Budaq sultan
Budaq sultan (?-?)—İrəvan əyalətinin Şuragöl mahalının hakimi.
Budaq sultan | |
---|---|
Uşaqları | Qara Məhəmməd bəy, Həmid bəy, Xəlil bəy |
Həyatı
1805-ci il oktyabrın 20-də Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına çox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi.
İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi Budaq sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30000 rubl tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi. İrəvan xanının sərt rəftarı şuragöllülərin narazılıqına səbəb oldu. Bu narazılığın qarşısını almaq üçün Məhəmməd xan Nağı bəyin başçılığı ilə bir dəstə irəvanlını Şuragölə göndərdi. Müqavimət göstərmək iqtidarında olmayan şuragöllülər Pəmbəkdə yerləşən rus qoşunlarının başçısı general Nesvetayevdən kömək istədi. Generala müraciət edən Budaq sultanın oğlu Qara Məhəmməd ondan Şuragölü himayəyə götürməyi xahiş edərək, rus qoşununu ərzaqla və atlarını yemlə təmin etməyə söz vermişdi. Bunun üçün şuragöllülər tərəfindən 800 samar miqdarında buğda tədarük edilmişdi. Belə imkanı əldən buraxmaq istəməyən P.D.Sisianov general Nesvetayevə Şuragölü işğal etmək üçün göstəriş verdi. 1805-ci il martın 27-də general-mayor Nesvetayev 250 nəfərdən ibarət dəstə ilə Şuragölə doğru hərəkət etdi. Nağı bəy dəstəsilə geri çəkilməyə məcbur oldu. Martın 30-da sultanlığın mərkəzi müqavimətsiz rus qoşununa təslim oldu. İrəvanda həbsdə olan Budaq Sultanın əvəzinə hakim seçilən böyük oğlu Hamo bəyin başçılığı ilə şuragöllülər 1805-ci il martın 31-də Rusiya dövlətinin himayəsinə keçmək üçün müqavilə bağladı. Hətta Şuragölün bəy və ağaları, kənd ağsaqqalları Rusiyaya sədaqətli olacaqları barədə and da içdilər. Müqavilə bağlandıqdan sonra mayor Noldenin başçılığı ilə 6-cı saratov muşketyor alayı orada yerləşdirildi. Şuragölün birləşdirilməsi Pəmbəkdən sonra İrəvan xanlıqının torpaqlarının Rusiya tərəfindən işğalının ikinci mərhələsi oldu.
Şuragölün itrilməsilə heç cür barışmaq istəməyən Məhəmməd xan Qasım bəyin və Məhəmmədəli bəyin başçılığı ilə üç minlik qoşunu oraya göndərdi. Böyük Talın kəndində mövqe tutan İrəvan qoşunu oradan Şuragölün mərkəzinə hücum etmək niyyətində idi. Bu xəbəri eşidən general mayor Nesvetayev yüzbaşı Aqiyevin başçılığı ilə bir alay kazak dəstəsini 300 nəfər borçalı azərbaycanlılarının köməyi ilə Böyük Talın kəndinə göndərdi. Döyüş nəticəsində Böyük Talın və onun ətraf kəndləri rus qoşunu tərəfindən ələ keçirilərək yandırıldı. Məğlub olan İrəvan qoşunu isə Eçmiədzin istiqamətində geri çəkilməyə məcbur oldu. Onları təqib edən rus qoşunu xeyli əsir götürdü və daha irəli gedərək İrəvan qalasının 18 verstliyində dayandı. Lakin irəvanlıların böyük bir dəstə toplayaraq əks hücuma keçmək niyyətində olduğunu eşidən general mayor Nesvetayev rus qoşununa geri qayıtmaq əmri verdi. Beləliklə, Şuragöl sultanlığı Rusiyanın hakimiyyəti altında qaldı.
Tezliklə, Budaq sultan əsirlikdən geri qayıtdı. İlk əvvəl rus komandanlığı onun sədaqətinə şübhə ilə yanaşaraq, hərəkətlərini nəzarətə götürdü. Hətta P.D.Sisianov general mayor Nesvetayevə məktub yazaraq Budaq sultanın oğlu Xəlil bəyi girov götürməyi tələb etmişdi. Ona etibar edilmədiyini görən Budaq sultan P.D.Sisianovun qəbuluna gedərək sədaqətini bildirmişdi. Belə olduqda baş komandan onun Şuragöldə qalmasına icazə vermiş və oğlunu isə ildə 600 rubl məvaciblə Tiflisdə girov saxlamışdı.
Abaranda toplaşmış üç minlik İrəvan qoşunu Həsən xanın və Nağı bəyin başçılığı ilə Şuragölün Qarakilsə kəndində yerləşən rus qarnizonuna hücum etdi. Bu əməliyyatda çoxlu mal-qara qənimət ələ keçirən irəvanlılar geri dönərək Qara bəyə və Hüseyn ağaya məxsus Maqizberd kəndində düşərgə saldı. Bundan xəbər tutan rus komandanlığı 1 topa malik 200 piyada tiflis alayını, podpolkovnik Boqaçevin başçılığı ilə 100 nəfərlik kazak alayını, Budaq sultanın və oğlu Hamonun başçılığı altında olan Şuragöl dəstələri ilə birlikdə onlara qarşı göndərdi. Qəflətən yaxalanmış İrəvan qoşunu əldə etdikləri qəniməti ataraq geri çəkildi. Onların şuragöllülərdən ələ keçirdiyi 1000 baş qoyun, 500 davar geri qaytarıldı. Bu mal-qaranın bir hissəsi rus qoşununa paylandı, 250 baş Budaq sultana, 250 baş isə əhaliyə qaytarıldı.
İrəvan qoşunu Həsən xanın başçılığı ilə Şuragöl sərhəddində cəmləşmişdi. Onun süvari dəstəsi eyni vaxtda Kiçik Qarakilsə kəndində yerləşən rus gözətçi məntəqəsinə hücum etdi. Bu əməliyyatda İrəvan qoşunu kəndi ələ keçirərək onu yandırmış, 150 nəfər əsir almış, çoxlu mal-qara və ruslara məxsus ilıxını qənimət götürmüşdü. Digər tərəfdən xan şuragöllüləri İrəvana köçürmək üçün hiyləyə əl atdı. Xanın adamları əyalətin ruslar tərəfindən guya İrəvana güzəşt ediləcəyi şayəsini yaymağa başladı. Şuragöl hakimi Budaq sultan bu çağrışa müsbət cavab verdi. Əhalini köçürmək üçün Həsən xan sultanın yanına Hamo və Qafar xanın başçılığı ilə 300-ə qədər atlı dəstəsi göndərdi. Lakin İrəvan xanı əhalini öz tərəfinə çəkə bilmədi. Yalnız Budaq sultana yaxın altı ailə İrəvana köçürüldü.
1805-ci il məlumatında Budaq sultanın hakimiyyəti altında 524 ailə, yaxud 2773 nəfərin yaşadığı göstərilir.
Budaq sultan və kapitan Cəfər bəyin 1809-cu ilin dekabrında general-mayor Haqverdova yazdıqları ərizədə göstərilirdi ki, İranla müharibə nəticəsində kəndlər dağıdılıb xaraba qalmış və bütün Şuragöl mahalında сəmisi 250 ev qalmışdır.[1]
Ailəsi
Budaq sultanın Qara Məhəmməd bəy, Həmid bəy, Xəlil bəy adlı oğlanları vardı.
İstinadlar
- AKAK, VII cild, sənəd 443