Cahangir Əliyev

Cahangir Əliyev (tam adı: Cahangir Həsənəli oğlu Əliyev; d. 5 may 1931, Düzkənd, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – ö. 2010) — Amasiya rayon Partiya Komitəsinin I katibi (1974–1981), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru (1981–1984), Ermənistan Ali Soveti Rəyasət Heyətinin sədr müavini (1982–1985), Ermənistan KP MK-nın üzvü (1976–1984), Ermənistan SSR Ali Sovetinin deputatı (IX–X çağırış).

Cahangir Əliyev
Cahangir Həsənəli oğlu Əliyev
Cahangir Həsənəli oğlu Əliyev
Cahangir Həsənəli oğlu Əliyev
Amasiya rayon Partiya Komitəsinin I katibi
1974 1981
ƏvvəlkiMəhərrəm Bayramov
SonrakıZərbəli Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Düzkənd, Amasiya rayonu, Ağbaba mahalı, Ermənistan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Partiya
Təhsili Azərbaycan Pedaqoji İnstitutu
Fəaliyyəti jurnalist, siyasətçi, bürokrat
Atası Həsənəli
Dini İslam

Təltifləri "Tərəqqi" medalı  — 2005

Həyatı

Cahangir Əliyev 1931-ci il mayın 5-də Qərbi Azərbaycanın keçmiş Ağbaba mahalında, Amasiya rayonunun Düzkənd kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Düzkənd məktəbində müəllim kimi başlamışdır. O, 1952–54-cü illərdə rayon komsomol komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdir.[1]

1956–1962-ci illərdə Amasiya rayonunda çıxan "Kolxozçu tribunası" qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir.[2]

1962–64-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuyub ali siyasi təhsil aldıqdan sonra rayonlararası "Şirak" qəzetinin redaktor müavini, daha sonra Amasiya Rayon Partiya Komitəsində təbliğat–təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir.[1]

1965-ci ildə Amasiya Rayon Soveti İcraiyyə Komitəsinin sədri təyin olunmuşdur. Dörd il bu vəzifədə işlədikdən sonra onu Ermənistan KP MK-nın təbliğat və təşviqat şöbəsinə məsul işə irəli çəkmişlər.[1]

1974-cü ilin dekabrında Cahangir Əliyev Amasiya Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. Səkkiz ilə yaxın həmin vəzifədə çalışdığı dövrdə o, əhalisinin 85 faizdən çoxunu azərbaycanlıların təşkil etdiyi bu ucqar dağlıq rayonda iqtisadiyyatın inkişafı, mədəni-quruculuq işlərinin genişlənməsi, yeni-yeni təhsil ocaqlarının tikilməsi, əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. C.Əliyevin təşəbbüskarlığı, təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı əhali və respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, IX–X çağırış (1975–1985-ci illər) respublika Ali Sovetinə deputat seçilmiş, Ermənistan Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1982–85-ci illər), respublika KP MK üzvü olmuşdur.[1]

1981-ci ildə C.Əliyev Ermənistan KP MK, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru təyin edilmişdir. Ermənistanda Azərbaycan dilində respublika səviyyəsində nəşr olunan bu yeganə qəzet Cahangir müəllimin redaktorluğu dövründə daha məzmunlu və oxunaqlı olmuş, həm peşəkarlıq, həm də milli varlığımızın ən önəmli məsələlərini gündəmə gətirməsi ilə oxucu auditoriyasını genişləndirmişdir.[1] 1984-cü ilin dekabrına qədər bu vəzifədə çalışmışdır.[2]

Cahangir müəllimin ömrünün son 25 ili doğma Azərbaycanla, xalqımızın tarixinin çox məsuliyyətli, sevincli – kədərli günləri ilə bağlı olmuşdur.[1]

1985-ci ildən Bakıya köçən C.Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında, mətbuat bölməsində işləmiş, 1991-ci ildən isə Xalq qəzetində çalışmışdır.[1]

Mükafatları

İstinadlar

  1. "Həmkarımızın xatirəsinə". Xalq qəzeti (az.). anl.az. 2010. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-10.
  2. Əsgər Əsgərov. "Bir ünvan itirmişəm..." Xalq qəzeti (az.). anl.az. 2010. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-10.
  3. ""Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyl 2005-ci il tarixli, 924 saylı Sərəncamı". Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının saytı (az.). ntrc.gov.az. 2014. 2018-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-10.

Ədəbiyyat

  1. "Həmkarımızın xatirəsinə", Xalq qəzeti. — 2010. — 16 yanvar. — Səh. 6.
  2. Əsgər Əsgərov, "Bir ünvan itirmişəm…", Xalq qəzeti. — 2010. — 23 fevral. — Səh. 7.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.