Cahangir bəy Novruzov

Cahangir bəy Novruzov və ya Cahangir Bərkər (1894, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası17 iyul 1958, Bornova, Türkiyə) — Azərbaycan Cümhuriyyətinin kapitanı, Türkiyə Silahlı Qüvvələrinin briqada generalı.

Cahngir Bərkər
Cahangir bəy Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası
Vəfat tarixi
Vəfat yeri Bornova, İzmir, Türkiyə
Dəfn yeri Bornova qəbiristanlığı
Dəfn tarixi 1985
Həyat yoldaşı Vasfiyə Bərkər
Uşaqları Güngör, Günaç, Aynur
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Cümhuriyyəti (1918-1920)
Türkiyə Türkiyə (1920-1953)
Qoşun növü Azərbaycan Cümhuriyyəti Quru Qoşunları
Türkiyə Quru Qoşunları
Xidmət illəri 1918-1953
Rütbəsi Tuğgeneral
Döyüşlər Bakı döyüşü (1918)
Qarabağ və Zəngəzur döyüşləri (1918-1920)
Əsgəran döyüşü (1920)
Gəncə üsyanı (1920)
Qarabağ üsyanı (1920)
Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923)
Şeyx Səid üsyanı (1925)
Təltifləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı, Qarabağ və Zəngəzur döyüşlərində, GəncəQarabağ üsyanlarında, iştirak edib.

Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 33 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.

Həyatı və təhsili

Cahangir bəy Novruzov 1894-cü ildə, Bakıda hərbçi ailəsində anadan olub[1]. Tiflis hərbi məktəbində təhsil alıb. Təhsil aldığı dövrdə Sultan Məcid Qənizadə, Məmməd Əmin RəsulzadəFətəli xan Xoyski ilə tanış olub. 1918-ci ilin aprel ayında həbs olunub. Sonradan azərbaycanlı milli fəalların köməkliyi ilə həbsdən azad edilərək Gəncəyə göndərilib[2].

Hərbi xidmət

I Dünya Müharibəsində

18 yaşında ikən I Dünya Müharibəsində leytenant rütbəsi ilə draqun alayının süvari bölüyündə xidmət edib[3].

Azərbaycan Cümhuriyyətində

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra, qardaşları polkovnik Teymur bəy Novruzov, polkovnik Kazım bəy Novruzov və əmisi oğlu mayor Rüstəm bəy Novruzovla birgə Cümhuriyyət ordusuna qatılıblar. Əlahiddə Azərbaycan korpusunun tərkibində Qafqaz İslam Ordusuyla birgə, iyun ayının ortalarından sentyabrın 15-nə qədər zəfərlə başa çatan Bakı yürüşündə eləcə də Bakı döyüşündə iştirak edib[4].

1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra[5] 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb[6]. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi[7]. Baş-leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyası I Azərbaycan diviziyasının tərkibinə daxil idi. Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçib. Cahangir bəyin Topçu batareyasıyla birgə I Azərbaycan diviziyasının digər topçu batareyalarının davamlı atəşindən sonra Əyri kəndi ətrafında olan düşmən qüvvələri qaçıb dağılıblar. 1918-ci oktyabrın 8-də Şuşa şəhəri bütünlüklə erməni–daşnak qüvvələrindən təmizlənir və Qafqaz İslam Ordusu Şuşaya daxil olur [8].

1918-ci ilin oktyabr ayından etibarən komandiri olduğu topçu batareyası ilə QarabağdaZəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə iştirak edir, bölgədə asayişin bərqərar olmasında böyük xidmətlər göstərir və xidmətinə görə "kapitan" rütbəsi ilə təltif olunur[9].

1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar[10]. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Cahangir bəy Novruzovun da topçu batareyası ilə döyüşlərdə iştirak edir. Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir[11].

Gəncə və Qarabağ üsyanı

Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında I piyada diviziyasının tərkibində Azərbaycan ordusunun digər bölmələri və könüllü dəstələrlə birgə iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşərək QaryaginCəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar[12].

Türkiyədə

Türkiyənin prezidenti İsmət İnönünün 1950-ci ildə İzmirə səfəri. Soldan birinci Cahangir Bərkərr, sağdan ikinci həyat yoldaşı Vasfiyə xanım.

Qurtuluş Savaşı

Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər[13]. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatıblar[14] Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur. Cahangir bəy Novruzov da 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub[15].

1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında iştirak edib. Sarıqamışın, Qarsın, Gümrünün geri alınması uğrunda gedən döyüşlərə qatılıb[16]. Qars yönündə gedən döyüşlərin birində ağzından qəlpə yarası alıb. Şərq hərəkatından sonra, top batareyası ilə Qərb cəbhəsinə göndərilir.[17] Qarsın Benliahmet kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə düşmən təyyarələrini müharibə meydanından qovması ilə xüsusi fərqlənib[18]. İzmirin yunan işğalından azad edilməsi ilə nəticələnən döyüşlərdə iştirak edib. 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib[19].

Sonrakı xidməti

1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib[19].

1928-ci ildə təhsilini artırmaq üçün Hərbi məktəbə daxil olub[20]. 1929-cu ildə məktəbi bitirdikdən sonra "minbaşı" rütbəsi alıb. Kütahyada Baş Komandanlığın tabeliyində olan topçu alayının komandiri olub[19].

Döyüşlərdə cəsur ər kimi vuruşduğuna görə türk komandanlığı ona "Bərkər" - yəni bərk ər, igid, döyüşkən ər təxəllüsünü verib. 1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra[21] özünə "Bərkər" soyadını götürüb[1].

1948-ci il avqustun 8-də tuğgeneral rütbəsinə yüksəldilib. İzmir şəhərində qarnizon komandiri sonra isə yurd içi bölgə komandiri vəzifələrində xidmət edib[22]. 1953-cü ildə yaşı çatdığı üçün təqaüdə çıxıb[19].

Vəfatı

Cahangir bəy Bərkər bir neçə dəfə infarkt keçirib. 1958-ci il iyulun 20-də ürəktutmasından dünyasını dəyişib.[23] Generalın cənazəsi hərbi mərasimlə Bornova məzarlığında dəfn edilib[24].

Ailə

Cahangir bəy Bərkər: solunda həyat yoldaşı Vasfiyə xanım, sağında böyük qızı Güngör xanım, öndə Günaç xanım və Aynur xanım

Cahangir bəy Novruzov Tovuzun Qovlar kəndindən olan, hərbçi Novruzovlar nəslinin nümayəndəsidir[1]. General - leytenant Mirzə Hacı bəy Novruzov, qvardiya polkovniki Kərim bəy Novruzov, general-mayor Teymur bəy Novruzov, mayor Rüstəm bəy Novruzov kimi hərbçilər bu nəsildəndirlər[1]. Cahangir bəyin yazdıqlarına görə babası Kərim paşa rus çarının daxili mühafizə qvardiyasının komandiri, atası Yusif bəy Novruzov isə 13-cü süvari alayın komandiri olub.

1958-ci il yanvarın 20-də qızına yazdığı məktubda öz ailəsi haqqında bunları yazıb[3]:

"Anam Kabarday qəbiləsindən miralay Zaur bəyin qızıdır. Bu zat, yəni mənim babam, istefasından sonra Quba ətrafındakı mülkünə çəkilmişdir. Soyadı da Novruzovdur. Novruzov həm də bizim, yəni babamın soyadıdır. Anam Leyli Bakıda Qız məktəbindən məzun olmadan, atam ilə evlənmişdir. Atam həmin zamanlar Draqun süvari 44-cü Nijeqorod alayında baş leytenant idi. Biz üç oğlan və bir qız olmaqla, bu ailənin uşaqları idik. Ən böyüyümüz Teymur bəy idi. 1-ci Cahan savaşında, babamın da xidmət etdiyi 44-cü alayda xidmət etmişdir. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra süvari diviziyasının komandiri təyin edildi. İkinci qardaşım Kazım bəy idi. Birinci cahan savaşında rusların 33-cü piyada diviziyasının topçu briqadasında 2-i batareyanın komandiri idi. Azərbaycan hökuməti zamanı miralay rütbəsi ilə (podpolkovnik) Topçu tuqayın komandiri idi. Kazım evli idi, Cəbrayıl adlı bir oğlu vardı. Əgər indi sağdırsa 47-48 yaşı olar. Bacım Zümrüd isə hələ 18 yaşında olarkən Kırımın Şamxaloğulları sülaləsindən Taştan bəy ilə evlənmişdi. Kürəkənimiz də Kırım süvari alayında podpolkovnik idi. Ailənin ən kiçiyi mən idim. Birinci dünya savaşı başlayanda 18 yaşım vardı və teymən (leytenant) olaraq draqun alayının süvari bölüyündə xidmət edirdim. Babam Kərim Paşa 96 yaşında olarkən mən Azərbaycanı tərk etdim. Babam Rus çarının daxili mühafizə qvardiyasının komandiri idi və son günlərinə qədər təqaüdə çıxmadı. Onun həyatı uzun bir hekayədir.

Cahangir bəy Ərzurumda xidmət etdiyi dövrdə, zamanında Osmanlı məclisi məbusanının Ərzurum vəkili olmuş mərhum Məmməd Arzaq bəyin qızı Vasfiyə xanımla tanış olub. 1929–cu ildə ailə qurduqdan sonra Güngör, Günaç və Aynur adında üç övladları olub. Güngör xanım Cahangir bəyin dostu, Gəncədən olan polkovnik Məmməd Ağpoladın oğlu Orxan Ağpoladla ailə həyatı qurub[25].

Mükafatları

Həmçinin bax

İstinadlar

  1. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 104. ISBN 978-9952-5513-4-1.
  2. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 106. ISBN 978-9952-5513-4-1.
  3. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 105. ISBN 978-9952-5513-4-1.
  4. "Cahangir bəy Novruzovu nə qədər tanıyırıq?" (az.). Ekspress. 2015-02-07. 2018-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
  5. Nəsiman Yaqublu. Qafqaz İslam Ordusu Azərbaycanda (PDF). Bakı: Ol. 2013. səh. 32. ISBN 978-9952-484-53-3. 2023-02-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-24.
  6. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 106. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  7. Mehmet Rıhtım, Mehman Süleymanov. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 214. ISBN 9952-426-23–2. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  8. Mehman Süleymanov. Nuru paşa və silahdaşları. Bakı. 2014. səh. 137. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  9. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 107. ISBN 978-9952-5513-4-1.
  10. Şəmistan Nəzirli. "İyirminci ildə Qarabağ döyüşləri" (az.). anl.az. 2017-08-08. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  11. Azərbaycan Milli Ensiklopediyası / ƏSGƏRAN DÖYÜŞÜ (1920). VIII. Bakı: AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. Archived from the original on 2020-04-07. İstifadə tarixi: 2023-02-15.
  12. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 57. ISBN 978-9952-5513-4-1.
  13. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  14. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  15. Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  16. "Cumhuriyet" qəzeti. 15 sentyabr 1950
  17. "Cumhuriyet" qəzeti 9 oktyabr 1950.
  18. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 201. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-18.
  19. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 108. ISBN 978-9952-5513-4-1.
  20. Şəmistan Nəzirli. General Əliağa Şıxlinski ömrü (Anadan olmasının 140 illiyinə) (PDF). Bakı: Uğur nəşriyyatı. 2005. səh. 134. 2022-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.
  21. "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində arxivləşdirilib (PDF)
  22. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 103. ISBN 978-9952-5513-4-1.
  23. "Azərbaycan Dergisi". 4-cü say. İstanbul. 1958
  24. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 110. ISBN 978-9952-5513-4-1.
  25. Orxan Cəbrayıl. "İstiqlal savaşçısının izi ilə - Türk ordusunun azərbaycanlı generalı Cahangir Bərkər" (az.). modern.az. 2017-10-26. 2018-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.