Cəfər Vəlibəyov
Cəfər Mehdi oğlu Vəlibəyov (1907, Əkərək, Eçmiədzin qəzası – 1981, Bakı) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Əməkdar jurnalisti (1971).[1]
Cəfər Vəlibəyov | |
---|---|
1930 – 1936 | |
Əvvəlki | Səfər Alməmmədov |
Sonrakı | Ələsgər Vəliyev |
Qarabağlar Rayon Partiya Komitəsinin birinci katibi | |
1947 – 1949 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 1981 |
Vəfat yeri | |
Partiya | Kommunist partiyası |
Fəaliyyəti | qəzet redaktoru[d] |
|
|
Təltifləri |
Həyatı
Cəfər Mehdi oğlu Vəlibəyov 1907-ci ildə İrəvan quberniyası Eçmiədzin qəzasının Əkərək kəndində anadan olmuşdur.[2]
Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər qəsdlə Vəlibəyovlar nəslinə məxsus var-dövləti və əmlakı müsadirə etmiş, ayrı-ayrı ziyalıların Azərbaycan, Rusiya, Türkiyə və İrana köçüb getməsinə səbəb olmuşdur. Belə bir şəraitdə valideynlərini erkən itirən C. Vəlibəyov əmək fəaliyyətinə 13 yaşından İrəvan pambıqtəmizləmə zavodunda fəhləlikdən başlamışdır. Bir müddətdən sonra isə zavodun fəhlə komitəsinin sədri seçilmişdir. 1929-cu ildən İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifəsində işləmiş və istehsalatdan ayrılmadan öz təhsilini davam etdirmişdir.[2]
1932-ci ildə C. Vəlibəyov Basarkeçər Rayon Komsomol Komitəsinin katibi, rayon qəzetinin məsul katibi, 1936-cı ildə Ağbaba (Amasiya) rayon qəzetinin redaktoru, sonralar isə rayon partiya komitəsinin katibi seçilmişdir. О, 1938-ci ildən "Sovet Ermənistanı" qəzeti redaksiyasına işə göndərilmiş, qəzetin baş redaktoru təyin edilmişdir. 1947-ci ildə Qarabağlar Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş və iki il bu vəzifədə çalışdıqdan sonra 1949-cu ildə yenidən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru təyin olunmuşdur. 1961-ci ilədək həmin vəzifədə çalışmışdır.[2]
"Kiçik sovet ensiklopediyası"nda C. Vəlibəyovun sovet dövründə 21 ilə yaxın partiya orqanı olan respublika qəzetinə başçılıq etmiş yeganə şəxs olması yazılmışdır. Onun rəhbərlik etdiyi qəzetdə Ermənistanda yaşayan azərbaycanlılar, ümumiyyətlə respublikada baş verən hadisələr obyektiv şəkildə öz əksini tapırdı.[3]
C. Vəlibəyov bir neçə il ardıcıl olaraq İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunda Dövlət İmtahan (buraxılış) komissiyasının sədri olmuşdur. Onun məsləhəti ilə texnikumun bir sıra məzunları elmin zirvələrinə yüksəlmişlər.[2]
Cəfər Vəlibəyov III–VI çağırış Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır. Dəfələrlə Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir. "Ermənistanın Əməkdar jurnalisti" adına layiq görülmüş, bir sıra medallarla, eləcə də Ermənistan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur.[3]
Cəfər Vəlibəyov 1981-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.[4]
İstinadlar
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.440. ISBN 5-8020-0852-0
- Əsgər Zeynalov. İrəvan ziyalıları. Bakı: Oğuz eli. 1999.
- Əsgər Zeynalov. İrəvan xanlığı… gerçəkliyin aydınlığı. Bakı: Mütərcim. 2016.
- "Arxivlənmiş surət". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.