Cavad xan
Cavad xan və ya Cavad xan Ziyadoğlu-Qacar (1748, Gəncə – 1803, Gəncə) — Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, İran dövlətində ordu sərdarı, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncə şəhərini idarə edən Cavad xan Ziyadoğlu 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə uzun müddət general Pavel Sisianovun başçılığı altında şəhəri mühasirədə saxlayan işğalçı rus qoşunları ilə baş verən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Cavad xan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1748 |
Doğum yeri | |
Vəfat tarixi | 1803 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Şahverdi xan Ziyadoğlu-Qacar |
Uşağı | |
Hərbi xidmət | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Cavad xan XVI əsrdən etibarən Gəncə şəhərində hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyillərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına dair and içirlər, lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.
Cavad xanın başcılığı ilə igid gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə apardılar.
Cavad xan 1748-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncə xanı olmuşdur. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavad xandan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Xeyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanım ilə və 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanım ilə ailə qurur. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat edir. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını dəyişmişdir. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı-Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Uğurlu xan 1801-ci ildə Məhəmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşağa Cavad adı veriblər. Hüseynqulu xan (1784–1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanım ilə evlənib.
Gəncəlilərin növbəti üsyanından sonra hakimiyyətə əvvəlcə Rəhim bəy, bir müddət keçəndən sonra isə 1786-cı ildə onun qardaşı Cavad xan gəlir. Görünür, Cavad xan hakimiyyətə İraklinin köməyi ilə gəlmişdir. Belə ki, bundan sonra bir neçə il müddətində o, ilbəil Gürcüstan çarına on min manat həcmində vergi ödəyirdi. Həmin asılılıqdan və gürcülərin Gəncə şəhəri üzərinə tez-tez baş verən basqınlarından can qurtarmaq məqsədilə Cavad xan öz hərbi hissələrini 1795-ci ildə Tiflis üzərinə yürüşə gedən Ağa Məhəmməd şah Qacarın qoşunlarına qoşur. Ağa Məhəmməd şah Qacarın qoşunları geri qayıtdıqdan sonra Cavad xan ilə II İrakli arasındakı münasibətlər daha da gərginləşir. Gürcüstan çarı II İraklinin, Qarabağ xanı İbrahim xanın və onun qohumu Avar Umma xanın dəstələri Gəncəni mühasirəyə alır. Uzunmüddətli mühasirə uğursuzluqla başa çatsa da, onun aradan götürülməsi üçün Cavad xan Tiflisdə əsir aldığı döyüşçüləri geri göndərməli və İbrahim xanın hərbi xərclərini ödəməli olur.
Mənşəyi
Cavad xanın ailəsi təxminən üç yüz ildən artıq Gəncədə və Qarabağda hakim olmuşdu. Onun ulu babası 1494/1495-ci ildə iki Qacar eli ilə birlikdə buraya yerləşmişdir. Cavad xanın əcdadı Xızır bəy Qarımış Qacar Ziyadoğlu-Qacar nəslindən siyasi meydanına çıxmış ilk şəxsdir. Xızır bəy Qarımışın oğlu Ümmət bəy 1501 və ya 1502-ci ildə Şah İsmayılın hüzuruna çıxmış və Şah İsmayıl ona Ziyadoğlu ləqəbini vermişdir. Ümmət bəyin oğlu Şahverdi Sultan Ziyadoğlu bu nəsildən çıxmış ilk böyük sərkərdə hesab edilir. O, Şah Təhmasibin dövründə Səfəvi imperiyasının ən məşhur sərkərdələrindən birinə çevrilmişdir. O, bu nəsildən hakimiyyətini bütün Qarabağa yayan ilk şəxs olmuş və vilayətin paytaxtı olaraq da Gəncəni seçmişdir. Fəaliyyəti boyunca Osmanlı ordusuna qarşı döyüşməklə birlikdə, ləzgi və gürcü üsyançılarla da mübarizə aparmışdır. Onun oğlanlarından biri olan Xəlil və Qacar sülaləsinin əcdadı Hüseyn də Səfəvi imperiyasının Astrabad hakimləri olmuşdurlar. Xəlil xanın oğlu Məhəmməd bəy də Qarabağ bəylərbəyi olmuşdur. O, 1615-ci ildə gürcülərlə döyüşdə öldürüldü. Məhəmməd xanın ölümündən sonra onun üç oğlu: Mürşidqulu xan, Məhəmmədqulu xan və Mürtəzaqulu xan bir-birinin ardınca Qarabağın hakimiyyətinə sahib çıxmışdılar. Ziyadoğlular nəslinin daha bir tanınmış nümayəndəsi Uğurlu xan idi. Bəzi tarixçilər onu Məhəmmədəli xanın oğlu və Mürtəzaqulu xanın qardaşı oğlu kimi göstərirlər. Uğurlu xandan sonra hakimiyyətə Kəlbəli xan gəlmişdi və onun hökuməti dövründə əfqanlar İsfananı zəbt etmişdilər. Kəlbəli xanın ardınca onun oğlu (bu şəxsin də adı Uğurlu xan idi) Qarabağın hakimi oldu. Həmin Uğurlu xan məşhur Muğan qurultayında Səfəvilər sülaləsinin hakimiyyətdən uzaqlaşmasına və Nadir xanın şah elan edilməsinə müxalif olmuşdu, lakin bu vəziyyət Uğurlu xana Nadirin şah taxtına əyləşdikdən sonra ona var-qüvvə ilə xidmət etməyə mane olmamışdı. O, Nadir şahın ordusunun əmirlərindən biri kimi ləzgilər üzərinə yürüşdə iştirak edərkən öldürülmüşdü. Uğurlu xanın ardınca onun qardaşı Həsənəli xan, ondan sonra isə Cavad xanın atası Şahverdi xan Qarabağ bəylərbəyi vəzifəsini icra etmişdilər.[1]
Cavad xanın atası Şahverdi xan 1747-ci ildə hakimiyyətə gəlmiş və 1760-cı ilə qədər hakimiyyətdə qalmışdır. Güman edilir ki, Şahverdi xan Uğurlu xanın oğlu olmuşdur. Həmçinin Şahverdi xanın övladı Cavad xan da öz oğluna Uğurlu adını qoymuşdu. Şahverdi xandan sonra hakimiyyətə Məhəmmədhəsən xan gəldi, lakin bəzi mənbələrdə Şahverdi xandan sonra birbaşa hakimiyyətə Cavad xanın gəldiyi bildirilmədədir. 1781–1783-cü illərdə Gəncə xanlığı Qarabağlı İbrahimxəlil xanın nümayəndəsi tərəfindən idarə edilmiş, lakin Hacı bəy buna son qoymuşdur.[2]
Erkən illəri
Cavad xan 1748-ci ildə Şahverdi xanın oğlu kimi dünyaya gəlmişdir.[3] Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Anasının adı Şərəfcahan Bəyim olmuşdur. Cavad xan 1778-ci ildə Qarabağ xanı İbrahimxəlil xanın yanına qaçmağa məcbur olmuşdu. Çünki özündən böyük və ona ögey olan qardaşı Məhəmməd xan taxtı qəsb edərək qohumlarını öldürməyə başlamışdı.[4] Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəkixanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurmuşdur.[5]
Hakimiyyəti
İlk illər
Cavad xandan əvvəl hakimiyyətdə onun qardaşı Rəhim xan idi. Rəhim xan Gəncəni İbrahimxəlilin nümayəndəsi kimi idarə edən və xalq tərəfindən devrilən Həzrətqulu bəydən sonra xanlıq vəzifəsini icra etməyə başlamışdı, lakin heç bir ildə hakimiyyətdə qalmadan İbrahimxəlildən yardım alan Cavad xan tərəfindən hakimiyyətdən devrildi. Beləliklə, 1786-cı ildə xan olan Cavad xan hakimiyyətinin elə lap əvvəlindən Kartli-Kaxeti çarlığının təhdidi ilə üzləşməyə başladı. İbrahimxəlil xan II İraklidən qaynaqlanan təhdidi ortadan qaldırmaq üçün Şamxoru onlara vermək qərarına gəldi və Cavad xanı inandırmağa çalışdı ki, bu iş Gəncəni gürcü təhdidindən qorumaq üçün atılmalıdır. Cavad xanın nümayəndəsi Misael, İbrahimxəlilin nümayəndəsi Həzrətqulu və Kartli-Kaxetinin Gəncədəki səfiri Şahzadə Keyxosro Andronikaşvili birlikdə II İrakliyə bildirdilər ki, Gəncənin Şamxora heç bir iddiası yoxdur. Eyni zamanda Cavad xanın nümayəndəsi Misael bildirdi ki, xan dostluq əlaməti olaraq öz illik gəlirinin yarısını ona göndərməyə hazırdır. Tiflisdəki rus hərbi nümayəndəsi polkovnik Burnaşevin təkidi ilə II İrakli təklifi rədd etdi və Gəncənin tamamilə onun hakimiyyətinə verilməsini tələb etdi.[6]
Bu təklifdən qəzəblənən nümayəndələr geri qayıtdılar və təklifin bu cür qarşılanması Qarabağ xanlığı ilə Kartli-Kaxeti münasibətlərinin yüksək səviyyədə gərginləşməsinə səbəb oldu. 1787-ci ildə 6 min döyüşçüdən ibarət ordu quran II İraklı rus nümayəndəsi Burnaşevə Gəncə və Qarabağ üzərinə ortaq əməliyyat keçirməyi təklif etdi, lakin bunun Qacar imperiyası ilə açıq müharibəyə səbəb ola biləcəyindən çəkinən Burnaşev bu təklifdən imtina etdi. Eyni zamanda II İraklı Qarabağ məlikliklərindən olan Gülüstan, Crabert məlikliklərini də Qarabağ xanına qarşı dəstəkləməkdə idi. 1787-ci ildə Gəcə xanlığı üçün daha bir pis hadisə baş verdi. İbrahimxəlil xanın erməni məlikliklərinə qarşı yürüşdə olmasından istifadə edərək (çünki belə olacağı halda cənubdan yardım gəlməyəcəkdi) rus-gürcü ordusu Gəncə üzərinə yürüşə başladı, lakin bu yürüşü çoxdan gözləyən məliklər Gürcüstanda məskunlaşmalarına köməklik etmək xahişi ilə II Heraklaya üz tutdular. II Heraklius onlara kömək etmək üçün Şahzadə Orbeliani və oğlu Şahzadə İulonun başçılığı ilə 4000 nəfərlik ordu göndərdi. Cavad xanla başlayan danışıqlar gözlnilmədən yarıda saxlanıldı. Çünki yeni bir Rus-Osmanlı müharibəsi başlamışdı və Pavel Potemkin tərəfindən verilən əmrə əsasən Qafqazdakı bütün rus ordularına geri çəkilmə əmr edilirdi. Bundan sonra Burnaşev hər nəqədər II İraklinin istəklərinə yerinə yetirmək istəsə də, öz yüksək komandanlığının əmrlərini görməzdən gələ bilmədi. Onun çapar vasitəsilə Potemkinə göndərdiyi məktubda heç olmasa yaza qədər rus ordusunun Tiflisdə qalması üçün etdiyi təklif də rədd edildi. 1787-ci ilin oktyabr ayının əvvəllərində Burnaşev bölgədəki rus ordusu ilə birlikdə Vladiqafqaza getdi. Bu ana qədərki döyüşlərdən yorulan və əsas müttəfiqini itirən II İraklı Gəncədən geri çəkilməyə məcbur oldu. Nəticədə tərəflər arasında kövrək bir andlaşma yarandı. II İraklı Cavad xanın Şəmşəddil üzərində hakimiyyətini tanıdı, bunun qarşılığında isə Cavad xan Borçalı və Qazaxdan olan sakinlərin bir hissəsini öz əvvəlki yerlərinə qaytardı.[6][7]
Bu hadisələr baş verərkən II İraklı Qubalı Fətəli xanla diplomatik münasibətlər yaratdı. Qarşılıqlı şəkildə göndərilən nümayəndələrin danışıqları yaxşı keçirdi. Quba xanlığı yaxşı münasibətlərin yaradılması II İraklidə Gəncədə dominant olan Qarabağ xanlığına qarşı Quba xanlığı ilə ittifaqın yaradılması fikrinin formalaşmasına səbəb oldu. İndi Qubalı Fətəli xan və Şəkili Məhəmmədhəsən xanla ittifaqda olan II İraklı 1788-ci ilin dekabrında Gəncənin ətraf bölgələrini ələ keçirdi. 1789-cu ilin əvvəllərində II İraklinin oğlu Vaxtanqın komandanlıq etdiyi bölmələr Cavad xanı məğlub etdilər. Qarabağ xanlığı və Gəncə xanlığının vəziyyətini çətinləşdirən bir başqa amil isə IV Ümmə xanın vəziyyəti ilə bağlı idi. Qarabağ və Gəncə xanlığının müttəfiqi olan IV Ümmə xan ağır xəstə olduğuna görə öz müttəfiqlərinə yardım edə bilmirdi.[8]
Fətəli xanla Məhəmmədhəsən xan 1789-cu ilin yanvarında Gəncə xanlığı ərazisində II İrakli ilə görüşdülər. Görüş yeri Şəmkirçayın sol sahili idi. Cavad xan da görüşdə iştirak edirdi və bundan az əvvəl Gəncənin açarlarını Fətəli xana təslim etmişdi. II İraklı ilə Fətəli xan ortaq rəqibləri olan Qarabağ xanlığına qarşı nələr etməli olduqlarını müzakirə etdilər. Gəlinən nəticədə bu iki şəxs regionu özlərinin nüfuz dairələrinə böldülər. Bu bölgəyə görə Cənubi Qafqazın yerdə qalan qismi II İraklinin, Cənubi Azərbaycan isə Fətəli xanın nüfuz dairəsi olaraq bölündü. Həmçinin müttəfiqlər yeni aktivləşməyə başlayan Ağa Məhəmməd xan Qacara qarşı da "Rusiyanın himayəsi altında" mübarizə aparmaq qərarına gəldilər. II İraklı Şəmşəddili Gəncəyə geri qaytardı və ora üçün müəyyən muxtariyyət əldə etdi. Bu görüşdən sonra Fətəli xan xəstələndi və təcili Bakıya bacısının yanına yola düşdü. Elə orada da 22 mart 1789-cu ildə vəfat etdi. Bu da Cavad xana öz hakimiyyətini yenidən müstəqil şəkildə davam etdirmək üçün fürsət yaratdı.[9]
Sonrakı dövrlər
1789-cu il Ağa Məhəmməd xan Qacarın tam olaraq hakimiyyətə gəldiyi ildir.[10] Cavad xan onun hakimiyyətini ilk tanıyanlardan biri olmuşdur. 1795-ci ilin avqustunda Ağa Məhəmməd xan Qacar 70 minlik ordu ilə Araz çayını keçdi.[11] Ordu 3 yerə bölünmüşdü: sol cinah İrəvan istiqamətində, sağ cinah Xəzər dənizi boyunca Arandan keçməklə Dağıstan və Şirvan istiqamətində, şahın özünün rəhbərlik etdiyi mərkəz qüvvələr isə Şuşa qalası istiqamətində irəliləməkdə idi. Qarabağ xanlığının paytaxtı olan Şuşa 8 iyuldan 9 avqusta qədər mühasirədə saxlandı.[12] Kartli-Kaxeti Aleksandrın da yardım etdiyi[11] İbrahimxəlil xanın sərt müqavimətinə görə[13] Ağa Məhəmməd xan Qacar İbrahimxəlil xandan yalnız müəyyən xərac və girovlar vermək razılığa ilə mühasirəni qaldırdı və Tiflisə yönəldi. Həmçinin İbrahimxəlil xan Qacar ordusunun Şuşaya daxil olma icazəsinin verilməsindən də imtina etmişdi.[13] Burada ona Cavad xan və özünün sağ cinah orduları da qatıldı.[14] Qacarın ordusu Tiflisə daxil oldu və doqquz gün orada qaldı. Onun Tiflisi fəthi Qızılbaş hərbi gücünün keçmişdə Səfəvi imperiyası zamanı olduğu kimi yenidən bərqərar olmasının elanı idi.[13]
Gəncədə olarkən Məhəmməd xan II İrakliyə özünün sonuncu ultimatumunu göndərdi və onu tabe olmağa dəvət etdi. Heç bir cavab ala bilməyən Məhəmməd xan Tiflisə yürüşə başladı. Cavad xan ona bu yürüşdə yardım edir və özü də yürüşdə iştirak edirdi.[15] Şəhəri ələ keçirən, orada 9 gün qalıb yağmalayıb minlərlə əsir götürdükdən sonra müttəfiqlər oranı tərk etdilər. Ordu bu dəfə də Şəki və Şirvan xanlıqlarını tabe etməyə gedirdi. Ağa Məhəmməd xanın ordusunun ölkəni tərk edib Xorasana yollanmasından Sonra Cavad xan II İraklı ilə münasibətləri normallaşdırmağa çalışdı, lakin II İraklı 1796-cı ilin fevralında oğlu Aleksandrın başçılığı altında özünün 3 minlik qoşununu Gəncəyə göndərdi, lakin ordu öz komandanını tərk etdi və yürüş uğursuz oldu. Bundan dərhal sonra 1796-cı ilin martında İbrahimxəlil xanla müttəfiqi Ümmə xanın ordusu Gəncəni mühasirəyə aldı. Bu zaman II İraklı yeni yürüş üçün ikinci dəfə ordu toplamaqla məşğul idi. Bu xəbər Gəncəyə çatdığı zaman İbrahimxəlil xan tez bir zamanda Cavad xanla razılığa gəldi və ittifaq bağladı. Gəlinən razılığa görə, Cavad xan öz bacısı və oğlunu İbrahimxəlil xana girov olaraq verməklə birlikdə, 10 min rubl da təzminat ödədi. Avar xanlığı isə yürüşdə iştirak edən hər bir döyüşçüsü üçün 40 rubl ödəniş almaq və öz evlərinə dönməklə kifayətləndilər.[16]
Gürcü ordusu Gəncəyə 1796-cı ilin mayında gəlib çata bildi və mühasirəyə alınmadan sonra II İraklı yalnız 400 nəfər gəncəlini əsir ala bilməklə kifayətlənib Tiflisə geri dönüb yeni yürüş üçün rus dəstəyini gözləməyə başladı. Ağa Məhəmməd xanın yürüşü zamanı Tiflisi yağmalamasından bəhanə kimi istifadə edən Kraliça Yekaterina elə 1796-cı ildə Cənubi Qafqazın işğalına başladı. Yürüş başlamadan öncə manifest hazırlandı və bölgədəki bütün ali təbəqə üzvlərinə göndərildi.[17] Beləliklə, rus generalı Valeriyan Zubovun başçılığı altında rus yürüşü başladı.[18] Cavad xan sentyabrda Zubova müraciətində Qacar təhlükəsini xatırladaraq rus qoşunlarının tezliklə Gəncəyə gəlməsini xahiş etdi. Belə bir motivasiya, görünür, Cavad xan tərəfindən Qarabağ və Kartli-Kaxetiya təhlükəsi səbəbindən himayəsinə qoşulmaq istədiyi Rusiya hökumətini razı salmaq üçün seçilmişdi. 13 dekabr tarixində rus ordusunun bölməsi Gəncəyə çatdı və müqavimət olmadan qalaya daxil oldu. Cavad xan şəxsən qalanın açarlarını rus komandanına təqdim etdi. Rus komandanının istəyi ilə qalaya rus qarnizonu yerləşdirildi.[19] Bu vəziyyət Katerinanın ölümü ilə dəyişdi. Katerinanın yerinə keçən oğlu I Pavel bölgədəki rus ordusunu geri çağırdı.[20] Rus ordusu bölgəni tərk etsə də, Gəncəni güvənmədikləri Cavad xana vermək istəmirdilər, buna görə də, qlanı onun əvəzində vali olaraq II İrakliyə təslim etdilər. Abbasqulu ağa Bakıxanova görə, bundan xəbər tutan İbrahimxəlil xan və Səlim xan orduları ilə birlikdə Gəncəyə gəlib Şəmşəddil hakimi Əli Sultanı II İraklı adına Gəncə hakimi olmağa məcbur etmək istədilər. Cavad xan Gəncədən uzaqlaşmaq istəyərkən arvadı Şükufə xanım onu dayandırmış, Əli Sultana məktub göndərərək o, həbsdə olarkən ölüm hökmünə məhkum edildiyini və Cavad xanın onu bağışladığını xatırlatmışdır. Bu xatirədən təsirlənən Əli Sultan dərhal Cavad xanın hüzuruna gəlmiş və ona Gəncə hakimi olmaqla bağlı edilən təlqinləri rədd etmişdir. "Sonra camaat və bütün digər xanlar onun səxavətinə heyran olaraq Cavad xanı öz ləyaqəti ilə tərk etdilər."[21]
Beləliklə, Cavad xan yenidən Gəncə xanlığını davam etdirməyə nail oldu. 1797-ci ildə isə Ağa Məhəmməd xan Qafqaza ikinci yürüşüə başladı. Xorasan yürüşünün bitməsindən sonra Azərbaycan xanlıqlarını cəzalandrmaq üçün təşkil edilən yürüş həm də rus yürüşüə cavab mahiyyəti daşımaqda idi. Köhnə əməkdaşlıqlarına güvənən Cavad xan Ağa Məhəmməd xanın əmri əsasında iyun ayında Şuşaya getdi, lakin Zubovun yürüşü zamanı ruslara müqavimət göstərməməkdə ittiham edilərək Cavad xan həbs edildi və edam təhlükəsi ilə üzləşdi.[22] Lakin 17 iyunda Şuşa qalasında Ağa Məhəmməd xanın öldürülməsi imkanından yararlanan Cavad xan xilas olmağı bacardı.[23][24]
İmperator Pavel 1798-ci ilin 19 avqustunda yenidən hərbi anlamda Qafqaza geri dönmək qərarına gəldi.[15] Növbəti il general-leytenant Karl Knorring Gürcüstandakı rus ordusunun komandanı təyin edildi və onun müavinlərindən olan İvan Petroviç Lazerev ondan əvvəl bölgəyə gəldi, lakin bölgəyə iri həcmli rus ordusunun gəlməsi bölgədəki xanlıqların, Dağıstan hakimliklərinin və Rusiyanın siyasi məqsədinin nə olmasından kifayət qədər xəbərdar olan Qacar imperiyasının xoşuna gəlmirdi. Avar xanı Ümmə xan 26 avqust 1800-cü ildə rus protektoratlığını qəbul etməsinə baxmayaraq, tez-tez Kartli-Kaxeti çarlığının şərq bölgələrinə yürüşlər edir və yağmalayırdı. Onun yürüşlər etdiyi bölgələrdən biri də Gəncə xanlığı əraziləri idi. Şəkili Məmməd Həsən XII Georgiyə yazdığı məktubunda Ümmə Xanın Şərqi Gürcüstanla bağlı niyyətlərini ona bildirərək Gəncə xanının mülklərinə hücumdan da xəbər verirdi, lakin məktubda bildirilən məlumata görə, Cavad xanın ordusu ilə toqquşmada avarlar məğlub edilmiş, 104 ölü və 30 əsir verərək geri çəkilməyə məcbur edilmişdirlər. Gəncədə məğlub edilməsinə baxmayaraq, Ümmə xan bölgəyə yönəlmiş siyasətini tərk etməmişdir. Yenə məktubda bildirilən məlumata görə, İbrahimxəlil xan ona bu hədəfdə böyük yardımlar etmiş, toplar və digər silahlar göndərmişdir.[25]
XII Georgi 28 dekabr 1800-cü ildə öldü. Onun ölümü ilə Cavad xanın Qazax və Şəmşəddilə olan iddiaları üçün münbit şərait yarandı. Rus ordusunun varlığına rəğmən, Cavad xan da Avar xanlığı kimi tez-tez Kartli-Kaxetiyə yürüşlər edirdi.[26][27] Tiflisdəki rus komandanı Knorring Cavad xanın bu istəklərindən xəbərdar idi və İmperator I Aleksandra Kartli-Kaxetinin ilhaq edilməsini məsləhət gördüyü məruzəsində bu məsələyə də toxunmuşdu. Birinci Rusiya-Qacar müharibəsi zamanı ruslar Gəncənin strateji əhəmiyyətinin fərqinə vardılar, çünki şəhər Tiflisdən Qacar imperiyasına gedən yolun üzərində yerləşməkdə idi. Beləliklə, Cavad xan oğlu Hüseynqulu ağaya Ayrum tayfasının və ermənilərin Şəmşəddildən Gəncəyə köçürülməsini əmr etdi. Onun məqsədi rusların bölgədəki iqtisadi potensiallarını zəiflətmək idi. Buna cavab olaraq, Knorring Lazarevə 1802-ci ildə Şəmşəddilə hücum etməyi əmr etdi, lakin maddi-texniki təminatla bağlı problemlərlə üzləşən Lazerev Borçalıya geri çəkilməyə məcbur oldu. Bu uğursuzluqdan qəzəblənən imperator Knorringi daha enerjili və bacarıqlı general kimi qiymətləndirilən Pavel Sisianovla əvəz etdi. Bu əvəzetmə 19 sentyabr 1802-ci ildə baş versə də, Sisianov Tiflisə 1803-cü ilin fevralında gəlib çatdı.[28] 1803-cü il 25 fevral tarixli birinci məktubunda ona iltifatla yanaşır, Rusiya himayəsinə keçmək üçün dilə tuturdu. O, yazırdı:
...Sizin şərafətli etimadınızın ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə göndərərsiniz. O, burada ləyaqətinə və hörmət sahibi olacaqdır. Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı-seçkiliyin olmayacağı barədə xeyirxah vədimizin əməli timsalı kimi qəbul edəcəyəm. |
Cavad xan Sisianova ehtiyatlı və ikibaşlı cavab məktubu yazır və onun təklifini rədd edir. Sisianov bir qədər sonra Qazax və Şəmşəddil sultanlıqlarını ləğv etdi və Gəncəyə irəlilədi.[29]
Gəncəyə yürüş üçün 6 batalyon və 3 eskadrondan ibarət dəstə təşkil etmək nəzərdə tutulurdu: Sevastopol polkundan 2 batalyon, yeger polkundan 2 batalyon, hansı ki, Şəmsədildə, Gəncə yolunda yerləşirdi, Qafqaz qrenader polkunun bir batalyonu, Narva draqun polkunun 3 eskadronu və 17-ci yeger polkundan iki bölük, şef batalyon.[30] Bu batalyonun qalan iki bölüyü II İraklinin dul arvadı Daryunu ötürəndən sonra Vladiqafqazdan qayıdanda onlara qoşulmalı idi. Dəstə 20 noyabrda Tiflisin 15 verstliyindəki (16 km) Saqanluq kəndində görüşməli, 21 noyabrda dincəlməli və 22 noyabrda hərəkətə keçməli idi.[31]
Sisianov ordusu üçün maksimum ərzaq ehtiyatı topladıqdan sonra Gəncəyə doğru yürüşü başlatdı. 20 noyabrda Gəncəyə doğru irəliləyən ordu yekun olaraq 3 draqun eskadronundan, Donda yaşayan kazaklardan ibarət iki polkdan, Tiflisdən hərəkətə başlayan Borçalı, Qazax, Şəmşəddil azərbaycanlılarından[32] təşkil edilmişdi. Ordunun keçməli olduğu ilk keçid Soğanlıq kəndindən 9 km məsafədə idi. Müəyyən səbəblərə görə ordu burada yubanmalı oldu və bir gün yarımlıq gecikmədən sonra ordu hərəkətə başladı. Demurçalas kəndində orduya azərbaycanlı süvarilərin də birləşməsindən sonra növbəti düşərgə Şikol kəndinin yaxınlığında salındı. Yolda keçilən çaylara və yağan yağıntıya görə 24 noyabrda paltarları qurudma ehtiyacı yaranmış və ordu fasilə verməyə məcbur olmuşdu. Ordu 25 noyabrda Ağstafa çayını keçmiş, bundan sonra orduya Qazax və Borçalı süvariləri də qatılmışdır. 27 noyabrda isə Şəmşəddil süvariləri də ordu ilə birləşmişdir. Sisianovun əmrinə əsasən müsəlman süvariləri ilə birlikdə rus piyada ordusu arasında həmişə kazak dəstələri yerləşdirilmişdi. 29 noyabrda Şamxorda dayanarkən azərbaycanlılardan təşkil olunmuş ordu tamamilə çayın o biri sahilində yerləşdirildi.[32] Axırda altı keçiddən sonra onlar Şəmsədil kəndi Zaqiala çatdılar. Burada 17-ci yeger polkunun iki batalyonu onlara birləşdi.[lower-alpha 1][31]
Axırda 29 noyabrda Sisianovun korpusu Gəncə xanlığının sərhədini keçdi.[32] 29 noyabrda Şamxora gələn kimi Sisianov Cavad xana məktub yazdı və qalanın təslim edilməsini tələb etdi.[31] Ümumiyyətlə Gəncəyə çatana qədər o, Cavad xandan bir neçə dəfə tabe olmasını istədi, lakin rədd cavabı aldı. 1803-cü ilin noyabrında Sisianov 6 tabor piyada və 3 squadron süvari ilə birlikdə Tiflisdən çıxaraq yürüşə başladı.[33] O, 10 dekabr 1803-cü ildə Cavad xana yazdığı məktubda Gəncənin Kraliça Tamar (1184–1213) zamanı Gürcüstanın olduğunu, lakin sonradan gürcü hökmdarlarının zəifliyinə görə buranın ondan qoparıldığını və indi Rusiya Gürcüstanın hüquqi varisi kimi bu bölgəyə iddiasının olduğunu elan etdi:[34][35][36]
Mənim buraya gəlməyimin birinci və əsas səbəbi odur ki, Kraliça Tamaranın zamanından Gəncə gürcü krallarının olmuşdur, lakin onların zəifliyi ucbatından bura Gürcüstandan qoparılmışdır. Gürcüstanı özünün yüksək məqam protektoratlığına və vətəndaşlığıa alan Rusiya İmperiyası Gürcüstanın parçalanmasına biganə qala bilməz və Allah Rus imperiyasına Gəncəni qorumaq üçün yüksəltdi. Baxmayaraqki Gəncə Gürcüstanın mülkü və bir hissəsidir, amma yadların əlindədir. Mə Sizə təklif edirəm ki, gələsiniz və qoşunla birlikdə şəhəri verəsiniz, çünki mən avropalı sayaqlığım və inancımla insan qanı tökülməsini başlatmamalıyam, lakin sabah günortaya qədər cavab gəlməsə, döyüş alov və qılıncla başlayacaq və Siz biləcəksiniz ki, mən öz sözümü tuta bilirəm.[37] |
Cavad xan ona yazdığı məktubda tarixi hadisələrlə cavab verməyi üstün tutmuş və Səfəvi imperiyasını xatırlatmışdır.[38] Cavad xanın yazdığı məktub belə idi:
Bu saat sənin göndərdiyin məktubu aldım. Gəncənin Tamaranın vaxtında Gürcüstana tabe olduğunu yazırsan. Bu sözü heç eşidən olmayıb. Amma mənim əcdadlarım Abbasqulu xan[lower-alpha 2] və başqaları Gürcüstan üzərində hakimiyyəti əllərində saxlamışdılar. Əgər inanmırsınızsa, Gürcüstanın ağsaqqallarından öyrən ki, Abbasqulu xan Gürcüstanın hakimi və valisi olub ya yox. Onun Gürcüstanda tikdirdiyi məscidlə dükanlar indi də yerində qalır. Gürcülər onun çoxlu xələtlərini və yazılarını evlərində saxlayırlar. Gəncə ilə Gürcüstan arasındakı sərhəddin haradan haraya qədər olduğu İrakli xanın atasının və mənim atamın vaxtından məlumdur. Biz bu sözləri dilə gətirmirik və desək ki, bizim əcdadlarımız Gürcüstanın valisi olmuşlar, heç kəs qəbul etməz və Gürcüstanı bizə verməz. Daha sonra yazırsan ki, mən altı il bundan əvvəl Gəncə qalasını Rus padşahına vermişdim. Bu düzdür. O zaman sizin padşahınız Qacarların bütün vilayətlərinə məktub yazmışdı, bizə də yazmışdı. Biz onun təklifini qəbul edib qalanı təslim verdik. Əgər padşah yenidən Gəncəyə aid fərman yazsa, padşahın fərmanını aşkar və məlum edin ki, biz də onun yazısını görüb o barədə bir qərara gələk.
Başqa yazdığın budur ki, mən Gürcüstana tabe olmuşam. Onu bil ki, sizin padşahınızın məktubu indi də bizim əlimizdədir. Bax gör, orada məndən Gəncə bəylərbəyi kimi yazılır ya Gürcüstan təbəəsi kimi? Buradan Sizin bir sözünüzün o birisinə xilaf olması məlum olur. O vaxt biz Rusiya padşahına tabe olanda Qacar padşahı Xorasana getmişdi və bizim əlimiz ona çatmırdı. Rusiya padşahı da böyük padşah olduğuna görə ona itaət etməyi məqbul saydım. Amma indi, əlhəmdülillah! Qacar şahı buraya yaxındır və onun sərdarının xidmətçisi də buraya gəlibdir, qoşun da gəlib, hələ yenə də gələcəkdir. Daha sonra yazmısan ki, Gürcüstanın padşahla əlaqəsi var və onun tacirlərinin malını almısan. Düzdür. Amma Siz Gürcüstana daxil olandan bir gün əvvəl Sizə yazmışdıq və göndərilən adama da başa salmışdıq ki, üzünü bizdən döndərmiş Nəsib bizim rəiyyətimizdir və bizim tacirlərimizin malını aparıb. Biz elə düşündük ki, Siz padşahın nökərisiniz və, əlbəttə, ədalətli hökm çıxarıb həm bizim adamımızın malını alıb verərsiniz, həm də Nəsibi və bizdən üz döndərmiş digər Şəmsəddinluları tutub bizə təhvil verərsiniz. Gördük ki, bunların heç birini etmədiniz. Bizim aldığımız malın haqqında isə başqalardan soruşun görün ki, biz onu şəmkirli Gəncə təbəəsindən almışıq ya Gürcüstan əhlindən? Və illa əgər davanın əsasını qoyursunuz, biz də döyüşə hazırıq. Əgər öz topundan və topxanadan danışırsansa, Allahın lütfündən bizim toplarımız sizinkindən az deyil. Sizin topunuz bir gəzdirsə[lower-alpha 3], bizim topumuz üç gəz və dörd gəzdir. Qələbə Allahın əlindədir. Haradan məlum oldu ki, siz qızılbaşlardan cəsursunuz? Siz öz davanızı görmüsünüz, amma qızılbaşların davasını görməmisiniz. Yazmısan ki, döyüşə hazırsan. Biz sizin Şəmsəddinluya gəlib bizim camaatımızı özünüzə tabe etdiyiniz vaxtdan bu günədək tədarük görüb davaya hazırlaşırıq. Döyüşəcəksənsə, gəl döyüşək. Yazmısan ki, əgər sənin sözünü qəbul etməsəm, başım çox bəlalar görəcəkdir. Biz isə o fikirdəyik ki, Siz o xəyalla gəlmisiniz, amma Sizi Peterburqdan buraya gətirən elə Sizin qara bəxtinizdir. İnşaallah-təala, Sizin bədbəxtliyiniz məlum olacaqdır. Vəssalam.[41][42] |
- Cavad xanın məktubunun birinci səhifəsi.
- Cavad xanın məktubunun ikinci səhifəsi.
- Cavad xanın məktubunun üçüncü səhifəsi.
Cavad xan düşünürdü ki, soyuğa, aclığa və heyvanların yem çatışmazlığına görə müəyyən müddətdən sonra rus ordusu geri çəkilməyə məcbur olacaqdır. Eyni zamanda da ehtiyytalarındakı poblemlərə görə rus ordusu da Gəncədə uzun müddət qalmağı düşünmürdü. Lakin ilkin müqavimətdən vəuğursuzluqlardan sonra Sisianovun geri çəkilməməsinin səbəbi şəhərdən olan fərarilərin şəhərdəki vəziyyətin çətin olması barədə verdikləri məlumat idi.[43]
13 dekabr tarixində Sisianovun ordusu Qoşqar çayını keçdi və şəhəri mühasirəyə almaq üçün hazırlıqlara başladı. Keşmiş Şəmşəddil sultanı Nəsib bəy 5 nəfərlik dəstəsi ilə tərəf dəyişdirdi və ruslara təslim oldu. Şəhərin ağır bombardmanı 15 dekabrda başladı və ardınca yenidən Cavad xanın təslim olması istənildi. Cavad xan Qacar ordusunun yardıma gələcəyinə ümid edərək vaxt qazanmağa çalışdı və Sisianovla məktublaşmanı davam etdirdi. Sisianov Cavad xandan rus vətəndaşlığını qəbul etməyi, illik 20 min rubl xərac verməyi, Şəmşəddilə olan bütün iddialarından əl çəkməyi, olu Hüseynqulunu Tiflisə girov göndərməyi tələb edirdi. Cavad xanın bu şərtləri rədd etməsindən sonra qalaya topyekun hücum üçün hazırlıqlara başlanıldı.[44] Şəhərin yaxınlığında dayanan Sisianov 1803 29 dekabr tarixli son məktubunu Cavad xana yazır, şəhəri təslim etmək barədə ultimatum verir. Məktubda deyilirdi:
Qalanı xoşluqla vermək meyliniz olmadığını görüb axrıncı dəfə təslim şərtlərini sizə göndərməyi özümə borc bilirəm... Məktubuma təcili cavab istəməyim isə heç də o demək deyildir ki, mən düşmənimi nökər, qul hesab edirəm. Bu, ona görədir ki, insanlar arasındakı qarşılıqlı hörmətə riayət olunmalıdır. Buna görə də ümidvaram ki... sabah günortadan qabaq məktubumun cavabını ala biləcəyəm. Gəncə şəhərinin təslimi aşağıdakı maddələrlə qəbul edilə bilər:
Cavad xanın general Sisyanova cavabı. 1.Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə Ümumrusiya padşahının təbəəliyinə and içir; 2.Qala tamamilə təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı yerləşdirilir; 3.Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min manat xərac verir. Bu maddələri imzalayan zaman 1804-cü ildə həmin məbləği təcili ödəyir; 4.Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir; 5.Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki onlar artıq Gürcüstan hökumətinin idarəsinə keçirlər; Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş idarə edicisinin yanında həmişəlik qalmaq üçün əmanət verir Sisianovun tələbləri yenə də rədd edilir. |
Mirzə Adıgözəl bəyin də yazdığı kimi, Cavad xan öz qoşununu və yaxın adamlarını başına yığaraq, düşmənin üzərinə yeriyir. Döyüş dahi şairimiz Nizami Gəncəvinin məqbərəsi yaxınlığında, Quru qobu adlanan yerdə baş verir. Qüvvələr nisbəti açıq-aydın görünürdü ki, bərabər deyil və buna görə də gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilərək, qalanın darvazalarını bağlayırlar. Bundan sonra Cavad xanın Sisianova göndərdiyi məktubda deyilirdi:
Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür. |
Sisianovun sədrliyi ilə keçirilmiş və 4 döyüş komandanının iştirakı ilə keçirilmiş döyüş müşavirəsindən sonra 3 yanvar 1804-cü ildə şəhərə hücum ediləcəyi qərara alındı. Birinci dəstə general-mayor Portnaginin komandanlığı altında Qarabağ qapısından və ya yuxarı qapıdan sola getməli idi, ikinci dəstə polk komandanı polkovnik Karyaginin komandanlığı altında Tiflis və ya içqala qapısından hücum etməli, əvvəlcə taktiki hücum,[45] daha sonra isə həqiqi hücum həyata keçirməli idi.[46] Həmçinin Sisianov ordu sıralarından müsəlman olanları kənarlaşdırdı,. O, ehtiyat edirdi ki, hava qaranlıq ikən müsəlmanlar tərəf dəyişdirər və rus ordusu üçün çətin vəziyyət yaradarlar.[43] Onlara forştadt və bağlar ətrafında xəncir xətti saxlamaq əmr edildi.[46]
Hücumdan əvvəl Sisianov Portnaginə, ordu başçılarına hücuma aid, aşağıdakı məzmunda gizli əmri verdi:
Axşama qədər hal-hazırda mühasirədə olduqları kimi hər kəs öz mövqelərində qalsın. Yarım saat ərzində, həqiqi vuruşmaya hərəkət etməzdən əvvəl hamı təyin edildiyi kimi Çuykovun kvartirmeyster hissəsinin kapitanlara göstərdiyi dispozisiya yerlərini, həmçinin mövqelərini tutmalıdır; ancaq izah etməyə ehtiyac yoxdur ki, hansı sakit və dərin sükutla ordunun yerdəyişməsi həyata keçirilməlidir. Bütün ştandartlar və hərbi qoşun bayraqları axşam mərasimsiz məscid qapısına gətirilməli və orada qarovula verilməlidir. Kazak hərbi zənciri hava işıqlanana qədər ən yaxın əlaqələndirici batareyanı anlayaraq öz mövqelərində qalmalıdır, ehtiyat hissələrindəki digərləri isə güllə və qumbaralardan qapalı yerdə olmalıdır; səhər hər kəs ona yaxın yığılmalıdır.[47] |
Sisianovun da olduğu 17-ci yeger polku ehtiyat qüvvələri təşkil edirdi və Qarabağ qapısının qarşısında düzülmüşdü. Tiflis qapısında yerləşdirilən Sevastopol polkuna gəncəlilərin qaladan çıxmasına əngəl olmaq və əgər ehtiyac yaranarsa köməyə gəlmək əmr edilmişdi.[46] 11 topdan ibarət artilleriya qüvvələri ehtiyatda saxlanmış və onların qorunması 100 kazaka tapşırılmışdı. Orduya Cavad xanın qüvvələri tam məğlub edildikdən sonra yağma edə bilmək icazəsi verilmişdi.[46]
Səhər saat 5-ə qədər polkovnik Karyagin ona tapşırılan iki batalyonu Qafar bəy bürcünə qarşı təyin olunmuş yerə çox böyük sakitliklə gətirdi və onlara Tiflis qapısına bitişik bağların qırağında gizlətdi.[48][45] Hələ də havanın qaranlıq olmasından yararlanılaraq səhər altının yarısı dəstənin qala divarına nərdivan söykəmək üçün hücum hərəkatı başladı.Bununla paralel nərdivan qoyanların işini asanlaşdırmaq qalaya başqa yöndən də hücum təşkil edildi. Qalaya 15 sajından az məsafədə olanda xan ordusu onları gördü və cavab tədbirləri görməyə başladı. Rus ordusunun üzərinə qaladan neft, ox, daşlar yağdırıldı.[49] Hücum nəticəsində qalanın Qafar bəy bürcü ruslar tərəfindən ələ keçirildi. Cavad xanın özü qalada yerləşən ən böyük topun yanında at üstündə otururdu və öldürülənə qədər qılınc əlində qalanı müdafiə etdi. Beləliklə, hücum zamanı Gəncə qalası səddinin yarısı və üç bürc var idi. Bürclərin altısı da alındıqdan sonra divardan yerdə qalan rus əsgərləri də şəhərə endirildi. Döyüşün həlledici məqamında isə ermənilər şəhərin qala qapılarını rus ordusu üçün açdıqdan sonra Lisaneviçin dəstələri şəhərə daxil olmağı bacardılar.[44] Şəhərin özündə isə panika hökm sürməkdə idi. Küçə döyüşlərində də Cavad xanın döyüşçüləri məğlub edildilər. Günortaya yaxın artıq şəhərdə sakitlik olmağa başladı və atlarının üzərinə qızıl və ya digər qiymətli şeyləri yığan rus əsgərləri görünməyə başladı.[50] Cavad xanın döyüşçülərindən 1500 nəfər vəfat etmişdi.[51] Hücum ərzində atası ilə birlikdə Cavad xan mayor Lisaneviç tərəfindən öldürüldü. Xanın ortancıl oğlu Hüseynqulu xan da bir neçə saat döyüşdükdən sonra həyatını itirdi. Cavad xanın böyük oğlu Uğurlu xan və kiçik oğlu Əliqulu xan qaçmağa nail oldular və Qarabağ xanı İbrahimxəlil xanın yanında sığınacaq tapdılar. Həmçinin xanın iki qardaşının oğlu və bəzi qohumları da həyatlarını itirdilər. Bəzi qohumları isə Təbrizə qaçdılar.[51][44][52]
Rus ordusunun soyğunçuluqla məşğul olduğu zaman şəhər əhalisinin bir hissəsi Cümə məscidində gizlənmişdi. Sisianovun özü məruzəsində bildirir ki, “500-ə qədər tatar [Azərbaycanlılar və ya Azərbaycan türkləri nəzərdə tutulur] bəlkə də zəfər qazananlara təslim olmaq üçün məscidə toplaşmışdı. Ancaq bir erməni bizim döyüşçülərə dedi ki, onların arasında bir neçə dağıstanlı ləzgi var. Bir dəfə ləzgi adının çəkilməsi məsciddəki hər kəsin öldürülməsi üçün siqnal oldu.”[53][54][50] Bu zaman hələ də Gürcüstan ərazilərində ləzgilər tez-tez rus hərbi dəstələrinin üzərinə hücumlar edirdilər və buna görə də, qan düşməni hesab edilirdilər. Beləliklə, rusların məscidə sığınmış mülki əhaliyə hücumu nəticəsində olaraq Cümə məscidinə sığınan, sayı 500-dən çox olan dinc əhalinin hamısı öldürüldü.[53][51][55]
Bu dövrdə yaşamış gürcü şahzadəsi XII David Gəncənin viran qoyulması ilə bağlı yazırdı ki, gürcülər[lower-alpha 4] sakinlərə qəzəbli olduqlarına görə Sisianov onların kişi sakinlərin böyük hissəsinin məğlub edildiyi, qadınların əsir alındığı və xanın özünün öldürüldüyü şəhəri talan etməsinə və dağıtmasına mane ola bilmədi.[43]
4 yanvar tarixində şəhərin əsas məscidi artıq kilsəyə çevrilmişdi.[47][56]
Ailəsi
Cavad xanın iki əsas arvadı var idi:[57]
- Şükufə Xanım (evlilik tarixi. 1780 - ö.1812)
- Uğurlu xan (1781-?) — qısamüddətli Gəncə xanı olmuşdur. Bu Gəncə döyüşünə qədər davam etmişdir. 1801-ci ildə Şərəf Cahan Bəyimlə evlənmişdir. Şərəf Cahan Bəyim Gəncə xanı Məhəmməd xanın qızı idi. Bu evlilikdən Məmmədqulu xan, Cavad xan adlı oğlu, Bədircahan bəyim, Böyük bəyim, Nazənin bəyim, Telli bəyim adlı qızları vardı. Bədircahan Bəyim Qarabağ xanı Mehdiqulu xan ilə evlənmişdir. Beləliklə, Uğurlu xan Xurşidbanu Natəvanın ana tərəfdən babası, Cavad xan isə ulu babasıdır.
- Hüseynqulu xan (1784-1804) - Gəncə döyüşündə vəfat etmişdir. Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla evlənib.
- Şirin Bəyim (d.1794) — 1815-ci ildə Cəfərqulu xan Xoyskinin böyük oğlu Əhməd xanla evlənmişdir.
- Əliqulu xan
- Tuti Bikə
- Xatun Bəyim
- Balaca Bəyim
- Mələk Nisə Bəyim (evlilik tarixi. 1790, ö.1830) — Məhəmmədhüseyn xan Müştaqın qızıdır. Məhəmmədhüseyn xan Şəki xanı olmuşdur.
- Əliqulu xan
- Erməni kökənli kəniz
- Püstə Bəyim - Mirzə Şəfini öz yanında idarə işinə götürmüş, Şəmkir döyüşündən sonra Uğurlu xan tərəfindən Qacar imperiyasına aparılmışdır.
Cavad xanın nəvəsi, Uğurlu xanın qızı və sonuncu Qarabağ xanı Mehdiqulu xanın həyat yoldaşı Bədircahan bəyim tanınmış şairə və ictimai xadim idi. Cavad xanın nəvəsi Kəlbəli xan Müsahib Azərbaycan və fars dillərində gözəl şerlər yazıb. Cavad xanın qardaşı Fətəli bəy Ziyadoğlu Xali Gəncəli tanınmış şair olub. Onun əsasən, Azərbaycan dilində yazılmış divanı indi Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.
Mirası
Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdılır. Lakin, vətənpərvərlər Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayırlar və artıq 1990-cı ilin 27 martında öz əvvəlki yerində torpağa tapşırılır. Xoşbəxtlikdən həmişə elmi axtarışlarda olan Məşədixanım Nemətova arxivdən Cavad xanın qəbirüstü abidəsinin foto-surətini tapır və təcili olaraq, həmin şəkildəki məzarın mərmərdən yonulmuş oxşarı hazırlanır. Onun üzərində gözəl nəstəliq xətti ilə fars dilində aşağıdakı sözlər həkk olunmuşdur:
Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur.
Elə ki, qara torpaq oldu onların məskəni İstər miskin dərviş, istərsə şahi-cahan olsun. Gəncədə bu məqbərəni bina etdi Mərhum, rəhmətlik Cavad xan Kərbəla şəhidlərinin torpağından O astadan çoxlu torpaq gətirib Həmin türbəni malaladı. Öz ölüləri üçün əmin-aman bir ev yaratdı. Allahı tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci ildə (1804-cü il) öldü. Ondan sonra bu məqbərəda dəfn olundular O fatehin nəsli və ailəsi. |
Cavad xan rus qaynaqları tərəfindən inadkar şəxs kimi təsvir edilir. Abbasqulu Bakıxanova görə, "Gəncəli Cavad xanı bacarıqlı və elmsevər bir əmir olmaqla yanaşı, amansız əmir və cəsur bir adam idi".[58] Rus generalı Sergey Tuçkov hesab edirdi ki, Sisianovun həddindən çox qan tökməsi Cavad xanı təslim olmaqdansa ölməyi üstün tutmağa yönəltmişdir.[59] Sisianov İbrahimxəlil xana göndərdiyi məktubda bildirirdi ki, "Cavad xanın qüruru onun ölümünə səbəb oldu, buna görə peşman deyiləm".[60] Cənubi Qafqazda olan və bir müddət rus ordusunda xifmət edən avropalı macəraçı Xuan Van Halen də xatirələrində Cavad xandan bəhs etmişdir.[61]
Cavad xan Azərbaycan müstəqilliyini qazandıqdan sonra millətin tarixi qəhrəmanlarından biri hesab edilir. Cəmil Həsənli Cavad xandan "Azərbaycan diplomatiyasının şanlı ilk səhifələrini dolduran döyüşlərdə qəhrəmanlıq göstərmişdir deyə bəhs edir".[62] Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndəliyinin rəhbəri olan Səməd Seyidov da müsahibəsində Cavad xanı qəhrəman hesab etdiyini bildirmişdir.[63]
Cavad xanın saray memarı olan Kərbəlayi Sadıx məşhur azərbaycanlı şair olan Mirzə Şəfi Vazehin atası olmuşdur. Həmçinin Cavad xanın saray şairi olan Möhsün Nasiri hind nağıl üslubunun Azərbaycan versiyası hesab edilən "Tutinamə"nin müəllifidir.[64]
Cavad xanın soyundan gələn və Şimali Azərbaycan bölgəsində qalan şəxslər Ziyadxanov soyadından istifadə etmişdirlər. Bu soydan gələn İsmayıl xan Ziyadxanov Rusiya imperiyası I Dumasında deputat olmuş, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin ən aktiv şəxslərindən biri olmuşdur. İsmayıl xanın qardaşı Adil xan Ziyadxanov isə Azərbaycan Xalq Cümhuriyyəti XİN rəhbər şəxslərindən biri olmaqla bərabər, 1919-cu ildə Qacar imperiyasına səfir təyin edilmişdir. Cavad xanın Qacar imperiyasına gedən və hal-hazırda orada yaşayan nəvə-nəticələri Cavadxani soyadını daşımaqdadır.[65]
Bakı və Gəncədə Cavad xanın şərəfinə adlandırılmış küçələr vardır. Həmçinin Kiçik Qafqaz dağlarındakı zirvələrdən birinə də onun adı verilmişdir.[lower-alpha 5][67]
Populyar mədəniyyətdə
Cavad xan Sabir Rüstəmxanlı tərəfindən yazılmış "Ölüm Zirvəsi" əsərində əsas obrazdır. Daha sonra Rövşən Almuradlı 2009-cu ildə bu əsər əsasında "Cavad xan" filmini çəkmişdir.[68][69]
Həmçinin bax
Qeydlər
- Knyaz Sisianovun 9 dekabr 1803-cü il tarixli məruzəsi.
- Abbasqulu xan Ziyadoğlu-Qacar Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövründə şah tərəfindən Osmanlı ordusuna və osmanlı Süleyman xana qarşı müharibəyə göndərilərək düşməni məğlub etmişdi. O, Qarabağın, Gəncənin və Kaxetin hakimi olmuşdu.[39]
- Gəz – təqribən 90 sm-ə bərabər olan uzunluq ölçüsü.[40]
- Gəncə qalasının işğalında gürcü yaraqlılar da iştirak edirdi.
- Cavad Xan Zirvəsi hündürlüyü 2000 metrdən çox olan zirvələr içində Gəncəyə ən yaxın olan zirvədir. Cavad Xan Zirvəsinin hündürlüyü 2109 metr təşkil edir. Zirvə Kiçik Qafqazın Pand dağ silsiləsində yerləşir. Bu dağ silsiləsi Murovdağ silsiləsində yerləşən Koroğlu zirvəsindən ayrılır və Kürəkçayla Gəncəçay hövzələrinin suayrıcı rolunu oynayır. Cavad Xan Zirvəsi tarixi Gəncə xanlığının Kürəkbasan nahiyəsində, ənənəvi xan yaylaqlarının ən hündür zirvəsində yerləşir.[66]
Mənbə
İstinadlar
- Bəhməni Qacar, 2020. səh. 27-28
- Bəhməni Qacar, 2020. səh. 33
- Berje, 1875. səh. 905–906
- Babayev, 2003. səh. 22
- Həsənov, 2020. səh. 149
- Babayev, 2003. səh. 33
- Butkov, 1869. səh. 194–195
- Babayev, 2003. səh. 34
- Babayev, 2003. səh. 36
- Daryaee, 2011. səh. 397
- Rayfield, 2013. səh. 255
- Fisher, 1991. səh. 128
- Fisher, 1991. səh. 126
- Tapper, 1991. səh. 122
- Bournoutian, 2021. səh. 17
- Dubrovin, 1886. səh. 60-61
- Bournoutian, 2021. səh. 16
- Akopyan, 2008. səh. 47–52
- Dubrovin, 1886. səh. 184-185
- Bournoutian, 2021. səh. 19
- Zaqareli, 1891. səh. 163
- Butkov, 1869. səh. 430-432
- Bournoutian, 2021. səh. 20
- Fisher, 1991. səh. 329
- Berje, 1866. səh. 177
- Bournoutian, 2021. səh. 32
- Saparov, 2014. səh. 18
- Babayev, 2003. səh. 59
- Butkov, 1869. səh. 504
- Дубровин, 1866. səh. 224
- Дубровин, 1866. səh. 225
- Лапин, 2011. səh. 110
- Bournoutian, 2021. səh. 47
- Bournoutian, 2021. səh. 48
- Daniel, 2012
- Baddeley, 2011. səh. 17
- Potto, 2008. səh. VII bölmə
- Bournoutian, 2021. səh. 49
- Gəncəli Cavad xanın Sisianova yazdığı məktub, 2020. səh. 193
- Gəncəli Cavad xanın Sisianova yazdığı məktub, 2020. səh. 194
- Gəncəli Cavad xanın Sisianova yazdığı məktub, 2020. səh. 193-195
- Kavosi, 1994. səh. 164
- Лапин, 2011. səh. 111
- Swietochowski, 1995. səh. 4
- Бобровский, 1893. səh. 212
- Дубровин, 1866. səh. 232
- Дубровин, 1866. səh. 231
- Дубровин, 1866. səh. 233
- Бобровский, 1893. səh. 213
- Дубровин, 1866. səh. 234
- Бобровский, 1893. səh. 214
- Berje, 1875. səh. 905
- Бабаев, 2003. səh. 104
- Владыкин, 1885. səh. 261
- Харитонов, 2000. səh. 102
- Лапин, 2011. səh. 112
- Həsənov, 2020. səh. 149-150
- Bakikhanov, 2009. səh. 154
- Bournoutian, 2021. səh. 57
- Bournoutian, 2021. səh. 102
- Halen, 1828. səh. 306
- Hasanli, 2015. səh. 306
- Seyidov, 2013. səh. 59
- ""Mirza-Shafi Vazeh (1794-1852)"". literature.aznet.org. 28 yanvar 2002. 22 yanvar 2016 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- Seyyed Sajjad Hosseini. "Review of the works of the first ambassador of Azerbaijan to Iran". ww.localhistory.ir. 2013. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2022.
- "Cavad xan Zirvəsi". www.cavadxan.org. 5 iyul. 17 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2022.
- "Hiking along the Chiragli – Javadkhan peak trail". Azerbaijani Travel. 2017. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2022.
- Nazrin Gadimova. "Movie on Azerbaijan's Javad Khan screened in New York". www.azernews.az. 12 fevral 2014. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2022.
- ""Özünə hörmət edən rejissor dəyərsiz əsər çəkməz": [Rövşən Almuradlı ilə "Cavad xan" filmi haqqında]". Mövqe. 2008.- 9-11 avqust. (#accessdate_missing_url)
Ədəbiyyat
- Дж.М.Мустафаев. Северные ханства Азербайджана и Россия: конец XVIII-начало XIX в. — Елм, 1989. — С. 33.
- К.В.Рыжов. Все монархи мира. Мусульманский Восток XV—XX вв. — Вече, 2004. — С. 174. — ISBN 5-9533-0384-X, ББК 63.3(5) P93.
- Məhəmmədəli Bəhməni Qacar. "Cavad xan Ziyadoğlu-Qacarın əcdadları və sələfləri" in Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli. Gəncə: Elm. Fuad Əliyev. 2020. 27–36. ISBN 5-8066-1638-4.
- Adolf Berje. Акты, собранные Кавказской археографической комиссией [Qafqaz Arxeoqrafik Komissiyası tərəfindən toplanmış aktlar]. 6. Tbilisi. 1875.
- Elgun Babayev. Из истории Гянджинского ханства (PDF). Bakı: Nurlan. 2003.
- Pyotr Grigoriyevich Butkov. Материалы для новой истории Кавказа, с 1722 по 1803 год [Qafqazın yeni tarixinin materialları, 1722-ci ildən 1803-cü ilə qədər.]. II. Tiflis: Enfyandjyants and Co. 1869.
- Touraj Daryaee. The Oxford Handbook of Iranian History. Oxford University Press. 2011. ISBN 978-0-19-987575-7.
- Donald Rayfield. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2013. ISBN 1780230702.
- William Bayne Fisher. The Cambridge History of Iran. VII. Cambridge: Cambridge University Press. 1991.
- Richard Tapper. Frontier nomads of Iran : a political and social history of the Shahsevan. New York, NY, USA: Cambridge University Press. 1997. ISBN 0-585-03973-9..
- George Bournoutian. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813. Brill. 2021. ISBN 978-9004445154.
- Nikolai Fyodorovich Dubrovin. От вторжения персов до учреждения русского правления в Грузии 1802 г. Saint Petersburg. 1886.
- Alexander V. Akopyan. Ganja Coins of Georgian Types, AH 1200–1205 (PDF). Journal of the Oriental Numismatic Society. 2008. 47–52.
- Alexander Zaqareli. Грамоты и другие исторические документы XVIII столетия, относящиеся к Грузии [XVIII əsr Gürcüstanı ilə bağlı məktublar və digər tarixi materiallar]. Saint Petersburg. 1891.
- Elton L. Daniel. GOLESTĀN TREATY. iranicaonline.org. 2012.
- Potto Vasily Alekseevich. Caucasian war from ancient times to Ermolova Book One,. Tsentrpoligraf. 2008. ISBN 5952431518.
- Gəncəli Cavad xanın Sisianova yazdığı məktub. Gəncə: Elm. Fuad Əliyev. 2020.
- Arsène Saparov. From Conflict to Autonomy in the Caucasus: The Soviet Union and the Making of Abkhazia, South Ossetia and Nagorno Karabakh. Routledge. Routledge.
- В. В. Лапин. Цицианов. Молодая гвардия. 2011. 978-5-235-03484-6.
- J. F. Baddeley. Завоевание Кавказа русскими. 1720–1860 (PDF). Центрполиграф (Longmans). Л. А. Калашниковой (tərc.). 2011. 352.
- П. О. Бобровский. Исторiя 13-го Лейбъ-Гренадерскаго Эриванскаго Его Величества полка за 250 лѣтъ. III. 1893. 393.
- Tadeusz Swietochowski. Russia and Azerbaijan: A Borderland in Transition. Columbia University Press. 1995. ISBN 0-231-07068-3.
- И. Харитонов. За Царя, за Родину, за веру! Герои и войны российской армии (1695-1918). Moskva: Феникс. 2000. 303.
- Abbas-Kuli-aga Bakikhanov. The Heavenly Rose-garden: A History of Shirvan & Daghestan. Mage Publishers. Willem M. Floor. 2009. ISBN 978-1-933823-27-0.
- Juan Van Halen. Narrative of Don Juan Van Halen's Imprisonment in the Dungeons of the Inquistion at Madrid, and His Escape in 1817 and 1818: To which are Added, His Journey to Russia, His Campaign with the Army of the Caucasus, and His Return to Spain in 1821. Collins and Hannay. 1828.
- Samad Seyidov. Phenomenology of Creativity: History, Paradoxes, Personality. AuthorHouse. 2013. ISBN 978-1-4817-8739-0.
- Jamil Hasanli. Foreign Policy of the Republic of Azerbaijan: The Difficult Road to Western Integration, 1918-1920. Routledge. 2015. ISBN 978-1-317-36617-1.
- Elnur Həsənov. "Cavad xan nəslinə aid epiqrafik abidələr " in Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli. Gəncə: Elm. Fuad Əliyev. 2020. 27–36. ISBN 5-8066-1638-4.