Budaq xan Qacar
Budaq xan Qacar - Səfəvi sərkərdəsi, vəzifəli Qacar əyanlarından biri, Şah Təhmasibin təvaçisi, Qəndəhar hakimi, Şah Təhmasibin kiçik oğlu Murad Mirzənin lələsi.
Budaq xan Qacar | |
---|---|
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | XVI əsrin ikinci yarısı |
Vəfat yeri | Xorasan bəylərbəyi, Səfəvilər dövləti |
Vəfat səbəbi | Sarı Quzğanla döyüşdə öldürülmüşdür. |
Fəaliyyəti | Qəndahar hakimi |
Hicri 944/1538 və hicri 952 /1546-cı illərdə iki dəfə Qəndəharda hakimlik etmişdir. Budaq xan Qacar Nişapurda özbək Sarı Quzğanla döyüşdə öldürülmüşdür.[1]
Həyatı
Mənbələrdə Budaq xan Qacar haqqında ilk məlumata anonim müəllif tərəfindən qələmə alınmış Tarix-i Qızılbaşan əsərində rast gəlinir. Mənbədə qeyd olunur ki, 1536-cı ilin may ayının 30-da Təhmasib Qəndəhar üzərinə yürüşə başladı. Əmir Xacə Kəlan əmirlərindən olan Keçi Xacəyə Qəndəhar qalasını qorumaq vəzifəsi tapşırılmışdı. O Şah Təhmasibə qarşı müqavimət göstərməyin mənasız olduğunu anlayıb, şəhəri və qalanı ona təslim edir. Şah Təhmasib isə vəzifəli əyanların hədiyyələrini qəbul etdikdən sonra 1537-ci ildə Qəndəharın idarəsini Budaq xan Qacara tapşırır. Bəzi tarixçilərə görə Əfqanıstanın tərkibində olan Həzara bölgəsi də bu zaman Qəndəhar hakimliyinə tabe idi.[2]
Kamran Mirzəyə məğlub olması
Şah Təhmasib Herata qayıtdıqdan sonra hicri 944 / 1537-ci ildə Kamran Mirzə böyük bir qoşunla Qəndəhara hücum edir. O Budaq xanın rəhbərliyindəki ordunu məğlub edir və Şahverdi bəyi əsir götürür. Bu zaman Budaq xan Şah Təhmasib tərəfindən kömək göndərilməyəcəyini düşünüb Kamran Mirzə ilə danışıq aparmaq qərarına gəlir. Daha sonra isə Qəndəharı Kamran Mirzəyə təslim edir. Qarşılığında isə Kamran Mirzə Şahverdi bəyi təhvil verir. Qəndəharı təslim etdikdən sonra Budaq xan Qəzvinə doğru yola düşür.[3]
Hümayun şaha kömək üçün göndərilməsi
Hicri 951 (1544)-ci ildə Hümayun Sistan hakimi Əhməd Sultan Şamlı tərəfindən padşaha layiq təmtəraqla qəbul edilərək Herata yola salınmışdı. Hümayun ona hər cür qonaqpərvərlik və dostluq nişanələri izhar edən I Şah Təhmasib tərəfindən mehribanlıqla qarşılandı. Hümayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi qarşısında “baş əydi”, bundan sonra isə saraya qayıtdı. Müxtəlif məlumatlara görə, I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək qızılbaş Hümayunun sərəncamına verildi.[4] Şah Təhmasib Budaq xan Qacara ilk əvvəl Qəndəharı və Zəmirdavəri sonra isə Kabil və Qəznəyni alaraq Hümayuna təslim etməyi tapşırdı.[5][6][7] Müqaviləyə əsasən Budaq xan Şah Təhmasibin kiçik oğlu Murad Mirzənin lələsi və təmsilçisi kimi Qəndəharı ələ keçirdi. Hümayun şah öz adamları ilə birlikdə Qəndəharın kənarında Ərgəndabda gözləyirdi. Qızılbaşlar Əsgəri Mirzəni Şaha aparmaq istədilər lakin Hümayun şah buna icazə vermədi. Şah Təhmasibin Qəzneyni və Kabilu işğalını əmr etməsinə baxmayaraq yaranan anlaşmazlıq nəticəsində qızılbaşlar Qəndəharı tərk edərək öz vilayətlərinə qayıtdılar. Sadəcə Budaq xan kiçik bir ordu ilə Qəndəharda hakim olaraq qaldı. Qısa müddət sonra Murad Mirzə vəfat etdi.[8]
Bu hadisələrdən sonra Hümayun şah qərara gəldi ki, qızılbaşları Qəndəhardan çıxarsın və şəhəri ələ keçirsin. Bu barədə Bayram bəy ilə məsləhətləşdikdən sonra Budaq xan Qacar ilə döyüşməmək qərarına gəldi. Lakin Budaq xan atlıları ilə birlikdə onların Qəndəhara girişinə mane olurdu. Hümayun şah hiyləyə əl ataraq süvarilərinin bir qismini ot və odun satıcısı adı ilə şəhərə saldı. Əmirlərinə isə hücum əmrini gözləməyi tapşırdı. Beləliklə Hümayun şah Qəndəhar şəhərini ələ keçirdi. Budaq xan müdafiənin mənasız olduğunu görüb şəhəri təslim etdi. Hümayun şah Budaq xana icazə verdi ki, qoşununu da götürüb Qəzvinə geri qayıtsın.[9] Şah Təhmasibə xəyanət edən Hümayun şah yalandan məktub yazaraq bildirdi ki, guya Budaq xan Herat əhalisinə qarşı pis rəftar göstərirmiş. Buna görə də Qəndəharı ələ keçirmək zərurəti yaranıbmış. O həmçinin bildirir ki, şəhər hələ də Səfəvi hakimiyyətindədir. Hicri 944/1538 və hicri 952 /1546-cı illərdə iki dəfə Qəndəharı tərk etdiyinə görə Budaq xan nüfuzdan düşmüşdü.[10]
Ölümü
Budaq xan Qacar Nişapurda özbək Sarı Quzğanla döyüşdə öldürülmüşdür. [1]
İstinadlar
- Məhəmmədi, 1993. səh. 36
- Cavanşir, 2007. səh. 576
- Cavanşir, 2007. səh. 577
- Əfəndiyev, 2007. səh. 119-120
- Savory, 2007. səh. 66
- Thackston, 2004
- Savory, 2007. səh. 66–67
- Sukumar, 1992. səh. 89
- Münşi, 2009. səh. 91
- Sukumar, 1992. səh. 92
Mənbə
- M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
- Ray Sukumar , nstitute of Central and West Asian Studies, Karachi. Bairam Khan. Karachi: Institute of Central and West Asian Studies. University of Karachi. 1992.
- Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
- Roger M. Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 9780521042512.
- Wheeler M. Thackston. HOMĀYUN PĀDEŠĀH. New York: Encyclopædia Iranica. 2004.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN 978-9952-34-101-0.