Burlesk
Burlesk-burleskpoeziyası (fr. bur lesque, it. burlesco– zarafatcıl, burla – zarafat sözündən) — ədəbiyyatda parodiyalı üslublaşdırma forması.[1]
Təsviri
Burada komik effekt mövzunun onun ifadə tərzinə uyğun gəlməməsi üzərində qurulur. Burleskdə yüksək (ali) mövzu kinayəli tərzdə, parodiya şəklində, bəsit (bayağı) mövzu isə, əksinə, yüksək üslubda işlənir. Burlesk nümunəsi olan “Siçanlarla qurbağaların müharibəsi” (e.ə. 6–5-ci əsrlər) poeması Homer eposuna parodiya kimi yazılmışdır. “Burlesk” anlayışı italyan şairi F.Berninin “Opere burlesche” (1548) toplusunun adından götürülmüşdür. Avropa ədəbiyyatında Burlesk İntibah, xüsusilə klassisizm dövründən, əsasən, poema janrında yayılmışdır (bax: İroikomik poema). Fransız şairi P. Skarronun (1610–60) “Libasını dəyişmiş Vergili” (1648–52) poeması (Qədim Roma şairi Vergilinin “Eneida” eposunun parodiyası) Burleskin bariz nümunəsidir.[1]
İstinadlar
- Burlesk// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 98.