Cənubi Azərbaycanda soyqırım

Cənubi Azərbaycanda soyqırım (1917–1918) — erməniaysor silahlı birləşmələrinin Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırım[1].

Hadisələrin başlanması

Ermənilərin təşkilatçılığı ilə vaxtilə ruslar tərəfindən Cənubi Azərbaycan ərazisinə yerləşdirilən Aysorlarda bu hadisələrdə ermənilər tərəfdən çıxış etmişdirlər. Aysorlara yerli türklər Cilo deyirdilər.

Hadisələr öncə Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanət ilə tərk-silah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri, bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci ilin, mart ayının 17-də, axır çərşənbə günü erməni-daşnak dəstələri və aysor dəstələri 500-dən çox evi yandırmış, 10 mindən çox insanı isə qətlə yetirmi[2]şdirlər. Xalq arasında "Urmi bəlası" kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır.

Erməni-aysor dəstələrinin məğlub edilməsi

Bu hadisələr təkcə Urmiyada baş verməmiş, , Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də olmuşdur. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınmışdır.

1918-ci ilin iyununu da Xoy şəhərinə daxil olan türk ordusu, oradan soyqırımın hələ də davam etdiyi Salmasa yönəldi. Bir neçə günlük döyüşlərdən sonra erməni-aysor dəstələri darmadağın edildi.

Cənubi Azərbaycandakı məğlubiyyətin xəbərini eşidən Andronik qisas və Xoy şəhərini almaq üçün 8 minlik qoşunla Culfadan Xoya hücuma başladı. 1918-ci ilin, iyun ayının 24-də Xoy şəhəri erməni qüvvələri tərəfindən mühasirəyə alındı. Şəhərdə qalmış azsaylı Osmanlı qüvvələri və şəhər sakinlərinin könüllü dəstələri müqaviməti təşkil etdilər. Salmasdan Osmanlı qoşununun yaxınlaşdığı xəbərini eşidən erməni qoşunları Cənubi Azərbaycan çıxmaq üçün geri çəkilməyə başaldılar. Geri çəkilərkən yolüstü bütün şəhər və kəndlər yandırıldı.

Urmiya gölündə olan, rus hərbi gəmisini ələ keçirən 180 nəfər erməni-aysor dəstəsi Şərəfxana limanına hücum etsə də, Osmanlı ordusu və yerli əhalidən təşkil edilmiş könüllülər tərəfindən məğlub edilərək, demək olar ki, hamısı qətlə yetirildi.

Nəticə

1917–1918-ci illəri əhatə edən bu hadisələr zamanı 190 minə yaxın Azərbaycan türkünün qətlə yetirildiyi təxmin edilir.

İstinadlar

  1. "Erməni millətçilərinin Cənubi Azərbaycanda törətdikləri vəhşiliklər". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
  2. "Cənubi Azərbaycanda erməni xəyanəti". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.

Mənbə

  • M. B. Məmmədzadə, "Ermənilər və İran", Bakı, 1993
  • M. S. Ordubadi, "Qanlı İllər", Bakı, 1991
  • B. Rəsuloğlu, "Azərbaycan yolunda", "Urmiyadan Şamaxıya mart qırğınları"
  • S. Onullahi, "Erməni millətçiləri və İran", Bakı, 2002
  • S. Onullahi, "Cənubi Azərbaycanda Türk-müsəlman əhalisinə qarşı soyqırımlar", Bakı, 2003.
  • N. Xudiyev, "Cənubi Azərbaycanda ermənilərin törətdiyi soyqırım", "Dirçəliş-XXI əsr jurnalı", Bakı, 2003.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.