CAPTCHA

Kəpçə (ing. CAPTCHA; Completely Automatic Public Turing test to tell Computers and Humans Apart) – kompüterləri və insanları biri-birindən ayırmaq (fərqləndirmək) üçün tam avtomatlaşdırılmış açıq Türinq testi; kompüter sisteminin istifadəçisinin kim: insan, yaxsa kompüter olmasını müəyyənləşdirmək üçün istifadə olunan test. Karnegi-Mellon Universitetində (Carnegie Mellon University, CMU) 2000-ci ildə işlənib hazırlanıb. Testin əsas ideyası belədir: istifadəçiyə elə məsələ təklif etməli ki, onun həlli insan üçün çox sadə, kompüter üçün isə çox çətin olsun. Testin məqsədi İnternet resurslarını və onun istifadəçisini spamdan, fluddan, yaxud başqa arzuolunmaz müdaxilədən qorumaqdır. Ən geniş yayılmış CAPTCHA variantında istifadəçi şəkildə təsvir olunmuş simvolları daxil edir (çox zaman həmin simvolar təhrif olunmuş, yaxud yarımşəffaf şəkildə olur). Ümumi qəbul olunmuş normalara görə, görmə qabiliyyəti zəif olan insanlar üçün belə CAPTCHA’ya nitqin tanınmasına əsaslanan variant da əlavə olunmalıdır. Çətin alqoritmləşdirilən başqa məsələlər də tətbiq oluna bilər: məsələn, şəkildə nəyin olmasını bilmək, pişik olan bütün şəkilləri qeyd etmək və s. Buna baxmayaraq, standart olaraq məhz simvolların tanınması qəbul olunub, çünki o, hər hansı mədəniyyətə bağlı deyil və mobil brauzerlərdə də işləyir.

Captcha nümunəsi

Ədəbiyyat

İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.