Candaroğlu İsmayıl bəy
Candaroğlu İsmayıl bəy (1420 – 1479, Plovdiv) — 10. Candaroğulları bəyi.[1][2][3]
İsmayıl bəy | |
---|---|
Əvvəlki | II İbrahim bəy |
Sonrakı | Qızıl Əhməd bəy |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1420 |
Vəfat tarixi | 1479 |
Vəfat yeri | |
Atası | II İbrahim bəy |
Həyat yoldaşı | Xədicə Sultan (II Muradın qızı) |
Uşaqları |
Əbdülcəlil bəy Sultanzadə Yəhya bəy Sultanzadə Həsən bəy |
Həyatı
Atası Candaroğlu II İbrahim bəydir. Atası Çələbi Mehmedin qızlarından Səlcuq Xatunla evli olsa da, İsmayıl bəy onun başqa xanımdan doğulan oğludur. Hələ atasının sağlığında ikən 1440-cı ildə Sultan Muradın qızlarından Xədicə Sultanla (d. 1425) evləndirildi. Eyni mərasimdə əmisi Qasım bəyin oğlu Sultanzadə Qaya bəy (d. 1424 - ö. 1472) də sultanın digər qızı Hafsa Sultanla (d. 1426) evləndirildi.
Atasının 3 illik qısa səltənəti və ölümünün ardından 1443-cü ildə bəyliyi ələ aldı. Kəmaləddin ünvanıyla anılan İsmayıl bəy dönəmində yenidən taxt mübarizəsi başladı. Belə ki, kiçik qardaşı Qızıl Əhməd bəy Osmanlılara sığınaraq dəstək istəmiş, buna baxmayaraq yalnız Bolu sancağını ala bilmişdir. Bu səbəblə İsmayıl bəy 1444-cü ildə Sultan Murada elçi və hədiyyələr göndərərək Osmanlılarla ittifaqını yenilədi. Ancaq II Mehmedin, həmin il baş tutan ilk cülusunun ardından bu sülh siyasətini dəstəkləmədiyi görüldü. Cəmi 2 il sonra Sultan Muradın hakimiyyəti ələ almasıyla Osmanlı-Candaroğlu münasibətləri yenidən yaxşılaşdı. 1450-ci ildə Dulqədiroğlu Süleyman bəyin qızıyla evlənən Mehmed Çələbinin toy mərasiminə qatılan İsmayıl bəy, beləcə gələcək sultanla münasibətləri yaxşılaşdırdı. Belə ki, onun ertəsi il taxta çıxmasının ardından bu dostluq münasibəti davam etdi. Hətta 1453-cü ildə baş tutan Konstantinopol mühasirəsinə hərbi dəstək göndərmiş, bəzi mənbələrə görə, döyüşdə şəxsən iştirak etmişdir.
Ancaq Konstantinopolun fəthindən sonra Fateh Sultan Mehmedin Anadolu birliyini təmin etmə siyasətindən Candaroğulları da öz payını aldı. İsmayıl bəy müttəfiq axtarışına başladı və Trabzon imperatorunun vasitəçiliyi ilə Avropadakı xristian dövlətlərdən yardım tələb etdi. Belə ki, 1460-cı ildə Romaya göndərilən elçilər arasında İsmayıl bəyin də elçiləri yer alırdı. Digər tərəfdən Trabzon imperatoru, Ağqoyunlu sultanı Uzun Həsən və Qaramanoğullarıyla Osmanlılar əleyhinə yeni bir ittifaq qurmaq istəsə də, Fateh Sultan Mehmedin ertəsi il Kastamonunu, ardından Sinopu ələ keçirməsiylə bu ittifaq baş tutmadı. Ələ keçirilən İsmayıl bəy bağışlandı və Bursa yaxınlığındakı Yenişəhər və Yarhisar mülklərini iqta olaraq aldı. Bundan başqa oğlu Həsən bəy də Bolu sancaqbəyliyinə təyin edildi. Qardaşı Qızıl Əhməd bəy isə Moreya sancaqbəyi təyin edildi. Ancaq qardaşının buna etiraz edərək Uzun Həsənə sığınması səbəbilə 2 qardaşın Anadoluda qalması münasib görülməmiş, bu bəhanə edilərək İsmayıl bəy Plovdivə göndərilmişdir. 1479-cu ildə burada vəfat edən İsmayıl bəy burada inşa etdirdiyi İbn Qasım məscidindəki türbəyə dəfn edildi. Ancaq bu məscid Birinci Dünya Müharibəsi illərində bolqarlar tərəfindən dağıdıldı.
İsmayıl bəy dönəmində elm və incəsənət sahələrində mühüm irəliləyiş müşahidə olunmuşdur.
Ailəsi
Hələ atasının sağlığında ikən 1440-cı ildə Sultan Muradın qızlarından Xədicə Sultanla evləndirilmişdir. Bu nigahdan iki oğlu dünyaya gəlmişdir.
- Sultanzadə Həsən bəy — Fateh Sultan Mehmedin qızı Ayşə Sultanla evləndirilmişdir. 1461-ci ildə Bolu sancaqbəyi təyin edilmişdir.
- Sultanzadə Yəhya bəy
- Əbdülcəlil bəy
İstinadlar
- Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751600806
- Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751624574
- Afyoncu, Erhan; Yılmaz, Coşkun (2015). Fetih Ruznamesi. Düşten Fethe İstanbul. Üsküdar Belediyesi Başkanlığı. s. 83. ISBN 9786058493469