Camaləddin Məhəmmədov
Camaləddin Məhəmmədov (14 mart 1989, Çaroda rayonu, Dağıstan MSSR) — 2007-2008-ci illərdə Rusiyanı, 2009-2021-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçisi.[1]
Camaləddin Məhəmmədov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Camaləddin Məhəmmədov |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | 14 mart 1989 (35 yaş) |
Doğum yeri | |
Boyu | 190 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1999—2021 |
Məşqçisi | Ənvər Məhəmmədhacıyev |
Karyerası
Camaləddin Məhəmmədov 2007-ci ildə Serbiyanın Belqrad şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] 2008-ci ildə isə Camaləddin Məhəmmədov Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu.[2] Bu turnir zamanı Azərbaycan Güləş Federasiyası Camaləddin Məhəmmədovu Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin dönəmdə Rusiya yığmasının bir nömrəsi son Dünya Çempionatının qalibi Bilyal Maxov olduğuna görə Camaləddin Məhəmmədov yığmada əsas heyət üzvü olmayacağını başa düşdü və Azərbaycan Güləş Federasiyasının dəvətini qəbul elədi.[2]
Camaləddin Məhəmmədov Azərbaycan bayrağı altında 2009-cu ildə Tbilisidə gənclər arasında Avropa Çempionatının qalibi oldu, İstanbulda isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.[2] 2010-cu il ərzində Qızıl Qran-Pri beynəlxalq turnirinin finalçısı olan Camaləddin Məhəmmədov 2011-ci ildə Dortmund şəhərində Avropa Çempionatının və İstanbul şəhərində Dünya Çempionatının bürünc medallarına sahib oldu.[2] Camaləddin Məhəmmədov həm də olimpiya lisenziyasını əldə elədi.[2]
2012-ci ildə Camaləddin Məhəmmədov Serbiyanın Belqrad şəhərində Avropa Çempionatında uğursuz çıxış elədi və turniri 11-ci pillədə başa vurdu.[2] Avqustda isə Camaləddin Məhəmmədov Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi[2]. Camaləddin Məhəmmədov olimpiadanın təsnifat mərhələsində üç dəfə Dünya Çempionatının qalibi olan Rusiya nümayəndəsi Bilal Maxov ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Camaləddin Məhəmmədov rəqibinə 0:2 (1:0, 0:4) hesabı ilə məğlub oldu.[3] Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Camaləddin Məhəmmədov təsəlliverici qrupda da mübarizə apara bilmədi və olimpiadanı 14-cü pillədə başa vurdu.[3]
Olimpiadadan sonra Camaləddin Məhəmmədov 2013-cü ildə əvvəl İstanbulda Yaşar Doğu beynəlxalq turnirində, sonra isə Tbilisidə Avropa Çempionatında bürünc medala sahib oldu.[2] İyulda Rusiya Federasiyasının Kazan şəhərində Universiada Oyunlarını yeddinci pillədə başa vuran Camaləddin Məhəmmədov Poland Open beynəlxalq turnirinin qalibi, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə bürünc medalına sahib olsa da, Budapeşt şəhərində (Macarıstan) Dünya Çempionatında uğursuz çıxış elədi və turniri 8-ci pillədə başa vurdu.[2]
2014-cü ild Camaləddin Məhəmmədov üçün uğursuz oldu.[2] İlin əvvəlində Bolqarıstanda D. Kolov - N. Petrov beynəlxalq turnirinin qalibi olsa da, apreldə Finlandiyada Avropa Çempionatında uğursuz çıxış elədi və turniri yeddinci pillədə başa vurdu.[2] Bundan sonra Camaləddin Məhəmmədov bir müddət zədə səbəbilə beynəlxalq turnirlərdə çıxış edə bilmədi.[2]
Zədədən sonra Camaləddin Məhəmmədov 2015-ci ilin yanvarında Fransanın Paris şəhərində Fransa Qran-Prisinin gümüş medalına sahib oldu.[2] İyunda isə Camaləddin Məhəmmədov Azərbaycanda baş tutan Avropa Oyunlarında mübarizə apardı.[2] Nəticədə Camaləddin Məhəmmədov turniri bürünc medalla başa vurdu.[2]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Camaləddin Hacıyeviç Məhəmmədov "Tərəqqi" medalı ilə təltif edildi.[4]
Avropa Oyunlarından sonra Camaləddin Məhəmmədov Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Camaləddin Məhəmmədov həlledici görüşdə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.[2] Həm də olimpiya lisenziyası əldə edən Camaləddin Məhəmmədov ilin sonunda Qızıl Qran-Pri beynəlxalq turnirini də gümüş medalla başa vurdu.[2]
2016-cı ilin əvvəlində Camaləddin Məhəmmədov İstanbulda Yaşar Doğu beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[2] Martda Latviyada Avropa Çempionatını 8-ci pillədə başa vuran Camaləddin Məhəmmədov olimpiadadan əvvəl iyunda Almanya Qran-Prisinin qalibi oldu.[2] Avqustda isə Camaləddin Məhəmmədov Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] 125 Kq. turnirində mübarizə aparan son Dünya Çempionatının finalçısı Camaləddin Məhəmmədov olimpiada da uğursuz çıxış elədi.[2] Olimpiadanın 1/8 final mərhələsində Camaləddin Məhəmmədov ABŞ nümayəndəsi Tervel Dlaqnev ilə üz-üzə gəldi.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Camaləddin Məhəmmədov rəqibinə 5:6 hesabı ilə məğlub oldu.[2] Rəqib final görüşünə vəsiqə qazanmadığına görə Camaləddin Məhəmmədov təsəlliverici qrupda mübarizə apara bilmədi və olimpiadanı 12-ci pillədə başa vurdu.[2] Camaləddin Məhəmmədovun görüş zamanı zədəli olması onun uğursuz çıxışının əsas səbəbi idi.
2017-ci il ərzində Camaləddin Məhəmmədov Serbiyada Avropa Çempionatının gümüş medalına, Azərbaycanda isə İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.[2] 2018-ci il ərzində Camaləddin Məhəmmədov Rusiyada Avropa Çempionatı bürünc medalla, Belarusda isə A. Medved beynəlxalq turnirini qızıl medalla başa vursa da ilin əsas turniri olan Dünya Çempionatında uğursuz çıxış elədi.[2]
Camaləddin Məhəmmədov 2019-cu ildə Belarusda Avropa Oyunlarının bürünc medalına sahib oldu, Qazaxıstanda isə Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[2] Karyerasında tədricədən zəifləmələr müşahidə olunan Camaləddin Məhəmmədov 2020-ci ildə Yaşar Doğu beynəlxalq turnirinin qalibi oldu və İtaliyada Avropa Çempionatını bürünc medalla başa vurdu.[2] COVID-19 pandemiyasına görə bir müddət beynəlxalq turnirlərin baş tutmamasından sonra Camaləddin Məhəmmədov 2021-ci ilin martında Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirində çıxış elədi.[2] Həmin turniri üçüncü pillədə başa vuran Camaləddin Məhəmmədov olimpiya lisenziyasını əldə edə bilmədi.[2] Elə həmin il Camaləddin Məhəmmədov idmanla vidalaşdı.[2]
Nəticələri
|
|
İstinadlar
- Olympedia.org. "Camaləddin MƏHƏMMƏDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- International Wrestling Database. "JAMALADDIN MAGOMEDOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- Olympedia.org. "2012 Summer Olympics / Wrestling / Super-Heavyweight (120 Kilograms) / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.