Cəmil Əliyev
Cəmil Əziz oğlu Əliyev (30 mart 1946, Bakı) — tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (2001), Əməkdar Elm xadimi (2000), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru.
Cəmil Əliyev | |
---|---|
Doğum tarixi | 30 mart 1946 (77 yaş) |
Doğum yeri | |
Uşağı | |
Atası | Əziz Əliyev |
Anası | Lətifə Əliyeva |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adları |
Akademik Professor |
İş yeri | Milli Onkologiya Mərkəzinin direktoru. |
Təhsili | |
Tanınır | Onkoloq cərrah |
Üzvlüyü | |
Mükafatları |
|
Həyatı
Cəmil Əziz oğlu Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim və görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində anadan olmuşdur.
1968-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
1973-cü ildə Bakı şəhərində "onkologiya" ixtisası üzrə "Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində "onkologiya" ixtisası üzrə "Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1987-ci ildə elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə "onkologiya" ixtisası üzrə professor elmi adı almışdır.
Professor C. Ə. Əliyev 1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edir. C. Ə. Əliyev süd vəzi, başın yumşaq toxumaları və boyun şişlərinin diaqnostikası sahəsində görkəmli aparıcı mütəxəssislərdən biridir.
C. Ə. Əliyev Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə alimlər məktəbinin banilərindən biridir. C. Ə. Əliyev hal-hazırda da uzun illər ərzində yaratdığı Azərbaycan elmi onkologiya məktəbinə uğurla rəhbərlik edir.
C. Ə. Əliyev 600-dən çox elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiya və tələbələr üçün dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi altında 8 tibb elmləri doktorluğu və 48 tibb üzrə fəlsəfə doktorluğu müdafiələri işlənib uğurla müdafiə edilmişdir.
C. Ə. Əliyev Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Amerika Birləşmiş Ştatları M. D. Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti Hospitalının fəxri doktoru, həmçinin bir çox beynəlxalq elmi qurumun və ictimai təşkilatın tərkibinə seçilmişdir.
1980-ci ildə "Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı" monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının akademik N. N. Petrov adına mükafatına layiq görülmüşdür.
Professor Cəmil Əliyevin adı 1996-cı ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin dünya intellektualları arasında "Kim kimdir?" bioqrafik toplusuna daxil edilmişdir.
Həmin il C. Ə. Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının "Bilik" Maarifçilik Cəmiyyətinin Y. Məmmədəliyev adına mükafatına layiq görülmüşdür.
O, 2000-ci ildə "Əməkdar Elm xadimi" fəxti adına layiq görülmüş, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
2001-ci ildə professor C. Ə. Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
C. Ə. Əliyev akademik M. Topçubaşov adına mükafata (2003), Dağıstan Respublikasının "Əməkdar Elm xadimi" fəxri adına (2011), "Türk dünyasına xidmət" Böyük Qızıl medalına (2015) layiq görülmşdür.
Akademik Cəmil Əliyev 2015-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının dünyanın ən məşhur cərrahlarına təqdim edilən N. Piroqov ordeninə, "Avropanın fəxri alimi" adına və V. Leybnits medalına, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə akademik M. Mirqasımov adına mükafatına layiq görülmüşdür.
O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə səhiyyə sahəsində xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.
2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə "Elm və Sülh elçisi" fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[1]
1990-cı ildən Milli Onkologiya Mərkəzinin Baş direktorudur (www.mom.gov.az).
Akademik C. Ə. Əliyevin uzun illər ərzində gərgin səyləri nəticəsində bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz bölgəsində bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, 1500 çarpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir.
Hazırda Milli Onkologiya Mərkəzində 1290 nəfər çalışır. Onkoloji xəstələrin 92%-i Milli Onkologiya Mərkəzində müalicə olunur. İl ərzində burada 110 minə yaxın pasiyent müayinə olunur, 20 mindən çox insan stasionar müalicə kursu keçir.
Akademik C. Ə. Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2006–2012-ci illərdə Milli Onkologiya Mərkəzi tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir.
Mərkəzin tam müasir təchizatı dünya şöhrətli "Varian Medical Systems", həmçinin "OrfitIndustries" şirkətləri ilə əməkdaşlıq müqavilələri əsasında həyata keçirilmişdir.
Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış Onkoreqistr 2015-ci ildə Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasına üzv qəbul edilmişdir.
Akademik C. Ə. Əliyevin ardıcıl və səmərəli fəaliyyəti Milli Onkologiya Mərkəzini beynəlxalq səviyyəyə yüksəlməsinə həlledici şəkildə kömək etmişdir. 2015-ci ildə Milli Onkologiya Mərkəzi ilə ABŞ-nin M. D. Anderson Xərçəng Mərkəzi ilə ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanmışdır. 2018-ci ildə İngiltərənin Liverpul Universiteti hospitalı, Avstriya Tibb Universiteti, Türkiyənin Hacettepe Universiteti, həmçinin Xərçənglə Mübarizə üzrə Beynəlxalq Elmi-Tədqiqat İnstitutu ilə də Milli Onkologiya Mərkəzi memorandumlar imzalamışdır. 2014-cü ildə Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusu verilmişdir.
Hər il Mərkəzdə müxtəlif beynəlxalq və yerli əhəmiyyətli konfranslar keçirilir. Ölkəmizə səfər etmiş yüksək səviyyəli rəsmi şəxslər – Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adxanom Qebreyesus, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə xüsusi ticarət nümayəndəsi, baronessa Emma Nikolson, Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper və başqaları müxtəlif vaxtlarda Mərkəzin qonaqları olmuşlar.
Ailəlidir, iki övladı var.
Həyat yoldaşı – Dilşad Hüseyn qızı Əliyeva – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, Azərbaycan Respublikasının əməkdar müəllimidir.
Oğlu – Əziz Cəmil oğlu Əliyev – tibb elmləri doktoru, professor, İ. M. Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialinin rektoru, Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin aparıcı elmi işçisi və onkoloq-cərrahıdır.
Qızı – İradə Cəmil qızı Əliyeva – tibb elmləri namizədi, Azərbaycan Tibb Unuversiteti daxili xəstəliklər kafedrasının dosentidir.
İstinadlar
- "C.Ə.Əliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.