Cəlilkənd
Cəlilkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Cəlilkənd kəndi Cəlilkənd, Cəlilkənd kənd inzibati ərazi dairəsi Cəlilkənd inzibati ərazi dairəsi adlandırılmışdır.[2]
Cəlilkənd | |
---|---|
39°34′22″ şm. e. 45°00′38″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 833 m |
Saat qurşağı | |
Tarixi
Kəndin adı memorial toponimdir. Cəlilkəndə 1961-ci ildə görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilkənd adı verilmişdir[3].
“Noraşen” sözü haqqında
Şərur ərazisindəki Noraşen adlı kəndin adı müxtəlif variantlarda izah edilmişdir. Noraşen sözü haqqında qiymətli və dəqiq təhlil f.e.namizədi (1990), BDU-nun müəllimi C.Cəfərova məxsusdur. O, “Noraşen sözünün etimologiyası” [4] məqaləsində yazır ki, “aydın olur ki, Noras/i/on, Norasun, Noraşin, nəhayət Noraşen e.ə. II minilliklərdə bütün dünyada məşhur olan “ərason” (onuncu as ərlər) türk tayfa adının müxtəlif variantlarının (oroson, oroçon, arasun, araşen, orşen) önünə n samitinin artırılması ilə yaranmış sırf türk mənşəli sözdür və erməni dili ilə heç bir əlaqəsi yoxdur. Deməli, qəti söyləmək olar ki, Noraşen etnotoponimi sakların yaşadığı ən qədim yaşayış məskənidir” [5] Qədim türk yurdu olan Noraşen yaşayış məntəqəsinin qədim sakinləri olan türklər tərəfindən türk dilində adlandırılması ağlabatan və inandırıcıdır. XVII əsr fransız səyyahı Şarden “Parisdən İsfahana səyahət” əsərinin 303-cü səhifəsində Noraşeni şəhər adlandırır və 10 aprel 1673-cü ildə bu şəhərin yaxınlığındakı karvansarada gecələdiklərini yazır. Digər bir əcnəbi müəllif-milliyətcə rus olan Sokolovun 1816-1817-ci illərə aid yazdığı gündəliyində bir neçə dəfə Noraşen sözünə rast gəlirik.
Cəlilkənd inzibati mərkəz kimi
Yaşlı kənd sakinlərinin söylədikləri məlumatlar belə deməyə əsas verir ki, əvvəllər kəndin ərazisində poçt (indiki rabitə), bank, klub, xəstəxana, yol istismar idarəsi (idarənin rəisinin Osipov soyadlı eynəkli şəxs olduğu söylənilir), hətta həbsxana da var idi. Yəni Cəlilkənd bir növ Şərur-Dərələyəz qəzasının inzibati mərkəzi hesab edilirdi. Tarixən alverçilərin və əkinçilərin yaşadığı Baş-Noraşendə xeyli məmur var idi. XX əsrin əvvəllərində dəmiryolunun çəkilişi, müəyyən xidmət və iaşə müəssisələrinin köçürülməsi və yenilərinin tikilməsindən sonra Şərur artıq rayon mərkəzinə çevrilmişdi. I Dünya müharibəsi illərində Noraşen kəndinin sakinləri pambıqçılıqla məşğul olurdular. Bu illərdə, xüsusilə 1915-1917-ci illərdə Şərurun bütün düzənlik kəndlərinin, o cümlədən Başnoraşen kəndinin iqtisadiyyatı da pambıq maraqları ətrafında fırlanırdı. Ulya Noraşen (indiki Oğlanqala), Yengicə və Xanlıqlar kənd cəmiyyətləri ilə yanaşı, Başnoraşen kənd cəmiyyəti də xüsusilə fərqlənirdi.
Coğrafiyası və iqlimi
Cəlilkənd Şərur düzündə yerləşir.
Əhalisi
Əhalisi 1927 nəfərdir [6] Tarixə ekskurs etdikdə aydın olur ki, Şərur bölgəsinin müxtəlif ərazilərində, o cümlədən Cəlilkənddə yaşayan əhali içərisində müxtəlif sosial təbəqələrin və zümrələrin nümayəndələri olmuşdur. Bunların içərisisndə bəy, hacı, məşədi və digər sosial qrupları təmsil edən insanlar var idi. Kəndin bəylərindən Samoş bəyin, Teymur bəyin, Fərzah bəyin, Əkbər bəy Səfiyevin və b. adlarını çəkmək olar. Məşədi İbrahim, Məşədi Həsən, Məşədi Ruqiyyə və digərləri də müxtəlif illərdə kənddə yaşayan sakinlər olmuşlar. Kənddə məskunlaşaraq yaşayan tayfalar-Musayevlər, Nadirovlar, Əsgərovlar, Rəhimovlar, Həsənovlar, Məmmədovlar və b. xüsusi çəkiyə və hörmətə malik olmuş, onların içərisində tanınmış (təkcə Şəruruda deyil, bütün respublikada) yüksək vəzifəli şəxslər, elm və sənət adamları, hərbçilər, hüquq-mühafizə orqanlarının məsul işçiləri və b. sahələrdə çalışan dövlət qulluqçuları olmuşdur və hazırda da vardır. Mənbə və sənədlərdə Sovet hakimiyyətinin qələbəsinə qədər ümumi torpaq sahəsi 508.208 desyatinə (desyatin=1,0925 ha) bərabər olan Naxçıvanda torpaqların milliləşdirilməsi barədə məlumatlar verilir. Belə ki, Naxçıvan İnqilab Komitəsi 1921-ci ilin noyabrından Naxçıvanda mülkədar, xan, bəy və xəzinə torpaqlarının müsadirə edilib zəhmətkeş kəndlilərə paylanması haqqında dekret vermişdi. Sənədin müddəaları Cəlilkənd bəylərinin də bir neçəsinin torpaq sahələrinə şamil edilmiş və bu torpaqlar müsadirə edilmişdir. Həmin dekretə əsasən kəndin iri torpaq sahiblərindən Səfiyevlərin 5.543 desyatin torpaq sahələri müsadirə edilib milliləşdirilmişdi.
Şəxsiyyətləri
- Tağı bəy Səfiyev
- Bilal Səfiyev - Praporşik.
- Teymur bəy Səfiyev (1889-?) - məmur, vəkil.
- İbrahim Safi - rəssam.
- Asəf Nadirov — AMEA-nın həqiqi üzvü.
- Mirzə Hüseyn Nadirxanov - mirzə, hesabdar
Təhsil
XX əsrin 80-ci illərində Şərur-Dərələyəz qəzasının mərkəzi olan Cəlilkənddə ilk dünyəvi məktəblərdən biri olan ikisinifli kənd məktəbi açılmışdı (çar hökuməti buna 1883-cü ildə icazə verməyə məcbur olsa da, məktəb iki il sonra-1885-ci il sentyabrın 20-də fəaliyyətə başlamışdı). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbov 10 iyul 2006-cı ildə Cəlilkənd orta məktəbinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı. Və bu yubiley çox yüksək səviyyədə və böyük təntənə ilə keçirilmişdi. Bundan başqa, məktəbin yaranma tarixi və fəaliyyəti barədə kəndin mərhum ziyalısı-müəllimi K.Zamanov tərəfindən “120 yaşlı məktəb” adlı kitabça hazırlanaraq nəşr etdirilmişdir. Bunları nəzərə alaraq, kənd məktəbinin tarixi haqqında geniş yazmağa ehtiyac hiss olunmasa da, müəyyən məqamları qısa şəkildə xatırlatmağı məqsədəuyğun hesab edirik. Bu dövrdə Şərur qəzasında açılan ilk kənd məktəbi Yenkicə (1882-ci ildə açılıb) idisə, ikincisi Cəlilkənd məktəbi idi. Naxçıvan MR Dövlət Arxivində olan sənədlərə əsasən məktəb kəndin imkanlılarından olan İsmayıl xan Səfiyevə məxsus evdə, iki illik kirayə haqqı 200 manat olmaqla siniflərin sahəsi 560 kub arşın həcmində və hər cür ləvazimatla (məktəb mebeli, kitab və məktəb ləvazimatı) təhciz olunmuş şəkildə fəaliyyətə başlamışdır. Bu məktəbin inkişafında burada dərs deyən müəllimlərdən müdir işləmiş Məmməd bəy Qazıyevin, o dövrün tanınmış ziyalısı, ilk müdir-nəzarətçi Mirzə Əliməmməd Xəlilovun, Molla Fərzalıbəy Fərzalıbəyovun, Cəlil Məmmədquliyevin (Məmmədquluzadənin), Əbülqasım Sultanovun, Ələkbər Süleymanovun, Kərim bəy Səfiyevin, Tağı bəy və Abbasqulu bəy Səfiyevlərin və b. müstəsna xidmətləri olmuşdur. 1887-ci ildə pedoqoji fəaliyyətə başlayan C.Məmmədquluzadə 1887-ci il dekabrın 25-dən 1890-cı il 15 yanvarınadək Cəlilkənd məktəbində müəllimlik etmişdir. Kənd adamları tərəfindən “Mirzə Cəlil” deyə çağırılan C.Məmmədquluzadə 1889-cu ildə kənd həyatına dair topladığı materiallar əsasında ilk qələm təcrübəsini-“Çay dəstgahı” adlı alleqorik dramını bu kənddə yazmışdır. Yeri gəlmişkən qeyd edək ki, 1957-ci ilin martında kənd məktəbinə onun adının verilməsi, 1961-ci ildən bu kəndin Cəlilkənd adlandırılması yerli sakinlərin xahişi və tələbi ilə olmuşdur. 1888-ci ildə bu məktəbi bitirən C.Səfiyev Moskva Universitetinin hüquq fakültəsini, bir il sonra məktəbi bitirən H.Səfiyev həmin Universitetin (Moskva) tibb fakültəsini, T.Səfiyev İrəvan Müəllimlər Seminariyasını bitirərək müəllim, İ.İsmayılov bələdiyyə idarəsində katib və notarius, A.Səfiyev dəftərxana xidmətçisi, T.Rəcəbbəyli və B.Kazımbəyov dilmanc işləmişdir (“Məktəbə daxil olanlar və bitirənlər”in siyahısı). 1878-ci ildə Cəlilkənddə dünyaya göz açan Tağı bəy Səfiyev C.Məmmədquluzadənin dostu və məsləkdaşı olmuş, onun təşviqi ilə 1889-1893-cü illərdə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. “Molla Nəsrəddin” jurnalında çıxışlar edən tanınmış maarifçi T.Səfiyev Sovet hakimiyyəti illərində pedoqoji fəaliyyətini davam etdirmiş, Qars müqaviləsinin (1921) imzalanması mərasimində Naxçıvan diyarının təmsilçisi olmuşdur. 1923-cü ildə Naxçıvan Xalq Maarif Komissarlığının inspektoru vəzifəsində çalışmış, “Rusca-türkcə lüğət” (1929) hazırlamışdır. “Maarifçi zərbəçisi” döş nişanına layiq görülmüşdür [7] Akademik İ.Həbibbəylinin “C.Məmmədquluzadə və müasirləri”, B., 1997, “Qars müqaviləsində Naxçıvan təmsilçisi” (“Fikir” jurnalı, Naxçıvan, 1999, səh.13-14) və b. əsərlərində T.Səfiyevin pedoqoji və siyasi fəaliyyətinə dair ətraflı məlumatlar vardır. 1904-1905-ci illərdən başlayaraq qızların da cəlb ediliyi bu məktəbdə təkcə Cəlilkənd əhalisi deyil, qonşu Düdəngə, Mahmudkənd, Sərxanlı, Qarxun və digər kəndlərin gəncləri də təhsil almışdır. I Dünya müharibəsi illərində, xüsusən 1914-1917-ci illərdə məktəbdə şagirdlərin sayı artmış, ümumiyyətlə, 1918-ci ilə kimi məktəbin məzunlarının sayı 200-dən çox olmuşdur. Az sonra, 1918-1920-ci illərdə erməni qəsbkarlarının bu bölgəyə davamlı hücumları nətisəcində Şərur qəzasının, o cümlədən Cəlilkənd sakinlərinin müəyyən hissəsi öz yurdlarından köçmüşdür. Buna görə də məktəbdə tədris posesində fasilələr yaranmış və məktəbin fəaliyyəti bir müddət dayandırılmışdır. Həmin dövrün arxiv sənədlərindən aydın olur ki, digər kənd məktəbləri kimi Cəlilkənd məktəbi də 1920-ci ilin sonlarında açılaraq yenidən fəaliyyətə başlayır və həmin ildən başlayaraq bu məktəb yeddisinifli natamam orta təhsil ocağına çevrilir. Bu sənədlərdə göstərilir ki, 1921-1922-ci illərdə Cəlilkənddə iki məktəb: oğlan və qız məktəbi yaradılmışdır. Naxçıvan MSSR Xalq Komissarlığının 18 avqust 1926-cı il tarixli əmrinə əsasən oğlan məktəbi ilə qız məktəbi birləşdirilib nümunə məktəbi adlandırılmışdır. Sonralar-1934-1935-ci tədris ilində Cəlilkənd məktəbi natamam orta məktəbə, 1944-1945-ci illərdə orta məktəbə çevrilmişdir. Alman faşistləri ilə müharibə dövründə də Cəlilkənd məktəbi öz fəaliyyətini davam etdirmiş, məktəbin müəllimləri orduya hərtərəfli kömək göstərmişdir. Böyük Vətən müharibəsi illərində məktəblərin əksəriyyətində kolxozlarda işləyərək kolxozçulara kömək etmək məqsədilə şagird briqadaları yaradılmışdır. Müəllim Yusif Həsənovun rəhbərliyi ilə 25 şagirddən ibarət Cəlilkənd natamam orta məktəbində də belə briqada yaradılmışdır. Bir fakt fərəh və qürurla deyilməlidir ki, fəaliyyət göstərdiyi illərdə Cəlilkənd məktəbini 12 şagird qızıl, 4 şagird gümüş, 2 şagird isə fərqlənmə attestatı ilə bitirmişdir. İndi bu məktəbin məzunlarının xoş sorağı müxtəlif yerlərdən gəlir. AMEA həqiqi üzvü, mərhum Asəf Nadirovun, Özbəkistan Elmlər Akademiyasının müxbir üzvü H.Bağırovun və onlarla başqalarının adlarını fəxr və iftixarla çəkmək olar. Cəlilkənd məktəbi özünün idman ənənələri ilə də respublikada taınınmış məktəblərdən biri olub. Vaxtilə ad-san qazanmış kənd idmançılarımızın sayı çox idi. Yaxşı xatırlayıram ki, ötən əsrin 70-80-ci illərində məktəbdə kütləvi şəkildə idman yarışları, futbol, voleybol oyunları keçirılirdi. Və həmişə də bu məktəbin komandası əksər idman növlərində mükafata layiq yerlər tuturdı. Hətta məktəbin voleybol komandası fizika-riyaziyyat müəllimi Ziyad müəllimin rəhbərliyilə respublikada keçirilən final mərhələsində dəfələrlə yüksək nəticələr göstərmişdir. Sərbəst güləş üzrə keçirilən idman yarışları, stolüstü idman oyunları da (şahmat, dama və s.) xüsusi maraq kəsb edirdi. Bu məktəbdə təşkil edilən bilik yarışmaları, məktəblərarası fənn olimpiadaları, müxtəlif xarakterli intelektual oyunlar orta və yaşlı nəslin yaxşı yadındadır. Qeyd edək ki, 1983-cü ildə Cəlilkənd orta məktəbi üçün yeni bina tikilsə də, bu bina müasir tələblərə cavab vermirdi. Buna görə də Cəlilkənddə tikintisinə 2006-cı ilin mart ayında başlanmış ikimərtəbəli 342 şagird yerlik müasir tələblərə uyğun olan məktəb binası tezliklə müəllim və şagirdlərin ixtiyarına verildi. Muxtar Respublikanın hər yerində olduğu kimi, Cəlilkənddə də təhsil infrastrukturunun yenilənməsi uğurla həyata keçirilir. 2014-cü ildən başlayaraq məktəb binası müasir tələblərə uyğun yenidən qurulmuşdur. Hazırda 270 yerlik və 3 mərtəbədən ibarət olan binada tədris üçün gözəl şərait yaradılmışdır. 2015-ci il aprelin 15-də məktəbin müəllimləri ilə söhbət zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Cəlilkənd orta məktəbinin qədim tarixi vardır. Bu il məktəbin 130 ili tamam olur. Fəaliyyəti dövründə məktəb ölkəmizdə təhsilin inkişafına mühüm töhfələr vermişdir. Cəlil Məmmədquluzadə kimi böyük mütəfəkkir vaxtilə bu məkətəbdə dərs demiş, ilk qələm təcrübəsi olan “Çay dəstgahı” alleqorik dramını müəllim və şağirdlərin iştirakı ilə burada tamaşaya qoymuş, böyük maarifçilik işi aparmışdır. Ona görə də mütəfəkkirin adını daşıyan məktəb bu gün öz fəaliyyətinin daha da gücləndirməli, nailiyyətlər artırılmalı, məktəbin yetirmələri gələcəkdə ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər”.
Kənddə orta məktəb fəaliyyət göstərir. Məktəbin əsası 20 sentyabr 1885-ci ildə qoyulmuşdur. XX əsrin əvvəllərində Cəlilkənd məktəbi beşsinifli rus-tatar məktəbinə, 1920-ci ildə yeddisinifli natamam orta tədris ocağına çevrilmişdir. Orta məktəb kimi fəaliyyətə isə 1944-cü ildə başlamışdır. 4 mart 1957-ci ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəbə Cəlil Məmmədquluzadənin adı verilmişdir. 2006-ci ilin sentyabr ayında bu məktəbinin 120 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam vermişdir[8].
Cəlilkənd buzxanası
Tarixdən məlum olduğu kimi, orta əsrlərdə soyuducular olmadığı üçün Azərbaycanın müxtəlif ərazilərində buzxanalar tikilirdi. Xüsusilə yay aylarında yeyinti məhsullarının qorunub saxlanılmasında buzxanalar mühüm rol oynayırdı. Həmin dövrdə Naxçıvan şəhərində, Ordubadda və Cəlilkənd kəndində də buzxanalar tikilmişdi. Cəlilkənd buzxanası XIX əsrə aid tikilidir. Bu buzxanadan uzun zaman istifadə olunub. Kəndin girəcəyindədir, onun girişi cənubdandır. Dördkünc şəkildə inşa olunan tikili tağabənzər formada tamamlanıb. Ölkə əhəmiyyətli memarlıq abidələri sırasındadır. Əhali uzun zaman Cəlilkənd buzxanasından istifadə edib. Buzxana sonralar sıradan çıxsa da, kənddə aparılan kompleks quruculuq tədbirləri nəticəsində yenidən qurulub. Yenidənqurmadan sonra Cəlilkənd buzxanasında milli yeməklər hazırlanaraq təqdim olunmuş, qısa bir müddət sonra isə Naxçıvandakı qədim sənətlərdən olan xalçaçılıq sənətinin davam etdirilməsinə həvəsləndirmək və qədim xalça növlərinin nümayiş olunması üçün "Xalq yaradıcılıq emalatxanası" adı altında öz fəaliyyətini davam etdirmişdir.[9]
Kənd qəbiristanlığı
Cəlilkənddə el arasında “qalaça” deyilən xeyli siklop tikililəri var. İnşa üsulu və texnikasına görə bu “qalaçalar” e.ə. II minilliyin əvvəllərinə aid edilir. Şərurun arxeoloji abidələrindən danışarkən AMEA-nın müxbir üzvü V.Baxşəliyev Cəlilkənd qəbiristanlığının da adını çəkir və onun eyniadlı kəndin yaxınlığında Naxçıvan-Sədərək asfalt yolunun sağ tərəfində yerləşdiyini vurğulayır. O yazır: “qəbiristanlıq ətraf yerlərə nisbətən hündür təpənin üzərində yerləşir. Orta əsrlərə aid olan qəbirlər başlıca olaraq qəbiristanlığın cənub və qərb tərəflərindədir. Başdaşılarının bir qismi torpağın aşınması nəticəsində yerə düşmüşdür. Başdaşıları çəhrayı və boz rəngli daşlardan dördkünc formada hazırlanmışdır. Onların mərkəzi hissəsi taxça şəklində oyulmuş və ərəb əlifbası ilə kitabələr yazılmışdır. Tarixlər hicri təqvimi ilə verilmişdir. Başdaşılarında hicri 1210, 1310, 1334 və s. tarixlərə rastlanır. Araşdırmalar göstərir ki, qəbiristanlığın ərazisindən uzun müddət istifadə edilmişdir. Arxeoloji və epiqrafik materiallara əsaslanaraq qəbiristanlığı XVIII-XX əsrlərə aid etmək olar” [10].
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh. 121.
- “İşıqlı yol” qəzeti-bu gün “Şərurun səsi”, 14 iyun 1990
- Ə.Eyvazlı. ”Naxçıvan qədim türk torpağıdır”, s.27-28.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- Naxçıvan Ensiklopediyası 2 cilddə, c.2, s.264.
- "Şərur rayonundakı Cəlilkənd orta məktəbinin 120 illik yubleyinin keçirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 iyul 2006-cı il tarixli, 39-03/S nömrəli Sərəncamı. alimeclis.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
- "Cəlilkənd buzxanasının bu günü - VİDEO". nuhcixan.az (az.). 2018-07-24. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
- “Naxçıvanın arxeoloji abidələri”, s.67