Orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir[1]. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz).[2] Biologiyanın əsas predmetidir.
Orqan
Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Yüksək orqanizmlərdə hər bir orqanda qan damarları və sinirlər vardır. Quruluşuna, vəzifəsinə və inkişafına görə bir-birinə oxşar orqanların məcmusuna orqanlar sistemi deyilir. Ümumi funksiyanı birgə yerinə yetirən müxtəlif quruluşa və inkişafa malik ayrı-ayrı orqanların və ya orqanlar sisteminin məcmusu aparat adlanır.
İnsan orqanizmi aşağıdakı sistem və aparatlardan ibarətdir: istinad-hərəkət aparatı, qan sistemi, ürək-damar sistemi, tənəffüs sistemi, həzm sistemi, sidik-cinsiyyət sistemi, daxili sekresiya vəziləri (endokrin sistemi), duyğu orqanları sistemi, sinir sistemi.
Hüceyrələrin kimyəvi tərkibi
Dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlər, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlər hesab olunur.
Element | Canlı orqanizmlərdə, % | Yer qabığında, % | Dəniz suyunda, % |
---|---|---|---|
Oksigen | 65–75 | 49,2 | 85,8 |
Karbon | 15–18 | 0,4 | 0,0035 |
Azot | 1,5–3,0 | 0,04 | 0,37 |
Fosfor | 0,2–1,0 | 0,1 | 0,003 |
Dəmir | 0,01–0,015 | 4,2 | 0,00015 |
Xlor | 0,05–0,10 | 0,2 | 0,06 |
Hüceyrənin qeyri-üzvi birləşmələri
Hüceyrənin qeyri-üzvi birləşmələrinə su və mineral duzlar aiddir. Su — hüceyrənin tərkibində ən çox olan maddədir. Onun hüceyrədə miqdarı orqanizmin növündən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional fəaliyyətindən asılı olaraq müxtəlifdir. Məsələn, su insanın sümük toxumasının 20%-ni, baş beyinin hüceyrələrinin 85%-ni təşkil edir.
Hüceyrənin üzvi birləşmələri
Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yağlar, karbohidratlar, nuklein turşuları, ATF və vitaminlər aiddir. Orqanizmdə üzvi birləşmələr bəzən kiçik, bəzən isə iri molekul, polimer şəklində olur. Biopolimerlər. Polimerlər kiçikmolekullu birləşmələrdən — monomerlərdən əmələ gəlir. Əgər polimeri uzun bir zəncir kimi təsəvvür etsək, onun çoxlu sayda təkrar olunan hər bir halqası monomerlərə uyğun gələcək. Bəzi polimerlər eyni növ, digərləri isə müxtəlif növ monomer halqalarından təşkil olunur. Canlı orqanizmin tərkibinə daxil olan polimerlər biopolimerlər adlanır. Onlar bütün canlıların hüceyrələrinin əsas hissəsini təşkil edir. Hüceyrənin əsas üzvi birləşmələrindən biri-karbohidratlardır. Bu birləşmələrin tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə (monosaxaridlər və disaxaridlər) və mürəkkəb (polisaxaridlər) quruluşda olur. Zülallar mürəkkəb üzvi birləşmələr, biopolimerlərdir. Onların monomerləri aminturşulardır.
Təbiətdə 150-dən çox aminturşu növü olsa da, onlardan yalnız 20 növü zülalların tərkibinə daxildir. Aminturşular karboksil (- COOH) və amin qruplarının olmasına görə (- NH2) bir-birinə oxşasalar da, onlarda həm də oxşar olmayan radikallar vardır. Aminturşuların ümumi formulu belədir:
Zülalların xassələri
Canlı orqanizmlərdə rast gəlinən albumin (yumurta zülalı), mədəaltı vəzinin hormonu olan insulin, həzm prosesində iştirak edən tripsin və ağız suyunda olan lizosim fermentləri zülallara aiddir. Onlar müəyyən xüsusiyyətlərə malik olub hüceyrədə müxtəlif funksiyaları yerinə yetirir. Bir çox fiziki və kimyəvi amillərin (spirtin, turşuların, qələvilərin, yüksək temperaturun, radiasiyanın və s.) təsirindən zülal molekulunun quruluşu pozulur və spiral açılmağa başlayır. Zülalların təbii quruluşunun bu cür dəyişməsi prosesi denaturasiya (lat. "de" — yoxluq, aradan qaldırmaq,"natura" — təbii) adlanır. Denaturasiya dönər və ya dönməz ola bilər.
Denaturasiya zamanı əvvəl dördüncülü, sonra üçüncülü, daha sonra ikincili quruluş pozulur. Əgər müəyyən təsirdən birincili (ilkin) quruluş da pozularsa, denaturasiya dönməz olar. Məsələn, yumurta zülalı 60–70 °C-də denaturasiyaya uğrayır. Birincili quruluş pozulmadıqda isə zülal molekulu yenə də burularaq əvvəlki təbii vəziyyətini və xüsusiyyətlərini ala bilir və bu, dönər denaturasiya və ya renaturasiya adlanır. Buradan belə nəticə çıxır ki, zülal molekulunun bütün quruluş və funksiyaları onun ilkin quruluşu ilə müəyyən olunur.
Zülalların funksiyaları
Bir çox zülallar hüceyrədə bioloji katalizator rolunu oynayaraq kimyəvi reaksiyaları sürətləndirir və burada baş verən proseslərin tənzimlənməsində iştirak edir. Belə zülallar fermentlər adlandırılır.
Nukliein turşuları
Nuklein (lat. "nukleus" — nüvə) turşuları ilk dəfə hüceyrənin nüvəsində tapıldığı üçün bu cür adlandırılmışdır. Lakin sonralar onların mitoxondri, plastidlər kimi orqanoidlərdə də mövcudluğu məlum olmuşdur. Nuklein turşuları — irimolekullu təbii üzvi maddələrdir. Bu molekullar canlı orqanizmlərdə irsi məlumatın saxlanılmasını və nəslə ötürülməsini təmin edir. Öz quruluşuna görə nuklein turşuları biopolimerlərdir. Onların monomer halqası nukleotidlərdir. Hər nukleotid azotlu əsasdan, karbohidratdan, ortofosfat turşusu qalığından ibarətdir. Hüceyrədə iki növ nuklein turşuları — dezoksiribonuklein (DNT) və ribonuklein (RNT) turşuları olur.
İstinadlar
- https://en.oxforddictionaries.com/definition/organism%5B%5D
- Babayev et al, Biologiya Lüğəti, 2011