Buxarı

Buxarı — evlərin daxilində, evi qızdırmaq və xörək hazırlamaq məqsədilə qurulmuş ocaq yeri.

Buxarının quruluşu.
А — soyuq hava,
В — isti hava,
С — tüstü.

Xüsusiyyətləri

Buxarı evdə diqqəti cəlb edən əsas elemntlərdən biridir. Yaşayış evlərinin əksəriyyətində buxarı kəllə divarın ortasında yerləşdirilirdi. Bəzən otağın künclərinin birində ocaq oyuğundan və divariçi tüstü borusundan ibarət buxarılara da rast gəlmək olurdu. Atmosfer çöküntülərindən mühafizə edilməsi və tüstünü yaxşı çəkməsi üçün buxarının başı hörülərək dam örtüyündən 80 - 90 sm hündürə qaldırılır, günbəzli, qövüsvari və ya üçbucaq formalı başlıqla tamamlanırdı. Azərbaycanın Şirvan bölgəsində bağdadı tipli evlərdə bu funksiyanı "səbətbaca" yerinə yetirirdi. Lənkəran - Astara bölgəsi kəndlərində bişmiş və çiy (kal) kərpicdən hörülmüş buxarıların içərisinə xüsusi çuqun tava yerləşdirilirdi. İki qulpu olan bu tava istiliyi tənzimləyir, evə tüstünün dolmasının qarşısını alırdı. Belə ki, ocaq yeni yandırılanda qulp vasitəsilə tava fırladılır, tüstü ancaq bacadan çıxardı. Köz düşdükdə isə tava əksinə fırladılır, bu zaman tavanın qövsü bacanın yolunu bağlayır, istiliyi otağa ötürürdü[1][2]

Formaları

İlisu. Qarpızı buxarı

Azərbaycanda buxarının bir neçə formalarından istifadə olunmuş. Daha populyar olan qarpızıasma (qoyma) Şəki - Zaqatala bölgəsinin kənd yaşayış evlərində geniş istifadə edilirdi. Qarpızı buxarı asma buxarıdan fərqli olaraq bəzəkli düzəlirdi. Asma buxarı divar ın önündə xüsusi ağac dayaqların arasını kərpiclə düzəldilir, kərpic boru ilə təchiz edilirdi. Belə buxarıların bacası damın çardağında gümbəzvarı formada qurulurdu. Asma (qoyma) buxarıda adətən böyük ağac kötüklərini yerləşdirmək olurdu. Qarpızı buxarı evi qızdırmaq üçün, asma buxarı isə həm evi qızdırmaq, həm də xörək hazırlamaq üçün nəzərdə tutulurdu.

Bəzədilməsi

Buxarıların olduğu daha imkanlı evlərdə o dekorativ işləmələrlə zəngin olurdu. Onlardan bəzilərinin memarlıq tərtibatı müəyyən dərəcədə bəzəkli portalı xatırladır və haşiyələrdən ibarət olurdu. Əksəriyyətində yuxarıdan bir-biri ilə müxtəlif formalı tağlarla əlaqələndirilən divara yapışıq nazik sütunlarla əhatə edilir və ya ocaq yerinin yerləşdiyi batığın hər iki yandan kiçik taxçalarla quraşdırılardı[1]

Həmçinin bax

Xarici keçidlər

  • Urfan Məmmədov. "Buxarı". Memarlıq bloqu (az.). memarliq.com. 2012. İstifadə tarixi: 2014-10-10.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.