Cabbar Qaryağdıoğlu
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri.
Cabbar Qaryağdıoğlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri |
Çəmbərəkənd qəbiristanlığı Yasamal qəbiristanlığı[1] |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Xanəndə, bəstəkar |
Fəaliyyət illəri | 1876-cı ildən |
Janrlar | xalq mahnısı, muğam |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.
Həyatı
Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.
Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.
1944-cü ildə Bakıda vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. SSRİ Nazirlər Soveti tərəfindən 1948-ci ildə Cabbar Qaryağdıoğlu və digər vəfat etmiş mədəniyyət xadimlərinin məzarları fəxri xiyabana köçürülməsi barədə qərar qəbul olunub. Siyahıda olan şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri xiyabana köçürülməyib. Hazırda məzarı Yasamal qəbirstanlığında yerləşir.[2]
Yaradıcılığı
Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Onun köhnə qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu. Cabbar ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində alıb. O, on yaşında ikən şəhərdəki məktəbə daxil olur, müəllimi Mirzəli Zeynalabdin oğlundan musiqi elmini və fars dilini öyrənir. 16 yaşında ilk dəfə müəllimi ilə getdiyi toyda tarzən Cavadbəyin müşayiəti ilə "Kürdü-Şahnaz" oxuyur, zil və təravətli səsi ilə təkcə dinləyiciləri deyil, musiqiçiləri də məftun edir. Qoca xanəndə Hacı Hüsü onun alnından öpüb, "Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaqdır" deyir. Bu hadisədən sonra məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) Cabbarı rəhbərlik etdiyi sazəndələr dəstəsinə qəbul edir. Cabbar bu dəstə ilə Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilən "Xeyriyyə gecəsi"ndə "Heyratı" oxuyur. Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında Ə. Haqverdiyevin rəhbərliyi altında Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilmişdir. Konsertdə Cabbar Qaryağdıoğlu böyük ifaçılıq qabiliyyəti göstərərək, Azərbaycan şairləri ─ Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani və Xurşidbanu Natəvanın qəzəllərini doğma ana dilində ilham və məhəbbətlə oxumaqla, xanəndəlik sənətində yeni bir mərhələ açmış, muğamatın geniş xalq kütlələri içərisində yayılmasına böyük köməklik göstərmişdir. Şuşadakı ilk Şərq konsertindən sonra Azərbaycanın digər şəhərlərində, xüsusilə də Bakıda XX əsrin ilk illərindən başlayaraq Şərq konsertləri verilirdi. 1902-ci ilin yanvarında "Kaspi" qəzeti belə bir məlumat vermişdi: "Yanvarın 11-də, cümə günü Hacı Zeynalabdin Tağıyevin teatrında məşhur Qarabağ aşığı Nəcəfqulunun və xanəndələrdən Qaryağdıoğlu Cabbarın, Bakılı Seyidin, Şəkili Ələsgərin və Keçəçi Məhəmmədin iştirakı ilə Bakıda birinci Şərq konserti olacaqdır". Konsertin birinci şöbəsində artıq bütün Qafqazda bir xanəndə kimi məşhur olan Cabbar Qaryağdıoğlu "Mahur" oxumuşdu. "Kaspi" qəzeti yazırdı: "Cabbar "Mahur"u çox gözəl oxudu, tamaşaçılar onu uzun müddət mahir bir xanəndə kimi alqışladılar". Mütəxəssislərin fikrincə, sonralar da "Mahur"u Cabbar Qaryağdıoğlu kimi misilsiz məharətlə oxuyan ikinci bir xanəndə olmamışdır. Qocaman xanəndəmiz Xan Şuşinski deyirdi: "Mahur Cabbar ilə getdi" 1902-ci il yanvarın 23-də tamaşaçıların xahişi ilə yenə də Tağıyev teatrının binasında ikinci Şərq konserti oldu. Cabbar Qaryağdıoğlu "Heyratı" oxumaqla dinləyicilərə dərin təsir bağışladı. 1903-cü il yanvarın 27-də həmin teatrın binasında üçüncü Şərq konserti təşkil edilir. Bu konsertə hazırlıq daha yaxşı idi. Küçələrə afişalar vurulmuş, konsertə gələnlər üçün proqramlar nəşr olunmuşdu. Konsert əvvəlkilərə nisbətən daha geniş, rəngarəng və maraqlı idi. Cabbar Qaryağdıoğlu tarzən Mirzə Fərəc Rzayevin və kamançaçı Məşədi Qulunun müşayiəti ilə "Bayatı-Qacar" muğamını məharətlə ifa etmişdi. Konsertdə olmuş bir rus jurnalisti yazırdı: "Əgər mən antreprenyor olsaydım, heç fikirləşmədən dünənki ifaçıları Peterburqa aparardım. Onlar orada müvəffəqiyyətlər qazanardılar. Onları dinləməyə gələr, dinlər və ağlardılar…". Yeri gəlmişkən qeyd edək ki, Cabbar Qaryağdıoğlunun həmin konsertlərdə istifadə etdiyi qaval hazırda Milli Azərbaycan Tarixi Muzeyindədir. Qoz ağacı və balıq dərisindən hazırlanmış bu qavalı tarzən Qurban Pirimovun qızı Tamara xanım 1967-ci ildə Muzeyə hədiyyə etmişdir. Cabbar Qaryağdıoğlu 1905-ci ildə Gəncə şəhərində məşhur xanəndə İslam Abdullayevin vasitəsilə tanış olduğu tarzən Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilidən ibarət ikinci bir musiqi üçlüyü yaradır. Xanəndə "Heyratı"nı qrammafon valına 1906-cı ildə yazdırmışdır. Eyni zamanda onun ifasında olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir. Təsadüfü deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməmişdir. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırırdılar. Doğrudur, Cabbar Qaryağdıoğludan əvvəl bizim musiqi tariximizdə Şahqulu, Mirzəhüseyn, Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məmmədhəsən, Əbdülbaqi, Bülbülcan kimi klassik xanəndələrimiz olmuşdur. Lakin onların heç biri xalq musiqisini Cabbar Qaryağdıoğlu qədər dərindən bilməmişlər.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.
Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2–3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır".
Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz.
Cabbar Qaryağdıoğlunun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğluna minnətdaram. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.
Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olmuşdur. Akademik Boris Astafyev, professor Yevgeni Braudo, bəstəkarlardan M. İppolitov, Vladimir Kor Georgixubov, Reynqold Qlier və başqaları Cabbar Qaryağdıoğlu sənətinin vokal ustalığını yüksək qiymətləndirmişlər.
Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.
- Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olmuşdur.
- Şuşada 1906-cı ildə "Leyli və Məcnun" tamaşasını səhnəyə qoyublarmış. Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayırmış. Deyirdilər o, başına quş yuvası qoyubmuş. Yuvanın içində bülbül varmış. Cabbar Qaryağdıoğlu Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedib.
- 1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında 74 yaşlı Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülmüş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilmişdir.
- 1936-cı il martın 31-də M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında Cabbar Qaryağdıoğlunun anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edildi.
- Cabbar Qaryağdıoğluya Azərbaycan SSR xalq artisti adı verilməsi haqqında Azərbaycan Xalq Komissarları Şurasının qərarı oxunmuş, yubilyara 1500 manat pul mükafatı, piano, patefon, qızıl saat və s. qiymətli
hədiyyələr verilmiş və şəxsi təqaüd təyin edilmişdir.
- 1938-ci ildə isə Cabbar Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə "Şərəf nişanı ordeni" ilə təltif edilmişdir.
- Cabbar Qaryağdıoğlunun fonovalikə köçürülmüş 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən "Azərbaycan xalq nəğmələri" başlığı altında ayrıca kitab şəklində çap edilmişdir.
- 1965-ci ildə Moskvada nəşr olunmuş "Pesnya i muzıka Azerbaydjana" kitabında deyilir ki, Cabbar Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanıb. Bu müdrik xanəndə xeyriyyəçi kimi də tanınırdı.
- O, Bakıda Mərdəkan qəsəbəsində Yesenin və Şalyapinlə görüşmüşdü. Aralarında müəyyən söhbət də olmuşdu. Cabbar Qaryağdıoğlunun zil və məlahətli səsi, geniş səs diapazonu onları heyrətə salmışdı. Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırmış və ona bir şer həsr etmişdi.
- Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu. O, bir dəfə Irəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca "İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır…
- XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.
Adlar və mükafatlar
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1935
- "Şərəf nişanı" ordeni
Filmoqrafiya
- Neft və milyonlar səltənətində (film, 1916)-Xanəndə (Tammetrajlı Bədii Film)
- Məhəmməd Füzuli (film, 1958)
- Məclisi üns (film, 2006)
- Muğamat var olan yerdə... (film, 2009)
İstinadlar
- "Arxivlənmiş surət". 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-31.
- "Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir - FOTO". Oxu.Az (az.). 2024-01-31. 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-31.
Ədəbiyyat
- Шушински Ф. Народные музыканты и певцы Азербайджана.- M., 1979.
- Şuşinski F. Azərbaycan xalq musiqiçiləri.- B., 1985.
- Şuşinski F. Cabbar Qaryağdı oğlu: Monoqrafiya.- B.: İşıq,1987 −128s.
- Şuşinski F. Xalq sənətkarı: C. Qaryağdıoğlu–125 //Ədəbiyyat və incəsənət.- 1987.- 6 fevr.- S.7.
- Şuşinski F. Görkəmli xanəndə //Bakı .- 1987.-11 fevr.
- Məhəmədoğlu F. Unudulmaz sənətkar //Azərbaycan gəncləri.- 1987.- 12 fevr.
- Bəkir oğlu Sayyədin. C. Qaryağdıoğlu toyda //Ədəbiyyat və incəsənət.-1990.-14 sent.- S.5.
- Əbdülqasımov F. Qüdrətli sənətkar //Qarabağ .- 1991–21 iyun.
- Çərkəzqızı S. "O tək xanəndə deyildi" /Sənətkarın qızı Şəhla xanımla müsahibə/ //Millət. –1997.-3 apr.
- Rzayeva V. Uğursuz mərsiyəxan, dünya şöhrətli xanəndə //Yeni Azərbaycan .- 1999.- 26 mart.
- Musiqi korifeyləri // Müxalifət .- 2002.- 11 may.- S.16.
- Zemfira Səfərova. Şərq musiqisinin peyğəmbəri. Bakı: "Şərq-Qərb", 2008
Mənbə
- Şərq musiqinin peyğəmbərləri
- Cabbar Qaryağdıoğlu Arxivləşdirilib 2007-10-06 at the Wayback Machine
- Azərbaycan Milli Kitabxanası Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine
- Rəna Səfərova. https://www.academia.edu/37866798/Milli_Az%C9%99rbaycan_Tarixi_Muzeyi_-_2013 Ustad xanəndə (Cabbar Qaryağdıoğlunun MATM-dakı materialları əsasında). S. 117–128] / Milli Azərbaycan Tarixi Muzeyi-2013. Bakı, 2013.
Xarici keçidlər
- Azərbaycan muğam məktəbinin banisi
- Kövkəb Səfərəliyeva
- "Qarabağın görkəmli şəxsiyyətləri:Cabbar Qaryağdıoğlu (1861-1944)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.