Əllamə Hilli

Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250[1] və ya dekabr 1250[2][3], Hillə27 dekabr 1325[1], dekabr 1325[2][3], 1326[4] və ya 1325[5][3], Hillə) — ilahiyyatçı alim (müctəhid/mərceyi-təqlid) və filosof.

Əllamə Hilli
Həsən bin Yusif
Doğum tarixi 23 dekabr 1250[1] və ya dekabr 1250[2][3]
Doğum yeri
Vəfat tarixi 27 dekabr 1325[1], dekabr 1325[2][3], 1326[4] və ya 1325[5][3]
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi fiqh
Elmi rəhbəri Nəsirəddin Tusi

Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir.[6]

Həyatı

Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır.

Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur.

"Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir. Mütəfəkkir "Ayətullah" titulunu daşımışdır.[6]

Cəmaləddin Həsən Hilli 17 dekabr 1250-ci ildə doğulub və 19 dekabr 1325-ci ildə vəfat etmişdir.[6]

Elmi yaradıcılığı

Təhsili

İlk təhsilini və ərəb ədəbiyyatını atasından tədris almışdır. Həmin vaxtlarda Əllamə Hilli ümumi dərslərini həm atasından, həm də digər qohumlarından, o cümlədən, dayısı Mühəqqiq Hillidən, anasının əmisi oğlu Şeyx Nəcibuddin Yəhya bin SəiddənSeyyid Əhməd bin Tavus, Rizauddin Əli bin Tavus və Həkim bin Məysəm Bəhranidən ("Nəchül-Bəlağənin şərhi"nin müəllifi) tədris almışdır. Həddi-buluğ yaşına (14 yaş) çatmamışdan müctəhidlik zirvəsinə yetişmişdi.

Səbinə Nemətzadə. Əllamə Hilli və onun "İrşadül-əzhan ila əhkamil-iman". Bakı,2004

Cəmaləddin Hilli zəngin yardıcılıq yolu keçmiş, fəlsəfəyəkəlama dair qiymətli əsərlər yazmışdır. Onun irsindən həm müasirləri, həm də xələfləri təsirlənmiş və bəhrələnmişlər. Cəmaləddin Hillinin əsərləri bütün dövrlərdə alimlərin diqqət mərkəzində olmuş, həmin əsərlərə dəyərli şərhlər və haşiyələr yazılmışdır. Bir faktı da bildirmək lazımdır ki, mütəfəkkirin əsərləri, onların əsasında qələmə alınmış şərhlər və haşiyələrin əlyazma nüsxələri dünyanın müxtəlif şəhərlərinin kitabxanalarının nadir incilərindəndir.

Şeyxülislam Allahşükür Paşazadə "Qafqazda islam" əsərində Cəmaləddin Hillinin Nəsirəddin Tusi ilə birgə şiə ilahiyyat təliminin hazırlanmasında iştirak etdiyini yazmışdır: "Nəsirəddin ət-Tusi və onun şagirdi Əllamə əl-Hillinin – Allah onların hər ikisindən razı olsun! – səyləri sayəsində islamın beş əsas müddəasına və eləcə də on iki imam əqidəsinə əsaslanan şiə ilahiyyat elmi qəti bərqərar oldu".[7]

Mütəfəkkirin yaradıcılığında dinə aid əsərlər say etibarı ilə çox olsa da, fəlsəfə ilə bağlı əsərlər də mühüm yer tutur. Cəmaləddin Hilli sələflərinin ideyalarından geniş şəkildə bəhrələnmişdir. Nəsirəddin Tusinin irsi Cəmaləddin Hilli üçün örnək olmuş və o, tarixdə öz müəlliminin fikirlərinin fəal təbliğatçılarından biri kimi tanınmışdır. Buna onun Nəsirəddin Tusinin "Kəlamın təcridi" ("Təcrid əl-kəlam"), "Məntiqin təcridi" ("Təcrid əl-məntiq"), "Əqidələrin əsasları" ("Qəvaid əl-əqaid") əsərlərinə həsr etdiyi şərhlər parlaq misallardır.

Cəmaləddin Hilli Nəsirəddin Tusinin "Kəlamın təcridi" əsərinə çox dəyərli şərh yazmışdır. Həmin kitab "Əqidələrin təcridi" ("Təcrid əl-əqaid") və "Etiqadın təcridi" ("Təcrid əl-etiqad") adları ilə məşhurdur. Nəsirəddin Tusi əsərin adı haqqında belə yazır: "Onu "Əqidələrin təcridi" adlandırdım".[8]

Mütəfəkkir sələflərindən biri olan Nəcməddin Qəzvininin də yaradıcılığı ilə maraqlanmış və onun irsi ilə yaxından tanış olmuşdur. Cəmaləddin Hilli Nəcməddin Qəzvininin "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı" ("ər-Risalə əş-Şəmsiyyə fi-l-qəvaid əl-məntiqiyyə") əsərinə və "Mahiyyət hikməti" ("Hikmət əl-ayn") kitabına şərhlər yazmışdır. Mənbələrdə onun "Mahiyyət hikməti" kitabı əsasında qələmə aldığı şərh "Əsasların Mahiyyətinin hikmətindən məqsədlərin izahı" ("İzah əl-məqasid min Hikmət əl-ayn qəvaid") adlandırılmışdır. Mütəfəkkirin bu şərhi dəyərli bir əsər kimi məşhur olmuş, alimlərin diqqətini cəlb etmişdir.[6]

Cəmaləddin Hillinin "Dinin ehkamına dair elm öyrənənlərin mübahisəsi" ("Təbsirat əl-mütəəllimin fi ehkam əd-din") əsəri onun tarixində böyük şiə şeyxi kimi məşhur olmasının səbəblərindən biridir. Həmin kitab öz dəyərinə görə şiə alimlərinin diqqət mərkəzində olmuşdur.

Cəmaləddin Hillinin "Dinin ehkamına dair elm öyrənənlərin mübahisəsi" kitabına Şeyx Əhməd ibn Zeynəddin Əhsai Bəhreyni (1753–1827) şərh qələmə almışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov Şeyx Əhməd Əhsainin əsasını qoyduğu şeyxilik cərəyanı haqqında yazmışdır ki, şeyxilik cərəyanı müsəlman Şərqi ölkələrində, o cümlədən Azərbaycanda yayılmışdır. Bu dini-fəlsəfi təlim Sədrəddin Şirazinin (…-1640) işraqilik fəlsəfəsinin ifrat şiəliyə məxsus doktrinalarla qatışığından vücuda gəlmişdir.[9]

Səbinə Nemətzadə "Əllamə Hilli və onun "İrşadül-əzhan ila əhkamil-iman" (Bakı,2004) kitabında mütəfəkkirin irsini hərtərəfli araşdırmışdır. "Zehnlərin iman ehkamına yol göstərməsi" kitabının səkkiz əlyazma nüsxəsi AMEA-nın Əlyazmalar İntitutunda vardır. Dinə, şəriət məsələlərinə həsr edilmiş əsərin quruluşu mürəkkəb formadadır, bir çox başlıqlara və yarımbaşlıqlara bölünmüş, ən böyük başlıqlar "kitab" adlandırılmış, 20 kitabdan ibarətdir.[10]

Cəmaləddin Hilli öz sələflərinin, xüsusilə İbn Sinanın və Nəsirəddin Tusinin yaradıcılıq yollarını diqqətlə izləmiş, onların irsindən geniş şəkildə bəhrələnmişdir. Filosof əsərlərində sələflərinin fikirlərini elmi mövqedən qiymətləndirmiş və araşdırmışdır.

Cəmaləddin Hilli Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndəsi kimi mənbələrdə yad edilmiş, tarixdə filosof və ilahiyyatçı kimi şərəfli yer tutmuşdur.[6]

Müəllimləri

Əllamə Hilli fiqhdə dayısı Mühəqqiq Hillinin, məntiq və fəlsəfədə Xacə Nəsrəddin Tusinin tələbəsi idi. Əhli-sünnə fiqhini ayrıca olaraq əhli-sünnə alimlərinin yanında öyrənmişdi.

  1. - Nəsrəddin Tusi
  2. - Mühəqqiq Hilli
  3. - Şeyx Səiduddin Yusif (atası)
  4. - Seyyid Əhməd b. Tavus
  5. - Seyyid Əli b. Tavus
  6. - İbni Məysəm Bəhrani
  7. - Şeyx Nəcibuddin Yəhya b. Səid
  8. - Şeyx Təqiyuddin Abdullah b. Cəfər b. Əli Sabbağ Hənəfi

Tələbələri

  1. - Fəxruddin Muhəmməd (oğlu)
  2. - Şeyx Əbül Həsən Məzidi
  3. - Qütbuddin Razi (Şəmsiyyə kitabının şarihidir)
  4. - Seyyid Əhməd b. İbrahim b. Zührə

Əsərləri

Fiqh, üsuli-fiqh, kəlam, məntiq, fəlsəfə, rical və daha bir çox digər sahələrə aid olan müxtəlif kitablar yazmışdır. Yüzə qədər əsərləri müasir dövrümüzədək gəlib çatmışdır:

  • Əl-İrşad
  • Təbsirətül-Mütəallimin
  • əl-Qəvaid
  • Əl-Təhrir
  • Təzkirətül-Fükaha
  • Muhtələfuş-Şiə
  • Əl-Müntəha
  • Şərhut-Təcrid
  • Minhacul-İstiqamət
  • Təlhisül-Kəşşaf
  • Əl-Babul-Hadi Əşər[11]

Vəfatı

Əllamə Hilli hicri-qəməri təqvimi ilə 726-cı ilin Məhərrəm ayının 19–20-də dünyasını dəyişdi. Onun qəbri Nəcəfdə Əlinin türbəsindədir.

Həmçinin bax

  • Mühəqqiq Hilli

İstinadlar

  1. al-Hilli // Encyclopædia Britannica (ing.).
  2. Identifiants et Référentiels (fr.). ABES, 2011.
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Deutsche Nationalbibliothek Record #119012766 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. data.bibliotheken.nl (nid.).
  6. Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı, Elm, 2011
  7. Şeyxülislam Allahşükür Paşazadə. Qafqazda islam. Bakı, 1410–1992.
  8. Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, 2000
  9. Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994
  10. Nemətzadə Səbinə Ələsgər qızı. Əllamə Həsən ibn Sədidəddin ibn əl-Mütəhhər əl-Hilli və onun "İrşad ül-əzhan ila əhkam il-iman" əsərinin fiqh tarixində yeri. İlahiyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2002
  11. Təbriz Qasımov, Əl-Babul-Hadi Əşər (tərcümə və şərh), Bakı, “İbrət Nəşrləri”, 2021, 184 səh.

Xarici keçidlər

  • "ƏLLAMƏ HILLI" ( (az.)). al-shia.my1.ru. 2008-08-06. 2015-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.