Cabbar bəy Vəlibəyov
Cabbar bəy Vəlibəyov (Baharlı) — Azərbaycanda, Ağdamın Birinci Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuş pedaqoq. Qarabağın tanınmış bəyi, ziyalı. Əlişəkər bəy Baharlının nəslindəndir.
Cabbar bəy Vəlibəyov | |
---|---|
Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov | |
Doğum tarixi | |
Doğum yeri | Baharlı, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Sibir, RSFSR, SSRİ |
Vəfat səbəbi | repressiya |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyatı
Baharlı tayfasının görkəmli nümayəndəsi Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur. Atası Ismayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, anası Xanım Qasım qızı, həyat yoldaşı Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyovadır.
Orxan Zakiroğlunun (Baharlı) tədqiqatlarına görə Cabbar bəy Vəlibəyovun (Baharli) XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin hakimiyyəti dövründə uzun illər Həmədan hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Cabbar bəyin ulu babalarıdırlar.[1]
Orxan Zakiroğlu (Baharlı) yazır ki, Əlişəkər bəy Baharlının və onun kötücəsi xanlar xanı Bayram xan Baharlının nəslindən olan Cabbar bəyin ulu babaları Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanı Pənahəli xanın, onun oğlu Mirzə Vəli bəy Baharlı (1715–1795) isə Pənahəli xanın və İbrahimxəlil xanın zamanlarında xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişlər. Mirzə Vəli bəy Baharlı Qarabağ xanı İbrahimxəlil xanın vəziri olmuş, xanlığın ictimai-siyasi həyatında, daxili və xarici siyasətində aparıcı rol oynamışdır. Rəvayətə görə Molla Pənah Vaqifin saraya dəvət edilməsi Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Vəli bəy Baharlının təklifi ilə olmuşdur. Mirzə Vəli bəy Baharlı şair kimi də tanınmışdır. Mirzə Vəli bəy Baharlının faciəli ölümündən sonra onun sonrakı nəsli babalarının adını yaşatmaq üçün Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşımışlar.[1]
Orxan Zakiroğlu (Baharlı) Qarabağa aid yazılmış salnamələrə istinadən qeyd edir ki, Mirzə Vəli bəy Baharlının Mirzə Haşım bəy Zərrinqələm, İbrahim bəy, İmamverdi bəy, Hacı Həsənəli bəy adlı dörd oğlu olmuşdur.[1]
Orxan Zakiroğlu (Baharlı) bildirir ki, İbrahim bəy Baharlının Mirzə İsmayıl bəy Vəliyev (Baharlı), Rzaqulu bəy Vəliyev, Məmmədqulu bəy Vəliyev adlı üç oğlu olmuşdur.
İbrahim bəy Baharlının çar ordusunun zabiti olan oğlu Mirzə İsmayıl bəy Vəliyev (Baharlı) ata babası Mirzə Vəli bəy Baharlının layiqli xələfi olaraq incə ruhlu şair kimi tanınmışdır. Mirzə İsmayıl bəy Vəliyev (Baharlı) Qasım bəy Zakirlə dostluq etmiş, onunla şeirləşmişdir.[1]
Orxan Zakiroğlunun (Baharlı) araşdırmalarına əsasən Mirzə İsmayıl bəy Vəliyevin (Baharlı) altı oğlu olmuşdur. Adıgözəl bəy Mirzə İsmayıl bəyin beşinci oğludur. Adıgözəl bəyin Nəcəfqulu bəy, İsmayıl bəy, Salatın, Səlbi adlı övladları olmuşdur. Cabbar bəy Vəlibəyov (Baharlı) Mirzə İsmayıl bəyin nəticəsi, Adıgözəl bəyin nəvəsi, İsmayıl bəyin oğludur.[1]
Cabbar bəy ilk təhsilini ruhani məktəbində almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar zəmanəsinin açıqfikirli adamı olan dayısı Məşədi Məhəmməd Qasım oğlunun təklifi ilə Şuşaya gedib, Şuşa real məktəbini bitirmişdir.[2]
I Baharlı kəndində böyük torpaq sahibi olan Cabbar bəy Vəlibəyov 1913-cü ildə təhsilini başa vurub doğma kəndinə qayıtmış, öz evində məktəb açaraq, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Dərs dediyi şagirdlərə ərəb və rus dilləri, tarix, riyaziyyat, Azərbaycan ədəbiyyatı haqqında ümumi məlumat vermişdir. Ehtiyacda olan yoxsulların dərsə marağını artırmaq məqsədilə onları məktəb ləvazimatı ilə təmin etmişdir. Bununla da o, I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuşdur. Cabbar bəy Vəlibəyovun (Baharlı) yaratdığı məktəbdə sonralar Azərbaycanın müxtəlif sahələrində mütəxəssis kimi fəaliyyət göstərən insanlar təhsil almışlar. Cabbar bəy Vəlibəyovun (Baharlı) şagirdlərindən biri də mərhum tarixçi alim Sulduz Rüstəmov olmuşdur. Sulduz müəllim hər zaman öz müəlliminin adını ehtiramla yad etmişdir.[2]
Cabbar bəy Vəlibəyovun gözəl rəssamlıq qabiliyyəti də olmuşdur.[2]
Azərbaycan Demokratik Respublikası dövründə də Cabbar bəy Vəlibəyov Xalq Maarifi Nazirliyinin qərarı ilə müəllimlik fəaliyyətini I Baharlı kənd məktəbində davam etdirmişdir.
Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı. Azərbaycanın neçə-neçə dəyərli övladları qətlə yetirildi, vətəndən uzaqlara sürgün edildi, həyatlarının sonlarına kimi xarici ölkələrdə mühacirət həyatı yaşamalı oldu.
Cabbar bəy Sovet hakimiyyətinin ilk illərində bəy, ziyalı, dindar olduğu üçün yeni hökumətin yerli nökərləri tərəfindən təqib olunmağa başladı. Kollektivləşmə adı altında torpaqları, mal-qarası müsadirə olunan Cabbar bəy Vəlibəyov haqqında o dövrün mətbuat səhifələrində böhtan dolu yazılar dərc olundu. Lakin Cabbar bəy ona olunan haqsızlıqlara səbirlə dözdü. Ümidini, inamını itirmədi. Hər cür haqsızlığa, ədalətsizliyə qarşı öz etirazını bildirməkdən belə çəkinmədi. Həyatı boyu müəllim adını şərəflə daşımış Cabbar bəy Vəlibəyov Sovet hökuməti illərində Xalq Maarif Komissarlığının qərarı ilə I Baharlı kənd məktəbinin müdiri işləməklə yanaşı, pedaqoji fəaliyyətini I Baharlı kəndindən başqa Ağdamın Qiyaslı, Güllücə və başqa kəndlərində də davam etdirmişdir.[3]
I Baharlı kəndi 1930-cu ildə yaranmış Ağdam rayonunun tərkibinə verildikdən sonra da Cabbar bəy Vəlibəyov yaratdığı ibtidai təhsil ocağının müdiri vəzifəsində çalışdı. O, 1937-ci ilə kimi Ağdam rayonu I Baharlı kənd məktəbinin müdiri oldu.[3]
1935-ci ildən başlayaraq Cabbar bəyə hücumların sayı artmaqda idi. 1935-ci ildən etibarən yerli mətbuat səhifələrinin demək olar ki, hər sayında Cabbar bəy haqsız yerə ittiham olunurdu. Cabbar bəyin ən böyük "günahı" isə bəy, ziyalı, dindar olmasında idi. Yuxarıda qeyd edildiyi kimi Cabbar bəy təbiət etibarı ilə qoçaq, mərd, dözümlü, iradəli insan idi. O, doğma vətənini sevdiyi üçün Qarabağda elinə, obasına bağlı insan kimi tanınırdı. Cəmiyyətdə tutduğu mövqeyinə, prinsipiallığına görə Cabbar bəy Vəlibəyov Azərbaycan tarixinin qara səhifələrindən sayılan 1937-ci il repressiyasından xilas ola bilmədi.[3]
İmperiyanın yerli nökərləri Cabbar bəyi həyatından artıq sevdiyi vətəninə xəyanətdə ittiham edərək onun həbsinə nail oldular. 12 oktyabr 1937-ci ildə Cabbar bəy Vəlibəyovun evində axtarış aparılarkən zəngin kitabxanası müsadirə olunmuş, özü isə 19 oktyabr 1937-ci ildə xalq düşməni kimi həbsə alınaraq Sibirə sürgün edilmişdir. Cabbar bəy 19 noyabr 1941-ci ildə Sibirdə vəfat etmişdir.[2]
Cabbar bəy Vəlibəyov 1937-ci ildə siyasi repressiyanın qurbanı olsa da, onun şagirdləri müxtəlif sahələrdə fəaliyyət göstərmişlər.
Cabbar bəy Vəlibəyov 29 noyabr 1957-ci ildə bəraət almışdır.
Hazırda doğulub boya-başa çatdığı I Baharlı kənd tam orta məktəbi Cabbar bəy Vəlibəyovun adını daşıyır. Anadan olmasının 100, yaratdığı məktəbin 80 illiyi münasibətilə onun həyat və pedaqoji fəaliyyəti ilə bağlı mətbuat orqanlarında məqalələr verilmiş, yerli və respublika radiosunda verilişlər səslənmişdir. Ağdamda 25 may 1993-cü ildə tədbir keçirilmişdir.
Orxan Zakiroğlunun (Baharlı) Cabbar bəy Vəlibəyovun anadan olmasının 110, yaratdığı məktəbin 90 illiyi münasibətilə "Azərbaycan müəllimi" qəzetində (26.06–3.07.2003) məqaləsi dərc olunmuşdur.
Orxan Zakiroğlunun (Baharlı) "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri" (Sabah, 2001), "Şərq tarixi: Baharlılar" (I kitab, Bakı, 2013), "Şərq tarixi: Baharlılar (Ensiklopedik məlumat kitabı)" (II kitab, Bakı, 2013), "Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri" (Bakı, 2015), "Xanlar xanı Bayram xan (sələfləri, xələfləri)" (Bakı, 2015), "Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri)" (Bakı, 2015) adlı kitablarında Cabbar bəy Vəlibəyovun soykökü, həyatı, pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat yazılmışdır. O, "Cabbar bəy Vəlibəyov və davamçıları" (Bakı, 2014) adlı kitabın müəllifidir.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Cabbar bəy Vəlibəyovun oğludur.
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Cabbar bəy Vəlibəyovun nəvəsi, Zakir Məmmədovun oğludur.
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Sürgündə bitən müəllim ömrü. "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı, № 2 (232), Aprel-İyun — 2012-ci il
- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
- Orxan Zakiroğlu (Baharlı). Birinci Baharlının yüz yaşlı məktəbi. "Bütöv Azərbaycan" qəzeti, 17 – 23 aprel 2013-cü il, № 13(189)
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov və davamçıları. Bakı, 2014
- Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbi. Bakı, 2015
- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. I kitab. Bakı, 2013
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı). II kitab. Bakı, 2013
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
- Orxan Zakiroğlu (Baharlı). Sürgündə bitən müəllim ömrü. "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı, № 2 (232), Aprel-İyun — 2012-ci il
- Orxan Zakiroğlu (Baharlı). Sürgündə bitən müəllim ömrü. "Azərbaycan müəllimi" qəzeti, 26 iyun −3 iyul 2003-cü il, № 26 (8030)
- Orxan Zakiroğlu (Baharlı). Yarımçıq qalan müəllim ömrü. "Bütöv Azərbaycan" qəzeti, 21 – 27 dekabr, 2011-ci il, № 43(131)
- Orxan Zakiroğlu (Baharlı). Şam kimi əriyən müəllim ömrü. "Savalan" qəzeti, 5 – 8 aprel, 2013-cü il, № 22 (5572)
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 11 – 17 iyul 2012-ci il, № 23 (155)
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 1 – 7 avqust 2012-ci il, № 26 (158)
- Orxan Zakiroğlu (Baharlı). Mirzə İsmayıl bəy və bu nəslin görkəmli övladları. "Təzadlar"qəzeti, 29 yanvar 2013-cü il, № 10(1747)
- Orxan Zakiroğlu (Baharlı). Birinci Baharlının yüz yaşlı məktəbi. "Bütöv Azərbaycan" qəzeti, 17 – 23 aprel 2013-cü il, № 13(189)
Xarici keçidlər
- http://www.kaspi.az/pages/q.pdf Arxivləşdirilib 2014-03-27 at the Wayback Machine
- http://www.kaspi.az/enews.php?id=1028 Arxivləşdirilib 2014-09-24 at the Wayback Machine
- http://yenileshen-azerbaycan.com/main/526-cabbar-bey-velibeyov-haqqinda-kitab.html%5B%5D
- Mirzə İsmayıl bəy və bu nəslin görkəmli övladları Arxivləşdirilib 2013-03-17 at the Wayback Machine
Həmçinin bax
- Baharlı oymağı
- Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbi
- Vəliyevlər