Cavad bəy Cuvarlı

Cuvarlı Cavad bəy Nəcəf bəy oğlu (15 fevral 1886, Cuvarlı, Qaryagin rayonu1963, Bakı) — müəllim, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu (1906).

Cavad bəy Cuvarlinski
Cavad bəy Nəcəf bəy oğlu Cuvarlı
Doğum tarixi
Doğum yeri Cuvarlı, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Mələk xanım

Həyatı

Cavad bəy Cuvarlı 15 fevral 1886-cı ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. Qarğabazar kənd məktəbini bitirmişdi. 1902-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuşdu. 1906-cı ildə bu seminariyanı Məmməd Qocayev, Pənah Qasımov, Məmməd Qarayev, Əli Mustafayev, İbrahim Səfərovla birgə bitirmişdi. 1907-ci ildən 1917-ci ilədək Yelizavetpol quberniyasının Gəncə şəhər altısinifli məktəbində müəllim, 1918-ci ildən Gəncə və Şamaxı qəza xalq məktəblərində inspektor işləmişdi. 1921-ci ildən 1929-cu ilədək maarif komissarlığında inspektor vəzifəsində çalışmışdı.

Vəzifəsi ilə əlaqədar tez-tez kəndlərə getmiş, mədəni-marif işlərinin təşkilinə, xüsusilə qızların təhsil almasına diqqət yetirmişdi. Bununla bağlı o yazırdı: "Hər dəfə məni ən çox məşğul edən qızların təhsilə cəlb olunması idi. Yaxşı yadımdadır, günlərin birində Cəbrayıl qəzasının uzaq kəndlərindən olan Xanlıqdakı məktəbin işini yoxlamağa getmişdim. Sinifdəki uşaqların tərkibinə diqqət yetirdim. Bir nəfər də olsun qız gözümə dəymədi. Təəccüb edib, bu gün qızların nə üçün dərsə gəlmədiyini soruşdum. Məktəbin müdiri kədərli halda içini çəkərək təəccüblü ifadələrlə izah etdi ki, qızlardan heç oxuyan varmı, gələ də. Ara-sıra məktəbə bir-iki qız gəlirdi. Bu yaxınlarda onları da təhsildən ayırmışlar. Qızları oxutdurmaq məsələsində üzümüz qaradır. Burada vəziyyət yaxşı deyil". Cavad Cuvarlı maarif komissarlığına verdiyi hesabatında qızların təhsili sahəsində yerli təşkilatların işini tənqid etmiş, bu sahədə əsaslı tədbir görmək barədə məsələ qaldırmışdır.

O, 1931-ci ilə kimi Bakıda texnikumda, 1931-ci ildən 1933-cü ilə kimi fəhlə təhsili kombinatında işləmişdi. 1933-cü ildə zəngin müəllimlik təcrübəsindən istifadə məqsədilə onu Bakıda açılmış Azərbaycan Dövlət Elmi Tədqiqat Pedoqoji İnstitutuna dəvət etmişlər. О, burada "XIX əsrdə Azərbaycan pedaqogika tarixi üzrə" biblioqrafiya hazırlamış və Azərbaycan məktəblərinin II və III sinifləri üçün rus dilindən dərslik yazmışdır. Yaşlılar üçün "Qırmızı əkinçi" qramatika kitabını tərtib etmiş, əsgərliyə çağrılan gənclər ücün "Vətən uğrunda" dərsliyini hazırlamışdır. Əlifbayaqədərki dövr üçün leksik dərslər üzrə metodiki vəsait düzəltmişdir. Rus dilinin öyrənilməsi metodikasına dair 52 adda 100 çap vərəqi həcmindən çox məqalələr, kitablar yazmışdır. Onun 8–10-cu siniflər üçün "Rus dili" dərsliyi bir neçə illər yenidən nəşr olunmuş və ən yaxşı dərslik kimi istifadə edilmişdir.

1939-cu ildən 1943-cü ilə kimi M. F. Axundov adına Müəllimlər İnstitutunda və 1943-cü ildən ömrünün sonuna kimi V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus dili üzrə baş müəllim vəzifəsində çalışmışdır. Onun elmi-pedaqoji faliyyətinə yüksək qiymət verən rus alimi Katarçevski yazırdı: "Cavad müəllim pedaqoji fəaliyyətə 1907-ci ildən başlayan Azərbaycanın ən qocaman pedaqoqlarından biridir… О, pedaqoji fəaliyyətindən təkcə müəllim kimi deyil, həm də xalq məktəblərinin inspektoru kimi məktəbləri öyrənmiş və zəngin təcrübə toplamışdır…".

Cavad bəy Cuvarlı həm də bir sıra elmi və metodiki əsərlərin müəllifidir. Onun elmi-pedaqoji fəaliyyətinə verilən başqa bir yüksək rəy 1944-cü ildə məşhur dilçi, professor Baqriyə məxsusdur.

Cavad Cuvarlı 1948-ci ildə ali partiya məktəbinin fəlsəfə fakültəsini qurtarmışdı. İkinci Dünya müharibəsi dövründə xalq maarifi sahəsindəki fəaliyyəti ilə əlaqədər "1941–1945-ci illərdəki fədakar əməyinə görə" medalı, fəxri fərmanla və V. İ. Leninin 6 cildlik əsəri ilə təltif edilmişdi. O, müəllimlik fəaliyyəti ilə yanaşı həm də bir sıra ictimai işlər aparmışdır. Keçmiş Yelizavetpol (Gəncə) qəzasının Maarif İşçiləri İttifaqının katibi, Ağamalıoğlu adına Torpaqşünaslıq, Maarif İşçiləri Həmkarlar Təşkilatının sədri olmuşdur.

Ailəsi

Cavad bəy Cuvarlı Hacı Ələkbər bəy Nəsirbəyovun qızı Mələk xanımla ailə qurmuşdu. Soltan xanım adlı qızı vardı.

Musiqişünas Rəşid Şəfəq in xalasının həyat yoldaşı.

Mənbə

  • Əhməd Seyidov. Qori Seminariyası və onun məzunları. Bakı: Maarif, 1988.
  • Ənvər Çingizoğlu. Cuvarlinskilər. "Soy" dərgisi, 5 (25), 2009, səh.17–21.
  • Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 49.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.