Cəfərxanlı yaşayış yeri
Cəfərxanlı yaşayış yeri — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəfərxanlı kəndi yaxınlığında, İncəçayın sağ sahilində yerləşən qədim yaşayış yeri.
Cəfərxanlı yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Cəlilabad |
Yerləşir | Cəfərxanlı |
Aidiyyatı | Tunc dövrü |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Ümumi məlumat
Yaşayış yerinin yerləşdiyi ərazinin dəfələrlə şumlanması abidənin dağılmasına və planının itməsinə səbəb olmuşdur. Arxeoloji tədqiqatlarla, yaşayış yerinin 2 hektardan artıq sahəni əhatə etdiyi müəyyən edilmişdir. Yaşayış yerinin bəzi hissələrində gil qatları, daş və çiy kərpicdən tikinti qalıqları görünməkdədir. Kəşfiyyat qazıntıları ilə daşdan əmək alətləri və keramika məmulatı aşkar olunmuşdur.
Yaşayış yerindən aşkar olunmuş keramika üç qrupa bölünür. Birinci qrupa daxil olan küpə, çölmək və banka tipli qablar cilalama üsulu ilə, həndəsi motivdə naxışlanmışdır. Bəzi qabların gövdəsi konnelyur ornamentlidir. İkinci qrupa sarıqəhvəyi rəngli, qaba hazırlanmış qalın divarlı qablar daxildir. Gilinin tərkibinə qum və çınqıl qatılan bu qabların əksəriyyəti uzun boğazlı, genişağızlı küpələrdir. Qabların boğazı çəpinə çərtmələr və sünbülşəkilli ornamentlə naxışlanmışdır. Üçüncü qrupa monoxrom boyalı qablar daxildir. Onlar qırmızı rəng üzərindən qara rənglə lanmışdır.
Yaşayış yerinin dövrünün müəyyənləşdirilməsində Orta Tunc dövrünün erkən mərhələsində meydana çıxan və Kür-Araz mədəniyyəti ilə bağlantılı olan dirsəkşəkilli qulplar əhəmiyyətlidir. Bəzi qulpların yuxarı hissəsi zoomorf fiqurlarla tamamlanır. Aşkar olunmuş materiallar Cəfərxanlı yaşayış yerini e.ə. III-II minilliklərin qovşağına aid etməyə imkan verir.
Mənbə
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007