Bunner Bacıları
Məzmun
"Bunner Bacıları" (Bunner Sisters) -məşhur amerikan yazıçısı Edit Varton tərəfindən qələmə alınmış qısa bir romandır. Əsər, ilk dəfə 1916.cı ildə nəşr olunub. Romanda, "Ann Eliza" və "Evelina" adlı iki bacının kədərli həyatları ələ alınır. Nyu Yorkun kənar bir qəsəbəsində əlişi dükanında çalışan iki bacı sadə bir həyat sürürlər. Onların monoton həyat gedişatı, böyük bacı Ann Eliza'nın, Evelina'nın ad günü üçün hədiyyə bir saat almağı ilə dəyişir. Belə ki, bu səbəblə dükançı "Herman Ramy" adlı ortayaşlı şəxslə rabitələri sıxlaşır və bir gün Ramy Ann Eliza'ya ailə qurmağı təklif edir. Lakin, xislət baxımından kiçik bacısına ana münasibəti göstərən Ann Eliza, bacısının saatcıya olan fikrini bildiyi üçün təklifi rədd edir və alatoranlıq həyatlarına açılan ən zəif xoşbəxtlik qapısını belə Evelina'ya çevirir. Lakin, saf niyyətlə etdiyi bu iş, Evelina üçün heç də xoşbəxtlik gətirmir. Belə ki O, Ramy'i ilə evlənərək bacısından ayrılır və Ann Eliza ondan uzun zaman xəbər ala bilmir. Nəhayət bir gün, ümidi tamamilə kəsilən Ann Eliza, qaranlıq otağında oturub səssiz küçəyə baxdığı bir vaxt Evelina anidən içəri daxil olur. Yaşadığı müxtəlif müsibətlərdən zəifləmiş Evelina, uzun müddət xəstə yatır və tədricən başına gələn bəlaları bacısına nağıl edir. Nəhayət, ailə qurduğu adam tərəfindən zülümlərə məruz qalmış və bütün xoşbəxtlik arzuları puç olmuş bir halda həyata gözlərini yumur. Tənha qalan Ann Eliza isə, bacısının cənazəsi üçün əlində qalan nə varsa sataraq, bir vaxt böyük ümid və sevinçlərlə açdıqları sadə dükanlarını bağlayır. Qırılmış ümidlərin və yarım qalmış xəyalların hekayəsinin ələ alındığı bu roman, iki bacı üzərindən bir çox həyatın oxşar yaralarına toxunmağı bacarmışdır. Köhnə həyatların səssiz kədərlərinin əks olunduğu, eyni zamanda klassik əsərlərin aurasını özündə daşıyan bu kitab, ilk səhifəsindən etibarən insanı daxilinə alır, aralıqsız və yorulmadan oxumağımıza imkan yaradır.