Consun şkafında yaşadığı tənhalığa görə yavaş-yavaş ağlını itirməyə[10] və ölümsüzlüyü arzulamağa başlayır.[12] İkinci filmdəki düzgün şəxsiyyətinin onun ölümünə səbəb olmasından sonra Sərçə düzgün adam olmaq üçün tələb olunanları sorğulamağa başlayır. Bunu filmin ilk səhnəsindən görmək olar: Cekin davranışları getdikcə dəyişkən hal alır, hallüsinasiyaları şiddətlənir, sürgündə tənha olmasına baxmayaraq gəminin göyərtəsində onlarla "Cek Sərçə" görməyə başlayır. Lakin sonda iki "Cek Sərçə" qalır və onlar hansı yolu izləməli olduqları barədə mübahisə edirlər: ölümlülüyü yoxsa ölümsüzlüyü. Son hallüsinasiyada Cek özünü Uçan Hollandiyalıda həbs edildiyini görür və dürüst tərəfi qalib gəlir (çox güman ki, həbsxanada beynini itirən və onu axtaran dəniz bədheybəti bənzəri "gələcəyi" xoşuna gəlmədiyindən).[13] "Dünyanın sonunda" filminin sonunda Sərçə Gənclik bulağının axtarışına çıxır (ikinci filmin ilkin konsepsiyası).[14] Rossio 2007-ci ildə 4-cü filmin çəkilməsinin mümkün olduğunu,[15] prodüser Cerri Brukhaymer isə marağının olduğunu bildirmişdi.[16] Qor Verbinski də 4-cü filmin çəkilməsini çox arzulamışdı: "İlk filmdən bəri ortaya qoyulan bütün hekayə öz həllinə qovuşub. Əgər növbəti "Karib dənizinin quldurları" filmi çəkilsə, mən bütün diqqətimi Kapitan Cek Sərçənin macəralarının üzərinə yönəldəcəm".[17]
"Qərib sahillərdə" filmi 28 sentyabr 2008-ci ildə Dolbi teatrında keçirilən Disney tədbirində anons edilmişdir. Lakin dördüncü filmin rejissoru Verbinski olmamış, onu Rob Marşall əvəz etmişdir. Filmdə Tim Pouersin eyniadlı romanındakı bəzi elementlərdən (Qarasaqqal və Gənclik bulağı) istifadə olunmuşdur, lakin film romanın tam adaptasiyası deyil.[18]
Conni Depp
Ailə filmində çəkilmək istəyən Conni Depp Walt Disney studiyasının "Karib dənizinin quldurları" filmini çəkmək istədiyini eşitdikdən sonra 2001-ci ildə studiyaya yollandı. Depp keçmiş Hollivud janrının yenidən dirçəlməsinin mümkünlüyündən[7] həyəcanlanmışdı və ssenarinin onun gözləntilərinu qarşıladığını gördü: "Qara mirvari"nin heyəti xəzinə axtarışında deyil, sadəcə onlara bulaşmış lənəti aradan qaldırmaq istəyindədir və ənənəvi üsyan artıq baş vermişdir.[19] Depp rola 10 iyun 2002-ci ildə seçildi.[20] Disney-in uşaqlarla bağlı reputasiyasına baxmayaraq prodüser Cerri Brükhaymer Deppin filmə yeniyetmə və yetkin izləyiciləri çəkmək üçün lazımı formanı verəcəyini düşünürdü.[21]
Depp ssenari ilə ilk dəfə tanış olanda personajın çox zəif işlənməsindən təəccübləndi.[22] O, XVIII əsr quldurlarını araşdırdı, müasir rok ulduzları ilə oxşarlığı gördü və performansını Kit Riçards əsasında modelləşdirməyə qərar verdi.[21] Riçards daha sonra "Dünyanın sonunda" və "Qərib sahillərdə" filmlərində Cekin atası Kapitan Tiq kimi görünmüşdür. Verbinski və Brükhaymer Deppə qismən inanırdılar, çünki Orlando Blum ənənəvi Errol Flinn tipli personajı canlandıracaqdı.[19] Depp filmin ən son səhnəsində işlətdiyi "İndi isə mənə o üfüqü gətirin" (ing. Now, bring me that horizon) cümləsini özü fikirləşmişdi və filmin ssenaristi bu cümləni filmdə ən sevdiyi cümlə adlandırmışdı.[22] Disney idarəçiləri əvvəlcə Deppin performansından çaşqın qalmışdılar, personajın gey və ya sərxoş olduğunu sorğulayırdılar. Filmin montaj edilməmiş səhnələrini izləyən Disney CEO-su Maykl Aysner Deppin filmi məhv etdiyini düşünmüşdü.[22] Depp Disney-in idarəçilərinə cavab olaraq bildirdi ki, onlar ya onun seçimlərinə güvənməyi bacarmalıdırlar, ya da onun getməsinə icazə verməlidirlər.[21] Bir çox şəxs Deppin filmə seçilməsinin yanlış olduğunu düşünürdü, çünki o, ənənəvi studiya sistemi ilə işləməyən öyrəşilməmiş aktyor idi.[23]
Lakin Deppin performansı tənqidçilərin müsbət rəyləri ilə qarşılandı. Alan Morrison bu haqda: "Həddindən artıq möhtəşəm… Fiziki dəqiqlik və söz çatdırma baxımından bu, komediya performansında master səviyyədir".[24] Rocer Ebert personajı yazıldığı kimi deyil, öz tərzi ilə canlandırdığı üçün Deppi alqışladı və Deppin performansını "hər atomunda orijinal" adlandırdı: "Hansısa başqa bir filmdə ona axşar bir quldur və ya insan olmayıb… Onun davranışları bütün ömrü boyu məşq etdiyini göstərir".[25] Depp performansına görə ABŞ Kinoaktyorlar Gildiyasının mükafatına layiq görüldü, eləcə də, Qızıl Qlobus[26] və Ən yaxşı kişi roluna görə Oskar mükafatına namizəd göstərildi.[27] Film School Rejects bloqu filmin Deppi film ulduzundan çox, personaj aktyoruna çevirdiyini bildirdilər.[28]
Deppin "Ölünün sandığı" filmində qayıdışı onun ilk ilk sikveli idi.[22] Dru Makuini yazır: "Xatırlayırsız, Han Solonu "Ulduz müharibələri"ndə ilk dəfə görəndə o, necə möhtəşəm görünürdü? Bəs xatırlayırsız, "İmperiya" çıxanda o daha da necə möhtəşəm görünürdü? Bu, belə bir sıçrayış idi".[29] "Ölünün sandığı" filmindəki performansına görə Depp MTV Film Mükafatını[30] və Yeniyetmə Seçimi Mükafatını qazandı, eləcə də, İmperiya və Qızıl Qlobus mükafatlarına namizəd göstərildi.[31] "Dünyanın sonunda" filmindəki performansına görə isə Ən yaxşı gülməli performansa görə MTV Film Mükafatını, eləcə də, Xalq Seçimi, Uşaqların Seçimi və Yeniyetmə Seçimi mükafatlarını əldə etdi. Depp növbəti filmlərdə də rolunu canlandırmaq üçün müqavilə imzalamışdır.[32]
Makyaj və kostyumlar
Quldur estetikasına rok-n-roll üslubunda yanaşan Depp personajı üçün dredlok peruku geyinir.[33] Bundan əlavə, qırmızı bandannadan və saçına taxmaq üçün müxtəlif əşyalardan istifadə edir (Depp Kit Riçardsın səyahətləri zamanı suvenir toplama vərdişindən təsirlənmişdi).[34] Sərçənin dekorasiyasına "səkkizlik parçası" da daxildir.[3] Sərçə gözlərinin ətrafına kayal sürtür, Depp bunu səfillər haqqında öyrəndikdən sonra istifadə etmək qərarına gəlib və onları quldurlarla müqayisə edib. O, günəş eynəyi rolunu oynayan kontakt linzalardan istifadə edir.[35] Sərçənin bir neçə qızıl dişi var, bunlardan ikisi Deppə məxsusdur,[36] halbuki onlar çəkilişlər zamanı çənəyə taxılıb. "Qara mirvarinin lənəti" filminin çəkilişləri bitdikdən sonra Depp onları çıxarmağı unutmuş[37] və sikvel filmlərində də o dişlərlə görünmüşdür.[7] Deppin performansının bütün aspektləri kimi Disney Deppin dişləri haqqında da narahatlıq keçirmişdir.[11] Sərçə öz keçi saqqalını ikihörüklü şəkildə saxlayır. Əvvəlcə onlar üçün məftildən istifadə olunurdu, lakin Deppin çox hərəkət etdiyi səhnələrdə onu hörükləri sabit qaldığından bundan imtina edildi.[38] Sərçənin bədənində bir neçə döymə var.[3] Sağ qoluna Katler Bekket tərəfindən quldur damğası vurulub,[2] altında isə sərçə döyməsi var.[1]
Depp personajın görünüşü üçün personaj dizayneri Penni Rozla işləmişdir. O, personajını filmdə unikal göstərmək üçün dəridən hazırlanmış trikorn geyinmək qərarına gəlmişdir (belə ki, filmdə başqa bir personaj dəri papaq taxmır). "Ölünün sandığı" filmindəki bir səhnədə papağın suda üzməsini göstərmək üçün onun kauçuk versiyasından istifadə olunmuşdur.[39] Eyni kostyumu geyinmək Deppin xoşuna gəlmişdir və bütün seriya boyunca bir yüngül ipək tviddən hazırlanmış don geyinmişdir.[40] Çimərlik səhnələri üçün isə çəkmələri dabansız və ya topuqsuz geyməyə razı salınmışdı.[41] Rəsmi xəbərə görə "Qara mirvarinin lənəti" filmindən olan kostyumların heç biri salamat qalmamışdır, bu isə daha dözümlü kətan köynəklər yaratmaq imkanı yaratmışdır.[42] Lakin onlardan biri hələ də İngiltərənin Vuster şəhərində bir sərgidə sərgilənmişdir.[43] Roz üçün ən böyük çətinlik Sərçənin kəmərini düzəldənləri Türkiyədə tapmaq idi.[44] Sərçə sikvel filmlərində əlavə kəmər geyinir, çünki Depp orijinal parça ilə uyğunlaşmayan yeni toqqanı bəyənmişdi.[45]
Sərçənin silahları orijinal olaraq XVIII əsrə aiddir: qılıncları 1740-cı illərə, tapançaları 1760-cı illərə aiddir. Hər ikisi də Londonda istehsal olunub.[35][46] Depp çəkilişlər zamanı iki tapançadan istifadə edirdi, bunlardan biri rezindən idi. Hər ikisi ilk filmin istehsalından sonra salamat qalmışdır.[47] Sərçənin sehrli kompası sikvel filmlərində də görünmüşdür. Qor Verbinski kompasın diskinə qırmızı ox əlavə etmişdir.[48] Kompas özünü normal kompas kimi aparmadığından, onu "çaşdırmaq" üçün maqnitdən istifadə olunmuşdur. Sərçə 4 üzük geyinir, bunlardan ikisi Deppə məxsusdur. Depp yaşıl üzüyü 1989-cu ildə almışdır. Qızıl üzük isə Deppin heyətə verdiyi 2400 illik üzüyün təqlidi idi, belə ki, orijinal üzük daha sonra oğurlanmışdı. Qalan iki üzük isə Sərçənin keçmişinə işıq saçırdı: qızıl-qara üzüyü Sərçə başdan çıxardığı bir ispan qadınından oğurlamışdı, yaşıl əjdaha üzüyünü isə onun Uzaq Şərqdəki macəraları ilə bağlıdır.[49] Deppin əlavə ideyaları arasında ayaq barmaqlarından hazırlanmış həmail (çünki Peleqosto adasında onu yeməyə hazırlaşırdılar)[50] və Deppin dostlarından birinə məxsus olan əsaya əsaslanan əsa var idi.[51]
Seriyanın gedişatı zamanı Sərçə bəzi fiziki dəyişikliklərə məruz qaldı. "Qara mirvarinin lənəti" filmində Sərçə Barbossa ilə döyüşmək üçün özünü lənətlədi. Qara mirvari gəmisinin heyətində oynayan digər bütün aktyorlar kimi Depp də animasiyaçılara istinad olsun deyə kostyumda xüsusilə şəkildə çəkilmişdir. Daha sonra isə onun skelet kimi şəkilmiş səhnələri yenə, amma bu dəfə onsuz çəkilmişdir. Depp səhnəni hərəkət yaxalama mərhələsində yenə təkrarladı.[35] "Dünyanın sonunda" filmində Sərçə özünü Deyvi Consun heyətinin üzvü kimi divara bağlanmış və bığayaqlılarla örtülmüş şəkildə təsəvvür edir. Verbinski bu dizaynın Sərçənin fərqli görünüşünü saxladığını müşahidə etmiş[52] və onu 100 yaşından çox kimi təsvir edən ilkin dizaynlardan imtina etmişdir.[53]
Şəxsiyyət
Ssenaristlər Ted Ellison və Terri Rossioya görə Sərçə məqsədlərinə çatmaq üçün hiylələrdən və ağlından istifadə edən kələkbazdır, mübahisələri zorakılıqla yox, danışıqla başa çatdırmağa üstünlük verir.[54] O, bir az sərxoş kimi gəzir, sözləri dolaşıq tələffüz edərək danışır, tez-tez əl hərəkətlərindən istifadə edir. Sərçə gözüaçıq, öz xeyrini yaxşı bilən və eksentrikdir. Krallığa məxsus Interceptor gəmisini oğurlamaqla Norrinqton və heyətini axmaq yerinə qoyur, leytenant Qrovsun bu etirafı etməsinə səbəb olur: "Bu, mənim gördüyüm ən yaxşı quldurdur". Norrinqton daha əvvəl "Sən, şübhəsiz, eşitdiyim ən pis quldursan" desə də, o da leytenantın bu tərifi ilə razılaşır: "Elə görünür". Üçüncü filmdə Sərçə Bekketin gəmisini çətin vəziyyətə salanda və qaçanda leytenant Qrovs ondan soruşur: "Sizcə, o bütün bunları qabaqcadan planlaşdırır yoxsa axarına buraxır?".[3]
Bacarıqlı qılınc ustası olmasına baxmayaraq Sərçə döyüş zamanı ağlından istifadə etməyə üstünlük verir, ətrafındakı şəraitdən istifadə edərək vəziyyəti öz lehinə çevirir. Sərçə bunu belə əsaslandırır: "Danışa bilirsənsə, niyə dalaşasan?". O, qeyri-zoraki taktikalardan istifadə edərək düşmənlərini bir-birinə salır.[2] Sərçə əvvəlcə danışıq tələb edir, düşmənlərindən onların ölümsaçan yanaşmalarını uzaqlaşdırır, onları daha böyük rəsmi görməyə sövq edir.[1] O, tez-tez düşmənlərinin başını qarışdırmaq üçün qarışıq söz oyunlarından və sözlərdən istifadə edir.[1][2] Deyilənə görə, məhz bu pasifizmi Barbossa və gəmi heyətinin ona qarşı üsyan qaldırmasının əsas səbəbi olub.[1]
"Xanımlar və cənablar, bu günü Kapitan Cek Sərçəni az qala yaxalaya bildiyiniz gün kimi xatırlayacaqsınız." |
—Cek başqa bir xoşagəlməz vəziyyətdən qaçarkən[1] |
Personaj yaradıldığı və ya ən azından öz reputasiyasına töhfə verdiyi kimi təsvir olunmuşdur. Qibbs Uillə Sərçənin kimsəsiz adadan qaçmaq üçün özünü iplə iki dəniz tısbağasına bağladığını danışanda, Sərçə ipi öz saçlarından hazırladığını da hekayəyə əlavə edir. Əslində isə adadan rom alverçilərinin köməyi ilə qaça bilmişdi. "Pirates of the Caribbean: The Legend of Jack Sparrow" video oyunu bu cür nağıllara əsaslanır. Buna onun Nassaunu bir atəş belə açmadan talan etməsi hekayəsi də daxildir. Depp quldurlar üçün şöhrət daha vacib olduğu üçün onları rok ulduzlarına bənzətmişdir.[54] Sərçə insanların ona "Kapitan" kimi müraciət etməsini israrla istəyir[1] və tez-tez bu məşhur vəda cümləsindən istifadə edir: "Bu günü Kapitan Cek Sərçəni az qala yaxalaya bildiyiniz gün kimi xatırlayacaqsınız!".[1][2] Norrinqton onu eşitdiyi ən pis quldur adlandıranda Sərçə cavab verir: "Amma ki, eşitmisən".[1] "Qara mirvarinin lənəti" filminin kəsilmiş səhnəsində Sərçə "ölümsüz Kapitan Cek Sərçə" olmaq barədə fikirləşir.[55] "Dünyanın sonunda" filmində də Sərçə ölümsüzlüklə maraqlanır, amma atası Kapitan Tiq bunun dəhşətli lənət ola biləcəyi barədə xəbərdarlıq edir. Ost-İnd Ticarət Şirkəti quldurları məhv edəndə Sərçə "sonuncu quldur Kapitan Sərçə Cek" olmağı xəyal edir.[3]
Bir çox qəhrəmanlıqlarına baxmayaraq Sərçə quldurdur və əxlaqi cəhətdən qeyri-müəyyən personajdır.[56] Sərçə Uill də daxil olmaqla 100 ruh qarşılığında azadlığı əldə etmək barədə Deyvi Consla razılığa gələndə Cons ona "sən azad şəkildə gəzdiyin halda günahsız bir adamı, bir dostunu sənin adından gəmidə xidmət etməyə məcbur edə biləcəksən?" sualını verir. Sərçə qısa tərəddüddən sonra şən halda cavab verir: "Əlbəttə! Mən bunda yaxşıyam".[2] O, diqqətsiz şəkildə Anamariya,[1] Deyvi Cons və digər quldur lordlarına borclanır.[3] Sinqapurun quldur lordu Sao Fen ona qarşı nifrət bəsləyir.[3] Qorxaq anında Sərçə Kraken hücumu zamanı heyətini atıb qaçır, amma sədaqətliliyi onu geri qayıtmağa və onları xilas etməyə məcbur edir.[57] Sərçə verdiyi sözə həmişə əməl etdiyini bildirir[1] və insanların onun dürüstlüyündən şübhə etməsini təəccüblə qarşılaşır.[2] Cek Sərçə heç vaxt insan öldürməyib.[58][1]
Depp personajı qismən Looney Tunes-in qadınsayağı skuns personajı Pepe le Pyuya əsaslandırmışdır.[7] Sərçə iddia edir ki, onda "qadınlara dair inanılmaz intuitiv hissi" var.[2] Lakin onun qadın tutmaq cəhdləri tez-tez məyusedici sonluqla bitir. Keçmiş sevgililəri Skarlet və Qizella tez-tez onu şillələyirlər[1] və ya bəzən heç bir qadın ona yanaşmır.[2] Onun hazırcavab cazibəsi qadınların diqqətini asanlıqla çəkir, hətta Elizabet də ona qarşı hisləri olduğu barədə şübhələr duyur.[2] Verbinsi Sərçənin gəmisi ilə münasibətində fallik konnotasiyalar olduğunu bildirmişdir, çünki o, həmişə gəminin şturvalını çox möhkəm tutur.[19] Qara mirvari Uçan Hollandiyalını keçə biləcək yeganə gəmi kimi təsvir olunur.[3] Freyd eyhamları üçüncü filmdə də davam edir: Sərçə və Barbossa teleskoplarının uzunluqlarınə yarışdıraraq və silinmiş səhnədə şturvalı idarə etmək üstündə mübahisə edərək Qara mirvarinin kapitanı kimi görünmək üçün yarışırlar.[59] Sərçə iddia edir ki, "onun ilk və tək sevgisi dənizdir"[2] və gəmisinin azadlığı təmsil etdiyini bildirir.[1] Deyvi Consun şkafı onun şəxsi cəhənnəmini simvolizə edən səhra şəklində təsvir olunmuşdur.[11]
Qəbul və populyar mədəniyyətə təsiri
Kapitan Cek Sərçə bütün dövrlərin ən simvolik film personajlarından birinə çevrilmişdir. "Ölünün sandığı" filminin əldə etdiyi gəlir 1 milyard dolları keçəndə İan Natan bunu Sərçənin populyarlığı ilə əlaqələndirmişdir.[60] "Empire" jurnalı 2006-cı ildə Deppin performansını "dünyamızı silkələyən" 74-cü şey kimi göstərmiş, Cek Sərçəni isə bütün dövrlərin ən yaxşı 8-ci film personajı adlandırmışdır.[61] 2015-ci ildə "bütün dövrlərin ən yaxşı 100 film personajı" siyahısında 14-cü yerdə göstərilmişdir.[62] 3000 nəfərdən çox insanın iştirakı ilə keçirilmiş sorğuda Cek Sərçə 2006-cı ilin ən populyar Hellouin kostyumu seçilmişdir.[63] 2007-ci ildə baş tutmuş sorğuda IMDb Cek Sərçəni İndiana Consdan sonra ən populyar ikinci film personajı olaraq göstərmişdir.[64] 2007-ci ildə Pearl & Dean şirkəti Cek Sərçəni Conni Deppin ən populyar performansı kimi seçmişdir.[65]
Tom Qilkrist bildirmişdir ki, Cek Sərçə filmin sonsuza qədər mövcud olacaq yeganə elementidir.[66] Şeron Ebersona görə personaj populyarlığı onun yaramaz olması ilə əlaqələndirilə bilər.[67] Film tarixçisi professor Conatan Kants personajın populyarlığını XXI əsrdə güclənmiş kişilik sualı və şəxsiyyətinin kinematoqrafiyada döyüş-macəra qəhrəmanları ilə ziddiyyət təşkil etməsi ilə əlaqələndirir. Leonard Maltin qeyd edir ki, Cek Sərçə qayğısız həyat tərzi sürür və özünü ciddiyə almır.[68] Mark Foks qeyd edir ki, o, qadınlar üçün xəyalpərəst fentezi fiqurudur, bir çox qəhrəmanların məsuliyyətindən azaddır.[69] Sərçə IGN tərəfindən ən çox sevilən 10 qaçaq film personajı siyahısında göstərilmişdir və IGN öz rəyində bildirmişdir: "O, istədiyini etmək üçün özü və azadlığı üçün yaşayır. Əvvəlki personajların çox az bir qismi Kapitan Cek Sərçə kimi izləyicilər üçün bu cür qaçaq romantika fiquru yarada bilmişdir".[70] "Entertainment Weekly" onu son 10 ilin "ən yaxşıları" siyahısına yerləşdirmiş və demişdir: "Conni Deppin quldur personajı şübhəsiz son onilliyin ən çox gözqamaşdıran personajlarından biridir".[71] 2010-cu ilin iyununda Cek Sərçə "Entertainment Weekly"-nin son 20 ilin ən böyük 100 personajı siyahısında göstərilmişdir.[72]
Digər media
Cek Sərçə "Karib dənizinin quldurları" ilə bağlı video oyunlarda və kitablarda da görünmüşdür. "Kingdom Hearts II" oyununda personajı Ceyms Arnold Teylor səsləndirmişdir. Cek Sərçə "Kingdom Hearts III" oyununda da görünəcək.[73]
"Karib dənizinin quldurları: Tam vizual soraq kitabçası" Sərçənin keçmişi haqqında məlumat verir. Kitaba görə o, Hind okeanındakı bir tayfun zamanı gəmidə doğulub və bir italyandan qılıncoynatma dərsi alıb.[74] Filmdəki hadisələrdən öncə Sərçənin başına gələn macəralardan bəhs edən kitab seriyaları nəşr olunmuşdur. Bu kitablara 20 kitablıq "Karib dənizinin quldurları: Cek Sərçə"[75] və 5 kitablıq "Karib dənizinin quldurları: Qardaşılıq yığıncağı əfsanələri" də daxildir.[76] 2011-ci ildə Enn Krispin Sərçənin Ost-İnd Ticarət Şirkətinin kapitanı kimi macəralarından bəhs edən "Karib dənizinin quldurları: Azadlıq şahzadəsi" adlı roman yazmışdır.[77] Qeyri-rəsmi olsa da, "Assassin's Creed IV: Black Flag" oyunundan Kaliko Cekin şəxsiyyəti və davranışları Cek Sərçəyə çox bənzərdir.
2011-ci ildə "The Lonely Island" adlı komediya qrupu müğənni Maykl Boltonla birlikdə Cekə həsr olunmuş bir mahnı buraxmışdır.[78]
İstinadlar
- Gore Verbinski (director). Pirates of the Caribbean: The Curse of the Black Pearl (Film). Walt Disney Pictures. 2003.
- Gore Verbinski (director). Pirates of the Caribbean: Dead Man's Chest (Film). Walt Disney Pictures. 2006.
- Gore Verbinski (director). Pirates of the Caribbean: At World's End (Film). Walt Disney Pictures. 2007.
- "Production Begins on "Pirates of the Caribbean: On Stranger Tides" in 3D" (Press-reliz). Walt Disney Studios Motion Pictures. June 21, 2010. June 26, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2017.
- Varma, Arjun. "Pirates of the Caribbean 5 Plot: Will Orlando Bloom and Keira Knightley reunite with Captain Jack Sparrow?". International Business Times. December 21, 2014. December 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2017.
- Ted Elliott, Terry Rossio, Stuart Beattie, Jay Wolpert. Pirates of the Caribbean: The Curse of the Black Pearl: Audio Commentary (DVD). Buena Vista. 2003.
- Sean Smith. "A Pirate's Life". Newsweek. June 26, 2006. January 10, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
- Jeff Otto. "IGN Interviews Gore Verbinski". IGN. June 28, 2006. January 19, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
- "Shipload of Characters Both New and Familiar". Pirates of the Caribbean: Dead Man's Chest Production Notes. September 27, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017. (#apostrophe_markup)
- Ian Nathan. "Pirates 3". Empire. April 27, 2007. 88–92.
- Ted Elliott, Terry Rossio. Pirates of the Caribbean: Dead Man's Chest: Audio Commentary (DVD). Buena Vista. 2006.
- "Characters (video)". Pirates of the Caribbean: At World's End Official site. October 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
- "Chapter 3 – Revealing the True Nature of all the Characters". Pirates of the Caribbean: At World's End Production Notes. July 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
- Charting the Return (DVD). Buena Vista. 2006.
- "Exclusive interview: Terry Rossio". Moviehole. February 12, 2007. October 11, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
- "Bruckheimer talks Pirates spin-off". Moviehole. May 10, 2007. May 12, 2007 tarixində arxivləşdirilib.
- Steve Fritz. "Talking Pirates with Gore Verbinski". Newsarama. November 30, 2007. August 28, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
- "Johnny Depp (in Captain Jack Sparrow costume) surprises Disney D23 Expo audience". Los Angeles Times. September 11, 2009. July 1, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2017.
- Gore Verbinski, Johnny Depp. Pirates of the Caribbean: The Curse of the Black Pearl Audio Commentary (DVD). Buena Vista. 2003.
- Greg Dean Schmitz. "Greg's Previews – Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)". Yahoo!. July 13, 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- Stax. "Depp & Bruckheimer Talk Pirates". IGN. June 25, 2003. January 2, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- Ian Nathan. "Pirates of the Caribbean 2". Empire. July 1, 2006. 66–69.
- Chris Nashawaty. "Box Office Buccaneer". Entertainment Weekly. October 17, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- Alan Morrison. "Pirates Of The Caribbean: The Curse Of The Black Pearl". Empire. October 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- Roger Ebert. "Pirates Of The Caribbean: The Curse Of The Black Pearl". Chicago Sun-Times. July 9, 2003. December 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- "Pirates of the Caribbean: The Curse of the Black Pearl Awards". Allmovie. yanvar 12, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: oktyabr 21, 2017.
- "Pirates World's End: Johnny Depp's Farewell?". Emanuel Levy. 2007. October 9, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- Neil Miller. "The Ten Most Powerful Movie Franchises in History". Film School Rejects. May 29, 2007. June 1, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- Drew McWeeny. "Moriarty Reviews Pirates of the Caribbean 2: Dead Man's Chest!!". Ain't It Cool News. June 25, 2006. December 9, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- MTV. "The MTV Movie Awards Winners!". Comingsoon.net. June 4, 2007. December 20, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- "Awards for Pirates of the Caribbean: Dead Man's Chest (2006)". Internet Movie Database. March 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- Marc Graser. "Disney, Depp return to 'Caribbean'". Variety. September 24, 2008. June 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2017.
- Jack's Scarf And Wig (DVD). Buena Vista. 2006.
- Jack's Dingles (DVD). Buena Vista. 2006.
- An Epic At Sea: The Making of Pirates of the Caribbean: The Curse of the Black Pearl (DVD). Buena Vista. 2003.
- Jack's Teeth/Johnny's Teeth (DVD). Buena Vista. 2006.
- "Depp's Golden Teeth". Internet Movie Database. June 23, 2003. August 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
- Jack's Beard (DVD). Buena Vista. 2006.
- Jack's Hat (DVD). Buena Vista. 2006.
- Jack's Pirate Coat (DVD). Buena Vista. 2006.
- Jack's Boots (DVD). Buena Vista. 2006.
- Jack's Shirt (DVD). Buena Vista. 2006.
- "Starstruck: the Costumes" (PDF). October 30, 2010 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: August 4, 2010.
- Jack's Sash (DVD). Buena Vista. 2006.
- Jack's Belt (DVD). Buena Vista. 2006.
- Jack's Sword (DVD). Buena Vista. 2006.
- Jack's Pistol (DVD). Buena Vista. 2006.
- Jack's Compass (DVD). Buena Vista. 2006.
- Jack's Rings (DVD). Buena Vista. 2006.
- Jack's Cannibal Toe Necklace (DVD). Buena Vista. 2006.
- Jack's Cannibal Scepter (DVD). Buena Vista. 2006.
- Scott Collura, Eric Moro. "Designing At World's End". IGN. May 29, 2007. January 18, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 2, 2007.
- Drew McWeeny. "AICN Exclusive! Pirates of the Caribbean 3 New Crew Member Designs!". Ain't It Cool News. April 27, 2007. June 10, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 2, 2007.
- "Pirates Dead Man's Chest: Depp's Iconic Role". Emanuel Levy. 2006. September 27, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2018.
- The Immortal Captain Jack (DVD). Buena Vista. 2003.
- "Success Can Be a Tough Taskmaster". Pirates of the Caribbean: At World's End Production Notes. may 19, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 7, 2018.
- Pirates of the Caribbean: Dead Man's Chest comic book adaptation, Disney Adventures, 2006
- "Pirates of the Caribbean: At World's End". Pirates of the Caribbean: At World's End Official Website. October 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2018.
- Gore Verbinski. Two Captains, One Ship audio commentary (DVD). Buena Vista. 2007.
- Ian Nathan. "How Pirates' feckless hero won over the fans before he even showed up". Empire. October 27, 2006. səh. 176.
- "200 things that rocked our world". Empire. January 2, 2006. səh. 118.
- "100 Greatest Movie Characters". Empire. November 4, 2015. March 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- "Captain Jack Sparrow top pick for 2006 Most Popular Halloween Costume". Extreme Halloween Network. October 17, 2006. June 6, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- "From this list of live-action heroes, who is your favorite?". Internet Movie Database. June 3, 2007. August 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- "Johnny Depp's great Captain role". People. May 22, 2007. September 1, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
- Todd Gilchrist. "Pirates of the Caribbean: At World's End". IGN. May 24, 2007. 21 iyul 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 24, 2007.
- Sharon Eberson. "Jack Sparrow joins a unique line of iconic characters". Post Gazette. May 24, 2007. May 26, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2018.
- Sandy Cohen. "Depp's Captain Jack Sparrow smashes enduring cinematic mold of swashbuckling seafarers". Associated Press. May 25, 2007. July 30, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2018.
- Mark Fox. "Besting Jack Sparrow". Crave Online. May 24, 2007. January 3, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2018.
- "Top Ten Movie Outlaws". IGN. September 19, 2007. October 30, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2018.
- Geier, Thom; Jensen, Jeff; Jordan, Tina; Lyons, Margaret; Markovitz, Adam; Nashawaty, Chris; Pastorek, Whitney; Rice, Lynette; Rottenberg, Josh; Schwartz, Missy; Slezak, Michael; Snierson, Dan; Stack, Tim; Stroup, Kate; Tucker, Ken; Vary, Adam B.; Vozick-Levinson, Simon; Ward, Kate (December 11, 2009), "The 100 Greatest Movies, TV Shows, Albums, Books, Characters, Scenes, Episodes, Songs, Dresses, Music Videos, and Trends That Entertained Us over the Past 10 Years". Entertainment Weekly. (1079/1080):74–84
- Adam B. Vary. "The 100 Greatest Characters of the Last 20 Years: Here's our full list!". Entertainment Weekly. Time Inc. June 1, 2010. February 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2018.
- Minotti, Mike. "Kingdom Hearts III is getting a new Pirates of Caribbean level". VentureBeat. June 11, 2018. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2018.
- Richard Platt; Glenn Dakin. Pirates of the Caribbean: The Complete Visual Guide. Dorling Kindersley. 2007. 12–15. ISBN 0-7566-2676-5.
- "Pirates of the Caribbean: Jack Sparrow series". Goodreads. November 24, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2018.
- "Pirates of the Caribbean: Legends of the Brethren Court". Goodreads. 2015-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2018.
- "Pirates of the Caribbean: The Price of Freedom". Goodreads. June 9, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2018.
- Bierly, Mandi. "Michael Bolton returns to SNL after 20 years: Best thing he did in between appearances?". Entertainment Weekly (via archive.org). New York. May 9, 2011. May 11, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2018.