Buludxan Xəlilov
Buludxan Əziz oğlu Xəlilov (25 iyul 1966, Ellərkənd, Amasiya rayonu – 26 sentyabr 2021, Bakı) — publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor.[1] B.Xəlilov 2021-ci il sentyabrın 27-də Bakı şəhərində vəfat etmişdir.[2]
Buludxan Xəlilov | |
---|---|
Buludxan Əziz oğlu Xəlilov | |
Doğum tarixi | 25 iyul 1966 |
Doğum yeri | |
Vəfat tarixi | 26 sentyabr 2021 (55 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | dilçilik |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | |
Tanınır | dilçi alim, türkoloq |
Həyatı
Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1983-1990). Ordu sıralarında Uzaq Şərqdə hərbi xidməti borcunu yerinə yetirmişdir (1985-1987).[3]
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor vəzifəsində çalışıb. Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir. 2006-cı ildə Filologiya fakültəsinin dekanı seçilmiş, 2011-ci ildə yenidən dekan vəzifəsinə təyin olunmuşdur. 2018-ci ilin dekabr ayından Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsində çalışmışdır.[3]
B.Xəlilov 2021-ci il sentyabrın 27-də uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir.[2]
Ailəli idi, iki övladı var.
Elmi və ictimai fəaliyyəti
Buludxan Xəlilov "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktoru idi. Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti ilə seçilir. M.F.Körpülünün "Azəri" əsərini transliterasiya edib ön söz və şərhlərlə çap etdirmişdir (2000). Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. XX əsrin 90-cı illərindən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edir.
Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun 400-dən çox elmi, elmi-publisistik əsəri çap edilmişdir. Bunlardan 45-i monoqrafiya, dərslik və dərs vəsaitidir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyindəki İrs komissiyasının üzvü idi. 2003-2004-cü illərdə Ali Attestasiya Komissiyasının Filologiya ixtisası üzrə Ekspert şurasının üzvü olmuşdur.
2006-cı ildə Azərbaycanda təhsil sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Buludxan Xəlilov 2001-ci ildə İlin alimi nominasiyasının, 2003-cü ildə Vektor Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə Azərbaycanın gənc alimləri Beynəlxalq layihəsinin qalibi olmuşdur. O, 2004-cü ildə Azad Qələmlər Cəmiyyəti tərəfindən Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə Qızıl qələm fəxri mükafatı laureatı seçilmiş, 2006-cı ildə XXI əsrin ziyalısı adına layiq görülmüşdür. 2009-cu ildə türk ədəbiyyatına xidmətləri ilə bağlı olaraq Türkiyə Cümhuriyyətinin KIBATEK Akademik ÜYESİ diplomunu almış, KIBATEK Akademik Üyesi seçilmişdir. 2006-cı ildə VII Uluslararası Türk dili Qurultayında məruzə ilə çıxış etmişdir.[3]
Buludxan Xəlilov iki dəfə 1999-cu və 2004-cü illərdə Nəsimi rayonu bələdiyyəsinə üzv seçilmiş, Sosial məsələlər daimi komissiyasına sədrlik etmişdir.
2007-2008-ci tədris illərində ADPU-da “İlin müəllimi”, 2011-ci və 2013-cü illərdə “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. 2011-ci ildən Prezident təqaüdçüsüdür (Yazıçılar Birliyinin üzvü kimi). 2011-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “Xalqın nüfuzlu ziyalısı” mükafatına layiq görülmüşdür. 2011-ci ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının, 2013-cü ildən AAK-ın Filologiya ixtisası üzrə Ekspert Şurasının üzvüdür. 2014-cü ildə Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 2013-cü ildən Türkologiya jurnalının Azərbaycan dili, terminologiya üzrə sahə redaktorudur.
2015-ci ilin aprel ayında Türk dünyası araşdırmaları uluslararası elmlər akademiyasının akademiki seçilib.
2015-ci ilin 19 mayında “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2015-ci il tarixli, 450 №li sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkib komissiyasına üzv seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli 4/14 nömrəli qərarı ilə AMEA-nın “Türkologiya” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində tədbirlərə verdiyi dəstəyə görə “Onur bəlgəsi” ilə, azərbaycanlı şair Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş tədbirdə TÜRKSOY Genel Sekreteri Düsen Kaseinov tərəfindən “Molla Pənah Vaqif” medalı ilə təltif edilmişdir. 2018-ci ildə ADPU-nun Filologiya fakültəsinin inkişafında xidmətlərinə görə rektorluq tərəfindən fəxri fərmanla təltif edilmişdir.
O, “Əməkdar müəllim” fəxri adı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və bir sıra digər fəxri fərmanlar ilə (1973, 2008) təltif edilmiş, həmçinin dəfələrlə ADPU-nun rəhbərliyinin fəxri fərmanlarına layiq görülmüşdür.[3]
Əsərləri
- Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı. Bakı: Azərbaycan Dövlət Kitab Palatası, 1995, 80 səh.
- Azərbaycan dilində ikihecalı fellərin fonosemantik inkişafı. Bakı: APİ nəşri, 1996, 96 səh.
- Fellərin ilkin kökləri. Bakı: APİ nəşri, 1998, 220 səh.
- Birinci Beynəlxalq Türkoloji qurultay. Bakı: "Elm", 1999, 186 səh.
- Müasir Azərbaycan dilinin morfologiyası (I hissə). Bakı: "Elm", 2000, 280 səh.
- Türkologiyanın intibah dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri). Bakı: Adiloğlu, 2001, 172 səh.
- Müasir Azərbaycan dilinin morfologiyası (II hissə). Bakı: "Elm", 2003, 310 səh.
- Azərbaycan dili (VI-VII siniflər üçün). Bakı: "Təhsil", 2003, 250 səh
- Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya. Bakı: 2007, 260 səh.
- Azərbaycan dili: dünən, bu gün». Bakı: 2004, 370 səh.
- Türkologiyaya giriş. Bakı: "Elm", 2006, 220 səh.
- Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: 2008, 270 səh.
- Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi. Bakı: 2010, 180 səh.
- 224 qədim türk sözü. Bakı: 2013, 160 səh.
Məqalələri
- “Bədii dilimizə aid izahlı lüğət”, Bütöv Azərbaycan qəzeti, №14(146), 25-30 aprel 2012-ci il.
- Buludxan Xəlilov. "Onun şeirləri həqiqətən doğulur" (az.). modern.az. 06.09.2017. 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
İstinadlar
- "Diktor Sabir Ələsgərov: "Aydın Qaradağlıda olan məlahətli, şirin səs indi hardadır?"". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-29.
- "Professor Buludxan Xəlilov vəfat edib". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
- "Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya Fakültəsi, BULUDXAN XƏLİLOV (filologiya elmləri doktoru, professor Müasir Azərbaycan dili kafedrasının müdiri )". 2021-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-29.
Xarici keçidlər
- Buludxan XƏLİLOV filologiya üzrə elmlər doktoru, professor
- İstedad və şəxsiyyətin vəhdəti - Buludxan Xəlilov
- Sərvər Şirinin Buludxan Xəlilovla müsahibəsi
- Könül Dünyamız -Azad Şükürov Buludxan Xəlilov Firuz Səxavət Dil Haqqında muzakirə
- Buludxan Xəlilov: "Doğma ana dilini mükəmməl öyrənmək hər bir vətəndaşın borcudur"
- Azərbaycanda adqoyma ənənələri - Buludxan Xəlilov
- Xəzərin sahilində - professor Buludxan Xəlilov
- Qonşuluq mədəniyyəti - Buludxan Xəlilov