Brest-Litovsk sülh müqaviləsi
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk,[1] 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir.
Brest-Litovsk sülh müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 3 mart 1918 |
İmzalanma yeri | |
Tərəflər | RSFSR[d], Almaniya imperiyası, Avstriya-Macarıstan, Osmanlı imperiyası, Bolqarıstan krallığı |
Dilləri | bolqar dili, rus dili, alman dili, Osmanlı dili, Macar dili |
Vikianbarda əlaqəli mediafayllar |
Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur.
Müharibənin arxa planı
Ərazi dəyişiklikləri
Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi.
Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü.[2] Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.[3] Sonralar Almaniya 1919-cu ilin 28 iyununda imzalanacaq olan Versal sülh müqaviləsində müqavilənin tərtibat iştirakına buraxılmayacaq və buna görə də iştiraka buraxılmama Almaniyanın etirazlarına səbəb olacaq. Halbuki Versal sülh müqaviləsində Almaniyaya qarşı yönəlmiş Antanta və digər birləşmiş qüvvələr[4] Brest-Litovsk sülhünə görə Almaniyadan daha yumşaq davranmışdılar.[5]
Ancaq Brest-Litovsk müqaviləsi 1918-ci ilin noyabrında Almaniyanın Müttəfiqlərə təslim edilməsi ilə ləğv olundu.[6] Bununla yanaşı, Rusiyanın Latviya, Litva, Estoniya, Polşa, Finlandiya və Ukrayna ərazilərində olan torpaqlarından imtina etməsi, onsuzda Rusiyanın daxilində gedən Vətəndaş Müharibəsi ilə məşğul olan bolşeviklərə nisbətən rahatlıq verdi.
Sənədlər
Brest sülh müqaviləsi aşağıdakı sənədlərdən ibarətdir: Rusiyanın Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Osmanlı dövləti ilə sülh müqavilələri; ayrı-ayrı malların tarifləri və gömrük rüsumları barədə müqaviləyə əlavə olaraq imzalanmış yekun protokolları; sülh müqaviləsinə əlavə olaraq Rusiya-Almaniya müqaviləsi; Rusiya-Avstriya-Macarıstan əlavə müqaviləsi; Rusiya-Bolqarıstan əlavə müqaviləsi; Rusiya-Türkiyə əlavə müqaviləsi. 14 maddədən ibarət əsas müqavilənin 4-cü maddəsi Qafqaza aid idi. Dördlər ittifaqı ilə Rusiya arasındakı müqaviləyə görə Polşa, Litva, Kurlandiya, Latviya, Estoniya və Belorusiyanın bir hissəsi Rusiyadan alınır, Ukrayna və Finlandiya müstəqil dövlət olur, Sovet qoşunları bu ərazilərdən çıxarılır, Qars, Batum, Ərdəhan Türkiyəyə verilirdi.
Rusiya öz ordusunu tərxis etməli idi. 1918 il fevralın 16-da Bakı Sovetinin sülh məsələsinin müzakirəsinə həsr edilmiş iclası oldu. Menşevik, eser və daşnakların bəyanatı rədd edildi, bolşeviklərin təklif etdiyi qətnamə qəbul olundu. Qətnamədə RSFSR Xalq Komissarları Sovetinin sülh danışıqlarında mövqeyi bəyənildi.
Zaqafqaziya Seymi və siyasi vəziyyət
Zaqafqaziya seymi Brest sülh müqaviləsinin Ərdəhan, Qars və Batumun Türkiyəyə verilməsi şərtini qəbul etmədi və Petroqrada – Xalq Komissarları Soveti adına teleqram göndərərək, Brest sülhünü tanımadığını bildirdi. Seym öz etirazını bununla əsaslandırdı ki, "Zaqafqaziya heç vaxt bolşeviklərin və Xalq Komissarları Sovetinin hakimiyyətini qəbul etməmişdir". Zaqafqaziya seymi Brest-Litovsk sülhü ilə bağlı etirazlarını dünyanın bir sıra əsas siyasi mərkəzlərinə bildirdi: "Zaqafqaziya hökuməti Zaqafqaziya və onun sərhədləri haqqında ondan xəbərsiz və özünün iştirakı olmadan imzalanmış hər hansı müqaviləni özü üçün qüvvədən düşmüş hesab edir".
Türkiyə Sülhün qərarlarına əsaslanaraq, Qars, Batumi və Ərdəhanı dərhal boşaltması haqqında Zaqafqaziya seyminə ultimatum verdi. Brest-Litovsk müqaviləsinə görə, Rusiya nəinki Qars,Ərdəhan və Batum vilayətinin Türkiyəyə keçdiyini təsdiq edirdi, həm də Rusiya ilə Türkiyə arasında imzalanmış əlavə müqaviləyə görə, rus qoşunlarının müharibə zamanı tutduğu türk torpaqlarında və Rusiya hüdudlarında yaradılmış erməni-daşnak silahlı dəstələrini tamamilə tərksilah edib buraxmağı öhdəsinə götürürdü.
Müqavilənin 11-ci maddəsinə əlavə olaraq qərar Rusiya vətəndaşları olan müsəlmanlara, əmlaklarını da aparmaq şərti ilə, Türkiyəyə azad mühacirət etmək hüququnu verirdi.
Trabzon konfransı
Hələ 1918-ci ilin yanvarında Türkiyə Zaqafqaziya Komissarlığı ilə sülh danışıqlarına başlamağa təşəbbüs etmişdi. Türkiyə özünün dövlət maraqları səbəbindən təkcə Zaqafqaziya Komissarlığını tanımaqla kifayətlənmir, həmçinin onu Brest-Litovsk danışıqlarına cəlb etməklə, Dördlər ittifaqı və Rusiya tərəfindən də tanınmasına nail olmaq istəyirdi. Türkiyənin ciddi təkidinə və yardım göstərmək barədə vədinə baxmayaraq, Zaqafqaziya hökuməti Brest-Litovsk danışıqlarında iştirakdan, müstəqilliyinin elan olunmasından imtina etdi. Zaqafqaziya hökuməti 1918-ci il 23 yanvar tarixli teleqramında Brest-Litovsk sülhündə iştirakdan imtina etməklə yanaşı, özünün Rusiyanın tərkib hissəsi olduğunu da bildirdi. Türkiyə nümayəndə heyəti Cənubi Qafqaz nümayəndəliyinin Trabzon konfransında Brest-Litovsk müqaviləsinin Qafqaza aid maddələrinə etirazını rədd etdi. Nümayəndə heyətinin fikrincə, Zaqafqaziya hökuməti ya Rusiyanın tərkib hissəsi kimi onun imzaladığı müqavilə ilə razılaşmalı, ya da Rusiyadan ayrılıb, müstəqilliyini elan etməli idi. Türkiyə tərəfi Zaqafqaziya hökuməti ilə mehriban qonşuluq münasibəti qurmağa hazır olduğunu bildirdi.
Sülh müqaviləsinin ləğvi
1918-ci il avqustun 27-də Almaniya ilə Rusiya Sovet Federativ Sosialist Respublikası arasında Brest-Litovsk müqaviləsinə əlavə olaraq, Türkiyədən gizli saziş imzalandı. Almaniyada inqilab nəticəsində imperator II Vilhelm devrildi və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi 1918-ci il noyabrın 13-də Brest-Litovsk sülh müqaviləsini ləğv etdi.
İstinadlar
- Wolfgang Herbst: Die Novemberrevolution in Deutschland – Dokumente und Materialien, Verlag Volk und Wissen, 1958, S. 15.
- A History of the Habsburg Empire, 1526–1918 By Robert A. Kann page 479–480
- Mapping Europe's Borderlands: Russian Cartography in the Age of Empire Steven Seegel — 2012 At Brest-Litovsk in March 1918, no Polish delegation was invited to the negotiations, and in the Polish press, journalists condemned it as yet another partition of the lands east of the Bug River by great powers
- "Arxivlənmiş surət". 2019-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-09.
- Zara S. Steiner (2005). The Lights that Failed: European International History, 1919–1933. Oxford U. P. p. 68.
- Fry, Michael Graham; Goldstein, Erik; Langhorne, Richard (2002). Guide to International Relations and Diplomacy. Continuum. p. 188.
- a b Trotsky's speech at Brest-Litovsk. Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine The NationalArchives (Reino Unido). Consultado el 19/01/2008
- For documentary purposes the German Federal Archive often retained the original image captions, which may be erroneous, biased, obsolete or politically extreme. Brest-Litowsk, Waffenstillstandsabkommen Zentralbild, I. Weltkrieg 1914–18 Die Unterzeichnung des Waffenstillstandsabkommens zwischen Deutschland und seinen Verbündeten und Rußland am 15. dekabr 1917 in Brest-Litowsk. UBz: Der Oberbefehlshaber der Ostfront Generalfeldmarschall Leopold Prinz von Bayern, links, bei der Unterzeichnung, rechts die Delegation Sowjetrußlands Leo Kamenew, Adolf Joffe und Anastasia Bitsenko. Abgebildete Personen: Bayern, Leopold von: 1846–1930, Prinz, Generalfeldmarschall, Deutschland
- http://www.esacademic.com/dic.nsf/eswiki/914637 Arxivləşdirilib 2019-02-28 at the Wayback Machine, Los diccionarios y las enciclopedias sobre el Académico
- War and Revolution in Russia 1914–1921: Brest-Litovsk and its consequences. Arxivləşdirilib 2008-04-04 at the Wayback Machine BBB.co.uk. Consultado el 18/01/2008.
Ədəbiyyat
- Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001
- Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər), B., 1993
- Qasımov M., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti, 3 hissədə, h.2 (1917-ci il noyabr – 1918-ci il noyabr), B" 2001
- "История дипломатии. Т. 2, Дипломатия в новое время (1872–1919 гг.)" под ред. акад. В. П. Потёмкина. ОГИЗ, М. — Л., 1945. Главы 14–15
- Encyclopædia Britannica — Ukraine in the interwar period.,2008
- Encyclopædia Britannica — Estonia Independence., 2008