Borodino döyüşü
Borodino döyüşü (rus. Бородинское сражение, fr. Bataille de la Moskova (Moskva döyüşü)) — 1812-ci il sentyabrın 7-də Borodino kəndi yaxınlığında, Fransa-Rusiya müharibəsi zamanı baş vermiş ən böyük döyüş.
Borodino döyüşü | |||
---|---|---|---|
Fransa-Rusiya müharibəsi | |||
Tarix | 7 sentyabr 1812 | ||
Yeri | Moskva civarındakı Borodino kəndində | ||
Nəticəsi | Moskvanın Napoleon tərəfindən alınması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Rusların döyüş hazırlıqları
Smolenski tərk edən rus ordusu Moskvaya tərəf çəkilirdi. 22 avqust (3 sentyabr) onlar əvvəlcə seçilmiş Borodino kəndinin yanındakı mövqedə yerləşdilər. Burada Kutuzov Napoleon ordusuna qəti vuruşma vermək qərarına gəldi. Kutuzov I Aleksandra məruzə edirdi: "Mojayskdan 12 verst məsafədə, Borodino kəndində seçdiyim mövqe, düz ərazilərdə tapılacaq ən yaxşı yerdir". Borodino mövqeyi cəbhədən 8 km. məsafədə idi. Onun ön kənarı Maslovo, Qorki, Borodino, Semenovskoye kəndləri xətti boyu keçirdi. Sağ cinahı Maslovo kəndi yanında Moskva çayına, sol cinahı cətinkeçilən Utits meşəsinə dirənirdi. Mərkəz Kurqan hündürlüyünə dayanırdı. Mövqenin arxasında, qoşunları gizli yerləşdirmək və rezervlərlə manevr imkanı verən meşə və kolluqlar vardı. Mövqe ətraf ərazi üzərində yüksəlirdi, yaxşı görüntü və artilleriya atəşi üçün imkan yaradırdı. Borodino mövqeyi mühəndis baxımından yaxşı təchiz edilmişdi. Sağ cinahda ruslar torpaqdan, 26 topluq, möhkəmləndirilmiş istehkamlar qurmuşdu — redutlar və lünetlər (Maslov istehkamı). Qorki kəndindən şimalda və qərbdəki yüksəkliklərdə 34 topluq 4 batareya yerləşdirilmişdi. Mərkəzdə Kurqannaya yündürlüyündə Rayevskinin 18 topluq batareyası üçün istehkamlar qurulmuşdu. Batareya rus mövqelərinə şimaldan və şimal-qərbdən yaxınlaşmanın qarşısını alırdı. Sol cinahda, Semenovskoye kəndində 36 topluq (24top qoyulmuşdu) "Baqration fleşləri" adlandırılan, üç istehkam yaradılmışdı. Fleşlər mövqenin şimal və cənub-qərb civarlarını qoruyurdular, önündə isə, Şevardino kəndində, onun ön dayaq məntəqəsi kimi redut hazırlanmışdı. Kutuzovun fikrinə görə, Borodino düzündəki mövqenin vəziyyəti və onun mühəndis qurğuları, Moskvaya aparan əsas yolları etibarlı surətdə qorumalı və Napoleonun döyüş meydanında qoşunlarla manevr etmək imkanlarını məhdudlaşdırmalı idi. Mövqenin cinahların alınması imkansız olurdu, onun cənubdan dərin dövrəyə alınması isə Napoleon ordusunun əsas istiqamətdə zəifləməsinə və darmadağın olunmasına gətirə bilərdi.
Tərəflərin qüvvələr nisbəti
Döyüşün əvvəlində rus ordusunda 120 min adam və 640 top, fransız ordusu — 135 min adam və 587 top var idi. Ruslar xüsusilə iri kalibrli toplarda üstünlüyə malik idilər. Kutuzovun niyyəti fəal müdafiə ilə rəqibə imkan dairəsində çox itki vermək, qüvvələr nisbətini öz xeyrinə dəyişmək və sonrakı hücum üçün öz qoşunlarını qoruyub saxlamaqdan ibarət idi. Rus qoşunlarının döyüş qaydası bu niyyətə uyğun olaraq 4 qruplaşma ilə düzülürdü: sağ cinah, mərkəz, sol cinah və rezerv (ehtiyat).
Napoleonun mövqeyi
Rus ordusunun cinahlardan alınmasının imkansızlığını anlayan Napoleon rusların müdafiəsini nisbətən dar sahədə cəbhədən (frontal) yarmaqla, Kutuzovun ordusunun arxasına çıxmaq, onu Moskva çayına sıxmaq, məhv etmək və Moskvaya yolu açmağa düşünürdü. Əsas istiqamət olan "Baqration fleşləri" ilə "Rayevski batareyası" arasında olan təxminən 2,5 km məsafədə fransız ordusunun əsas kütləsi cəmləşdirilmişdi: ümumi sayları 86 min olmaqla Mürat, Davu, Ney, Jüno və qvardiya. Rusların diqqətini yayındırmaq üçün Borodino və Utitsa istiqamətlərində zərbələr nəzərdə tutulmuşdu.
Şevardino redutu uğrunda döyüş
Borodino döyüşündən əvvəl Şevardin redutu uğrunda 24 avqustda (5 sentyabr) döyüş baş verdi. Rusların redutda möhkəmlənmiş 8 min piyadası, 4 min süvarisi və 36 topuna qarşı fransızların 30 min piyadası, 10 min süvarisi və 186 topu hücuma keçdi. Şevardin redutunun müdafiəsi ruslara Borodino düzündə əsas mövqelərini möhkəmləndirmək imkanı verdi.
Şevardinoya yaxınlaşan Napoleon üzərində Şevardin redutu yerləşən kurqanı almaq əmrini verdi. Napoleona rus qoşunlarının mövqeyini və ərazini dəyərləndirmək üçün yüksəklik lazım idi. Borodino rayonunda üç belə kurqan (Utits kurqanı ən alçağı idi, kənarda yerləşirdi, meşə və kolluqlarla əhatələnmişdi) olduğundan, Şevardin redutu Napoleon üçün vacib idi. Bundan başqa Şevardin redutu rus mövqelərini Napoleondan bağlayırdı.
Şevardin redutunu knyaz Qorçakovun komandanlığı altında birləşmiş dəstə qoruyurdu:
- Neverovskinin 27-ci diviziyası
- 5 yeger batalyonu
- 2 birləşmiş qrenader batalyonu
- 2 birləşmiş draqun alayı
- 2-ci kirasir diviziyası Fransızlar Fomkin və Valuyev yaxınlığında Koloç çayını keçdilər və redut üzərinə yeridilər. Şiddətli döyüş baş verdi. Bu əsnada Ponyatovski Yelni tərəfdən reduta yaxınlaşırdı. Ruslar çoxsaylı toplarla atəşə tutuldular və redutdan sıxışdırıldılar. Qorçakov döyüşə qrenaderləri daxil etməli oldu, onlar fransıları geri oturtdular.
Döyüş axşama qədər davam etdi. Fransızlar daha iki dəfə redutu aldılar, amma sonra geri çəkildilər. Axşam qaranlıq düşəndə, sağ cinahda səs-küy eşidildi. Neverovski süngü hücumu ilə fransızların cinahına vurdu və onları geri oturtdu. Kirasirlər fransızları bir az da geri atdı. 1812-ci ilin 24 avqustu belə bitdi. Gecə yarısına yaxın fransızlar yenidən yaxınlaşmağa başladılar. Kutuzovun fikrinə görə Şevardin redutunu daha saxlamaq mənasız idi və o Qorçakova mövqeni tərk etmək əmri verdi.
Borodino döyüşünün başlanğıcı
Borodino döyüşü avqustun 26-da hər iki tərəfdən top atəşi ilə başladı. Tezliklə Delzonun diviziyası (Yevgeni Boqarnenin korpusu) dumandan istifadə edərək rus yegerlərinin müdafiə etdiyi Borodino kəndinə hücuma başladı. Fransızların üstün qüvvələrinin təzyiqini görən Barklay de Tolli rusların Koloça çayının arxasına evakuasiya olunmasını əmr etdi. Fransızların atıcı alayı onların ardınca çayı keçdi və körpünü qoruyan 12-ci top batareyasına hücum etdi, ancaq rusların əks-hücumuna məruz qaldı və çoxsaylı itki verərək qalıqları Koloça çayının qərb sahilinə oturduldu. Hücum dəf edildi, amma batareyanı başqa yerə köçürməli oldular. Sonra 1-ci və 19-cu yeger taborlarının qüvvəsi ilə fransızlar darmadağın edildilər, çünki körpünün tamamilə sökülməsi səbəbindən çayın o biri tərəfinə keçə bilmədilər. Rus taborlarının uğurlarına baxmayaraq, Barklay de Tolli Koloç çayını keçməməyə və çayın rus mövqeləri olan tərəfində qalmağa əmr verdi. Bütün günü sağ cinahda fəal hərəkətlər müşahidə olunmadı.
Döyüşün qızğın çağı
Əsas hadisələr Baqration fleşləri və Rayevski batareyasında baş verdi. Səhər saat 6-ya yaxın marşal Davunun korpusu (25 min adam və 100 top), M. S. Vorontsovun birləşmiş qrenader diviziyasının və D. P. Neverovskinin 27-ci diviziyasının (8 min adam və 50 top) müdafiə etdiyi fleşlərin üzərinə hücuma keçdi, lakin hücum dəf edildi. Saat 7-də fransızlar yenə hücuma keçdi, sol fleşi aldılar, lakin rusların əks-hücumu ilə sıxışdırıldılar və geri çəkildilər. Napoleon Davunun korpusunu Neyin və Jünonun korpusları və Müratın süvariləri ilə gücləndirdi. Öz növbəsində Baqration fleşlərin rayonuna öz rezervini — 2-ci qrenader və 2-ci kirasir diviziyalarını çıxardı, 7-ci piyada korpusun hissələrini və Semyenovsk kəndinə yaxın N. A. Tuçkovun 3-cü piyada korpusu tərkibindən P. P. Konovnitsının 3-cü piyada diviziyasını qoydu. Fransızların Borodino kəndindəki qüvvələrinin zəifliyinə əmin olan Kutuzov, sol cinaha 2-ci piyada korpusu, 5-ci piyada korpus qüvvələrinin bir hissəsini və 100 top, bir az sonra isə Rayevski batareyasına tərəf A. İ. Osterman-Tolstoyun 4-cü korpusunu ötürməyə əmr etdi. Səhər saat 8-də fransızlar Baqration fleşləri üzərinə üçüncü hücuma başladı, sağ və sol fleşləri ələ keçirdilər, amma ruslar tərəfindən sıxışdırıldılar. Fleşlər üzərinə üçüncü hücumla eyni vaxtı İ. A. Ponyatovskinin polyak korpusu Utitsa kəndini ələ keçirməyə və Baqration ordusunun arxasına çıxmağa çalışırdı, amma N. A. Tuçkovun korpusu fransızların yandan alma manevrini boşa çıxardılar. Saat 9-dan 11 qədər Ney, Davu və Jünonun korpusları fleşlərin üzərinə daha 4 uğursuz hücum etdilər. Boqarne korpusunun Rayevski batareyasına, saat 9.30 və 11 hücumları da dəf edildi. Rayevski batareyası yanında fleşlərin ətrafında minlərlə ölü vardı. Saat 12-yə yaxın fleşlərin üzərinə 8-ci hücum başladı. 1,5 km sahədə olan rusların 18 min adamı və 300 topuna qarşı Napoleon 45 min adam və 400 topu irəli verdi. Şiddətli əlbəyaxa döyüşlər oldu. Əkshücumların birində Baqration ölümcül yaralandı. Böyük itkilərə baxmayaraq fransızlar fleşləri aldı. Mövqenin yarılması əməliyyatını bitirmək üçün, Napoleon 35 min adam və 300 top cəmləşdirərək, əsas zərbəni Rayevski batareyası üzərində keçirdi. Bu kritik vəziyyətdə Kutuzov M. İ. Platovun kazak və F. P. Uvarovun süvari korpuslarını fransızların sol cinahını yandan almağı, Valuyev və Bezzubov rayonuna qəfil hücum etmək əmri verdi. Rus süvarilərinin qəfil zərbəsi fransızları ikinci orduya qarşı hücumlarını dayandırmağa və Rayevski batareyasına üçüncü hücumu, rusların əkszərbəsini dəf etmək üçün, iki saatlıq təxirə salmağa məcbur etdi. Bu vaxt ərzində, Kutuzov rus ordusunun mərkəzini və sol qanadını 2-ci və 3-cü korpuslarla gücləndirərək, yenidən qruplaşdırma keçirdi. Saat 14-də Boqarne korpusu, 3-cü və 2-ci korpusların süvari diviziyaları Rayevski batareyası üzərinə üçüncü hücuma cəhd etdilər. Ancaq Kolenkurun 2-ci süvari korpusunun uğuru inkişaf etdirmək cəhdi rus süvarilərinin 2-ci və 3-cü süvari korpusları tərəfindən dəf edildi. Sol cinahda 2-ci ordunun qalıqları Ney və Davunun piyada və Latur-Moburun süvari korpuslarının şiddətli hücumlarından müdafiə olunaraq, Semenovsk kəndindən şərqə doğru 3-cü mövqeyə çəkilib möhkəmləndilər. Napoleonun həlledici uğur qazanmaq niyyəti iflasa uğradı.
Döyüşün sonu
Napoleon sonuncu ehtiyatı olan qvardiyanı döyüşə daxil etməkdən çəkindi. Sonrakı hücumların mənasızlığını anlayan Napoleon ruslardan aldığı mövqelərdən əvvəlki mövqelərinə çəkildi. Rus mənbələrinə görə fransızlar 50 mindən çox, ruslar 44 minə yaxın adam itirdi.
Fransızların iddialarına görə ruslar 52 min adam və 40 top, franszılar isə 30 min adam itirdilər.[1] Borodino döyüşü Napoleonun həlledici döyüş strateqiyasının iflası oldu. Napoleon həlledici döyüşdə rus ordusunu məhv və Rusiyanı təslim olmağa məcbur edə bilmədi. Napoleon özü yazırdı: "Keçirdiyim döyüşlərdən ən dəhşətlisi, Moskva yaxınlığında keçirdiyim döyüşdür. Fransızlar orada qələbəyə layiq olduqlarını göstərdilər, ruslar isə məğlubedilməz olmaq şərəfini qazandılar".
Nəticələr
Borodino döyüşündə artilleriyanın kütləvi istifadəsi və onun mühəndis qurğuları-redutlar, fleşlər ilə qarşılıqlı istifadəsi önəmli rol oynadı. Sütun və səpələnmiş düzülüş taktikalarının səciyyəvi taktikaları özünü göstərdi. Hər iki tərəfin döyüş qaydaları eyni ünsürlərdən ibarət idi: yegerlərin səpələnmiş düzülüşü, xətt piyadalarının batalyon sütunları, atlıların açılmış və sütun düzülüşü, artilleriyanın güclü batareyaları. Hücum və əkshücumlar atıcıların və topların atəşi ilə hazırlanırdı və sıx səfli piyada və atlı kütlələr tərəfindən həyata keçirilirdi.
Borodino döyüşü müharibənin sonrakı gedişinə güclü təsir etdi. O Napoleonun "böyük ordusunun" məğlubiyətinin başlanğıcı oldu, lakin Rusiyanın ümumi geriliyi bu nailiyyəti möhkəmləndirməyə imkan vermədi. Təchizatın zəifliyi və fəal ordunun yeni qüvvələrlə təmin edilməsinin gecikdirilməsi, rus ordusuna dərhal fəal döyüş əməliyyatlarına keçmək imkanı vermədi. Kutuzov mövqeləri qoyub ölkənin içərilərinə doğru çəkilməyə məcbur oldu. Napoleon Moskvanı işğal elədi.
İstinadlar
- "F.Enqels - Borodino". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-29.
Mənbə
- Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 1 səh. 567–569