Cavad bəy Şıxlinski
Cavad bəy Şıxlinski (3 yanvar 1874, Aşağı Salahlı, Qazax qəzası – 1959, Türkiyə) — Rusiya, Azərbaycan və İran ordusunda xidmət etmiş Cümhuriyyət ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından biri. Müqəddəs Georgi" və "Müqəddəs Vladimir" ordenli. Əliağa Şıxlinskinin qardaşı oğlu, Rüstəm Şıxlinskinin qardaşıdır, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır. İkinci Şıxlı kəndindəndir, Aşağı Salahlı kəndində anadan olub.
Cavad bəy Şıxlinski | |
---|---|
Cavad bəy Məmməd Ağa oğlu Şıxlinski | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 yanvar 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 1959 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya imperiyası AXC İran |
Qoşun növü | artilleriya[d] |
Rütbəsi | general-mayor |
Döyüşlər |
Birinci Dünya Müharibəsi Gəncə Üsyanı |
Təltifləri |
Həyatı və təhsili
Şıxlinski Cavad bəy Məmməd ağa oğlu 3 yanvar 1874-cü ildə Qazax qəzasının Aşağı Salahlı kəndində dünyaya gəlmişdir. Rüstəm bəy Şıxlinskinin qardaşı, general-leytenant Əli ağa Şıxlinskinin qardaşı oğludur. Tiflisdəki zadəganlar üçün kadet korpusuna oxumağa göndərmişdir. Sonra Peterburqda Mixaylov Topçuluq Məktəbindən məzun olmuşdur.
Döyüş yolu
1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri olmuşdur. Azərbaycan Demokratik Cümhuriyyəti (ADR) dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərmişdir. 1918-ci ildə yenicə yaradılan Milli Ordunun 1-ci diviziyasına komandan təyin edilmiş, bu alayın polkovniki kimi 1918-ci ildə Bakını daşnaklardan təmizləməyə gəlmiş xilaskar Türk Ordusunun komandanı Nuru paşa tərəfindən medalla təltif olunmuşdur. 1919-cu ildə 1-ci piyada diviziyanın komandiri təyin olunmuşdur. Bundan əlavə, 1919-cu ilin fevralın 17-də hərbi nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunmuşdur. Zəngəzur və Qarabağda erməni separatçı qüvvələrinə qarşı milli ordumuzun əməliyyatlarında fəal iştirak etmişdir. 1919-cu ildə onun komandanlığı altında nizami ordu hissələri Zəngəzuru ermənilərdən təmizləmişdir. Generalın başçılıq etdiyi 1-ci piyada diviziyası 1919-cu ilin sonlarında Gəncədə yerləşirdi, 3 alaydan və 3 taburdan ibarət idi.
Zəngəzur döyüşləri
İstedadlı hərbi xadim olan Cavad bəy 1919-cu ildə cumhuriyyət hökumətinin qərarı ilə erməni-daşnak terrorçu birləşmələrinin Zəngəzur mahalında həyata keçirdiyi müsəlman qətliamlarına qarşı hərbi əməliyyatın kamandiri təyin olunur. Bu əməliyyata sənədlərdə Zəngəzur ekspedisiyası da deyilir. Həmin il erməni quldur dəstələrinin əməlləri nətisində Zəngəzur mahalında yüzdən çox azərbaycanlı kəndi dağıdılmış talan edilmiş, əhalisinin çoxu isə vəhşiçəsinə qətlə yetirilmişdi. Yerli özünümüdafiə dəstələri mərdliklə vuruşsalarda nizami erməni hərbi hissələrinin qarşısında duruş gətirmək üçün mümkün deyildi. Zəngəzur dəstəsinin tərkibində iki qrup var idi. Birinci dəstədən ibarət qrupa general-mayor Davud bəy Yadigarov, ikinci qrupa isə polkovnik Levestam başçılıq edirdi. Müxtəlif istiqamətlərdə hərkət edən Birinci və sağ və sol dəstələr, Dığ kəndini ələ keçirməli idilər. Bu kəndin ermənilərdən təmizlənməsi strateji əhəmiyyət daşıyırdı. Bu baxımdan Cavad bəy bu Qarabağla, Zəngəzuru birləşdirən yolları ələ keçirmək niyyətində idi. Cavad bəyin göstərişinə əsasən, Birinci dəstə noyabrın 2-də topla Sultankənd, süvarilər isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalı idi. Cavad bəyin hərbi qüvvələrinə Sultan bəy Sultanovun partizan dəstələri də qoşuldu[1]. Hücumun ilk günləri Cavad bəyin qüvvələri Dığ istiqamətində erməniləri geri oturtdu. Dığ kəndi istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğurları ilə başladı. Döyüşçülərimiz xüsusi hazırlanmış döyüş taktikası ilə hərəkət edərək cinahlarda boşluqlara yol vermirdilər. Ermənilərin gözləmədiyi belə bir döyüş taktikası onları çaşbaş salmışdı. Ermənilər döyüşün tempini azaltmaq və Milli Ordunun diqqətini əsas hədəfdən yayındırmaq üçün Zəngəzurdakı türk kəndlərinin dinc əhalisinə divan tutmağa başladılar. Onlar bir gün ərzində Qarıqışlaq kəndi ətrafında 36 nəfər qadın, qoca və uşağı güllələdilər. Meyidləri bir neçə gün ərazidən çıxarmaq mümkün olmadı. Düşmənlərin əsas hədəfi olan Qarıqışlaq kəndi uğurunda şiddətli döyüşlər gedirdi. Tərəflərdən gah biri gah da digəri üstünlüyü ələ alırdı. Bu döyüşdə yerli əhali xüsusi olaraq şücaət göstərirdi. Sultanlar kəndindəki Cavad bəy Şıxlınskinin bölmələri də Qarıqışlaq kəndinin ətrafındakı yollarda və cığırlarda pusqular quraraq ərazini özlərinin nəzarətinə götürmüşdülər. Ona görə də erməni hərbi qüvvələri burada, artıq tələyə düşdüklərini anlayırdılar. Qarıqışlaq cəbhəsindəki vəziyyətin ağırlığını hiss edən erməni hərbi bölmələri, hücuma keçdiklərini Dığ kəndi ətrafındakı erməni hərbi bölmələrinə bildirmək üçün, ələ keçirdikləri bir neçə müsəlman kəndinə gecə yarısı od vurub yandırdılar. Bu, eyni zamanda Dığ cəbhəsindəki erməni hərbi bölmələrinə Zabux kəndi üzərinə hücuma keçmələrinə bir işarə idi. Çünki Dığ ətrafındakı erməni hərbi bölmələri Zabux körpüsü istiqamətində hücuma keçməklə Qarıqışlaq cəbhəsindən diqqəti yayındırmaq istəyirdi. Qarıqışlaq kəndindəki Mardi Ayvazyanın və Eqiş İşxanyanın hərbi bölmələri də plana uyğun olaraq Zabux kəndi istiqamətində hücuma keçdilər. Lakin ermənilər Zeyvə və Sultanlar kəndləri istiqamətlərində azərbaycanlıların güclü müqaviməti ilə qarşılaşdılar, bir neçə saatlıq döyüşdən sonra erməni qüvvələri itki verərək geri oturduldular. Həmin gecə erməni kəşfiyyatı, Qarıqışlaq kəndindəki bölmələrinə Gorus, Sisian rayonları istiqamətində olan hətta bütün dağ yolları və cığırları azərbaycanlıların nəzarəti altında olduğu xəbərini gətirdi. Çox sonralar həmin döyüş barəsində erməni tarixçisi Z.Şahnazarov xatirələrində həm öz vəhşiliklərindən həm də qaçdıqlarından dolayısıyla yazırdı:
Biz Qarıqışlaq kəndindən çıxarkən, əhaliyə məxsus bütün əmlakı özümüzlə götürdük, kənddə bir pişik belə qalmadı, evlərə od vurub oradan çıxdıq. Ətraf kəndlərdən topladığımız atlardan nəqliyyat vasitəsi kimi istifadə etdik. Əldə etdiyimiz bütün əmlakı itki vermədən özümüzlə əvvəlcə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə gətirdik. |
Lakin Azərbaycan milli ordusunun hərəkəti üçün ərazidə münasib yolların və istehkamların olmaması da problemlər yaradırdı. Eyni zamanda döyüş bölgəsindəki körpülərin və yolların çoxunun düşmən qüvvələri tərəfindən dağıdılması Azərbaycanın qoşun bölmələrinin hücumlarını ləngidirdi. Ona görə də noyabırın 3-dən 7-dək Dığ üzərinə yeriyən Azərbaycan Xalq Cumhuriyyəti ordusunun qoşun bölmələri qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyərək yeni hücumlara hazırlaşmaq üçün ilkin mövqelərinə qayıtmağa məcbur oldular. General C.Şıxlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyüş tapşırığını uğurla başa çatdırmaq Zəngəzuru tamamilə erməni silahlılarından xilas etmək mümkündür. Lakin həmin əməliyyatda Cavad bəyə istənilən hərbi yardım gəlmədi. Bu məsələ Ermənistan-Azərbaycan hökumətləri arasında sülh danışıqları yolu ilə həllini tapacağı üçün hücumun davam etdirilməsi dayandırıldı. Əslində isə erməniər Zəngəzurda ciddi zərbələr aldığından erməni Ararat hökuməti danışıqlara əl atır.
Gəncə üsyanı
1920-ci ilin aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi Gəncədə böyük üsyanın başlanmasına səbəb oldu. Üsyanın əsas təşkilatçıları arasında Cavad bəy də var idi. Gəncə üsyanından bir neçə gün əvvəl bolşeviklər tərəfindən tutduğu vəzifədən azad edilsə də, üsyan zamanı Milli Ordumuzun bolşevik qüvvələri tərəfindən dağıdılmış artilleriya qurğularının bərpası və artilleriyaçılar üzərində ümumi nəzarət ona həvalə olunub. O, hərbi dəniz komissarı Çingiz İldırım və Azərbaycan bolşevik ordusunun müvəqqəti qərargah rəisi, general Əbdülhəmid Qaytabaşının hərbi əməliyyatlar zamanı XI Qızıl Ordunun komandanlığına tabe olmaq haqqında əmrlərini yerinə yetirməkdən boyun qaçırmış və Gəncə üsyanını davam etdirmişdir. Gəncə üsyanı mayın 25-dən, iyunun 4-dək davam edib və üsyan nəticəsində mindən çox bolşevik əsgəri əsir götürülmüş və öldürülmüşdür. Üsyan öz miqyasına və hər iki tərəfdən olan itkilərinə görə Azərbaycanda olan ən böyük silahlı xalq dirənişi hesab olunur. 3 iyun 1920-ci il Xalq Komissarları Daxili İşlər şöbəsinin Bakıya göndərdiyi raportda yazılırdı:
18 mayda fövqəladə komissar Həmid Sultanov 6 təlimatçı ilə birgə Gəncəyə gəlib. 25 may, gecə saat 3-də bir artyilleriya atəşindən sonra üsyan başlanıb. Səhər saat 5-də İnqilab Komitəsinin təlimatçıları və dövlət işçiləri küçəyə çıxdıqda tutulub həbsxanaya doldurulmuşlar. Həmin vaxt şəhərdə şiddətli mübarizə gedirmiş. Üsyançıların ön sıralarında general Şıxlinski, polkovnik Kazımbəyov, Şahzadə Məmməd Mirzə Qacar, Xoyski qardaşları, tanınmış Qəmbər və Ələkbər və III Gəncə alayının əsgərləri dururdular[2]. |
Tofiq Bağırovun "Gəncə: qiyammı, üsyanmı" məqaləsində Cavad bəy barədə yazılıb:
Üsyanın məğlub olmasından bir neçə saat əvvəl Cavad bəy artilleriya atəşindən ağır yaralanmış və atlı dəstənin müşayiətilə doğma kəndi Salahlıya aparılmışdır. Kənddə qalmaq qorxulu olduğundan yaxın qohumu Mədət bəy Alqanov tərəfindən gizlicə Qarayazı meşəsinə sonra Tiflisə aparılıb. Gürcüstandan Türkiyəyə mühacirət edən Cavad bəyi həmyerlilərimiz ehtiramla qarşılamış, İstanbulda yaşadığı dövrlərdə böyük nüfuz sahibi olmuşdur[3]. |
Gəncə üsyanı amansızcasına yatırıldıqdan sonra yaralanan Cavad bəy gizlicə Tiflisə qaçırılır. Əslində, üsyan barədə qeyri-millətlərin ifadələrinə diqqət yetirdikdə nə qədər əzmkar mübarizə aparıldığının və bolşeviklərə ciddi zərbələr vurulduğunun şahidi olarıq. Həmin beynəlxalq aləmin, böyük dövlətlərin Gəncə üsyanına, ümumiyyətlə Azərbaycanda baş verən silahlı müqavimətə dəstək verə bilməmələri ucbatından köməksiz və qeyri-bərabər döyüş vəziyyətinə düşən qəhrəmanlarımızın planları baş tutmasa da böyük mübarizə səhifələri yaza bilirlər.
Mükafatları
Birinci Dünya Müharibəsində tatar polkunun tərkibində vuruşmuş, müxtəlif vaxtlarda "Müqəddəs Georgi", Müqəddəs Vladimir, Müqəddəs Anna, Müqəddəs Stanislav ordenlərinin müxtəlif dərəcələri ilə təltif edilmişdir.
Ailəsi
Evlənib iki oğlu — Çingiz, Nazir və Göhvər adında qızı var.
- General Əliağa Şıxlinskinin qardaşı oğludur.
- Rüstəm Şıxlinskinin qardaşıdır.
- Qafqazın müftisi olmuş Mirzə Hüseyn Qayıbzadənin nəvəsidir
- Yazıçı İsmayıl Şıxlının dayısıdır
Mühacirəti və ölümü
Üsyan yatırıldıqdan sonra Tiflisə, oradan da İrana keçməklə mühacir həyatına başlamışdır. Bir müddət yüksək hərbi peşəkarlıq qabiliyyətinə görə İranda Ərdəbil qarnizonunun komandanı vəzifəsinə təyin olunmuşdur. Bir müddət İranda qaldıqdan sonra bolşeviklərin təqibləri davam etdiyindən və İranda qalmaq bu baxımdan təhlükəli olduğundan (həmin vaxt İran yarımmüstəqil idi) sonralar Türkiyəyə köç edərək, ömrünün sonlarınadək orada yaşamış və 1959-cu ildə 84 yaşında Türkiyədə dünyasını dəyişmişdir.
Həmçinin bax
Ədəbiyyat
- Süleymanov M. Azərbaycan ordusu (1918–1920), Bakı 1998:
- Nəzirli Ş. Cümhuriyyət generalları, Bakı 1995.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 459
- X. Bayramov, “Gəncə üsyanı”, Bakı, 2010, s.93;
- Bağırov T. “ Gəncə: üsyanmı, qiyammı” “Ayna” qəzeti, 20. IX.1997-ci il sayı.