Cahangir Mehdiyev
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru,[1] aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü [2].
Cahangir Mehdiyev | |
---|---|
Cahangir Yaqub oğlu Mehdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti |
rejissor aktyor ssenarist |
Təhsili | |
IMDb | ID1069818 |
Həyatı
Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır.
1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir.
1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır.
1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
1979-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu əla qiymətlərlə bitirib, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor kimi işə başlamışdır. 1979-cu ildə "Diplom işi" adlı qısametrajlı bədii filmi Cexoslovakiyanın Karlovı-Varı, Almanyanın Oberxauzen, Manheym və İspanyanın Bilbao şəhərlərində keçirilən kinofestivallarda nümayiş etdirilmiş, mükafatlara və diplomlara layiq görülmüşdür.
1980-cı ildə Bakıda Lenin meydanında keçirilən Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunmuş bədi-kütləvi meydan tamaşasında quruluşçu rejissor kimi fəaliyyət göstərmişdir. Bu fəaliyyətinə görə Azərbaycan SSR-in mükafatına və diploma layiq görülmüşdür.
1980-cı ildə "Mosfilim” kinostudiyasının nəzdində yaradılmış "Debüt" adlı studiyada ("Gənclərin Ekspirimental Yaradıcılıq Birliyi"ndə) "Vax!" ("Bıy!") kinokomediyasının quruluşcu rejissoru olmuşdur. 1980-ci ildə "Mosfilm" kinostudiyasında keçirilən 11-ci Beynəlxalq Kinofestivalda "Vax!" kinokomediyası "Ən yaxşı rejissor işinə görə", Minsk şəhərindəki kinofestivalda isə "Ən yaxşı komediya işinə görə" mükafat almışdır.
1979-cu ildən 1998-ci ilə qədər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor, quruluşçu rejissor, ssenarist və aktyor kimi fəaliyyət göstərmişdir.
1990-1995-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Fondunun icraçı direktoru vəzifəsində işləmişdir.
1998-ci ildən 2007-ci ilə qədər "Mozalan" studiyasının direktoru, bədii rəhbəri olmuşdur.
1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.
1998-ci ildən 2007-ci ilədək Boulinq Federasiyasının vitse-prezidenti olmuşdur.
2001-ci ildən 2005-ci ilə qədər Lider TV-də "Sağlam bədəndə sağlam ruh" adlı silsilə televizya idman və bədən tərbiyəsi verilişinin rejissoru, aparıcısı və müəllifi olmuşdur.
25 avqust 2005-ci ildə Moskva şəhərindəki "Prezident Otel" mehmanxanasında dünya şöhrətli kinorejissor, SSRİ-nin xalq artisti Georgi Nikolayeviç Daneliyanın 75 illik yubleyində iştirak etmişdir. Yubileydə G.Daneliyanın iki cildlik (1-Bezbilentnıy passajir. 2- Tostuyemıy pyot do dna) kitabının təqdimatı keçirilmişdir. Kitabın birinci cildində C.Mehdiyev ilə onun müəllimi, kurs rəhbəri G. Daneliya arasındakı münasibətlərdən bəhs olunur. İkinci cilddə isə C.Mehdiyevə həsr olunmuş "Güzgü" adlı hekayə yer alır. Bu hekayənin qəhrəmanı da Cahangir Mehdiyevdir.
1 aprel 2006-cı ildə Sürix şəhərindəki "Intercontinental Surix Otel"də keçirilən 25-ci Beynəlxalq mükafatın təqdimat mərasimində, seçim komissiyasının qərarına əsasən "Mozalan" studiyasının Direktor-bədii kimi "Nüfuz və keyfiyyətdə lider-Avropa-2006"-cı ilin ən ali beynəlxalq mükafatına layiq görülmüşdür.
30 yanvar 2007-ci ildə bu mükafatı xatirə olaraq "Heydər Əliyev" fonduna hədiyyə etmişdir.
2007-ci ildən 2016-cı ilədək Azərbaycan Televizya və Radio verilişləri QSC-də (Azərbaycantelefilm Yaradıcılıq Birliyində) ali kateqoriyalı rejissor kimi fəaliyyət göstərmişdir. 2016-cı ildə təqaüdə çıxmışdır.
2011-ci ildən Azərbaycan Respublikası Milli Olimpya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir. 2 övladı, 5 nəvəsi, 3 nəticəsi var.
- Rejissor, aktyor Elnur Mehdiyevin atasıdır.
Filmoqrafiya
- Ailə (film) (Rüfət rolunda)
- Araşdırın (film, 1978)
- Ci-Mi (film, 2008)
- Dəli Kür (film, 1969)
- Diplom işi (film, 1979)
- Evlənmək istəyirəm (film, 1983)
- Gənc qadının kişisi (film, 1988)
- Girişmə, öldürər! (film, 1990)
- Hacı Qara (film, 2002)
- Kişi sözü (film, 1987)
- Qüdsi (film, 2007)
- Məhəbbətin hökmü (film, 1998)
- Mirzə Fətəli Axundov (film, 1982)
- Nar (film, 1981)
- Nargin (film)[3]
- Ömür urası (film, 2007)
- Rəhilə Həsənova (film, 2000)
- Rüstəm İbrahimbəyov-70 (film, 2009)
- Vah!.. (film, 1980)
- Dərviş (Strannik)
- Saxurlar (AzTV)
- Elturan Avalov (AzTV)
- İbrus-70 (AzTV)
- Vaqif Səmədoğlu (AzTV)
- Süleyman Rəhimov (AzTV)
- Məxfi planlar (İTV)
- Dialektika-20 il (MOK)
- Təqdimat (MOK)
- Gücümüz həmrəylikdədir (1-ci film MOK.)
- Gücümüz həmrəylikdədir (2-ci film MOK.)
- Gücümüz həmrəylikdədir (3-ci film MOK.)
İstinadlar
- Hüsniyyə. Cahangir Mehdiyevin 60 illiyi qeyd olunub: [Əməkdar İncəsənət xadimi, kinorejissor haqqında] //525-ci qəzet. 2011, 1 fevral, s.7.
- "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- Allahverdiyev, E. Nargin adasından qaçış: [Rejissor Cahangir Mehdinin "Nargin" adlı sənədli filmi haqqında] //Ekran-efir.- 2011.- 15 aprel.- S. 4.
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.