Cahangir Hacıyev

Cahangir Fevzi oğlu Hacıyev (26 oktyabr 1961[1]) — Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri (27 mart 2001–2 aprel 2015).[2]; Bakı Futbol Federasiyasının prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü[3]

Cahangir Hacıyev
Doğum tarixi 26 oktyabr 1961(1961-10-26)[1] (62 yaş)
Fəaliyyəti bankir, beynəlxalq forum iştirakçısı[d]

Həyatı və fəaliyyəti

Cahangir Hacıyev Azərbaycan Dövlət Universitetində təsil almış və təhsilini 1986-cı ildə başa vurmuşdur.[4] 1993-cü ildə Austində Texas Universitetində MBA dərəcəsinə və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir.[5]

Cahangir Hacıyev 1993–1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləmişdir. 1995-ci ildə o, Azərbaycan Beynəlxalq Bankında işə başlamışdır.[4]

Cahangir Hacıyev səhhətində olan problemləri əsas gətirərək vəzifəsindən istefa verib. 18 mart 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.[6]

Həbsi

5 dekabr 2015-ci ildə C. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.[7] Cahangir Hacıyev və digər 7 nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurdu.[8]

14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevə hökm oxudu. Cahangir Hacıyev 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olundu və əlavə olaraq, Azərbaycan Beynəlxalq Bankının xeyrinə ondan 63 milyon manat, "AqrarKredit" ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verildi.[9] Məhkəmə araşdırmaları göstərdi ki, Cahangir Hacıyev 9 milyard ABŞ dollarından çox pulu bankın aktivindən çıxararaq Azərbaycan Respublikasının büdcəsinə ziyan vurmuşdur. Bu məbləğ Azərbaycanın 2016–2017-ci il büdcəsində ümumdaxili məhsulun 25 faizinə bərabər idi. Bu da Azərbaycan manatının devalvasiyası səbəblərindən biri kimi göstərildi.[10] Bildirilirdi ki, bankdan qanunsuz çıxarılan pullar Cahangir Hacıyevin və ona yaxın olan şəxslərin və qohumların xaricdəki bank hesablarına köçürülürdü. Məhkəmə materiallarından belə məlum olur ki, çirkli pulların yuyulması üçün saxta xərclər və gəlir layihələri irəli sürülürdü. Çirkli pulların yuyulması üçün Azərbaycanda və xaricdə əsasən ofşor zonalarında olmaqla, şirkətlər yaradılırdı. Kreditlər üçün təhlükəsizliyin təmin edilməsi üçün qondarma girovlar (istiqrazlar, zəmanətlər və s.) təqdim olunurdu.[11][12]

Şəxsi həyatı

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Şirəli qızı Hacıyeva 10 fevral 2005-ci ildə Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar dəstə tərəfindən qadın gözəllik salonundan çıxarkən oğurlanmış,[13] bu hadisə dəstənin ifşası və üzvlərinin həbsi ilə nəticələnmişdir.

İstinadlar

  1. Davos 2014 Participant List.
  2. Baş Prokurorluq: Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir Arxivləşdirilib 2017-09-12 at the Wayback MachineAzərbaycan Respublikasının Baş Prokurorluğu
  3. ""Cahangir Hacıyev prezident postunda qalır"". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
  4. "U.S.-Azerbaijan Chamber of Commerce". 2012-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-20.
  5. "World Economic Forum". 2015-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-20.
  6. "Arxivlənmiş surət". 2015-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
  7. "Cahangir Hacıyev də həbs edildi (YENİLƏNİB)". 2015-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-05.
  8. "Cahangir Hacıyevə hökm oxundu - YENİLƏNİB" (az.). news.milli.az. 14 Oktyabr 2016. 2016-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  9. "Cahangir Hacıyevə hökm oxundu - 15 il + 63 milyon cərimə" (az.). qafqazinfo.az. 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  10. "Arxivlənmiş surət". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
  11. "Arxivlənmiş surət". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
  12. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
  13. "Hacı Məmmədov: "Cahangir Hacıyevin arvadını oğurlamağı Zakir Nəsirov sifariş edib"". 2016-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.