Bostanzadə Mehmed Əfəndi
Bostanzadə Mehmed Əfəndi (1535, Konstantinopol – 1598, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. Vəzifədən alındıqdan sonra yenidən vəzifəyə gətirilən ilk Osmanlı şeyxülislamıdır. Nəzmlə yazdığı fətvaları ilə tanınmışdır. Müqəddəs gecələrdə məscid minarələrində çıraq yandırmaq ənənəsi məhz onun dövründə meydana gəlmişdir. Türkcə və ərəbcə şeirlər yazan Bostanzadə Mehmed Əfəndinin Qanuninin ölümü üçün yazdığı mərsiyə onun ən məşhur əsərlərindən biridir.
Bostanzadə Mehmed Əfəndi | |
---|---|
Əvvəlki | Əbdülqədir Əfəndi |
Sonrakı | Bayramzadə Zəkəriya Əfəndi |
11 iyul 1593 – 1 aprel 1598 | |
Əvvəlki | Bayramzadə Zəkəriya Əfəndi |
Sonrakı | Xoca Sadəttin Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1535/1536 |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası, |
Vəfat tarixi | |
Vəfat yeri | |
Uşağı | Bostanzadə Yəhya Əfəndi |
Həyatı
1535-ci ildə (bəzi mənbələrə görə 1536) dünyaya gəlmişdir. Atası Qanuni Sultan Süleyman dönəminin alimlərindən Bostan Mustafa Əfəndidir. Dövrün bir çox alimlərindən dərs alaraq 1556-cı ildə təhsilini başa vurmuşdur. Ardından İbrahim Paşa, Sahn-ı Səman, Yavuz Sultan Səlim, Süleymaniyyə və Səlimiyyə mədrəsələrində müdərris olaraq xidmət göstərmişdir. 1573-cü ildə Dəməşq, 1575-ci ildə Bursa və Ədirnə, 1576-cı ildə İstanbul, 1577-ci ildə Anadolu, 1578-ci ildə Rumeli, 1583-cü ildə isə Qahirə qazısı olaraq təyin olundu.
1587-ci ildə ikinci dəfə Rumeli qazəsgəri seçilmişdir. Ardından baş verən Bəylərbəyi hadisəsi səbəbilə 3 aprel 1589-cu ildə şeyxülislam Əbdülqədir Əfəndi vəzifədən alınmış, yerinə Bostanzadə Mehmed Əfəndi şeyxülislam seçilmişdir. Dövrünün bir çox siyasi hadisəsində yaxından iştirak etmiş, bir çox dövlət xadimi ilə ixtilaf etmişdir. Bunlardan biri III Muradın ən yaxın adamı və lələsi olan Sadəttin Əfəndi olmuşdur. Səbəb isə III Muradın cənazə namazını qıldırmaq üçün sədrəzəmdən icazə alan Sadəttin Əfəndinin mərasimə gecikməsi və onun yerinə namazı Mehmed Əfəndinin qılması olmuşdur. Ancaq 3 il sonra bu vəzifədən alınmışdır. Buna səbəb isə o illərdə Anadolu başqazısı olan məşhur Osmanlı şairi Baki ilə aralarında keçən bir hadisə olmuşdur. Tarixi qaynaqlara görə, Mehmed Əfəndi qardaşı Mustafa Əfəndini Anadolu başqazısı seçmək istəmiş, bu məqsədlə Bakinin əleyhində bəzi qazılara saxta şikayətlər yazdırmışdır. Buna cavab olaraq Baki bir divan məclisi əsnasında şeyxülislamı hiyləgər və insafsız olaraq adlandırmış, bundan qəzəblənən Mehmed Əfəndi məsələni dövrün sultanı olan III Murada bildirmiş, Anadolu başqazısı Bakinin vəzifədən alınmaması qarşılığında özünün vəzifədən istefa edəcəyini demişdir. Bu məsələdə şeyxülislamı günahkar bilən III Murad Bostanzadə Mehmed Əfəndi və qardaşını vəzifədən almışdır.
Ancaq qısa zaman sonra üçüncü dəfə Rumeli qazəsgəri seçilmiş, 11 iyul 1593 tarixində ikinci dəfə şeyxülislam olaraq təyin edilmişdir. Bu dəfə ölümünə qədər bu vəzifədə qalan Mehmed Əfəndi 1 aprel 1598-ci ildə vəfat etmiş, cənazəsi Şahzadəbaşı məscidində dəfn edilmişdir. Oğlu olan Yəhya Əfəndi Sultan Mustafa səltənətində 2 yanvar 1623-cü ildə Rumeli qazəsgərliyinə gətirilmişdir.
Mənbə
- Selânikî, Târih (İpşirli), bk. İndeks;
- Atâî, Zeyl-i Şekāik, s. 410–413;
- Solakzâde, Târih, s. 620–621;
- Naîmâ, Târih, I, 142–144;
- Hammer (Atâ Bey), VII, 154, 163–164;
- Devhatü’l-meşâyih, s. 23–24;
- Sicill-i Osmânî, IV, 133;
- Osmanlı Müellifleri, I, 256;
- İlmiyye Salnâmesi, s. 410–411;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 455–456;
- a.mlf., İlmiye Teşkilâtı, s. 47, 178, 192, 195, 196;
- Tahsin Öz, İstanbul Camileri, Ankara 1962, I, 37;
- B. Lewis, "Bostanzāde", EI² (İng.), I, 1279.