Braziliyanın dövlət quruluşu

Braziliyanın dövlət quruluşu - 1988-ci ildə qəbul edilmiş Konstitusiyaya [1] əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Dövlət quruluşu

Braziliya məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan Müstəqillik günü (1822) 7 sentyabr tarixində qeyd olunur. Ölkədə 5 oktyabr 1988-ci il Konstitusiyası qüvvədədir.

İnzibati ərazi bölgüsü

Brazilaj federecieroj

Braziliya 26 ştata (Akri, Alaqoas, Amazonas, Amapa, Baya, Qoyas, Maranyan, Matu-Qrosu, Matu-Qrosudu-Sul, Minas-Jerays, Para, Paraiba, Parana, Pernambuku, Piaui, Rio-de-Joneyro, Riy-Qrandi-du-Norti, Riy-Qrandi-duSul, Rondoniya, Rorayma, Santa-Katarina, San-Paulu, Seara, Serjipi, Tokantins və Espiritu-Santu) və Braziliya federal dairəsinə bölünür.

Dövlət başçısı

Ölkə Prezidenti dövlətə və özünün formalaşdırdığı Hökumətə başçılıq edir. Prezident ümumxalq səsverməsi yolu ilə, iki dəfədən çox olmamaqla 4 il müddətinə seçilir. 1 yanvar 2011-ci ildən etibarən Braziliyanın hazırkı, sayca 36-cı Prezidenti, İşçi Partiyasının təmsilçisi xanım Dilma Rusefdir.

Qanunverici hakimiyyət

Qanunverici hakimiyyət 1988-ci il Konstitusiyasına əsasən ABŞ federal sistemi modelinə uyğun iki palatalı orqan olan Milli Konqresdir.[2] Konqres 2 palatadan - hər dörd ildən bir senatorların üçdə bir və yaxud üçdə iki hissəsi yenidən seçilmək şərti ilə, üzvləri üç mandatlı dairələrdən majoritar qaydada səlahiyyət müddəti 8 il olmaqla seçilən 81 yerlik Senatdan [3] (sədri 2009-cu ildən Joze Sarneydir) və birbaşa ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilən 513 yerlik Deputatlar Palatasından [4] (sədri 2010-cu ildən Marku Mayadır) ibarətdir.

Deputatlar Palatasının üzvlərinin sayı hər bir ştatın əhalisinin sayından asılı olaraq dəyişir. Hər bir ərazi vahidi deputatla təmsil olunur. Aşağı palataya deputatlar ümumxalq səsverməsi yolu ilə, partiya siyahısı üzrə 4 il müddətinə seçilir. Senata seçkilər isə sadə səs çoxluğu sistemi üzrə keçirilir.

3 oktyabr 2010-cu il tarixində keçirilmiş son seçkilər nəticəsində Braziliya Parlamentində təmsil olunan partiyalar:

  • İşçi Partiyası – (Deputatlar Palatası - 88 yer, Federal Senat – 15 yer)
  • Braziliya Demokratik Hərəkat Partiyası – (70 yer, 20 yer)
  • Braziliya Sosial-Demokrat Partiyası – (53 yer, 11 yer)
  • Demokratlar Partiyası - (43 yer, 6 yer)
  • Tərəqqi Partiyası – (41 yer, 4 yer)
  • Respublika Partiyası - (41 yer, 4 yer)
  • Braziliya Sosialist Partiyası - (34 yer, 3 yer)
  • Demokratik Əmək Partiyası – (28 yer, 4 yer)
  • Sosial Xristian Partiyası – (17 yer, 1 yer)
  • Braziliya Kommunist Partiyası - (15 yer, 2 yer).

Hazırda qüvvədə olan 1988-ci il (19941997-ci illərdə edilmiş düzəlişlərlə) Konstitusiyasına görə əsasını müstəqillik, vətəndaşlıq, insani ləyaqət, sosial dəyərlər, azad sahibkarlıq və siyasi plüralizm prinsipləri təşkil edən Braziliya demokratik hüquqi dövlətdir. Ölkə - 26 ştatdan və Braziliya paytaxt federal dairəsindən ibarət federativ prezident respublikasıdır. Mərkəzin federasiya subyektlərinin işlərinə müdaxiləsi ciddi nizamlanır və yalnız ştatlararası münaqişə, ictimai asayişin qorunması zərurəti və maliyyə intizamına riayət edilməməsi hallarında (ərazi bütövlüyünün qorunması, xarici təcavüzdən müdafiə məqsədilə) bu müdaxiləyə yol verilir.

Federasiya səviyyəsində qanunvericilik hakimiyyəti Deputatlar Palatasından və Federal Senatdan ibarət ikipalatalı Milli Konqresə mənsubdur. Hər iki palata bərabər səlahiyyətlərə malikdir. Parlament tərəfindən bəyənilmiş qanun layihəsi respublika Prezidentinin təsdiqinə göndərilir; dövlət başçısı qanunun təsdiqindən imtina etdikdə Konqres - hər iki palatanın birgə iclasında deputat və senatorların sadə səs çoxluğu ilə veto maneəsini aradan qaldırır.

Senatorların yaş həddi 35-dən, deputatların isə 21-dən aşağı olmamalıdır.Deputatlar Palatası 4 illik müddətə ümumi proporsional səsvermə əsasında seçilir. Lakin seçicilər səslərini bu və ya digər partiyaya deyil, bu partiyaların təklif etdiyi namizədlərə verirlər. Federal Senat - ştatların və federal dairənin əhali tərəfindən majoritar sistem üzrə seçilmiş nümayəndələrindən ibarətdir. Federasiyanın hər bir subyekti – nümayəndəliyinin 1/3 və 2/3 hissəsinin hər dörd ildən bir yeniləşməsi şərti ilə 8 il müddətinə seçilən 3 senatorla təmsil olunur.

Konqresin qərarı və ya vətəndaşların təşəbbüsü ilə ümumxalq referendumu təşkil edilə bilər. Onun reallaşması üçün hər birində 0.3%-dən az olmamaqla minimum 5 ştatı təmsil edən seçicilərin səslərinin 1%-ni toplamaq kifayətdir. Xalq qanunvericilik təşəbbüsü əsasında qanunların Parlamentə təqdim edilməsi üçün eyni sayda səslərin toplanması vacibdir.

İcraedici hakimiyyət

İcraedici hakimiyyəti Prezident və onun başçılıq etdiyi hökumət – Nazirlər Kabineti həyata keçirir. Prezident və vitse-prezident rəsmən qeyd olunmuş siyasi partiya və koalisiyaların irəli sürdüyü namizədlərin arasından 4 illik müddətə seçilirlər. Bu posta seçilmək üçün səslərin mütləq əksəriyyətini toplamaq lazımdır və zərurət yarandıqda daha çox səs toplamış iki namizədin iştirakı ilə ikinci tur keçirilir. 1997-ci ildən başlayaraq təkrar müddətə seçilməyə icazə verilir.

Dövlət başçısının səlahiyyətlərinə: nazirlərin təyinatı və vəzifələrindən kənar edilməsi, qanunların imzalanması və dərc edilməsi, müvəqqəti aktların dərc olunması, diplomatik münasibətlərin qurulması və beynəlxalq müqavilələrin imzalanması, mühasirə vəziyyətində milli müdafiənin durumu haqqında dekretlərin dərc edilməsi (bu tədbirlər Konqresdə təsdiqini tapmalıdır) daxildir.

Prezident ali baş komandan sayılır və zəruri hallarda fövqəladə və müharibə vəziyyəti tətbiq etmək, müharibə elan etmək, amnistiya vermək və məhkəmə hökmünü yüngülləşdirmək hüququna malikdir. O, inkişaf planı və büdcə layihəsini baxılması üçün Konqresə göndərir.

Prezident yanında məşvərətçi orqanlar – tərkibinə vitse-prezidentin, Konqresin hər iki palatasının sədrlərinin, parlament çoxluğunun və müxalifətin liderlərinin, ədliyyə nazirinin və 6 görkəmli vətəndaşın daxil olduğu Respublika Şurası və tərkibinə vitse-Prezidentin, palataların sədrlərinin, ədliyyə, xarici işlər, planlaşdırma və müdafiə nazirlərinin daxil olduğu Milli Müdafiə Şurası fəaliyyət göstərirlər.

Konqres Prezidenti tutduğu vəzifədən kənarlaşdırmaq hüququna malikdir. Bunun üçün Deputatlar Palatasının üzvlərinin (Ali Federal Məhkəməsi Prezident tərəfindən cinayət törədilməsi ittihamı ilə çıxış etdikdə) və ya senatorların (Prezident öz vəzifəsinin öhdəsindən gələ bilmədikdə) səslərinin 2/3 hissəsi vacibdir.

İdarəetmədə mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsi çərçivəsində ştatların və yerli özünüidarələrin səlahiyyətləri genişləndirilmişdir. Ştatda icraedici hakimiyyət qubernatora məxsusdur. Qubernatorlar və vitse-qubernatorlar eyniliklə Prezident seçkisi prinsipi üzrə seçilirlər. Hər bir federasiya subyektinin seçkili qanunvericilik Assambleyası vardır. Yerlərdə seçkili merlər və nümayəndəli bələdiyyə orqanları mövcuddur.

Məhkəmə hakimiyyəti

Braziliyanın məhkəmə sistemi yuxarıdan aşağıya ümumi və ixtisaslaşdırılmış məhkəmələrdən ibarətdir. Məhkəmə hakimiyyətinin ali orqanları Ali Federal və Ali Ədalət məhkəmələridir.[5].

Prezidentə, vitse-prezidentə, Konqresin üzvlərinə, yüksək vəzifəli şəxslərə qarşı ittiham irəli sürüldükdə son qərar çıxaran, beynəlxalq və ştatlararası münaqişələri həll edən, Konstitusiyaya nəzarəti həyata keçirən orqan Ali Federal məhkəmədir. Ali Federal Məhkəmənin tərkibi Senatın razılığı ilə Prezident tərəfindən təyin edilən 11 nəfərdən ibarətdir. Ali Ədalət məhkəməsi qubernatorlara və ştatların digər vəzifəli şəxslərinə qarşı ittiham üzrə qərar çıxarır, aşağı məhkəmə orqanlarının qərarlarına zəruri hallarda yenidən baxır və qanunvericiliyin şərhi ilə məşğul olur. Ali Ədalət məhkəməsi Senatın razılığı ilə Prezident tərəfindən təcrübəli hüquqşünaslardan təyin olunur.

Braziliyada, eyni zamanda, əmək məsələləri üzrə Ali məhkəmə, Ali seçki məhkəməsi, Ali hərbi tribunal, ştatlar səviyyəsində ümumi və xüsusi məhkəmələr, yerli məhkəmələr və cinayət işlərinə baxmaq üçün andlılar məhkəmələri də fəaliyyət göstərir. Məhkəmə hakimiyyəti inzibati və iqtisadi muxtariyyətə malikdir.

Siyasi partiyalar

Hazırda Braziliyada fəaliyyət göstərən və ölkə parlamentində təmsil olunan əsas partiyalar aşağıdakılardır: Braziliya Demokratik Hərəkat Partiyası, İşçi Partiyası, Liberal Cəbhə Partiyası, Sosial-Demokrat Partiyası və Tərəqqi Partiyası.[6]

İşçi Partiyası - 1970-ci illərin fəhlə və digər sosial hərəkatları dalğasında, daha dəqiq – 1979-cu ildə San-Paulu şəhərində metallurqların həmkarlar ittifaqları qurultayının təşəbbüsü ilə yaradılmışdır. İşçi Partiyası gələcəkdə istismarçıların və istismar edilənlərin olmadığı bərabərhüquqlu cəmiyyət uğrunda, SSRİ-də mövcud olmuş “real sosializm”dən və ənənəvi sosial-demokratiyadan fərqlənən demokratik sosializm uğrunda çıxış edir. Hazırda üzvlərinin sayı 500 mindən artıq olan İşçi Partiyası - zəhmətkeşlərin Vahid həmkarlar ittifaqı mərkəzində və torpaqsız əməkçilər Hərəkatında üstün təsirə malikdir.

Liberal Cəbhə Partiyası - Sosial-demokratik partiyadan (hərbi rejim tərəfdarları təşkilatı) çıxmış siyasətçilər tərəfindən 1984-cü ildə təsis edilmişdir. İdeya cəhətdən LCP - özəl sahibkarlığı və güclü Prezident hakimiyyətini müdafiə edən, dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudiyyətinə səy göstərən neoliberal mövqeli sağçı partiyadır.

Braziliya Demokratik Hərəkat Partiyası – hərbi rejim dövründə fəaliyyət göstərən müxalifətçi Braziliya demokratik hərəkatının əsasında, 1981-ci ildə qeydə alınmışdır. Partiyada mühafizəkarlar, sosial-demokratlar, kommunistlər və sair müxtəlif daxili cərəyanlar mövcud olmuş və onların bəziləri bu gün də fəaliyyət göstərir.

1980-ci illərdən etibarən BDHP – mərkəzçi və sağ mərkəzçi partiyadır. Belə ki, o dövrdə partiya öz proqramında ölkənin demokratikləşməsinə xüsusi əhəmiyyət verirdi. Hazırda BDHP iqtisadi sahədə yoxsulluğun aradan qaldırılması, əhalinin alıcılıq qabiliyyətinin qorunması, gəlirlərin daha ədalətli şəkildə bölüşdürülməsi, aqrar islahatlar və pulsuz orta təhsil uğrunda çıxış edir.

1988-ci ildə BDHP-dən ayrılmış sol mərkəzçi Braziliya Sosial-Demokrat Partiyasının ilk proqramı bazar prinsipləri ilə dövlət tənzimlənməsinin uyğunluğuna əsaslanırdı. Braziliya sosial-demokratları xüsusi mülkiyyəti iqtisadi sistemin əsası hesab edirdilər, ancaq eyni zamanda onlar mülkiyyətin kooperativ formada inkişafını və dövlət sektorunun effektiv fəaliyyətinin təminatını vəd edirdilər.

BSDP aqrar islahat, sosial ədalət, desentralizasiya, “demokratiyanın iştirakı” və pulsuz təhsil ideyalarını dəstəkləyir, yeni iş yerlərinin yaradılması, əmək haqlarının artırılması, işsizlərə müavinətlərin ödənilməsi, sahibkarlarla muzdlu işçilər arasında qarşılıqlı güzəştlərin olması tələbi ilə çıxış edir.

Ölkənin ən aparıcı və nüfuzlu sağçı partiyalarından biri olan Braziliya Tərəqqi Partiyası 1993-1995-ci illərdə SosialDemokratik Partiyanın, Xristian-Demokratik, Tərəqqi və Respublika-Tərəqqi partiyalarının birləşməsi nəticəsində meydana gəlmişdir. İqtisadi sahədə BTP bazar münasibətlərinin fəal inkişafı, xarici və transmilli kapitalın geniş surətdə cəlb edilməsi uğrunda, habelə dövlət tərəfindən təsərrüfat fəaliyyətinə müdaxilə əleyhinə mübarizə aparır. Partiya mühafizəkar məfkurə dəyərlərinə etiqad edir və silahlı qüvvələrə istinad edən güclü Prezident hakimiyyəti uğrunda çıxış edir.

Bütövlükdə, qeyd olunan partiyalarla yanaşı Braziliyada bir çox digər siyasi partiyalar (Liberal partiya, Braziliya Kommunist partiyası, Demokratik trabalist partiya, Braziliya trabalist partiyası, Braziliya sosialist partiyası, Xalq sosialist partiyası, Yaşıllar partiyası və s.) və ideyalı təşkilatlar (Anarxistlər federasiyaları, Fəhlə sosialist cərəyanı və s.) fəaliyyət göstərir.

İstinadlar

Mənbə

  • Строганов А. И. Латинская Америка в XX веке: Пособие для вузов. М.: Дрофа, 2002.
  • Мартынов Б. Бразилия на мировой арене // Свободная мысль. - 2014. - № 1

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.