Bovurxanavəng monastırı
Bovurxanavəng monastırı – Xocalı rayonunun Dağdağan kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi.
Bovurxanavəng monastırı | |
---|---|
39°47′09″ şm. e. 46°51′15″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocalı |
Yerləşir | Dağdağan |
Aidiyyatı | Məlik-Şahnazaryanlar |
Sifarişçi | Məlik Baqr |
Tikilmə tarixi | XVII əsrin I yarısı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qala-monastırın əsası Məlik-Şahnəzəryanlar knyaz sülaləsinin ən məşhur nümunələrindən biri olan Vərəndə knyazı Baqr tərəfindən qoyulmuşdur.
Kompleks kilsə, bir neçə yaşayış və mülki binalardan ibarət olmaqla, qala divarları ilə əhatələnmişdir. Monastır tikililərinin bir çoxu dövrümüzə ya qismən, ya da tamamilə dağılmış vəziyyətdə çatmışdır.
Tarixi
Monastır Bovurxan dağında, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir və adını da dağın adından almışdır.[1] Qala-monastırın əsası Məlik-Şahnəzəryanlar knyaz sülaləsinin ən məşhur nümunələrindən biri olan Vərəndə knyazı Baqr tərəfindən qoyulmuşdur. Məlik Baqr XVII əsrin əvvəllərindən 1646-cı ilə kimi hakimiyyət sürmüşdür.[1]
Makar Barxudaryants monastır ərazisində kitabəli iki xaçdaş gördüyünü yazsa da[2], həmin daşlar dövrümüzə çatmamışdır.[1]
Memarlıq xüsusiyyətləri
Kompleks kilsə, bir neçə yaşayış və mülki binalardan ibarət olmaqla, qala divarları ilə əhatələnmişdir.[3] Monastır tikililərinin bir çoxu dövrümüzə ya qismən, ya da tamamilə dağılmış vəziyyətdə çatmışdır. Tərk edilmiş tikilinin ərazisini kollar və ağaclar basdığından kompleksin bütöv planı bərpa edilməmişdir.[3]
Kompleksin şərq tərəfində yerləşən birnefli bazilika (ölüçləri 9x5.6 metr) qismən yaxşı saxlanmışdır. Kilsənin tağtavanı yeganə sütun tərəfindən saxlanılır. Uzunsov ibadət zalının yarımdairəvi altar apsidasına kvadrat formalı iki niş əlavə edilmişdir.[3]
Monastırın rəhbər-rahibinin otağı kompleksin qərb tərəfində — qala divarları yaxınlığında yerləşir. Tikilinin şərq divarında yerləşən yeganə qapısı monastır həyətinə açılmaqla, onu monastırın digər tikililəri ilə əlaqələndirir. Birnefli və tağtavanlı bu otağın inşasında da yonulmamış konuda daşlar istifadə edilmişdir. Otağın divarlarında daxili tərəfdən bir neçə niş əlavə edilmişdir. Otağın yeganə pəncərəsi qapı ilə üzbəüz – şərq divarında yerləşir.[3]
Kompleksi əhatə edən qala divarlarının qərb küncündə böyük dairəvi bürc vardır. Bürcün içində yerləşən oval formalı otaq ilkin görünüşünü saxlayaraq dövrümüzə çatmışdır.[3] Otağın diametri 2.4 metrə bərabərdir. Otağın divarlarında bir-birindən eyni məsafədə yerləşdirilmiş beş pəncərə vardır. Bu otaq uzun dəhliz vasitəsilə qərb-şərq oxu üzərində yerləşən böyük zalla (ölçüləri 10.6x3.5 metr) əlaqələndirilmişdir.[4] Böyük zalın divarlarında çoxlu sayda nişlər və kompleksdə yeganə saxlanılmış kamin vardır.[4]
Zaldan şərqdə divar boyunca eyni ölçü və formalara malik dörd rahib hücrəsi vardır. Tağtavanlı dörd hücrədən ikisi pəncərəyə malik deyil. Bovurxanavəng monastırının qala divarları 40x18.5 metr sahəni əhatə edir. Qalın qala divarları şimal tərəfdə qayalıqlarla əvəzlənir.[5]
İstinadlar
- Mkrtçyan, 1989. səh. 148
- Bərxudaryan, 1895. səh. 109
- Mkrtçyan, 1989. səh. 149
- Mkrtçyan, 1989. səh. 150
- Mkrtçyan, 1989. səh. 151
Ədəbiyyat
- Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
- Bərxudaryan, Makar, Арцах, Bakı, 1895