Cadugər

Cadugərcadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər.

Sözün mənşəyi

Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər.[1][2][3][4]

Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər.

Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər. Məqsədi təbiətin üzvi gücünü sahiplenmektir və də bu gücü dilədiyincə istifadə etməkdir.

Cadugərlik, hər şeydən əvvəl, dinə və inanca qəti şəkildə əleyhdar olan, batil inanclara söykənən sehrli bir əməliyyat cəmidir. Formullara söykənən, bunlara dəyişik mənalar yükləyən bir tətbiqdir. Cadugər tərəfindən çağırılan şeytan və köməkçiləri özlərini göstərərlər və ya özlərini göstərməyib də tələb edilən istənilən şeyi yerinə yetirərlər.

Cadugərliğinn silahı ovsunlama, təsir etmə və təlqinlərdir. Nəzəri olaraq təsir və duyğu (sevgi, nifrət) dozası güclü olan bir enerjinin müəyyən obyektlər, düsturlar istifadə edərək transferidir. Hədəf olan adama edilmək istənilən şey, sehrli düsturlar istifadə edilərək heykəlinə (kukla, körpə) edilər.

Tarix

Cadugərliyin kökləri ta ibtidai icma quruluşuna gedib çıxır. Belə ki, bu dövrdə insanların məntiqi təfəkkürü hələ yaxşı inkişaf etmədiyindən onun hissi təfəkkürü, sensitivist qabiliyyətləri tam gücü ilə öz funksiyasını saxlayırdı. İsveç (Draqenlox), Avstriya (Vilendorf), Moraviya (Vestonis), İtaliya (Savinyan), Fransa (Lespuç), Rusiya (Sibir) və s. ərazilərində aparılan arxeoloji araşdırmalar da, o dövrlərdə cadu biliklərinin mövcud olması faktını təsdiqləyib. Belə ki, buralarda insanların müəyyən mistik rituallar, ayinlər icra etdiyinə dair 60–70 min il bundan əvvəlki dövrlərə aid təsvirlər tapılıb.

Y.e.ə. XX–X əsrlər Yer üzündə okkult biliklərin (cadugərliyin) öz apogeya həddinə çatdığı dövrdür. Belə ki, bu mərhələ Yer tarixində ən çox fəlakət, dağıntı mərhələsi kimi məlumdur. Eyni zamanda, bu dövrdən indiki zəmanəyə bir sıra elmi biliklər gəlib çatıbdı ki, onların bir çoxu indiki bilikləri üstələyir (bu barədə aşağıda danışılacaq). Güman edilir ki, bu dağıntıları insanlar okkult qabiliyyətləri ilə, biri-biri ilə mübarizə zamanı törədiblər. Yeni eradan əvvəl XII–X əsrlərdəki qlobal dağıntılar bu sivilizasiyanı öz bilikləri ilə birlikdə Yer üzündən silib (həmin dövrdə real olaraq baş vermiş bu dağıntıları, eləcə də, məşhur Atlantida sivilizasiyasının dağılmasını, bir çoxları məhz cadugərlərin müharibəsinin qurbanı hesab edirlər).

Cadugərliyin oyanışının yeni mərhələsi artıq öz başlanğıcını daş dövründən (y.e.ə. V–III əsr) götürür. Belə ki, məhz bu mərhələdən etibarən okkult elmlər bir epidemiya kimi uzaq Hindistandan Avropaya kimi bir ərazini başına götürür. Yaxın Şərqdə – magiyanın, zərdüştçülüyün, Avropada – orfeizmin, elevsizmin, esseizmin, Hindistanda – yoqa təliminin və b. meydana çıxması məhz bu dövrlə əlaqədardır. Bunların bəziləri barədə müxtəsər informasiya veririk:

Magiya öz mənşəyini indiki İran Azərbaycanının ərazisində yaşamış Maq adlı bir tayfadan götürür. Onun barədə məlumat verən yeganə mənbə Herodotun "tarix" əsəridir ki, burada onların y.e.ə. VII əsrdə yaşadıqları və qəribə dinə malik olduqları göstərilir. Fars imperiyasının banisi Kirin (e.ə. 529-cu ildə Azərbaycana qarşı müharibədə öldürülüb) dövründə magiya İranın rəsmi dini elan edilir. Burada həmçinin Maqların misirlilərlə birlikdə yüksək astronomik, riyazi, mistik biliklərə malik olduqları göstərilir. Lakin onlar əsas bilikləri gizli saxlayıb, nəsildən-nəslə ötürdüyündən bu barədəki bilikləri də özləri ilə birlikdə qəbrə apardılar. Ələlxüsus da, bu dinlə qan qohumu olan zərdüştçülüyə, atəşpərəstliyə qarşı sonradan bütün dinlər tərəfindən "səlib yürüşü" elan edildikdən sonra.

"Yoqa": Həmin mərhələ Hindistanda "yoqa" mistik təliminin meydana gəlməsi dövrü kimi məlumdur. "Yoqa" sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürür ki, o da tərcümədə "birləşmə", "qovuşma", "tövhid" mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) "Yoqa sutra" əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar (bu barədə bir qədər sonra danışılacaq). Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyandır və bugünkü alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir.

Orfeizm, elevsizm, esseizm: Eyni zamanda, həmin ərəfədə mistika bir epidemiya kimi qədim Yunanıstanı da başına götürür. Həmin mərhələ Yunanıstanda esseizm (yəhudi mənşəlidir), orfeizm, elevsizm, və s. kimi mistik cərəyanların yarandığı dövrdür. Bunlardan orfeizm xüsusi yerə malikdir. Belə ki, sonradan onun təsiri altında pifaqorçuluq, masonçuluq, qnostisizm və s. kimi mistik cərəyanlar meydana çıxdı.

Pifaqorçuluğun banisi qədim yunan filosofu, riyaziyyatçısı Pifaqor (e.ə. VI–V əsr) hesab edilir. Pifaqorun öz gəncliyində Yaxın Şərqə, Hindistana və s. səfər etdiyi, İranla müharibədə əsir düşüb, buraların xalqlarından yüksək biliklər alıb öz vətəninə qayıtdığı məlumdur. Eyni zamanda, Pifaqorun mistikanı da şərqdən əxz etdiyi mübahisəsiz qəbul edilən faktlardandır. Onun ardıcıllarından ən məşhuru Tianalı Apolloniyadır ki, onun gələcəksöyləmələri, ölmüş zadəgan qızı həyata qaytarması və s. barədə tarixdə bir sıra sənədlər qalıb.

Masonçuluq öz mənşəyini qədim Misir peyğəmbərləri İliyaEnohun (bu sonuncu Avropada Böyük Kopt kimi tanınır) təlimlərindən götürür ki, XIX əsrdə İngiltərədə bu cərəyan hətta hakimiyyəti ələ keçirmək səviyyəsinə qədər güclənmişdi. Bu cərəyanın məşhur cadugər Kaliostro kimi nümayəndələri olub.

Yeni Eranın əvvəllərində meydana çıxmış digər güclü mistik cərəyan – qnostiklikdir. Onun meydana çıxması aşağıdakı tarixçə ilə əlaqədardır: Yeni eranın başlanğıcında meydana çıxan xaçpərəstlik dini ilk günündən magiyaya, okkult elmlərə qarşı barışmaz mövqe tutur. İmperator Feodosinin əmri ilə İsgəndəriyyə keşişinin məşhur "İsgəndəriyyə kitabxanası"nı yandırması (391-ci il) da, məhz bu səbəbdən baş verdi. Belə ki, bu dinə əleyh olanları "cadu" kimi güclü silahdan (eləcə də, digər biliklərdən) məhrum etmək üçün onları bu biliklərin mənbəyindən ayırmaq yeganə yol idi. Tarixdən məlum olduğuna görə, şəhər hamamı 6 ay bu kitabxananın kitabları ilə qızdırılıb.

Bu mərhələdən etibarən okkultizm, həqiqətən də, bir elm kimi tənəzzülə uğramağa başladı və İsgəndəriyyə kitabxanası ilə birlikdə bəşəriyyətin min-min il ərzində damla-damla topladığı biliklər də puça getdi.

O vaxtdan başlayaraq xaçpərəstliyin əleyhdarları vahid cəbhədə birləşməyə, itirilmiş tarixlərini, elmlərini, qüvvələrini bərpa etməyə başladılar. Buraya bir tərəfdən yəhudilər, digər tərəfdən müxtəlif mistik təriqət nümayəndələri daxil idilər. Bu sonuncuların içərisində "qnostiklər" deyilən mistik təriqət xüsusilə məşhur idi (əsasını maq Simon qoyub). Məhz qnostiklər itirilmiş okkult bilikləri bərpa etməyi qarşılarına məqsəd qoydular və bugünkü dünyanın ən mistik kitabı və ya təlimi olan məşhur "Kabbala" bu intriqaların nəticəsi kimi meydana çıxdı. "Kabbala" mistik təlimi iki hissədən: "Quruluş Kitabı"ndan ("Səfər İtzirah"dan) və "Mövcudluq Kitabı"ndan ("Zöhər"dən) ibarətdir.

Bu ikinci kitab birincinin şərhi kimi XIII əsrdə (1275) Aramaikalı (İspaniya) kabbalist Mozes de Lion tərəfindən yazılıb. Birincinin yazılma tarixi isə ondan min il əvvələ – yeni eranın başlanğıcına gedib çıxır. Kitab başdan-başa izahı indiyə qədər də tapılmayan simvolik dildə yazılıb. Sonradan onun şərhi üçün onlarla kitab yazılsa da, "Kabbala"nın həqiqi məzmunu bu günəcən açılmayıb. Həyat və kainat barədə qədim müdriklərin biliklərinin simvolik ifadəsi, sistemləşdirilməsi hesab edilir. Deyilənlərə görə, onun müəllifləri kitabın yazılması üçün bu üslubu məhz ona görə seçdilər ki, onun məzmunu onların düşmənləri (o cümlədən, xaçpərəstlər) üçün həmişə qaranlıq qalsın. Kabbala sistemi orta əsr, eləcə də, bugünkü dövr alimlərinə, filosoflarına, rəsmi fəlsəfəsinə təsir göstərmiş ən güclü mistik təlimlərdəndir.

Sufizm: İslam ölkələrinin ən güclü mistik təlimi sufizm hesab edilir. Sufizm öz mənşəyini İran maqlarının, türk şamanlarının və Hindistan yoqlarının təlimlərindən götürür.

Yuxarıda qədim Misir kahinlərinin, Sibir şamanlarının və b. cadu təlimindən danışılmadı. Əslində bu təlimlərin tarixi yuxarıda sadalanan tarixdən daha qaranlıq, daha qədimdir. Biz yalnız ümumi təsəvvür yaratmaq məqsədilə bu barədə müxtəsər nə isə danışmağı vacib bildik.

Yeni eranın başlanması ilə çox qısa bir vaxt ərzində okkultizm sivilizasiyası din sivilizasiyası ilə, daha sonra isə rasional elm sivilizasiyası ilə əvəz olundu. Bu biliklərin getdikcə unudulmasında, ələlxüsus, dünyanın aparıcı hər üç dini tərəfindən okkult biliklər üzərində senzor qadağası qoyulması əlahiddə rol oynadı. Tək-tək adamlar onların bir qismini gizli saxlayıb nəsildən-nəslə ötürməklə yaşatsalar da, onlar da, hansısa mərhələdə inkvizisiyanın əlinə keçib, sahibiqarışıq məhv edildi.

Bununla belə, hər üç dinin təsir dairəsindən kənarda olduğuna görə, yaxud bir başqa səbəbə görə, bir sıra qədim cadu növləri indiyə qədər də, yaşayıb gəldi, baxmayaraq ki, bunların itmiş növlərlə müqayisədə çox bəsit olduğu həmişə etiraf edilib. Bunlardan nisbətən məşhur olanları barədə bu fəsildə yeri gəldikcə ümumi söhbət açılır.

Haşiyə kimi bir şeyi qeyd edək ki, okkult elmlərin, cadugərliyin inkişafı həmişə təqribən Yaxın Şərqlə əlaqədar olub. O cümlədən, təsadüfi deyil ki, hər üç dinin – yəhudilik, xaçpərəstlik və islamın peyğəmbəri, eləcə də, yüzlərlə digər aznüfuzlu peyğəmbər – Süleyman, Davud, Yaqub, Yusif və b. məhz bu ərazilərdə dünyaya gəlmişdilər.

Növlər və mexanizm

İndi isə problemin özü barədə. "Cadugərlik" sözü özlüyündə mücərrəd bir anlayışdır. Bu ad altında onlarla, və bəlkə də yüzlərlə bir-birindən fərqlənən fenomenal hal və qabiliyyətlər nəzərdə tutulur. Bunların bir qismi təqribən aşağıdakılardır:

1) Tilsim

2) Hipnoz

3) Sensitivistlik

4) Telepatiya

5) Kontaktsız müalicə

6) Falçılıq (mantika, gələcəkgörmə)

7) Levitasiya

8) Telekinez

9) Teleportasiya

10) Maddiləşmə-ərimə

11) Spiritizm Və s.

Aşağıda bunların hər biri barədə müxtəsər söhbət açılır:

Tilsim

Hind kahinlərinin müxtəlif cadularla məşhur Sultan Mahmud Qəznəvini tilsimə saldıqları tarixdən məlumdur. Tilsimin nəticəsində düçar olduğu naməlum xəstəlikdən uzun müddət müalicə tapa bilməyən Sultan Mahmud, nəhayət, müdriklərin məsləhətinə əsasən, yalandan hər tərəfə car çəkdirir ki, guya, Sultan artıq sağalıb. Bundan sonra çaşbaş düşən kahinlər öz bütlərinə şübhə etməyə başlayırlar və qurduqları tilsimin qüvvəsinə olan inamları itir. Bununla da tilsim qırılır ki, ondan sonra sağalıb ayağa duran Sultan Mahmud maneəsiz Hindistanı zəbt edir.

Yaxud Makedoniyalı İsgəndərin də tilsim qurbanı olduğu tarixdən məlumdur. Belə ki, Hindistanı zəbt edən İsgəndər buranın kahinləri tərəfindən yaxşı qarşılanır və onlar İsgəndərin şahlığını da qəbul etməyə hazır olduqlarını bildirirlər. Lakin… bir şərtlə: İsgəndər şahlıq taxtına çıxarkən min ildən bəri müqəddəs məbəddə saxlanılan qədim bir tacı başına qoymalıdır. İnama görə bu tac tilsimlidir və Hindistan taxt-tacına sahib olan hər kim müqəddəs bütlərin ürəyincə olmasa o, bu tilsimli tacı başına qoyan kimi dərhal ölməlidir. Özünün ilahi mənşəyinə inanan, yaxud da ki, kahinlərin söylədikləri bu moizələri cəfəng hesab edən İsgəndər şərtlə razılaşır və aydın bir gündə, şəhər meydanlarının birində tacqoyma mərasimi keçirir. Həmin bu tacı kahinin əlindən alıb başına qoyur, və… ölməyib sağ qalır. Kahinin, və onun ardınca da, əhalinin dilindən qopan alqış sədaları altında İsgəndər tacı çıxarıb müqəddəs məbədə qaytarır, özü isə gülərüzlə meydanı tərk edir. Bundan bir neçə gün sonra başından başlayan güclü ağrılar İsgəndəri yatağa salır və daha bir neçə gün sonra artıq 33 yaşlı gənc İsgəndər dünyasını dəyişir.

Burada bir neçə məqam var. Bu birinci halda – söhbət hansısa inamın gücündən gedirsə, ikinci haldakı cadu – elmi izaha malikdir. Belə ki, buradakı tac tilsimli olmayıb, hind alimlərinin, kahinlərinin öz ölkələrini yadellilərdən xilas etmək üçün düşünüb yaratdıqları silah idi. Belə ki, həmin tacın üzərinə Günəşişığını beynin konkret nöqtələrinə fokuslayan yaqut dənələri düzülübmüş ki, yaqutun da, Günəş işığını birə min gücləndirdiyi lazer fizikasından məlumdur (fizikada yaqut optik kondensator kimi istifadə olunur və ilk lazer silahları məhz yaqut üzərində qurulmuşdu. Hal-hazırda da lazerlərin bir çox növləri hələ də yaqut üzərində qurulur). Nəticədə, İsgəndərin beyin toxumaları zədələndi və beyninə qan sızdı.

İstinadlar

  1. Dāsa, Śyāmasundara. जादूगर // Hindī Śabdasāgara [lit. Sea of Hindi words] (hind). Kashi [Varanasi]: Nagari Pracarini Sabha. 1965–1975. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  2. "जादूगर". Wiktionary (ingilis). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  3. "जादूगर". Wiktionary (hind). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  4. "Azərbaycan dilinin izahlı lüğəti" (az.). 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.

Mənbə

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.